Cümhuriyyət Parlamentində
vətəndaş cəmiyyəti quruculuğu
Qanunverici hakimiyyəti həyata keçirən Azərbaycan parlament böyük tarixə sahibdir. Müasir parlamentimiz 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Xalq Cümhuriyyəti Parlamentinin (XCP) varisidir. Məhz 1918-1920-ci illərdə XCP tərəfindən qəbul edilən və hüquqi dövlətin əsas atributları olan dövlət bayrağı, gerbi, himni 1991-ci ildən müstəqil Azərbaycan parlamneti tərəfindən yenidən qəbul edildi.
Eyni zamanda, həmin illərdə qanunvericilik fəaliyyətində rəhbər tutulan demokratik prinsiplər, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu dəyərləri Milli Məclis tərəfindən tanındı, qanunvericilik yaradıcılığında bu dəyərlər əsas götürüldü. Buna görə də XCP-nin tarixi müasir dövrümüzdə hüquqi dövlət və vətəndaş quruculuğu yolunda inkişaf edən ölkəmiz üçün önəmlidir.
XCP-nin tarixinə nəzər yetirdikdə görürük ki, parlament müstəqilliyin ilk illərində ayrıca hakimiyyət qolu kimi fəaliyyət göstərməyib. Milli Məclisin rəsmi saytında yer alan məlumatına əsasən, Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.
M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Gəncədə olduğu dövrdə Milli Şura parlament funksiyasını yerinə yetirməyi dayandırır. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti iclası keçirilir.
Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edilir.
Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Ümumiyyətlə paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirir.
1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunduqdan sonra sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandıran Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.
Azərbaycan Milli Şurasının 19 noyabr 1918 -ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918 -ci il dekabrın 3-də başa çatdırılmalı idi.
Beləliklə, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilir.
1918-ci ilin Mart soyqırımından hələ altı ay keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına imkan yaradıldı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.
Parlament demokratiyamızın bu parlaq faktı Məmməd Əmin Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: “... bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər”.
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.
Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir.
1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.
Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi-gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.
Bu dövr
ərzində Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 145 iclası keçirilir.
İlk iclas
1918-ci il dekabrın
7-də, son iclas isə
1920-ci il aprelin 27-də
olur.
Fəaliyyət müddətində Azərbaycan
Cümhuriyyəti Parlamentinin
müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır
ki, onlardan da 230-a yaxını təsdiq edilib. Parlamentin fəaliyyəti
bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə,
qanunvericilik təklifləri,
Müəssisələr Məclisinə
seçkilər keçirmək
üzrə mərkəzi
komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular
üzrə, təsərrüfat-sərəncamverici,
ölkənin istehsal qüvvələrindən istifadə
üzərində nəzarət,
redaksiya və fəhlə məsələləri
üzrə komissiyaları
idi. Azərbaycan Xalq Cümhuriyyəti
hüquqi Dövlət
yaratmaq üçün
hakimiyyətin qanunvericilik,
icraedicilik və məhkəmə orqanlarına
bölünməsi prinsipini
də nəzərdə
tuturdu. Azərbaycan
Xalq Cümhuriyyəti
Parlamentinin bütövlükdə
fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin
siyasi və ərazi toxunulmazlığını
təmin etməyə,
vətəndaşların hüquqlarını
qorumaq, dövlətin
demokratik və hüquqi əsaslarını
möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin
dünya dövlətləri
tərəfindən tanınması
üçün şərait
yaratmaq, onun xarici ölkələr,
ilk növbədə isə
yaxın qonşuları
ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini
yaratmağa yönəlmişdi.
Eyni zamanda bu dövr ərzində
vətəndaşlıq haqqında,
ümumi hərbi mükəlləfiyyət haqqında,
mətbuat haqqında,
Milli Bankın təsisi haqqında, Bakı dövlət Universitetinin yaradılması
haqqında, gömrük
və poçt-teleqraf
xidmətinin təkmilləşdirilməsi
haqqında, məhkəmə
qanunvericiliyi haqqında
və s. Sənədlər
də parlamentdə müzakirə olunub və qəbul edilmişdi.
Azərbaycan Parlamentinin və hökumətinin qarşısında
duran ən mühüm vəzifələrdən
biri də Azərbaycan istiqlaliyyətinin
beynəlxalq aləmdə
tanınması idi.
Vasif CƏFƏROV
Ekspress.-2017.-10 mart.-S.10.