Vətəndaş cəmiyyətinin
Prinsipləri
Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası hüquqi və demokratik dövlət quruculuğu yolu tutduğu üçün qarşıya qoyduğu prioritet məsələlərdən biri vətəndaş cəmiyyətinin formalaşdırılması olub. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrin yüksəlişi ilə yanaşı güclü vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində mühüm uğurlara imza atıldı.
“Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik”, - deyən ulu öndər bildirirdi ki, biz çalışmalıyıq, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. “Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır”.
Ekspertlər tarixi təcrübəyə əsaslanaraq qeyd edirlər ki, demokratikləşmə prosesinin sürətlənməsi təkcə iqtisadi inkişafla deyil, həm də cəmiyyətdə sabitliyin, hüquq qaydalarının, qanunçuluğun gücləndirilməsi, bir sözlə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların dərinləşdirilməsi ilə şərtlənir.
Qeyd edək ki, 1995-ci ildə ölkədə demokratik inkişafın təməlini qoyan Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu qeyri-hökumət təşkilatlarının fəaliyyətində irəliyə doğru dönüş nöqtəsi oldu. 2000-ci ildə isə Milli Məclis tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun qəbul edilməsi ilə vətəndaş cəmiyyəti instiutlarının inkişafında mühüm rol oynadı. Bu qanuna əsasən, ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər (“azerbaijan-news.az”).
Yeri gəlmişkən, vətəndaş cəmiyyətinin 10 prinsipi var ki, onlar arasında xüsusilə diqqətdə - Hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşması dayanır. Bu baxımdan vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəlincə isə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.
Ekspert Gülzar İbrahimova qeyd edir ki, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır: “Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədə uyğun və qanuna zidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir”. Bu da o deməkdir ki, vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır: “Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir. Hüquqi dövlətdə bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada siyasi elitanın “söz keçirməsi” cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir”.
Ekspert onu da qeyd edir ki, hüquqi dövlət tipinin meydana gəlməsi və inkişafı Avropa ölkələrində XVIII əsr və XIX əsrin sonlarına aid edilir.
Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi inkişafı aşağıdakıları nəzərdə tutur:
- Azərbaycan Respublikasında suverenliyin daşıyıcısı və dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır
- Demokratiya (xalq hakimiyyəti) siyasi və iqtisadi cəhətdən müxtəliflik, çoxpartiyalılıq əsasında həyata keçirilir
- Dövlət, onun orqanları, idarələri, vəzifəli şəxslər bütün cəmiyyətə xidmət edirlər, onun hər hansı bir hissəsinə yox, insan və vətəndaş qarşısında məsuliyyət daşıyırlar.
Qeyd edək ki, siyasi ədəbiyyatlarda dövlət anlayışınin tədqiqinə əsasən 3 yanaşma tərzi göstərilir:
- Siyasi-fəlsəfi və siyasi-elmi yanaşma. Antik dövrlərdən başlayan belə yanaşma tərzi hazırda da qalmaqdadır. Burada dövlət cəmiyyətin “ümumi işlərini” həll edən, hakimiyyət və xalq arasındakı münasibətləri nizama salan, habelə cəmiyyətin və fərdlərin siyasi həyatını təmin edən vasitə kimi nəzərdən keçirilir.
- Sinfi yanaşma. Burada dövlət bir sinfin başqa sinfi əzmək, istismar etmək, iqtisadi cəhətdən hakim olan sinfin siyasi hakimiyyətini təmin etmək aləti kimi müəyyən edilir.
- Hüquqi və təşkilati-struktur yanaşma. Burada dövlət cəmiyyət həyatını, habelə ictimai-siyasi münasibətlər sistemində dövlətin özünün və onun strukturlarının fəaliyyətini təşkil edən normaların yaradıcısı, mənbəyi nəzərdən keçirilir. Dövlətin mahiyyətini izah edən nəzəriyyənin tərəfdarları idda edirlər ki, dövlət ailənin böyüməsi nəticəsində yaranıb. Yəni, öncə ailə mövcud olub, sonra o böyüyərək qəbiləyə, qəbilə isə tayfaya çevrilib və tayfa böyüyərək dövlətə çevrilib. Onların fikrincə, dövlət hakimiyyəti ata hökmranlığının öz şəklini dəyişməsindən başqa bir şey deyildir. Ata ailə üzvlərinin hər birinə eyni qayğı və eyni münasibət bəslədiyi kimi dövlət də cəmiyyətdəki bütün siniflərə eyni qayğı bəsləyir.
Siyasi ekspertlər qeyd edirlər ki, politologiyada dövlətin yaranmasında əsasən üç qrup amilləri iştirak etdiyi qeyd olunur: ictimai əmək bölgüsü; istehsal vasitələri üzərində xüsusi mülkiyyətin, istismarın antoqonist siniflərin yaranması; insanın özünü təkrar istehsalında baş verən mühüm dəyişikliklər.
Bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, dövlətin mövcud olması çox qədimdən insanlara bəlli olub və onlar onu müxtəlif anlayışlara (polis, imperiya, krallıq, knyazlıq və s.) ifadə ediblər (“525.az”).
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır: “Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür. Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr”.
Ömərov onu da qeyd edir ki, vətəndaş cəmiyyətinin sosial-siyasi sahəsində struktur elementlərini aşağıdakı şəkildə təsnif etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar və hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər (kilsə, sinaqoq və s.), sosial qruplar, siniflər, müstəqil məhkəmələr, təhlil sistemi, müstəqil kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları və s. Bu sahədə sosial konfliktlərin həlli, vətəndaşların maraqları konstitusiya və qanunlar vasitəsilə qeyri-zorakı və sivil formada tənzimlənir, konsensus mühiti yaranır: “Vətəndaş cəmiyyətinin aşağıdakı prinsiplərini göstərmək olar:
1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri
2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması
3. Qanun qarşısında hamının bərabərliyi
4. Demokratik və legitim hakimiyyətin mövcudluğu
5. Hüquqi, demokratik, sosial, sivil dövlətin
formalaşması
6. Siyasi, ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu
7. Müstəqil kütləvi
informasiya vasitələri,
azad mətbuat, söz, fikir azadlığı
8. Dövlətin şəxsi
və ictimai həyata müdaxilə etməməsi, vətəndaş
və dövlətin qarşılıqlı vəzifələri,
məsuliyyət və
öhdəlikləri
9. Milli barışıq, sinfi konsensus, kompromis, qarşılıqlı
əməkdaşlıq
10. Şəxsiyyətin ləyaqətli
həyatını təmin
edən səmərəli
sosial siyasət.
Vətəndaş cəmiyyətin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını
ödəmək, mənafeyini
və hüquqlarını
qorumaqdır” (anl.az”).
O da qeyd olunur ki, dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları - parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir: “Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır”.
Rəşid
RƏŞAD
Ekspress.-2017.-11-13 mart.-S.10.