Krallıq səltənətinin
teatral qəhrəmanı...
Kamal Xudaverdiyev: “Rejissor
aktyorun damarına baxıb qanını almalıdır”
Xudaverdiyev Kamal - milli teatr və kino
sənətimizdə tək-tək
fərqləndirilən isimlərdən
biri... Onun portretini bəlkə də rəssam fırçası daha asanlıqla çəkmək
olardı, amma biz bu gün aktyorun
portretini sözlə çəkməyə çalışacağıq...
Zahirən sərt, qəddar görünsə
də, daxili saysız-hesabsız roldan rola girən su kimi şəffaf
Kamal Xudaverdiyevin portretini...
Kamal Ağahüseyn oğlu Xudaverdiyev 3 may 1938-ci ildə
Bakıda doğulub. Uşaqlığı Böyük Vətən
Müharibəsi illərinə
təsadüf edib.
Özü də deyirmiş
ki, "Bizim Cəbiş müəllim”
filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə
və həyatla eynidir. Yarı-ac, yarı-tox uşaqlıq illərində 7-ci sinifə
qədər həm işləyib, həm də oxuyub. Gündüzlər işləyən Kamal, axşamlar 6 saylı fəhlə-gənclər
məktəbində təhsil
alıb. Məktəb illəri başa çatdıqdan sonra o, çilingər kimi qaz idarəsində əmək fəaliyyət
göstərib. Bacarıqlı işçi olduğu üçün onu Qazaxıstanın xam torpaqlarına ezamiyyətə
də göndəriblər.
Bakıya artıq 21 yaşlı
gənc kimi qayıdan Kamal həyat yolunda vacib qərar qəbul etməli idi.
O, məhz teatrı seçdi. Özü də səbəbini bilmədən sənədlərini
Azərbaycan Dövlət
Teatr İnstitutuna verdi. Kamal,
1961-ci ildə Azərbaycan
Dövlət Teatr İnstitutunun dram və kino fakültəsinə daxil oldu və
böyük sənətkarlar
Adil İsgəndərov,
Mehdi Məmmədov, Rza Təhmasibdən həm sənət, həm də həyat dərsləri aldı. 1965-ci ildə ali təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev
həmin illərdə
Akademik Milli Dram Teatrının baş rejissoru olan Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də
truppaya ştata götürüldü və
qısa fasilələri
çıxmaqla bütün
yaradıcı ömrü
Akademik Milli Dram Teatrında keçdi, bu teatrın səhnəsində çoxsaylı
rollar yaratdı. Kamal Xudaverdiyev "Almaz”da İbad, "Aydın”da Surxay (Cəfər Cabbarlı), "Kral Lir"də Kral Lir (U.Şekspir), "Xoşbəxtlər”də Sadıq,
"Yalan”da Fərman
(Sabit Rəhman), "Vaqif” də Eldar, "Mahnı dağlarda qaldı”da Bahadır, "Bağlardan
gələn səs”də
Kamandar (İ.Əfəndiyev),
"Yollara iz düşür”də Loğman
(B.Vahabzadə), "Ah Paris... Paris”də süpürgəçi
(Elçin), "Şah
Edib"də Şah Edib, "İblis”də İbn Yəmin kimi xarakterik rolların ifaçısı
oldu.
Aktyor K.Xudaverdiyev
güclü, diapozonlu
və gözəl tembri olan unikal
səsə malik idi. O səsə ki,
ona kütləvi səhnədən tutmuş
monoloqlara qədər
istənilən Zamanda,
istənilən Məkanda
seçilmək imkanı
verirdi. Kamal Xudaverdiyevin üz
cizgiləri mərhəməti
ilə ən yüksək səviyyəyə
qalxa da bilərdi, Kral Lirin qəddarlığı,
zalımlığı ilə
vulkan kimi partlayış da yarada bilirdi. Onun səhnə görünüşü
(hündür boyu, düz qaməti), gülüşü, həlim
davranışı, eləcə
də zabitəsi tamaşaçını cəlb
etməyə bilməzdi.
Kral Kamal. Əgər aktyorun
yaradıcılığını bir-bir incələsək onun səhnə ulduzunun Kral Lir obrazı olduğunu qətiyyətlə
söyləmək olar.
Daha doğrusu, Kral Lir yox, məhz
Kral Kamal. Kral Kamal Xudaverdiyevin qəhrəmanı idi.
Onun özü də krallıq səltənətinin
teatral qəhrəmanı
idi. Onun haqqında yazılanlara
diqqət edəndə
bir çıxış
diqqətimdən yayınmadı.
Bu səhnə əsərini
izləyən litvalı
rejissor Andros Keyin yazırdı: "Kral Lir” tamaşası məni valeh etdi. Kamal Xudaverdiyevin ifasında
Kral Liri gördüm. Onun geyimi,
qrimi obrazın xarakterinə uyğun seçilmiş, sifət jestləri, mimikaları, baxışları, əl
işarələri, səhnə
davranışı yüksək
səviyyədə idi”.
Aktor tamaşaçıların
yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında
hazırlanan tamaşalarda
oynadığı obrazlarla
qalıb. İ.Əfəndiyevin «Atayevlər
ailəsində» İldırım, Ə.Məmmədxanlının
«Şərqin səhəri»
Cavanşir bəy, M.Hüseynin «Alov» Qaşqay, Ə.Hacızadənin
«Yadigar» Müəllim,
N.Hikmətin «Bayramın
son günü» Firuz və «Şöhrət və ya unudulan
adam» Doktor, E.Mehrəliyevin «Yurd yeri» Mahal kişi.
Bu rolların içində İ.Əfəndiyevin
«Atayevlər ailəsində»
İldırım Atayev
obrazı tamaşaçıların
xüsusi rəğbətini
qazanmışdı. İldırım Kamal Xudaverdiyevin həqiqi kimliyinə çox bənzəyirdi.
Həm sərtliyi, həm həssaslığı, dərin
mənalı dərki
oyun üslubunun əsasını təşkil
edirdi. Hətta o
zaman taşamanın quruluşçu rejissoru, Xalq artisti Lütfi
Məmmədbəyov demişdi:
"Bu rolu kimə verməyim barədə düşünürdüm. Qəfil Kamalı
xatırladım. O, əsərdəki
İldırımın həyatdakı
prototipidir”.
O, Azərbaycan kinosunda da yaddaqalan obrazlar
yaradıb. "İstintaq
davam edir" də Çingizov, "Dağlarda döyüş"
filmində Rüstəmov,
"Sonuncu məhəbbət"də
Həsənov, "Nəsimi”də
Yusif, "Abşeron”da
Əli, "Üzü
küləyə” filmində
Kombinant müdiri,
"Oteldə bir otaq”da Alim, "Dədə Qorqud”da Ata obrazları ilə kinomatoqrafiya sənətinin
incilərindən olub.
Müsahibələrinin birində
Kamal Xudaverdiyev Çingizov obrazı haqqında belə demişdi: "Filmə az çəkilmişəm.
Çünki o zamanlar adətən
rejissorlar başqa millətdən olan aktyorlarla işləməyə
meyl göstərirdilər.
Adil İsgəndərov kinostudiyanın
direktoru işləyəndə
xeyli milli kadrlar yetişdi. "İstintaq davam
edir” filmi çəkiləndə Çingizov
roluna Leninqraddan aktyor dəvət etmək istəyirdilər.
Adil müəllim imkan vermədi, dedi ki, bu
rola Kamal çəkiləcək”. K. Xudaverdiyev
də bu rolu məharətlə ifa etmişdi.
Kamal Xudaverdiy
haqqında oxuduğum
istənilən materialda
həqiqətin maskasını
cırıb darmadağın
edən, ədalətsizliyə
qəzəbli, həyata
bağlı, gəncləri
düşünən, teatrı
isə evindən də çox sevən bir insan gördüm. Kamal Xudaverdiyevin
insan-sənətkar partiturasını
öz dilindən çıxan fikrlərlə
cızmaq istəyirəm.
K.Xudaverdiyev deyirdi:
"Rejissor hazırladığı
tamaşaya öz balası kimi baxmırsa, o əsərdən
heç nə gözləməyə dəyməz.
İnsan
öz balasına xəyanət edə bilməz.”
..."Aktyoru rejissor
yetişdirməlidir. Rejissor aktyorun
damarına baxıb qanını almalıdır.
Stanislavski deyirdi ki, bir aktyoru
məhv etmək istəyirsənsə, institutu
bitirən kimi ona Otello rolunu
ver, qalsın rolun altında, ömrünün axırına
kimi yükün altından çıxa bilməyib məhv olsun. Rejissor pedaqoq olmalıdır,
aktyoru yetişdirməlidir.”
..."Yaradıcı adamın gündəlik məişət problemi olmamalıdır. Yaradıcılıqla məşğul olan insanın ocağının işığı
həmişə yanmalıdır.”
Kamal Xudaverdiyev
həqiqi tənqidçi
idi. Özünə də, ətrafına
da tənqid aktyorun həyat "deviz”lərindən idi.
Bütün müsahibələrində K.Xudaverdiyev narazıdır,
özündən, həyatdan,
yaradıcılıqdan. O, sənəti göylərdə
axtarırdı. Ən yüksəklikdə
aktyor sənətinə
hörmət arayırdı.
Təəsüf ki, ömrünün
sonuna qədər o bunu tapmadı.
Hər halda, Kamal Ağahüseyn
oğlu Xudaverdiyev teatr və kino
yaradıcılığındakı fəaliyyətinə görə
1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının
əməkdar artisti,
22 may 1991-ci ildə xalq
artisti fəxri adları ilə təltif olunub. 23 aprel, 2008-ci ildə
ürək çatımazlığından
həyata gözlərini
əbədi yumub.
Ruhun şad olsun, böyük sənətkar!
Aygün Süleymanova
Teatrşünas
Kaspi.-2017.-11 may.-S.11.