Rəssamlarla görüş yeri

 

Dadaş Məmmədov: “Məqsədimiz pul qazanmaq deyil, Azərbaycan mədəniyyətini təbliğ etməkdir

 

Hər həftənin bazar günü burada rəssamlarla görüş keçirilir. Daha doğrusu, rəssamların necə çəkdiyini görmək, onlarla ünsiyyət qurmaq istəyən, ümumiyyətlə, bu sahəyə marağı olan seyrçilər "Art Tower Gallery”yə üz tuta bilərlər. Rəssamlarla görüşməklə bərabər, dördbucaqlı qala adlanan bu tarixi abidənin dörd mərtəbəsində müxtəlif janrda olan rəsm əsərləri ilə tanış olmaq mümkündür. Biz başdan-ayağa incəsənətin təbliğ olunduğu məkandan reportaj hazırlamaq məqsədilə yolumuzu "Art Tower Gallery”dən saldıq.   

Qeyd edək ki, bu qalereya "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı ilə İçərişəhər Tarixi Memarlıq Qoruğunun birgə layihəsidir.

 

Tanı tanıtdır

 

Bizi, qalereya ilə rəssam, sənətşünas, art-menecer, prezident təqaüdçüsü, "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov tanış etdi. O, "Arts Council Azerbaijan”ın şəhərin müxtəlif yerlərində qalereyalarının olduğunu dedi. Bildirdi ki, təşkilatlarının sloqanı "Tanı tanıtdır”dır. Məqsədləri tanınmamış rəssamları tapmaq, ölkəmizdə sərhədlərdən kənarda tanıtmaqdır. Nəticə olaraq, Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edirlər: "İçərişəhərdə çoxsaylı qalereyalar olsa da, tarixi-memarlıq qoruğunun öz qalereyası yox idi. Buna görə "İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə  müraciət etdik. Bu qədim qalanı mədəniyyətimizi təbliğ etmək üçün bizə verdilər”.

 

"Bizim işimiz PR-dır

 

Qeyd edək ki, dörd mərtəbədən ibarət binanın birinci mərtəbəsi tədbir zalıdır, burada rəssamlar işləyir, sərgilər, poeziya gecələri s. keçirilir. İkinci mərtəbə rəssamlıq məktəbidir. Həftədə bir dəfə rəssamlar 7 yaşdan yuxarı uşaqlara dərslər keçirlər. Üç dördüncü mərtəbələr isə sərgi salonudur.

D.Məmmədov deyir ki, sərgidəki şəkillər satış üçün nəzərdə tutulmasa da, onlarla əməkdaşlıq edən rəssamlara əsərlərini satmaq üçün şərait yaradılır: "Yəni biz özümüz satmırıq. Rəssam özü fərdi olaraq sata bilər. Yaxud siz portretinizi çəkdirmək üçün müraciət etsəniz, biz sizi rəssamla tanış edə bilərik. Ya da hansısa rəssamın əsərini bəyənsəniz, o, sizi öz emalatxanasına dəvət edə, digər əsərlərini göstərə bilər. Oradan da bəyəndiyiniz əsəri ala bilərsiniz. Yəni bizim işimiz PR-dır. Biz onların əsərlərini satmırıq, şərait yaradırıq ki, satsınlar. Məqsədimiz pul qazanmaq deyil, Azərbaycan mədəniyyətini təbliğ etməkdir”.

 

"Azərbaycan insanı incəsənəti sevir

 

Hər gün onlarla seyrçi qəbul edən qalereya rəhbərinin fikrincə, azərbaycanlıların incəsənətə çox böyük marağı var: "Böyük axın gəlir. Hətta bizdə birinci mərtəbədə daim sərgilər olduğundan bəzən yer olmur camaat yuxarı qalxmağa başlayır. Düşünürəm ki, Azərbaycan insanı incəsənəti sevir”.

Müsahibimiz onu da qeyd etdi ki, qalereya İçərişəhərdə yerləşdiyindən bura gələn turistlər az deyil: "Novruz bayramında əsasən İrandan ərəb ölkələrindən olan qonaqlar gəlirdilər, indi isə hər millətdən olan tamaşaçı üz tutur”.

 

"Burada ağlımıza maraqlı ideyalar gəlir

 

Rəssam Eldar Babazadə hər həftənin müəyyən günləri burada işləyir. Deyir ki, rəsm çəkmək üçün lazım olan bütün ləvazimatlar "Art Council Azerbaijan” tərəfindən alınır: "Amma mövzunu özümüz sərbəst seçirik. Bilirsiniz, həmişə emalatxanada oturmaq düzgün deyil. Rəssam gərək harasa çıxsın, həmkarları ilə təcrübə mübadiləsi etsin. Bu baxımdan, bu layihə maraqlıdır. Biz Dadaş müəllimə bu layihədə əlimizdən gələn köməyi edirik. Qalereyaya turistlərlə yanaşı, azərbaycanlılar da gəlir, baxır, maraqlanır. Bu da bizim üçün maraqlıdır. Bundan başqa, burada insanlarla ünsiyyətdə olanda adamın ağlına çəkmək üçün maraqlı ideyalar da gəlir. Emalatxanada oturanda görürsən ki, nəsə alınmır, amma cəmiyyət içinə çıxanda, ünsiyyət quranda yaradıcı ideyalar da bol olur. Biz özümüz bura gəlirik, heç kim bizi məcbur etmir. Burada gənc orta yaşlı, yaşlı rəssamlar bir-biri ilə ünsiyyət qurmaq imkanı əldə edir bir-birimizdən nələrsə götürürük”.

Burada rəsmlərini satmaq imkanı əldə etmələrinə gəlincə, Eldar Babazadə deyir ki, onlar bu barədə düşünmür: "Çünki əsərlərimizi satmaq barədə düşünsək, yaradıcılıq bir tərəfdə qalacaq. Bizdə çoxlu qalereyalar var. Əsərlərimizi qalereyalara veririk, onlar bu işlə məşğul olurlar. Ümumiyyətlə, Azərbaycanda incəsənətin inkişafı üçün çox görülür”.

 

Tək işləyəndə darıxdırıcı olur

 

Nəsrin Şirinova gənc rəssamdır. Rəssamlıq Akademiyasının 3-cü kursunda təhsil alır. "Art Council Azerbaijan”ınn Dekorativ və tətbiqi sənət sərgisində iştirak edərkən Dadaş müəllimlə tanış olubburada işləmək imkanı qazanıb: "Bizə şərait yaradılır ki, burada işləyək və gənc rəssam kimi tanınaq. Burda eyni vaxtda bir neçə rəssam işlədiyindən, atmosfer daha yaradıcıdır. Tək işləyəndə darıxdırıcı olur. Bura çoxlu turistlər, həmçinin həmyerlilərimiz gəlir. İnsanların bu qalereyaya axını göstərir ki, bizdə insanların yaradıcılığa, rəssamlığa marağı var”.

 

Hər mövzuda rəsm əsəri

 

"Art Tower Gallery”yə gələn ziyarətçilərlə də həmsöhbət olduq. Aslan Məmmədquliyev deyir ki, İçərişəhəri gəzməyə çıxıb. Buradan keçəndə gözü "Art Tower Gallery”yə sataşıb və içəri keçəndə gözlərinə inanmayıb: "Bir-birindən gözəl əsərləri görəndə yuxarı mərtəbələrə də qalxmaq qərarına gəldim. Şəkillərin rəngarəngliyi diqqətimi cəlb etdi. Burada hər bir mövzuda rəsm əsərinə rast gəlmək olur”.

Qalereyanın kiçikyaşlı seyrçiləri ilə də söhbətləşdik. Içərişəhərdə yaşayan Aysellə Şahin burada rəsm kurslarına gəlirlər: "Rəsm dərsimiz dünən olsa da, biz tez-tez gəlib yeni əsərlərlə tanış oluruq. Həm də rəssamların şəkli necə çəkdiyinə baxırıq”.

Şahanə də İçərişəhəri gəzintiyə çıxarkən bura baş çəkməli olub: "Qalereyanın giriş hissəsi maraqlıdır. Dedim, görən buradavar. İçəri keçib rəsmləri görəndə ürəyim açıldı. Sevindim ki, bizdə də belə gözəl incəsənət məkanları var”.

İçərişəhərdə yalnız hotellərin, restoranların, qədim əşyaların satıldığı mağazaların deyil, incəsənət mərkəzinin olması bizi də sevindirməyə bilməzdi. Tarixi qoruqda növbəti yaradıcı yerdən reportaj hazırlamaq ümidilə buradan ayrıldıq. 

 

Lalə MUSAQIZI

Kaspi.-2017.-12 may.-s.10.