“Planlama beyin cərrahının işi qədər
risklidir”
Beynəlxalq dərəcəli
mühəndis Seymur İlyasovun fikrincə, uğur qazanmaq
üçün insanın çevrəsi və həmin
çevrədən istifadə qabiliyyəti çox önəmlidir
İllik gəlirinin 20 faizini seminara və özünün inkişafına ayırır. Deyir ki, yerində saymır və heç vaxt "bu uğur mənə bəsdir” demir. Düşünür ki, öyrəndiyi birdirsə, öyrənmədiyi milyardlarladır. Ona görə, insan nailiyyət əldə etmək istəyirsə, hər saniyə öyrənməyə məcburdur. Texnologiya inkişaf etdikcə insan da yeniliyi öyrənməlidir ki, texnologiyanın ardınca qaçmasın.
Müsahibimiz Avropa və Asiyanın bir sıra ölkələrinin, xüsusən də Yaponiyanın istehsalat və planlama metodlarına dərindən bələd olan beynəlxalq dərəcəli mühəndis, hazırda Delta Şirkətlər qrupunda planlama müdiri kimi çalışan Seymur İlyasovdur.
Seymur 2015-ci ildə aihitdata.com saytının təqdim etdiyi məlumatda dünyada fəaliyyət göstərən 188 konsultantdan biri olaraq göstərilib. Həmin ildə Amerikanın (American Academy of Project Management) akademiyası tərəfindən Certified Planning Engineer dərəcəsinə layiq görülüb və həmin akademiya tərəfindən akkreditasiya edilən 13 mühəndisdən biri olaraq bildirilib.
Ali təhsilini Qafqaz Universitetinin Sənaye
mühəndisliyi ixtisası üzrə alan müsahibimiz
2008-2010-cu illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi
ixtisası üzrə magistratura təhsilini universitet birincisi
olaraq tamamlayıb. Seymur İlyasov yenə "American Academy of Project
Management” tərəfindən "Honorary Global Advisor” ("Fəxri
Qlobal Məsləhətçi”) tituluna da layiq
görülüb. Beynəlxalq dərəcəli mühəndis
ünvanına sahib olan həmyerlimiz dünyanın istənilən
ölkəsində mühəndislik fəaliyyətini davam
etdirə bilər.
İstehsalat
və Xidmət sahələrinin Planlanması üzrə
professionallaşan mühəndis iş həyatına Planlama
müdiri kimi başlayıb. Sonra isə Mado
Restoranlar şəbəkəsində - Xidmət Planlaması
üzrə rəhbər vəzifəsində
çalışıb. Eyni zamanda, Qafqaz
Universitetinin mühəndislik fakültəsində magistratura
pilləsində "İstehsalat və Xidmət Sahələrində
Planlama və Qrafikləndirmə” dərsini tədris edib.
- Karyeranıza yüksək pillədən,
müdir kimi başlamısınız. Bu necə
hissdir?
- Karyerama
tərs yerdən başlamışam. Əslində
insan pillə-pillə yüksək nöqtəyə gələr.
Məndə isə əksinə oldu. Məncə, insana hazır olmadığı
yüksək pilləni təqdim etmək yaxşılıq
deyil, pislikdir. 27 yaşımda zavod
müdiri idim. Mənim sənayedə o qədər
güclü təcrübəm yox idi, zavod müdirliyinə
hazır deyildim. Bu səbəbdən orada müvəffəqiyyətli
ola bilmədim. Ondan sonra 11
pillə aşağı düşdüm və karyeramı həmin
zavodda mütəxəssis kimi davam etdirdim. Mütəxəssis olanda zavod müdiri olduğum
vaxtlardan daha çox şey öyrəndim. Müdirliyə qədər isə, ən
aşağıdan başladım və pillə-pillə
qalxdım.
- 27 yaşınızda zavod
müdiri oldunuz və 11 pillə aşağı saldılar. Bu, sizin motivasiyanıza necə təsir etdi?
-
Motivasiyam düşdü. Çünki zavod
müdiri olanda insanın müəyyən çevrəsi
olur, ona qarşı baxış fərqli olur. Bir günün içində siz o pillədən
enirsiniz, hətta 11 pillə aşağı
düşürsünüz. Təsəvvür
edin, dünən müdir idiniz, bu gün ən sonuncu pillədəsiniz.
Bu, mənim yaşımda istənilən insana təsir
edə bilərdi və məndən də yan keçmədi.
O vaxtkı rəhbərimə də yaxınlaşdım ki, mən
işdən ayrılmaq istəyirəm. O mənə izah etdi ki, iş həyatında həmişə
düşmələr, qalxmalar, maneələr olur. Həvəsdən düşmək lazım deyil.
Hər şərdə xeyir axtarmaq
lazımdır. Sənə pislik edilməyib.
Zavod müdiri olub onun da işini öyrənmisən.
Bu, həqiqətən belə idi. Uğursuzluqdan qaçmadım və öz üzərimdə
çalışdım. Həqiqətən
qısa müddət sonra mən planlama müdiri oldum.
Ondan sonra getdiyim bütün iş yerlərində rəhbər
vəzifələrdə çalışdım.
- Seymur bəy, planlama nə deməkdir?
-
Planlamanın nə olduğunu Türkiyədə doktorantura təhsili
alan vaxt gördüyüm hər kəsdən
soruşurdum. Amma heç vaxt ürəyimcə
cavab ala bilmirdim. Hər kəs fərqli
düşünürdü və artıq bunu
araşdırmağa başlamışdım. Planlamanı kitabda oxuduğum qədərilə
bilirdim. İşin tətbiqindən, real sənaye
təcrübəsindən xəbərsiz idim. Bir gün İstanbulda dünyanın div planlama
müdiri ilə qarşılaşdım və onunla
görüşmək şansı əldə etdim. Ondan planlamanın
nə olduğunu soruşdum. Mənə fləş kart verdi ki, bütün suallarının cavabı
burdadır. Yataqxanaya gəldim və
bütün uşaqları başıma yığdım ki,
sualıma cavab tapmışam. Planlamanın
xəzinəsi burdadır. Flaş kartı
taxdım və 1.37 saniyəlik futbol - Messinin qol vurma
anındakı videosu idi. Çox pərt
oldum. Çünki o adam yəhudi və
dünyadakı 4 mühəndisdən biri idi. Videonu görəndən
sonra onunla görüşməyə getdim və dedim ki, məni
niyə ələ salırsınız. Messinin qol
vurmasının planlama ilə nə əlaqəsi var. Dedi ki,
suallarının hamısının cavabı o videodadır,
nüanslara diqqət et. Mühəndis
planlamanı futbola bənzədirdi. Yəni
şirkətlər də bir-birilə əlaqəli olur.
Komandalar kimi futbol oynayır, strategiya qurur.
Şirkətin də müəyyən
taktikası olur ki, qarşı tərəfi məğlub edə
bilsin. Məsələn, Messi oyun
qurucusudur. Messi ötürdüyü
pasların məsafəsini də beynində hesablayır.
Messi topu götürür, ətrafdakıları
müəyyən metodlarla keçir və hücumçuya
pas ötürür. Bəzən də o
qolu vurmaq üçün dayanıb geri addım atmalı
olur. Planlama barədə kitablarda çox
düsturlar yazılsa da, bu hər vaxt tətbiq olunmur. Bəzi situasiyalarda beyninlə düşünüb
qərar verməlisən. Planlama şirkətlər
üçün ən kritik yerdir. Yaponlarda
bir nömrəli departament planlamadır. Planlama
beyin cərrahının işi qədər risklidir. Təsəvvür edin, sizin bir qərarınızla
şirkətiniz düz və ya səhv edə bilər. Planlamanın bir səhvi ilə şirkət batmaq təhlükəsilə
üzləşər. Ona görə
professional və istedadlı olmaq lazımdır ki,
düzgün qərarlar verə biləsən.
- Seymur bəy, həm də təlimçisiniz.
Nə üçün istirahət
gününüzü təlimə həsr edirsiniz?
- Azərbaycandakı
bir çox şirkətlərdə planlama yoxdur. Böyük şirkətlərin əksəriyyətində
yavaş-yavaş yaranır. Məqsədimiz
odur ki, planlamanın nə işə yaradığını,
şirkətə nə kimi faydası olduğunu gənclər
də öyrənsin. Məsələn, siz dünya divlərinə
-"General motors”a, "Mersedes”ə, "Toyota”ya baxdıqda
görərsiniz ki, onların ən önəmli departamentləri
planlamadır. Çünki onların milyardlarla
gəlirləri olur. Oradakı ən
xırda detal, xəta çox böyük ziyana gətirə
bilər. Şirkətiniz nə qədər
böyükdürsə, planlama da o qədər ciddidir.
- Qeyd etdiniz ki, ölkəmizdəki
şirkətlərdə planlama departamenti hələ yenicə
yaranır. Bəs kadr ehtiyatımız varmı?
Bu sahəni bilən mütəxəssislərə
ehtiyac varmı?
- Planlama
ona görə tətbiq olunmur ki, bu işi görə biləcək
kadrlarımız yoxdur. Planlama Azərbaycanda 1-2
universitetdə və müəyyən dərsin içində
tədris edilir. Xüsusi planlama dərsi
yoxdur. Mən bakalavr və magistratura pilləsində
tədris edirdim. Biz cəmi 15 tələbəyə
bunu keçirdik. Bu, çox az rəqəmdir.
Hansı ki, bu insanların hamısı planlamada
çalışmır. Oradan cəmi 4 nəfər
istiqamətləndi ki, planlama öyrənsin və bu sahədə
çalışsın. Xaricdə bu fənn
tədris olunur. Amma bizim proqramla onların
proqramı üst-üstə düşmədiyi
üçün orada da öyrənilməsi çox çətindir.
Bu baxımdan, kadra ciddi ehtiyacımız var. Bu səbəbdən çalışırıq
ki, heç olmaya, sənayedə bu işi görən
insanları daha da təkmilləşdirək. Çünki
böhran vaxtıdır və müəssisənin
ehtiyacları çox önəmlidir. Anbarların
maliyyəti aşağıdır. Daha
çox məhsul istehsal edib, çox satmaq lazımdır.
Biz bunları öyrədirik. Sənayemiz inkişaf edir. Sənayeləşmənin
sürətlənməsi planlamaya olan ehtiyacın artması
deməkdir.
- Seymur bəy, yaşlılar gənc
nəsli bir çox hallarda qəbul etmir. Siz də
gənc rəhbərsiniz. İşinizə
şübhə ilə yanaşan olubmu?
- Təəssüflər
olsun ki, bu problem var. Bu, gənclərin qarşısını
kəsən, bəzən motivasiyasını düşürən
ən böyük problemdir. Yaşlı nəsillər
gənc mühəndislərə qeyri-peşəkar,
azyaşlı, təcrübəsiz və nəticə əldə
etməmiş mütəxəssislər kimi baxır. Bunun kökündə o yatır ki, həqiqətən
onların bəzilərinin illər əvvəl çox
güclü təhsilləri, bazaları olub. O dövrdəki
texnologiyanı, istehsal proseslərini yüksək səviyyədə
biliblər. Amma yeniliklər etməyiblər.
Mühəndis var ki, həqiqətən yüksək səviyyədə
peşəkar olub, ali məktəbi
qırmızı diplomla bitirib, amma o zamandan indiyə qədər
heç bir yenilik öyrənməyib. "Mercedes”
şirkəti 6 aydan bir istehsal kodunu dəyişir. İndiki "Mercedes”lə 6 ay sonrakı
"Mercedes” eyni olmayacaq. Siz onu öyrənmək
məcburiyyətindəsiniz. Yaponiyada bir
"Toyota”nın hazırlanma müddəti 55 saniyədir.
55 saniyəyə sistemdən bir maşın
çıxır. Siz bunu keçmişin
texnologiyası ilə uzlaşdıra bilərsinizmi? O vaxtın təhsilini
alan insana bunu misal çəksəniz inanmaz. Buna görə də
yaşlı nəsil, müasir texnologiyanı mənimsəyənlərə
hər dəfə deyir ki, siz biz ola bilməzsiniz.
Gənclərə qapılar
açılmalı, onlara imkan verilməlidir. Gələcək savadlı gənclərdən
asılıdır.
- Sizcə, uğurun sirri nədir? İstedad, yoxsa çox çalışmaq?
- Uğur
qazanmağın sirri inanmaqdır. Gördüyün
işə inanmaq bütün çətinliklərin
açarıdır. Mən çox
şeyin arxasınca qaçmamışam. Amma arxasınca qaçdığım işdə
mütləq uğur əldə etmişəm. Ağılsız adamda pul olmur. Bir insan nəyisə
qazanırsa, deməli, onda istedad var. Bu, az
və ya çox ola bilər. O nailiyyəti əldə etməyə
bəs edirsə, bu istedaddır. Şans da var, təbii
ki... Amma şans və istedad müəyyən
yerə qədərdir. Çox
istedadlı insanlar var ki, yerində sayırlar. Müəyyən yerə qədər müvəffəqiyyətli
olurlar. İstedadı tətbiq edib istifadə
etməli, çox çalışmalısız.
- Gənc yaşınızda
böyük şirkətlər qrupunda planlama müdirisiniz. İş həyatınızda "olmazsa, olmaz”
dedikləriniz nədir?
- Normal həyatda
zarafatcıl insanam. Amma iş vaxtı çox
nizam-intizamlıyam. Uğurun sirri ilk olaraq
inanmaqdırsa, davamı da ciddiyyətdir. Bayaq
dediyim kimi, planlamanın bir səhvi şirkəti batırar.
Bir nömrəli prinsipim ciddiyyətdir. Məsələn, ciddi olmayan bir adamdan dəqiqlik
gözləmirəm. Onsuz da o, səhv edəcək.
Ona görə işə ciddi yanaşmaq
lazımdır. Sənayedə, iş
dünyasında işçinin səhvi müdirin səhvinə,
o da şirkətin səhvinə bərabərdir. Ona görə
rəhbərin üzərinə çox iş
düşür.
- Uğursuzluqla qarşılaşanda
çıxış yolunu nədə
görürsünüz?
- İnsan gözləməmlidir ki, kimsə onu çəkib
bir yerə aparsın. Hamımızın problemləri var. Amma
yıxılanda belə özün ayağa durub davam etməlisən.
Özün özünü motivasiya etməlisən
ki, yıxıldığın yerdən davam edə biləsən.
Pis nəticə varsa, deməli, səbəbi
var. Nəticəni aradan qaldırmaq səbəbi aradan
qaldırmaq deyil. İş yerində problem
varsa, oradan qaçmaq olmaz. Oradan
qaçıb özünü qurtarsan belə, başqa yerdə
də uğursuzluq davam edir.
- Gənclərə nə demək
istərdiniz?
- Gənclər
uğur qazanmaq üçün müəyyən istiqamət
seçməlidir. Seçdiyiniz istiqamət
sizin xarakterinizə, inancınıza, özünüzə
olan etimadınıza, karyera baxışınıza, gələcək
hədəflərinizə uyğun olmalıdır ki, həmin
məcrada davam edə biləsiniz. Uğur
qazanmaq çətin deyil. Bilgin, təcrübən,
təhsilin olmalı və ən əsası yaxşı
çevrə qurmalısan. İnsanın çevrəsi
və o çevrədən istifadə qabiliyyəti çox
önəmlidir.
Aygün
ƏZİZ
Kaspi.-2017.-12 may.-S.8.