“M.A.P” Bakı İncəsənət
Festivalı start götürdü
Festivalın məqsədi ilk
növbədə gənc nəslə müasir teatr sənətinin
mahiyyətini çatdırmaqdan ibarətdir
Dünən "YARAT” Müasir İncəsənət Məkanında "M.A.P” Bakı İncəsənət Festivalına həsr olunan mətbuat konfransı keçirildi. Mətbuat nümayəndələrinin toplaşdığı konfransda jurnalistlər festivalla bağlı suallara cavab tapdılar.
"YARAT”-ın bədii və strateji direktoru Björn Geldhof çıxış edərək bildirdi ki, bu festival böyük əhəmiyyətə malikdir: "İlk növbədə hər kəsi salamlayıram. Hər birinizi burada görməkdən şadam. "YARAT”-ın "Bakcell” şirkəti ilə birgə start verdiyi bu festival vasitəsilə sizə teatra yeni baxış təqdim etmiş olacağıq. Belə ki, beynəlxalq səviyyəli rəssamları əhaliyə tanıtdırmaq üçün bu, əlverişli fürsətdir. Bədii proqramlarla yanaşı, müxtəlif sərgilər vasitəsilə məlumatlar verəcəyik. "Bakcell”in yardımı sayəsində, şərəf hissi ilə qeyd edirəm ki, teatrı daha geniş kütləyə çatdıracağıq. Bu proqram Ülviyyə Axundova tərəfindən təsis olunub. Mən istərdim ki, mədəniyyətlə bağlı əməkdaşlıq daha geniş kütləyə çıxsın. Bədii proqramlarla yanaşı, müxtəlif sərgilər vasitəsi ilə insanlara teatr haqqında məlumat veririk. Bu bizim üçün ilk fürsətdir ki, teatr haqqında ictimaiyyətə daha geniş məlumat çatdıraq. Bənzəri və oxşarı olmayan layihə müxtəlif sənət janrlarını ehtiva edir. Festivalın bədii amalı və yüksək hədəfi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq. Ümid edirəm, bu sahədə atılan addımlar gələcəkdə daha geniş şəkildə davam edəcək”.
Tədbirin təşkilatçısı, "Bakcell” şirkətinin baş direktoru Nikolai Beckers mətbuat nümayəndələrini salamlayaraq "Bakcell” adından iştirakçıları təbrik etdi. Bildirdi ki, rəhbərlik etdiyi şirkət təbii olaraq müasir incəsənətə dayaq olmağa çalışır: "Bu vaxta kimi uğurlu işlər həyata keçirilib. Sual verə bilərsiniz ki, "Bakcell” nə üçün bu layihəni dəstəkləyir? Çünki bu, bir mədəniyyətdir, incəsənətdir. Rəssam rabitəni fərqli yollarla - teatr, rəsm vasitəsilə çatdıra bilir. Təbii ki, rəssam bu rabitəni quraraq öz hisslərini çatdırmaq istəyir. Bu baxımdan, doğrudan da bir bağlantı var. Telekommunikasiya şirkəti olaraq bu layihəyə dəstək veririk. Biz bu vaxtadək müxtəlif layihələr həyata keçirmişik. Bu, bizim üçün əlavə imkanlardan biridir. Bu layihə ilə biz Azərbaycan incəsənətinə böyük töhfə vermiş, Azərbaycanın incəsənət adamlarının tanınmasında müstəsna rol oynamış oluruq”.
Sonra layihənin kuratoru Ülviyyə Axundova festival barədə media nümayəndələrini məlumatlandırdı. Bildirdi ki, noyabrın 1-dən başlayan 1-ci "M.A.P” Bakı İncəsənət Festivalı çox zəngin və rəngarəngdir. Bənzəri və oxşarı olmayan bu layihə müxtəlif sənət janrlarını ehtiva edir. Festivalın məqsədi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir: "Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq”.
Ülviyyə xanım media nümayəndələrini festivalın proqramı ilə tanış etdi, onları bu festivalda yaxından iştirak etməyə çağırdı.
1-6 noyabr tarixlərində keçiriləcək İncəsənət Festivalı tamaşaçıların müasir dramaturgiya, teatr, musiqi və kino sahəsində yeni cərəyanlar və ideyalar ilə tanış ola biləcəkləri bir məkanı olacaq.
Layihənin kuratoru onu da əlavə etdi ki, vaxtı ilə Azərbaycan teatrını yaradan dahi insanlar sənət vurğunu idilər: "Onların teatr ilə bağlı böyük ümidləri hədsiz-hüdudsuz idi. Bütün varlıqları ilə bu sənətkarlar inanırdılar ki, hər bir xalqın teatrı – onun milli məfkurəsinin, daxili mənliyinin, bədii estetikasının güzgüsüdür. Bu teatr korifeylərinin yuxularına da girməzdi ki, elə bir vaxt gələcək, xalqın əksər hissəsi teatra tam laqeyd olacaq və onların nəvə-nəticələri sosial şəbəkələrdəki ünsiyyəti sənətdən üstün tutacaqlar. Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə məcnunsayağı vurğun olan insanlardır. Bizim festivalın əsas qəhrəmanları da məhz belə şəxsiyyətlərdir. Onların istedadı, peşəkarlığı elə bir təsir qüvvəsinə malikdir ki, həm gəncləri, həm də yaşlı nəsli ovsunlayacaq. Sizdən gəlmək, bizdən sizi məftun etmək! Səbirsizliklə sizi gözləyirik”.
Sonra festivalın gündəliyi açıqlanıb.
Tamaşalar:
"Bir əsgərin hekayəti” - balet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan)
"Gülməli adamın yuxusu” – "Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya)
"Ked”
– "Praktika” teatrı
(Rusiya)
"Troya zövcələri” –
"Royal District” teatrı (Gürcüstan)
"Birgə yaşama” - "Eskizı v prostranstve” aktyor qrupu (Rusiya)
"Sovrulanlar” baleti – "Novıy Balet” teatrı (Rusiya)
"Çevrilmə” baleti –
"Novıy Balet” teatrı (Rusiya)
"Bolero”
baleti – "Novıy Balet” teatrı (Rusiya)
"Gaga
Intensive” müasir rəqs
məktəbinin (İsrail)
üçgünlük ustad
dərsi
Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi ("Praktika” teatrı, Rusiya)
Aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi ("Pyotr
Fomenkonun Emalatxanası”
teatrı, Rusiya)
Səhnə dekoratoru, rəssam Alisa Malikovanın mühazirəsi
("Praktika” teatrı,
Rusiya).
Konsert:
Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestri
Bencamin
Britten – "Frenk Bric mövzusuna dair variasiyalar”
Sofiya Qubaydulina – "Fachwerk”
Dirijor -
Yalçın Adıgözəlov
Solist - Roman Yusipey
(Almaniya).
Xəyalə Rəis
Kaspi.-2017.-2 noyabr.-S.14.