İnsanların ürəyini vərəqləyə
bilən bəstəkar
Həyat uğrunda mübarizə
aparan Tahir Əkbər əsərlərinin özü ilə
birgə qocalmamasını, onların daim cavan qalmasını
istədiyini deyirdi
Musiqi elə bir aləmdir ki, burada duyğular
danışır. Sanki musiqi insanın içində yaşayır: sevinən,
kədərlənən, arzuya qovuşan məqamlarında,
başqa sözlə desək, o daim bizimlədir. İnsanın sənətə aidiyyatı elə bir
sərvətdir ki, onu İlahi hər kəsə bəxş
etmir. Təsadüfi deyil ki, istedada malik
olan insanı "Allah tərəfindən seçilmiş”,
"taleyin istəklisi” adlandırırlar. Elə sevimli bəstəkarımız, əməkdar
incəsənət xadimi Tahir Əkbər kimi. Bir neçə gün öncə bəstəkarla
bağlı üzücü bir xəbər aldıq.
Sevimli bəstəkarımızın insult keçirdiyi və
səhhətinin o qədər də qənaətbəxş
olmağını eşitdik.
Təəssüf ki, insult Tahir müəllimin
sağlıq durumuna ciddi zərər vurub. Onu da nəzərə
alaq ki, bu onun keçirdiyi 3-cü insultdur. 1 saylı Şəhər Kliniki Xəstəxanasının
reanimasiya şöbəsinə yerləşdirilən, sonradan
Respublika Diaqnostika Mərkəzinə köçürülən
Tahir Əkbərin vəziyyəti hazırda sabit
ağırdır.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi
ilə əməkdar incəsənət xadiminin müalicə
xərcləri fond tərəfindən ödəniləcək.
"Hər
an nəsə bir dəyişiklik olacağını gözləyirik”
Bəstəkarla əlaqə saxlamağa
çalışdıq. Tahir müəllimin nömrəsini
yığıb dəstəyi özünün
qaldırmasını arzuladıq. Dəstəyi
isə həyat yoldaşı qaldırdı. Bəstəkarın halını xəbər
aldıq. Öyrəndik ki, T.Əkbərin vəziyyəti
ağır olaraq qalır: "Tahir müəllimin vəziyyəti
stabildir. Nə o tərəflik, nə də bu tərəflikdir.
Tahir sizinlə danışa bilməyəcək.
Hələ ki onu iynə ilə
yatızdırırlar. Bəstəkarımızın
vəziyyəti ilə Birinci vitse-prezidentimiz Mehriban xanım
yaxından maraqlanır. Ona böyük təşəkkürümüzü
bildiririk. Nə yaxşı ki, sənətə,
sənətkara qiymət verən dövlətimiz var”.
Aybəniz
Əkbər bildirdi ki, həkimlər bəstəkarın vəziyyəti
ilə bağlı geniş açıqlama vermirlər:
"Həkimlər heç nə demir. Biz də
hər an nəsə bir dəyişiklik olacağını
gözləyirik. Həkimlər deyir ki,
onun vəziyyətinin stabil qalmağı ümidvericidir.
Allahdan ümid kəsilməz”.
Tahir Əkbərin həkimi, Respublika Neyrocərrahiyyə
Xəstəxanasının baş həkimi Kabus Dadaşov mətbuata
açıqlamasında bildirib ki, hazırda bəstəkarın
vəziyyəti normaldır, huşu başındadır. Xəstəxanaya
sabit-orta vəziyyətdə gətirilib. Onun sözlərinə
görə, hazırda əməliyyat üçün
hazırlıqlar, müayinələr aparılır:
"Tahir Əkbərin ürəyində də problemlər
var. Kardioloq icazə versə, əməliyyat olunacaq. Diaqnoz ikitərəfli xroniki baş-beyin substral
hematomadır. Əməliyyat vacibdir.
Vəziyyətindən asılı olaraq, ən
azı bir həftə, on gün xəstəxanada
yatmalıdır”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın bəstəkarla maraqlanması, onun
bütün müalicə xərclərinin Heydər Əliyev
Fondu tərəfindən ödənilməsi haqda tapşırıq
verməsi Tahir Əkbərin ailəsində böyük
sevinclə qarşılanıb. Hələ bir il bundan öncə T.Əkbərlə
söhbətimiz zamanı o, səhhətindən giley-güzar
edərək, dərmanlarını almağa imkanı
olmadığını deyirdi: "İlyarım əvvəl
əməliyyat olunmuşdum. İndi məlum
oldu ki, başqa bir xəstəliyim var. Bir müddətdir
qızımın təhsil haqqını ödəyə
bilmirəm, həyəcan keçirirəm. Düşünürəm ki, mən bunu hardan
alıb ödəyəcəm. Bütün
problemlər yığıldı, nəticədə halım
pisləşdi. Dərmanlarımı
almağa belə çətinlik çəkirəm. Eləsi var ki, bahadır, ala bilmirəm. Bir az da borclarım var. Sağalım,
hamısını ödəyəcəm”. Bu fikirləri səsləndirən Tahir müəllimə
dövlətin sahib çıxması, onun xərclərini
öz üzərinə götürməsi ailəsi
üçün böyük dəstəkdir.
Tahir
Əkbəri insanlara sevdirən musiqisi
Bəstəkarın səhhətinin pisləşməsi
nəinki bizi, onu sevən tamaşaçıları da məyus
edib. Azərbaycan musiqi aləmində öz
sözünü deyən bəstəkar
yaradıcılığı və gözəl insani xasiyyəti
ilə böyük hörmət qazanıb. Hər dəfə
onunla söhbət edəndə mənə gəncliyindən
danışar, gənc ikən necə çalışqan olduğundan, hansı çətinliklərdən
keçdiyindən bəhs edərdi. Bəstələrinə
gəlincə isə, onu hər gördüyümdə sual
edirdim ki, ən çox hansı əsərini sevir.
Cavabı belə olurdu: "Qızım, o bəstələr
mənim övladım kimidir. Onların
hamısı mənə əzizdir. Beynimdə
yeni layihələrim çoxdur. İnşallah,
onları həyata keçirəndən sonra konkret olaraq sənə
mənim üçün doğma olan əsərimin
adını çəkəcəm”. O mənə bir
söz vermişdi. İnanıram ki, gün gələcək,
Tahir müəllim o sözün üstündə duracaq.
Çünki bu günə qədər Tahir
Əkbər verdiyi sözlərin arxasından
qaçmayıb. Tanrım onun verdiyi bu
sözün də arxasında dayanmağına
yardımçı olar, inşallah.
Tahir müəllim müxtəlif janrlarda - xor musiqisi,
simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər”,
ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri
Azərbaycan professional musiqisində yeni janrlar sayılır.
"Dərdin alım”, "Heç küsməyin yeridirmi”,
"Əzizim”, "Amin”... Şövkət
Ələkbərova, Zeynəb Xanlarova, Elmira Rəhimova və
digər sənətkarların ifasında səslənən
bu mahnılar dünyanı dolaşıb. Çoxları
onun musiqilərini xalq mahnıları kimi tanıyıb. Əslində bu da bəstəkarın
böyüklüyüdür. Bəstələdiyi
mahnılar xalq dilinə, xalq ruhuna o qədər yaxın olub
ki, o mahnılar xalq mahnıları qədər sevilib.
Bəstəkarın bəstələdiyi onlarca
mahnını hətta türk müğənniləri də
ifa ediblər.
Nəşə Karaböcək bəstəkarın
"Heç küsməyin yeridirmi?” mahnısı ilə hər
zaman repertuarını bəzəyib. Bəstəkarın
"Amin” mahnısı müğənni Brilyant
Dadaşovanın ifasında Norveçdə Nobel
mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə
salınıb və dünya xalqlarını sülhə
çağıran bu disk Avropada yayılıb. Şanxayda
keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində
Tahir Əkbərin "El oğlu, hay ver...” əsəri 26
ölkədən finala çıxan qaliblərdən biri
olub. Bu mahnı dünya azərbaycanlılarına
ünvanlanan və onları həmrəyliyə
çağıran əzəmətli bir əsərdir. Bunun davamı kimi Dünya Azərbaycanlılarının
2-ci qurultayı ərəfəsində ulu öndərimiz Heydər
Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik"
himni xor və simfonik orkestrin ifasında səslənib.
Tahir Əkbər Azərbaycan mədəniyyətinin
çox sevilən simalarından biridir. Bundan əlavə,
o, hamının sevimli bəstəkarıdır. O,
musiqinin bir çox janrında əsərlər yazsa da,
yaradıcılığının böyük hissəsini
mahnılar və romanslar təşkil edir. Onun əsərləri
milli dəyərlərə söykənir.
Dostları Tahir müəllim haqqında bildirirlər ki,
mahnı yaratmaq hər adama nəsib olmur. Mahnını
o adamlar yazır ki, insanların ürəklərini vərəqləyə
bilsin. Əgər biz o mahnıları daim
zümzümə ediriksə, daim o mahnılar
qulağımızda səslənirsə, demək, qəlbimizə
yol tapıb və sevilib.
Bəstəkarın bu ilin mart ayında 70 illik yubileyi təntənəli
şəkildə keçirilmişdi. Oraya
tanınmış sənət adamları, bəstəkarın
dostları, ziyalılar toplaşmışdı. Onun yubiley gecəsindəki
çıxışı isə bu günə qədər
xatirimdədir. Çıxışında həyat
eşqi ilə dolu olduğunu aydın hiss etdirirdi: "70
yaş az deyil. Fikirləşəndə
görürsən ki, ömrünün çoxu gedib, qalan
hissəsi isə Allahın ümidinədir. Mən ömrümün qalanını da səmərəli
keçirmək istəyirəm. Arzum budur
ki, yaşım yazacağım əsərlərlə
ölçülsün. Həm də mən
istəməzdim ki, əsərlərim mənimlə birgə
qocalsın. Onların daim cavan
qalmasını istəyərəm”.
Yazıb-yaratmaq
eşqi səngiməyən bəstəkar
Tahir müəllimin doğum günü yanvarın 20-nə
təsadüf edir. Həmişə deyir ki, onu həmin
gün təbrik etməyim. Axı həmin
gün xalqımız matəm saxlayır. Matəm
günündə ad günü keçirməyi özünə
sığışdırmır, Tahir müəllim.
Yaradıcı insanlar hər zaman gənc ruha sahibdirlər. Bunu Tahir
müəllimin bəstələrindən də sezmək
mümkündür. O deyirdi ki, 70 il
yaşasa da, yaşamaqdan doymayıb. Hələ
də yaratmaq, yeni musiqilər yazmaq eşqindədir. Axı niyə də olmasın? Kim
bilir, Azərbaycan musiqi tarixində bir də Tahir Əkbər
olacaqmı? Məncə, olmayıb,
olmayacaq da. Çünki onun musiqiləri
insanların qəlbinə xitab edib. Tahir
müəllim Azərbaycan musiqi mədəniyyətinə
çoxlu gözəl və xalqımız tərəfindən
qəbul edilən əsərlər təqdim edib. O əsərlər
hər zaman sevilir və sevilməkdə də davam edəcək.
Bu günlər sevimli bəstəkarımızın xəstələnməsi xəbəri bizləri çox üzür. Amma dövlətimiz, dəyərli həkimlərimiz Tahir müəllimin sağalması üçün gərəkli bütün addımları atırlar və bundan sonra da atacaqlar. İnanırıq ki, o, tezliklə sağalaraq xalqımız üçün yenə də gözəl əsərlər yaratmaqda davam edəcək. Allah şəfa versin!
Xəyalə Rəis
Kaspi 2017.- 7 noyabr.- S.12.