Kor bayquşun yuxusu
Həyatın elə məqamları var ki,
yaşantılar, hadisələr insana yuxu kimi gəlir. O hadisələrin məğzinə
doğru səmt aldıqca, mahiyyətinə vardıqca
dürlü düyünlər başqa bir yuxuya qapı
açır, beləcə bu zəncirvarı yuxular,
yaşanmış "qeyri-reallıqlar” insanı daha da dolaşığa
salır... Gərək zülmətə şirnikməyəsən...
"Süjet”, yaxud əvvəl hanı, son hanı?
Sadiq Hidayətin
"Kor bayquş” romanı öz içinə boylanan,
ordakı qaranlıqda güzgülənən insanın hekayətidir.
Qəhrəmanın taleyi doğuluşla
ölüm arasındakı keçiddə iki qadına "ilişir”.
Onlardan biri rəqqasə anası, digəri
fahişə arvadıdır. Qəhrəmanın
atası Hindistanda bütlər qarşısında mərasim
rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur.
Qızla ailə qurur və az sonra
qardaşı da yanına gəlir. İki
qardaş bir-birinə çox oxşayır – xüsusən
zövqləri – əmisi də qəhrəmanın anasına
vurulur. Anasını həm əmisi, həm də
atası sevir və bu "aşiqlər”in dueli fərqli olur:
Atası və əmisi kobra olan otağa girirlər,
çığırtı gəlir, ilangəzdirən
otağın qapısını açır və bir-birinə
oxşayan iki kişidən biri canını qurtarır.
Sağ qalan onun atasıdır, yoxsa əmisi – bilinmir? Çölə
çıxan – sağ qalan yaddaşını itirir və
oğlunu (baş qəhrəmanı – görəsən o
baş qəhrəmandırmı?) tanımır deyə,
güman edirlər ki, ölən uşağın
atasıdır. Beləcə, qəhrəman
öz valideyninin sağ qaldığını, yoxsa
öldüyünü ömrü boyu bilmir.
Sonra bibisi qızı onu şərləyir, öpür,
onunla gecələdiyini deyir və beləcə bu böhtan
ucbatından o, həmin qızla evlənməli olur. Daim başqa
kişilərlə yatıb ərinə üz göstərməyən
həmin qadın onun bütün həyatını məhvərindən
qoparır, saysız bədbəxtliklərinə havadar olur.
Qadınını öldürdüyü
gün ilk dəfə ər-arvad kimi sevişirlər və
onların həzz anlarını qadının canına yeriyən
bıçaq ağrısı kəsir. Qəhrəmanın
sonrakı həyatı ağrıların xəyalata
çevrilməsinə, yaddaşının onu dəliyə
döndərməsinə gətirib çıxarır.
Roman burda başlayırmı, bitirmi bilmək olmur...
Tül
kimi sərhəd
Bu yuxudan, xəyalgörmədən sonra qəhrəman
ayılır, onun gerçəkliyi, həqiqi
yaşantıları yadına düşür. O, həm yuxuda
gördüyü, həm də reallıqdakı cinayətinə
görə məsuliyyət daşıyır. İndi
onun həyatı öz kölgələrindən ibarətdir,
hara qaçsa yaşadığı anlar –
dolaşdığı xatirələr ipi onu təqib edəcək.
Kölgəsə elə bir "bədən
üzvü”dür ki, onu kəsib tullamaq olmur...
Yaddaş
Yaddaşın
fəsli olmur... Hər kəs yaddaşının sabit iqliminə
öyrəşir – gecəsiz, gündüzsüz, vaxtsız,
havasız... Qəhrəman və müəllif
eyni "yaddaş kanalı”ndadırlar. Bəlkə
də müəllif qəhrəman, qəhrəman müəllifdir.
Təhkiyə
İki qadın xəyanəti – anasının əmisiylə
aşnalığı və arvadının xəyanəti qəhrəmanı
insanlıqdan çıxarır – kor bayquşa çevirir, o
işıqlı dünyasını içinin
qaranlığı ilə boyayır. Ancaq əsər boyu hər
şey olub bitmiş, yaşanılmış və artıq
geri qaytarılması mümkün olmayan anların ifadəsi
kimi əks etdirilir. Xatirələr
hamısı realizm, indiki anın təsviri isə magik realizm
təsiri bağışlayır. Bu
gün və dünən isə o keçmişin
qaranlığı ilə mistikləşib. Sanki keçmiş indini əfsunlayıb, cəhənnəmə
çevirib. Bir vaxtların adi hadisələri
indiki zaman təhkiyəsində kabus təsiri
bağışlayır. Yazıçı
bu üsulla iki zaman, iki təhkiyə, iki keçid arasında
qırılmaz əlaqə yaradır və bundan ona, ondan buna
adlamaq məhz bu metodla təbii, axarlı görünür.
Üslub
Roman başladığı yerdə bitib. Süjet
zamanın irəliləməsi – vaxt axarı ilə
tamamlanmır, qəhrəmanın içinə,
yaddaşına doğru yol alır. Əsərin əsas
hissəsini qəhrəmanın düşüncələri,
daxili təbəddülatları təşkil edir – roman qəhrəmanın
gözəllik vurğunu olması, bir qadını unuda bilməməsi
yaddaşındakı insanların (atası, anası, əmisi,
arvadı) xəyalında görünüb itməsi ilə
başlayır, ancaq onun bu hallusunasiyalar, beynində
formalaşdırdığı obrazların arxasında bəlkə
də gerçək bir həyat tarixçəsi var. Xəyal
daha gözəl görünənlər reallıq onun həyatını
cəhənnəmə çevirən məqamdır.
Qadın
obrazı
O,
öldürdüyü qadına sanki vurulur, bu (ayağısürüşkən
arvadı) gözəlliyi öləndən sonra qəhrəmana
təbii gəlir. Çünki sağ olanda o
gözəllik başqalarını əyləndirməyə,
həzli dəqiqələr yaşatmağa, "adamotunun
dişi tayı kimi əks tərəfin bədəninə
dolanmağa xidmət edirdisə”, öləndən sonra – o mənfur
ruh, o murdar xislət həmin qadının canından
çıxır və o qadın cismani gözəlliyi ilə,
üzündəki cizgilərin təbiiliyi ilə qəhrəmanın
gözü qarşısında yenidən "dirilir”. Fahişə ölümüylə məsum körpəyə
çevrilir – çünki onu pis yola çəkən ruhu –
xisləti daha onunla deyil, o ancaq yaradılış gözəlliyindən
ibarətdir, artıq damarlarında qaynayan qanı onu şəhvətə
səsləmir, donan qanı onu süstləşdirib, müqəddəs
sükuta qərq edib. Sevdiyimiz mənfi xislətli
insanlar bizdən ya ölümlə, ya da məcburi
ayrılıqla uzaq düşəndə biz onları yenidən
sevirik. Çünki daha ondan növbəti
pislikləri görmürük, sanki vaxt keçdikcə, məsafə
uzandıqca qəlbimizdə günahsızlaşır. Beləcə, qismən də olsa, qarşı tərəfi
bağışlayırıq.
Çevrə
Qəhrəman öldürdüyü qadını
doğrayıb çamadana yığır, çöldə
bir qocaya rast gəlir və o qoca meyiti qəbiristanlığa
aparıb, basdırır. Qəbirin yerindən
bir kuzə çıxır, qoca onu zəhmətinin əvəzi
kimi qəbul edir. O kuzə Rey şəhərindən
qalıb. Qəhrəmanın illüziya təsiri
bağışlayan yaşantılarının içində
qəribə bağlılıq, ələləlik, zəncirvarilik
var. Çünki anası uşaqkən qəhrəmanı
bibisinin yanına qoyub, övladının əmisiylə
özgə yurda köçəndə onun boynuna kobra zəhəri
olan bir şüşə taxır. Bu
şüşə həm atasının
ölümünü, həm anasının vəfasızlığını,
həm də ümumən ölümün
varlığını ona unutdurmur. Ancaq o
da atası kimi qadın xəyanətinin qurbanına
çevrilir, anasından daha pis xislətli qadına ürcah
olur, yaxın bildiyi insanlar onun qadını ilə həzli
anlar keçirirlər. Deməli, xəbərdarlıq
insanı xəyanətdən, vəfasızlıqdan qoruya
bilmir.
Belə
bir nəğmə
Əsərdə
qəhrəmanın qulağına tez-tez bu nəğmənin
səsi gəlir:
Gəlin
gedək a dostlar,
Bir qədər
şərab içək,
Fürsəti
qaçırmayaq –
əylənməyin vaxtıdır
Badələri
qaldıraq,
Sağlıq
deyib şənlənək!
Bu adi
şərab deyil,
Şəhr-i-Rey şərabıdır.
Bu şərqini
bir dəfə küçədən keçən
keşikçilər oxuyur, sonra sövqi-təbii özü
dilinin altında zümzümə edir, bir gün sərxoş
küçə gözətçisinin də bu
mahnını mızıldadığını duyur. Məlum
olur ki, həyatın ömür boyu ona
pıçıldadığı ölüm şərqisidir,
mahnıdakı "Rey şərabı”sa anasının onun
boynundan asdığı "ölüm şərbəti”dir.
Kim bilir, bəlkə qəhrəman onu vaxtında içməliydi
ki, valideynlərinin yaşadıqlarını yaşamasın?
Beləcə, ölüm onu şərdən, xəyanətlərdən
qoruya bilərdi.
Birinci
aldanış
Romanı nəql edən yazardır. Romanda nəql
olunanların əsər, yoxsa reallıq olması bilinmir.
Qəhrəman sanki həm yazır, həm də
yazılanları yaşayır, qəribəsi budur ki, sanki
bütün olanlar – yazmaq və yaşamaq eyni anda baş verir.
Bununla da əsərdəki zaman anlayışı
sıfır nöqtəsinə dirənir, baxmayaraq ki, iki xətt
də "seçilir”, vaxt tam şərtiləşir...
İkinci
aldanış
Qəhrəman tiryək istifadəçisidir. Baş verən
hadisələr nə zaman hallanma, gözəgörünmə,
nə zaman yuxu, nə zaman gerçəklikdir bunu bilmək
müşküldür. Ancaq bu da
aydındır aydın ki, onların hər biri var. Keçidlər
elə qurulub ki, sərhədləri tapmaq başqa bir sərhəddi
itirmək hesabına başa gəlir. Qəhrəman (həm
də oxucu) birinci "tapdığını”, ikinciyə
çatanda "bilməyərəkdən əlindən
salır” və özü də bunun fərqində
olmur. Və beləcə
yuxarıdakı hər iki aldanışa "müəllif
ustalığı” adı qoymalı oluram.
Üçüncü
aldanış
Əsərin harada yuxu, harada xəyal, harada qarabasma,
harada geçəklik, harada başqa bir bədii əsər
olduğunun sərhədi itir. Bununla da məlum olur
ki, oxucunun yadında saxladığı süjetin özü ənənəvi
anlamda mövcud deyil. Belə olduğuna
görə, bir sıra qəhrəmanlar da sanki yoxdur, yəni
bütün qəhrəmanlar bəzən sadəcə təhkiyəçidirlər.
İztirab
və rüsvayçılıq
İnsan özü-özüylə tək qalanda qəddarlaşır. İnsan
düşündükcə günahının daha çox
olduğunun fərqinə varır. Hətta
hər hansısa günahda dolayısıyla əli olduğunu
kəşf edir. İnsan ətrafı
üçün danışanda özünü təmizə
çıxarsa da, ürəyində isə özünü
günahlandırır. Çünki
günah öz içimizdə iztirabdır, aşkarda
rüsvayçılıq. Ona görə
də qəhrəmanın əsəri öz ürəyinə
pıçıldayır, romanın bu dərəcədə
komplekssiz nəql edilməsi məhz təhkiyəçinin
üzünü ürəyinə tutmasıyla
bağlıdır.
Kafkaya tərəf
Fransa Kafkadan gəlmə nihilizm bu əsərin canına
hopub. Əsərdə bircə günahsız, saf qəhrəman
yoxdur. Qəhrəmanlar zamanı yox,
anı idarə edənlərdir. Hər an
isə günahla doludur. Kafkanın
vurğunu olan, onun əsərlərini tərcümə edən
Sadiq Hidayətin "Şərqin Kafkası”
adlandırılması məhz bu cəhətlərə
görə əbəs deyil. Əsərdə
iki süjetin olması, o süjeti yaza-yaza öz əhvalatını
da uydurmaq Kafkanın yaradıcılığında sıx
rast gəlinən metoddur.
Kafkanın
səmti
Sadiq Hidayətin
"Kafkanın ismarıcı” əsəri var. Kafkanın
"Cəza koloniyası” əsərini tərcümə edərkən
bu yazını o əsərə giriş kimi qələmə
alıb. S.Hidayət həmin məqalədə yazır:
"Adəm övladı tək-tənhadır. Adı-sanı naməlum, doğmaca vətəni
olmayan torpaqlarda yaşayır. Heç kəslə
münasibət, könül bağlılığı yarada
bilmir. Bunu özü də başa
düşür. Hər şey onun
baxışlarından da bəllidir. Ancaq nələrisə
ört-basdır eləmək, özünü aldatmaq istəyir.
Məsələn, deyək ki, şəxsiyyəti
alçalır və daha onun üçün heç bir dəyər
qalmır. Hətta düşüncələrində,
davranışlarında belə azad deyil. Başqalarından
çəkinir, özünü təmizə çıxarmaq
istəyir. Bir səbıb uydurur, o səbəbi
başqa bir səbəblə əlaqələndirir. Amma özü də səbəblərin əsirinə
çevrilir. Çünki ətrafında
hörülən ipdən kənara çıxa bilmir.
Bizə saysız tələlər qurulmuş dünyada
itib-batmışıq. Ancaq və ancaq mənasızlıqla əhatələnmişik.
Bu hal da bizdə ancaq qorxu-ürkü yaradır.
Ancaq içinə
sıxışdırıldığımız bu dəhlizdən
başımızı dik tutub keçməliyik.
Çünki hər tərəfimiz divardı və burda hər
an yolumuzu kəsib bizi həbs edə bilərlər.
Bizi başımızdan zəncirləndiyimiz məhkumluq
həyatı qarabaqara izləyir. Qoyulan
qayda-qanunlara nabələdik, bizə yol göstərməli
olan adamı da tanımırıq. Kimə
sığınmaq istəsək "Bu sənsən?”
soruşub baş alıb öz işinin dalınca gedir.
Deməli, özümüzə də qaranlıq qalan
hansısa günah iş görmüşük, bildiyimiz
şeylər də tam mənada bizə aydın deyil”.
Sadiq Hidayətin Kafkanın üslubunu bu şəkildə təhlil etməsi, əslində, dünyaya aid fikirləridir. Bu dünya həm Kafkanın ünvanıdır, həm bizim, həm də Sadiq Hidayətin... Əks halda, hər üçümüz bir ünvanda – yazıda görüşə bilməzdik.
Fərid
Hüseyn
Kaspi 2017.- 4-6 noyabr.- S.12-13.