Uzun illərin dəyişməz duyğuları

 

Yaxud, unudulası mümkün olmayan bir insanın kəşf olunmamış dünyası

 

Ulu Tanrı hər birimizin taleyinə bir qərib yolçuluq qədəri yazıb. Bu yolun böyüyü ölüm yoludur ki, damarlarını biləyimizə dolayıb birər-birər dolaşırıq Yer üzünü. Şəhd-şərbətini, ağrı-acısını dada-dada, sevincini, zillətini çəkə-çəkə, səadət payını, qəm yükünü paylaşa-paylaşa. Və şərt uzun ömür yaşamaqda deyil, əsla! Hələ qədim Roma filosofu Seneka demişdir ki, həyat da təmsil kimi uzunluğuna görə deyil, məzmununa görə qiymətləndirilməlidir. Bəli, xoşbəxt o kəsdir ki, bu məzmunu, onu yaşamağa, işləməyə, yaratdığından həzz almağa sövq edən bu mənanı əvvəlcədən fəhmin, intuisiyanın gücü ilə duyub gerçəkləşdirə bilsin.

 

Maestronun bir telefon zəngi kifayət edərdi

 

Qədim Naxçıvan torpağının Çuxur məhəlləsində dünyaya göz açmışdı. Atası Əli kişi Böyük Vətən müharibəsi veteranı, əczaçı (Naxçıvanda hamı onu "aptekar Əli” kimi tanıyırdı), anası Pakizə xanım isə evdar qadın kimi beş övlad böyütmüşdü. Həsənağanın özündən böyük bacıları Həzimə, Flora və qardaşı Hüseynağa Tibb Universitetini, kiçik qardaşı Əzizağa isə Həsənağadan sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Hamısı ilk təhsilini Naxçıvan şəhərinin ən nüfuzlu orta məktəblərindən biri hesab olunan Üzeyir Hacıbəyov adına 1¹-li orta məktəbdə almışdır. Hər üç qardaşın musiqi təhsili olmaqla, uşaqlıqdan bu sahədə öz istedadlarını nümayiş etdirmişlər, el-obada, xeyir işlərdə (toy, şənlik, tədbir və s.) təmənnasız iştirakları onların Respublikada qısa müddətdə tanınmasına gətirib çıxarmışdı.

 

Lakin Həsənağanın istedadı, üstəgəl harmoniyası onun sonrakı həyatının incəsənət aləminə bağlanmasının əsas amilinə çevrilmişdir. Nahaq yerə E.S Stanislavski deməmişdir ki, istedad, üstəgəl savad və zəhmət dahiliyi yaradan əsas amillərdəndir.

 

İnsan həyatını incəsənətsiz təsəvvür etmək qeyri-mümkündür. İnsanı həyatı boyu incəsənət müşayiət edir. Onu əyləndirir, düşündürür, sevindirir, kədərləndirir, tərbiyə edir, dünyanı, adamları, özünü dərk etməkdə ona yardım edir, zamanın, tarixin qarşıya qoyduğu suallara cavab tapmaqda köməkçi olur.

 

Məhz Həsənağa da sənətin elə bir növü ilə məşğul olmuşdur ki, bütün sevgisini, sevincini, acısını, kədərini musiqi ilə dilə gətirmişdir.

 

Həsənağa Allah adamı idi. Onun fortepianonun dillərində çıxardığı səs ilahi bir qüvvəyə çağırış idi. Yerişi, duruşu, danışığı, fiziki görkəmi hər bir insanı özünə cəlb etdirirdi. Allah-taala onu fəzilətli yaratmışdır ki, öz sənəti ilə insanları feyziyab etsin. Uzun müddət S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Azərbaycan Televiziyasının "Dan Ulduzu” instrumental ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı və böyük sənətkarın vəfatından sonra  ansamblının bədii rəhbəri, S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor işlədiyi zaman bütün bunların canlı şahidi olmuşuq.

 

Müdriklərin belə bir mötəbər fikri var: "Allah öz kimliyini göstərmək üçün təbiəti, insan öz kimliyini göstərmək üçün mədəniyyəti yaradıb”. Maestro Həsənağa həddindən artıq mədəniyyətli idi. Onun ən fərqli cəhətlərindən biri  sənət adamı olaraq Azərbaycanın ən böyük və nüfuzlu sənətkarlarına olan münasibəti idi. Niyazi, Rəşid Behbudov, Emin Sabitoğlu, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Gülarə Əliyeva, Şövkət Ələkbərova, Mirzə Babayev, Flora Kərimova, Hacıbaba Bağırov, Səyavuş Aslan və başqa incəsənət xadimləri ilə dostluğu ona həyatda və sənətdə çox şey qazandırmışdı. Bu sətirlərin müəllifi dəfələrlə yuxarıda adı çəkilən mədəniyyət adamlarının Həsənağaya qarşı olan hədsiz məhəbbət və vurğunluğunun şahidi olmuşdu.

 

Keçən əsrin 80-ci illərinin ortalarında Həsənağa Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunun direktoru işlədiyi zaman (1984-1985-ci illərdə) Muxtar Respublikada keçirilən dövlət tədbirlərində onların əksəriyyətinin iştirakına Maestronun bir telefon zəngi kifayət edərdi.

 

Respublikamızın xalq artisti tükənməz enerji sahibi Mirzə Babayevin Naxçıvana növbəti səfərlərinin birində Həsənağaya dediyi sözlər hələ də qulağımda cingildəyir: "Sənə qurban olum, Maestro, (Mirzə müəllim ona Maestro deyə müraciət edərdi. F.Z.) sən məni tez-tez çağır, az-az çağıranda yalqızlayıram sənin üçün, 73 yaşım var, söz vermişəm ki, 100 yaşınadək səninlə birlikdə çalışıb-oxuyacağam. Sonrakı Allahın verdiyi ömrü isə sənə qurban verəcəyəm. Çünki, sən yaşamalısan və yaratmalısan!”

     

Deyərdi ki, taleyin qismətinə inanıram

 

İnsan üçün musiqi həmişə estetik və mənəvi zövq mənbəyi olmuşdur. Bu barədə Homerin, Platonun, Aristotelin və digər qədim filosofların əsərlərində də rast gəlinir. İ.M.Dogel "Musiqinin insana təsiri” adlı xüsusi əsərində belə bir fikir irəli sürmüşdür ki, musiqi insana təsir edir, onun əsəb sisteminin fəaliyyətini gah zəiflədir, gah da yüksəldir. Hətta insanın təkcə əhval-ruhiyyəsinə deyil, əzələlərinə, mədəsinə, qan dövranına da təsir göstərir. Tədqiqatçılar qeyd edirlər ki, səslərin müxtəlif dərəcəsi, onların gücü və tembri qan dövranı orqanlarına cürbəcür təsir edir ki, bu da ürək-damar sisteminin fəaliyyətində müəyyən dəyişikliklər törətməklə, insanın əsəb sistemində təlatümlü duyğular dənizini sakitləşdirir, gah da əsl ehtiraslar və həvəslər fırtınası yaranır. Bütün bu deyilənləri nəzərə alaraq, mən indi belə qənaətə gəlirəm ki, Həsənağanın həyatdan vaxtsız köçməsinin bir səbəbi də bəlkə də görünür onun bütün varlığı və harmoniyası ilə həddindən ziyadə musiqiyə bağlılığı idi. Çünki, musiqiyə qulaq asandan daha çox onu ürəkdən ifa edən musiqiçi ikiqat yuxarıda deyilənlərdən zərbə alır.

 

Həsənağa təbiəti, xüsusilə dağları çox sevirdi. Deyirdi ki, incəsənət insanların gözünü açıb gözəllikləri görməkdə, gözəl duyğular yaşamaqda adama kömək edir. İncəsənət könüllərin qara buludlarını dağıdıb duyğu və düşüncələri təmizləyir, insanın iç aləmini aydınlaşdırır. İncəsənətin nuru ilə ürəklərə sevgi gəlir, ümid və coşqunluq gəlir, pas atmış duyğular təmizlənir, insan sanki təzələnir.

 

Ürəkdən danışaraq deyirdi ki, incəsənət min səs, min bir rəng, min bir rayihə ilə dolu olan dünyamızın sirlərini insanlara açır, elə məqamlarla, guşələrə, aləmlərə nur saçır ki, insan oğlu bunlara heyran olmaya bilmir.

 

Bəlkə elə buna görə də, Həsənağa təbiətin əsrarəngiz gözəlliyinə hədsiz vurğun idi. Bilmirəm. Ancaq onu bilirəm ki, o dağları, o kövşənləri, o bulaqları seyr etməkdən doymur, o yerləri imkan tapdıqca qarış-qarış dolaşırdı. Soruşanda deyirdi ki, musiqi ilə təbiət birləşəndə insan mavi-mavi dünyalara, xəyal, ümid dünyasına qapılır. Muğamatın, Bethovenin, Baxın, Motsartın, Çaykovskinin, Üzeyirin sehri ilə yanaşı, kədəri də, ağrı-acını da unudur.

 

Həsənağanın qısa ömür sürməsinin (cəmi 52 il) əsas səbəbi mən deyərdim ki, öz sağlamlığına biganə qalması idi. Əlbəttə, fəal və yaradıcı, sağlam həyat tərzi ilə təmin edilmiş həyat hər bir adamın çox yaşamasına əsas verir. Lakin sağlamlığın mühüm vasitələri (hava, su, günəş), gigiyena (yuxu, qida, ciddi rejim) qaydalarına düzgün əməl edilməsi nəticəsində buna çoxları nail olubdur. Maestro Həsənağa ikinci qaydaları həmişə qulaqardına vurardı. Deyəndə ki, qoca Şərqin ən gözəl müğənnilərindən biri Cabbar Qaryağdıoğlu öz sağlamlığını qoruyaraq 83 il yaşayıb-yaradıb və 72 yaşında "Heyratı”nın zilinə, yəni "Üzzal” pərdəsinə qalxıb coşqun zəngulələrlə "Üzzal” üstündə gəzişib. Rəhmətlik deyərdi ki, bu, onun qismətidir, mən C.Qaryağdıoğlu deyiləm, taleyin qismətinə inanıram. Deyəndə ki, xalq artistimiz, pianoçu Çingiz Sadıqov indi də 80-dən yuxarı yaşı olsa da, Amerikada yaşayaraq ifaçılığını davam etdirir, deyərdi ki, bu da onun ömür taleyidir, min yaşasın.

 

Onu "fitri istedad sahibi” adlandırırdılar

 

Həsənağa kimi, xalq içərisində tanınmış, sayıb seçilən sənətkarı təqdim etməyə bəlkə də ehtiyac yoxdur. Lakin onu daha yaxından tanımaq üçün dost kimi sədaqətinə, insan kimi kamilliyinə, ziyalı kimi alicənablığına, vətəndaş kimi xalqına, torpağına bağlılığına şahid olmaq kifayətdir. Bu sətirlərin müəllifi uzun müddət bütün bu keyfiyyətləri Maestronun şəxsi nümunəsində görmüşdür. Mehribanlıq, başqasının dərdinə şərik olmaq, sevincinə ikiqat sevinmək, dövlətçilik, azərbaycançılıq onun qanında idi.

 

...1993-cü ilin may ayının əvvəlləri... Ümummilli Lider Heydər Əliyevin 70 illik yubileyinin yaxınlaşdığı günlər ... Naxçıvan torpağı... Xalqın ən ağır və faciəli taleyinin həll edildiyi tarixi hadisələrin gedişində həlledici məqam... 

 

Bir tərəfdə Heydər Əliyevə qarşı yönəldilmiş qüvvələrin irticaçı fəaliyyəti, bir tərəfdə də xalqın və millətin Heydər Əliyevə ümid çırağı kimi baxması... 70 illik yubiley belə yada düşmürdü... Bəziləri isə hakimiyyətdən qorxur və çəkinirdilər. Heydər Əliyev özü də bunun tərəfdarı deyildi. Belə bir mürəkkəb və çətin vəziyyətdə Həsənağa öz kiçik dəstəsi ilə Naxçıvan torpağına gəldi və 10 may tarixində H.Əliyevə yaxın bir neçə nəfərin iştirakı ilə keçirilən ziyafətdə  (Naxçıvanın qonaq evində) öz musiqi töhfəsini verdi.

 

...2001-ci il. Qardaş Türkiyə Respublikasının Ankara şəhəri. Günhanə - Azərbaycan Prezidenti Heydər Əliyevin müalicə aldığı xəstəxana.  Həsənağa xəstəxananın foyesində pianino arxasında oturaraq, Ümummilli lider üçün həzin, lirik musiqi səsləndirirdi... "Küçələrə su səpmişəm”...

 

Həsənağa bu musiqi parçaları ilə  Ümummilli Lider Heydər Əliyevə qarşı olan məhəbbətini nümayiş etdirməklə, müstəqil-müasir Azərbaycanın banisinə taleyüklü məsələlərinin həllində yeni stimul verir və özünün dövlətçiliyə olan münasibətini bildirirdi.

 

Məhz 2001-ci ildən ömrünün sonunadək (2007-ci il, 06 noyabr) Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləyərkən də o, bu funksiyanı layiqincə yerinə yetirmişdir.

 

1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Respublikanın "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Həsənağa Qurbanov Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından birinə çevrilmiş, Azərbaycan milli musiqisinin Azərbaycanda və respublikamızın hüdudlarından kənarda tanınmasında və təbliğində böyük xidmətləri olmuşdur. Həsənağa Qurbanov həm də istedadlı gənc musiqiçilərə böyük diqqət və qayğı göstərmiş, onların peşəkar musiqiçi kimi yetişməsi üçün gərgin əmək sərf etmişdir.

 

Həsənağa qayğıkeş ailə başçısı idi. Qızları Mehri və Meray onun üçün müqəddəslik rəmzi sayılırdı. Bu gün nəvəsi Həsənağa artıq öz babasının ruhu qarşısında borcunu yerinə yetirməyə hazırlaşır, böyüyür və "babama oxşamaq istəyirəm” deyərək, genetik olaraq baba harmoniyasını dərk etməyə başlayır...

 

Onda heyrət edilə biləcək bir ziyalı səbri, səliqəsi var idi. Bu səliqə-sahman onun xarici görkəmi ilə  tam çulğalaşırdı. Mən deyərdim ki, Həsənağa anadangəlmə musiqiçi, mədəniyyət adamı kimi doğulmuşdur. Yerişi, duruşu, geyimi, baxışı, danışığı, təmkini,  yumşaq rəftarı, dözümü, qayğıkeşliyi, özünü duymaq qabiliyyəti, bütün yaxşılıqlara vərdişi dolub-boşalan ağır zamanlarda da sozalmadı.

 

Yaxın dost kimi maraqlı və dəyərli həmsöhbət olduğuna görə, onun həyat yolundan, iç dünyasından, yaradıcılığından az-çox xəbərdar olmuşam. Adamlarla ünsiyyətinin, nadir idarəçilik və təşkilatçılıq bacarığının şahidi olmuşam. Həsənağanı tanıyanlar onu "fitri istedad sahibi” adlandırırdılar.

 

Vaxtsız itirdiyimiz insanlar haqqında yaddaqalan xatirələr sanki onların ömürlərinin davamıdır. Xatirələr bizim ağrımız-acımız, sevincimiz-fərəhimiz, ötənlərin əks-sədasıdır. İlahi, nə yaxşı ki, xatirələr var! Ən nəhayət, nə yaxşı ki bu xatirələri yaşadan – insan yaddaşı var! Axı yaddaş da körpüdür – dünənimizdən bu günümüzə, bu günümüzdən gələcəyə uzanan körpü!

 

Qoy o xatirələr  Sizi də unudulası mümkün olmayan bir insanın kəşf olunmamış dünyasına aparsın.

 

Fizuli İbrahimzadə

Tarix üzrə fəlsəfə doktoru, dosent

Kaspi.-2017.-7 noyabr.-S.15.