“19 illik sənət həyatımda
ilk dəfədir ki...”
Ülviyyə Əliyeva müğənnilərin
içində ən yaxşı aktrisa, aktrisaların
arasında ən yaxşı müğənni olmaq istəyir
Hər insanın daxilində bir uşaq yaşayır. Yetər ki, o uşağı əzizləyib, ülviliyinə, saflığına toxunmayasınız. İçimizdəki uşaqlığımızın baş qaldırdığı ən ideal məkanın hara olduğunu soruşsalar, düşünmədən deyərəm ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı. Çünki bu teatrda uşaqların daxili dünyalarını əks etdirən bir-birindən maraqlı tamaşalar hazırlanır. Bu tamaşalar nəinki uşaqların, hətta orta və yaşlı nəslin də diqqətini çəkir. Hər birimizin də uşaqlığı xalq nağılımız olan "Şəngülüm, Məngülüm və Şüngülüm”ü dinləyərək keçib. Bu yaxınlarda Kukla Teatrının həmin tamaşanı yeni formatda hazırlayacağı xəbərini aldıq. Elə yerindəcə xalq nağılının yeni üslubda hazırlanması prosesinə şahidlik etdik. Bu dəfə uşaqlar səhnədə sevimli personajları olan Şüngülümü görməyəcəklər. Tamaşanı Ülviyyə Əliyeva mono şəkildə ifa edəcək. Bir əldə ancaq iki kukla oynatmaq mümkün olduğu üçün istedadlı aktrisa uşaqların qarşısına Şüngülümsüz çıxacaq. Tamaşanın məşq prosesindən sonra aktrisa "Kaspi”nin suallarını cavablandırdı. Bildirdi ki, sənətə gəldiyi bu 19 ildə ilk dəfə səhnədə mono tamaşa ilə çıxış edəcək.
- Ülviyyə
xanım, sizi Kukla
Teatrının səhnəsində xoş
gördük.
- Təşəkkür edirəm. Kukla Teatrının səhnəsi deyəndə, elə bura bizim öz səhnəmizdir. Bu səhnə mənim üçün çox doğma və əzizdir. Çünki bu səhnədə bir neçə dəfə aparıcı kimi çıxışlarım olub. Bu dəfə isə özümü aktrisa kimi sınayacağam.
- Musiqili Teatrın səhnəsindən
sonra bu səhnə sizə necə görünür?
- Əslində çox həyəcanlıyam. Bilirsiniz ki, mono tamaşa üzərində məşqlərimiz gedir. Bu həddindən artıq çox məsuliyyətli bir işdir. Baxmayaraq ki 19 ildir teatrda aktrisa kimi fəaliyyət göstərirəm, amma ilk dəfədir ki, kuklalarla birlikdə bir səhnədə çıxış edəcəm. İlk dəfə olaraq həm özümün, həm də kuklaların yerinə oynayacam. Maraqlı olduğu qədər də çətindir.
- Necə oldu ki, Kukla Teatrının səhnəsində məhz belə bir tamaşa hazırlamaq qərarına gəldiniz?
- Tamaşanın ideyası əslində məndən gəldi. Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə yaxınlaşaraq bildirdim ki, belə bir tamaşada rol almaq istəyirəm. Bilirsiniz ki, Kukla Teatrı xeyriyyə tədbirlərində çox iştirak edir. Mütəmadi olaraq mən də bəzən onlarla həmin tədbirlərə gedirəm. Bu tədbirlərdə hər zaman aparıcı kimi çıxış edirdim. İndi isə xeyriyyə tədbirlərində aktrisa kimi çıxış etmək istəyirəm. Görürəm ki, uşaqlar tamaşaya çox maraqla baxır. İstəyirəm ki, bu tamaşa ilə uşaq evlərinə gedək. Müğənni deyiləm ki, mahnı oxuyum, uşaqların könlünə xitab edim. Ona görə də istədim ki, uşaqlarla belə yaxından ünsiyyətdə olum.
- Sizi hər zaman Musiqili Teatrın səhnəsində görmüşük. İndi isə Kukla Teatrında kuklalara can verəcəksiniz. Sizin üçün çətin olmayacaqmı?
- Əslində çətin olacaq. Onu bilirəm ki, etibarlı əllərdəyəm. Rejissorumuz Anar Məmmədov bu sənətin bütün incəliklərini mənə öyrədir. Musiqili Teatrda bir çox uşaq tamaşalarında rol almışam. Uşaqların psixologiyasına çox yaxşı bələdəm. Kukla Teatrında səhnədə tək olacam. Necə deyərlər, mən tək kantrabasda (gülürük). 19 illik sənət həyatımda ilk dəfədir ki, mono tamaşa oynayacam.
- Bu
tamaşada həm kuklaları oynadıb, həm
də onların səsi ilə çıxış edəcəksiniz.
Bu iki böyük
məsuliyyətin öhdəsindən necə gələcəksiniz?
- Üçüncü məsuliyyət ondan ibarətdir ki, ilk dəfə olaraq Kukla Teatrının səhnəsinə aktrisa kimi çıxacam (gülürük). Bu günə qədər Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq” teatr studiyası ilə bir çox tədbirlərdə aparıcı kimi çıxış etmişəm. Bu gün "Oyuq” teatr studiyasının uşaqları o qədər peşəkardır ki, artıq onlara aparıcı lazım deyil. Son dövrlər onların keçirdiyi konsertlərə nəzər yetirsəniz, görərsiniz ki, bu konsertlərdə özləri oxuyur, özləri oynayır, özləri də aparıcılıq edirlər. Maşallah olsun, çox peşəkardırlar. Sağ olsun Rəşad müəllim ki, mənə etibar etdi və belə bir tamaşada rol almağıma razılıq verdi. Bu məsələdə Səidə xanıma da təşəkkür düşür. Bu tamaşa vasitəsilə uşaqlar sevdiyi nağılı tamam başqa ampluada görəcəklər. Tamaşaçılar Ülviyyə Əliyevanı görmədiyi şəkildə görəcək. Aktrisanın siması tanınandan sonra, şəxsən özümdən götürürəm, məsuliyyət artır. Aktrisa düşünür ki, tamaşaçı məni bu ampluada sevir. İkinci bir obrazı sevməsə, tamaşaçının gözündən düşə bilərəm. O sevgini qazanmaq çox çətindir. Qazandığın sevgini qoruyub saxlamaq isə daha çox çətindir. Ona görə çox həyəcanlıyam. İlk dəfədir ki, kuklanı əlimə alacağam. Onu da qeyd edim ki, bu kuklalar çox ağır imiş.
- Həm
aparıcılıq etmək, həm Musiqili
Teatrda biri-birindən maraqlı obrazlar canlandırmaq, bütün
bu işlərlə bərabər, Kukla Teatrında belə çətin bir tamaşanın öhdəsindən gəlmək
sizin üçün
çətin olmaz ki?
- Maşallah deyin (gülürük). Mən zəhmətkeş aktrisayam və işləməyi çox sevirəm. Vaxtımı boş yerə itirməyi xoşlamıram. Haradasa yaradıcılıqla bağlı nəsə yenilik görəndə sevinə-sevinə bu işi görürəm. Bildiyiniz kimi, Space televiziyasında iki verilişin aparıcısıyam. Musiqili Teatrda yeni tamaşada rolum var. İnşallah ki, bu işi də çatdıracağam. Musiqili Teatrla Kukla Teatrının arasındakı məsafə mənim addımlarımla 5 dəqiqəlik yoldur.
-
Sadaladıqlarınızın arasında nə film, nə də serialların adlarını eşitdik. Niyə yeni
seriallarda sizi görə bilmirik?
- Açığı, son vaxtlar
seriallara çəkilmirəm.
Yəqin
mənə uyğun bir rol yoxdur,
ona görə. Əslində özüm də
istəmirəm. Çünki artıq rejissorlar mənə öyrəşdiyim
rolları təklif edirlər. Ərə
getmək istəyən,
evdə qalmış qız, kişi
axtaran qadın rolları təklifi alıram. İstəyərdim ki, yeni bir rol olsun.
İndi Kukla Teatrında yeni bir janrda
və indiyə qədər özümü
sınamadığım bir
ampluada olduğu kimi. Aktyor öz üzərində
dayanmadan çalışanda,
yeniliklər edəndə
püxtələşir.
- Məsələn,
necə bir rola çəkilmək istəyərsiniz?
- Onu mən deyə
bilmərəm. Bunu rejissorlar
deməlidir. O qədər
komediyada oynayıram ki... Çox istəyərdim bir
dramatik serialda, ya da filmdə
xarakterik bir rol alım. Düzdür,
bir rejissor söz verib ki, dramatik əsərdə
mənə rol verəcək. Hələ ki
səsi çıxmır.
Mən özüm dram əsərlərində
də oynamışam.
Çox
istərdim ki, özmü yenidən sınayım. Dram əsərində oynayanda,
29 yaşım vardı,
indi 36 yaşım
var. Görün, aradan
nə qədər zaman keçib.
- Bəs, "Əntiqə Rəfiqələr”
serialını nə
üçün sonlandırdınız?
- Bu serial
cəmi 15 seriya çəkilib, 3 ildir
Space televiziyasında gedir
(gülürük). Hamı da
ondan danışır.
Hələ mən belə
şey görməmişdim.
Ona görə çəkilişləri
dayandırdıq ki, mənim əsas tərəf müqabilim Tünzalə xanım analıq məzuniyyətinə
çıxdı. Bu səbəbdən serialı
davam etdirə bilmədik. İndi uşaqla da
çatdırmaq olmur.
Bilirdik ki, bu serial seviləcək,
amma bu qədərini
gözləmirdik.
- Son olaraq sizi Səidə
Haqverdiyevanın rejissorluğu
ilə çəkilən
"Ər quyusu” filmində gördük.
- Düzdür, sonuncu dəfə "Ər quyusu” filminə çəkilmişəm. Bu film
ARB telekanalında da göstərilib. Kanalda bu
film reytinqlərdə birinci
oldu.
- Bu filmdə də siz ər
axtaran, evdə qalmış qız rolunu canlandırırsınız.
Nəyə görə rejissorlar
həmişə sizə
belə rollar verirlər?
- Onu rejissorlardan soruşmaq lazımdır.
Bu filmin həqiqətən
çox maraqlı bir tarixçəsi var.
Film cəmi 5 günə
çəkildi. Səidə xanım
elə bir komanda yığmışdı
ki, biri orda demədi ki, "biz yorulduq, çəkilişi saxlayaq”
və yaxud da başqa bəhanə.
Filmin ssenarisi də çox gözəldir.
Artıq
bir ildir ki, film nümayiş olunub, ancaq hamı
ondan danışır.
İnsan
filmə baxdıqca, baxmaq istəyir. Filmdə sağlam gülüş,
Azərbaycan koloriti, milli mentalitet mükəmməl şəkildə
göstərilib. "Ər quyusu” filmində şit, bayağı gülüş yoxdur. Film mənim bəzənmə
səhnəm ilə başlayır. 90-cı illərdə xanımlarımızın
bir bəzənmə metodu var idi.
İlk səhnədə onlar yer alır. Bu səhnə mənə
çox xoş təsir bağışlayır.
Hər kəs o filmə baxanda deyir ki,
mən də o vaxtlar bunu etmişəm.
Hamımızın yaşadığı, etdiyi şeylərdir.
Mən orda ilk dəfə gördüm ki, kipriyi bıçaqla qatlayırlar. Çox da
gözəl effekt verirmiş (gülürük).
- Sizin çox gözəl səs imkanlarınız var. Ancaq
özünüzü müğənni
kimi tanıtmaqdan çəkinirsiniz.
- Müğənni olmaq üçün yaxşı pul lazımdır. Mən aktrisayam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru” fakültəsində vokalı bitirmişəm. Bir aktava yarıma qədər səsim var. Müğənnilərin içində ən yaxşı aktrisa, aktrisaların içərisindən ən yaxşı müğənni olum, bu mənim bəsimdir. Aktrisanın peşəsi budur. Aktrisa həm gözəl rəqs etməyi bacarmalıdır, həm danışıq qabiliyyəti, həm də səsi yerində olmalıdır. Aktyor istənilən halda oxumağı bacarmalıdır. Elə tamaşalar ola bilər ki, musiqisiz belə aktrisa oxumağa məcbur ola bilər. Necə ki, "Ər quyusu” filmində mənə muğam oxutdurdular. Səidə xanıma dedim ki, mən vokalistəm, muğam oxuya bilmərəm. Ortalığa keyfiyyətsiz bir şey çıxarmaq istəmirəm. Hətta rica etdim ki, kimsə mənim yerimə gəlib oxusun. Səidə xanım da inad etdi və bildirdi ki, sən bunu oxumalısan. Mən istənilən operanı bir dəfə dinləyib onu ifa edə bilirəm. Ancaq muğamın musiqisi heç cür mənim yadımda qalmır. Nəysə ki, oxumalı oldum. Rəhilə Bərdəliyeva və bir çox xanəndələrimiz bunu oxuyub mənə Whatsapp-la yollayırdılar.
Xəyalə Rəis
Kaspi.-2017.-8 noyabr.-S.12.