Qahirə Kitab Evində “Xəmsə” əsərinin altı nüsxəsini üzə çıxaran həmyerlimiz

 

Seymur Nəsirov: “Çalışırıq ki, Misirin bütün mötəbər universitetlərində Azərbaycan dilini tədris edək”

 

Hərdən deyirik ki, vətən sərhəddən başlayır. Ancaq xaricdə yaşayan, ürəyi vətən, dövlət üçün döyünən Seymur Nəsirov kimi vətəndaşlarımızla söhbət etdikdən sonra anlayırsan ki, vətən elə insanın daxilindən başlayır. Hara gedirsən get, içində daşıdığın o sevgi hər şeyə dəyər. Seymur Nəsirov Misirdə Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin müəllimidir. Uzun illərdir Misirin keçmiş baş müftisi və dünyanın ən məşhur alimlərdən biri olan Prof. Dr. Şeyx Əli Cümənin xarici tələbələrin işi üzrə köməkçisidir. İrsi canlandırma üzrə "Halqafondunun təsisçilərindən biribaş direktorudur. Hazırda dünyanın 58 ölkəsindən gələn 1000-dən çox tələbələrə rəhbərlik edir. Bu yolla sadəcə, Misirdə deyil, dünyanın hər guşəsində vətənimizi təbliğ edərək, həqiqətlərini çatdırmağa çalışır.

 

- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alimimiz olaraq sizinlə qürur duyuruq. İstərdik özünüz haqqında danışasınız. Necəsiniz? Orda vəziyyətiniz necədir?

- İlk  olaraq mənə  vaxt ayırdığınıza görə sizə və sizin simanızda "Kaspi” qəzetinin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Və inanıram ki, bu müsahibəmiz oxucularımız üçün həm faydalı və həm də maraqlı olacaq. Şükürlər olsun Uca Allah, çox yaxşıyıq və sizlərə də duaçıyıq. Vəziyyətimiz tam normaldır və vətənimizi layiqincə təmsil etməyə çalışırıq.

 

- Rəhbərlik etdiyiniz təşkilat hansı işlərlə məşğuldur?

- Misirə ilk qədəm qoyduğum gündən, diaspor fəaliyyətinə başladım. Hər zaman vətənimizi gözəl davranış və xeyriyyə fəaliyyətlərimizlə təmsil etməyə çalışdıq. Misirin ən mötəbər universitetlərində Azərbaycanla bağlı konfranslarda çıxışlarım haqqında yayılan xəbərlərdə də diaspor fəalı kimi təqdim olunurdum. Bu ilin əvvəlində Misirdə yaşayan azərbaycanlılar diaspora sədrliyi ilə bağlı seçki keçirdilər və seçkidə bütün iştirakçılar yekdilliklə mənə səs verdilər. Doğrusu, bu sevincdən çox, böyük bir məsuliyyət idi. Sədr seçiləndən sonra məsuliyyətimiz bir azda artdı. Qısa zaman ərzində çoxlu tədbirlər keçirdik. Onlardan bəzilərini sizə sadalaya bilərəm. Dəfələrlə Misirin dövlət televiziya kanalında Azərbaycanın tarixi, incəsənəti, turizm potensialı və dahi şəxsiyyətləri haqqında söhbət açdıq. İlk dəfə olaraq Azərbaycan mətbəxini diasporun fəal xanımları vasitəsilə Misir dövlət televiziya vasitəsi ilə təqdim etdik. Azərbaycan-Misir tarixi əlaqələr haqqında məqalə yazıb, qəzetdə dərc etdirdik. Burdakı səfirliyimizlə birgə universitet tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsini təşkil etdik. Bu il Misirin mötəbər universitetlərində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisinin azərbaycanlı diaspor fəalları tərəfindən aparılmasını təşkil edirik və artıq razılıq əldə olunub. Bu yolla da biz yüzlərlə tələbəyə Azərbaycan dili ilə yanaşı, vətənimizin tarixini, coğrafiyasını, mədəniyyətini və həqiqətlərini çatdırmağa çalışırıq. Misirdə təşkil olunan yerli və beynəlxalq tədbirlərdə dəfələrlə iştirak edərək, vətənimizlə bağlı həqiqətləri çatdırmağa çalışırıq. Qeyd etdiyim kimi, uzun illərdir tələbələrə dəstək olmağa çalışıram, xüsusilə də azərbaycanlı tələbələrə.  Azərbaycanda ərəb turistləri artandan sonra ərəb dilini öyrənmək üçün Misirə gəlmək istəyən tələbələr də çoxalıb. Gələn tələbələri qarşılayıb lazımi dəstəyi göstəririk. Sadəcə, tələbələr deyil, eyni zamanda yüksək vəzifəli və elm sahəsində tanınmış azərbaycanlılara lazımi köməkliyi göstəririk.

 

- Əl-Əzhər Universitetini bitirən ilk  azərbaycanlısınız.   Ərəb dilində təhsil alarkən, hansı çətinliklərlə üzləşdiyini bilmək istərdik.

- Azərbaycanda təhsil aldığımız universitetə Əl-Əzhər Universitetində təhsilimizi davam etdirmək üçün dəvət göndərildi. 36 tələbə seçib təhsilimizi davam etdirmək üçün göndərildik. 20 tələbə Əl-Əzhər hesabına, 16 tələbə isə Küveytin bir cəmiyyətinin hesabına təhsil alırdı. Bu tələbələr arasında universiteti birinci bitirmək mənə nəsib oldu. Bir yerdə qeyd edim ki, o tələbələrin arasında məndən də savadlılar var idi. Amma onlar universiteti bitirəndən sonra təhsillərini Azərbaycanda davam etdirdilər. Misirə ilk gəldiyimdə, demək olar ki, ərəb dilində heçbilmirdim. İlk çətinliyimiz tələbə yataqxanasında münasib yerin olmamağı idi. Sonra sənədlərin tamamlanması bir neçə ay çəkdi. Ən çətini bütün dərslərin ərəb dilində olması idi. O, vaxtlar ərəbcə-azərbaycanca və ya azərbaycanca-ərəbcə lüğətin olmamağı işimizi bir az da çətinləşdirmişdir. Şükür Allaha, bu çətinliklər geridə qaldı. Necə deyərlər rahatlıq çətinlikdən sonradır.

 

- Bəs, nə üçün siz təhsilinizi bitirdikdən sonra Azərbaycana qayıtmadınız?

- Misirə ilk gəldiyimdə, "azərbaycanlıyıq deyəndə” təsadüfən biri tanıyardı. Bu da mənə çox pis təsir edərdi. Bizimlə təhsil alan tələbələr öz ölkələrini xüsusən də misirlilərin tanıdığı dahi şəxslərlə tanıdırdılar. Məndən vətənim haqda soruşanda, orta məktəbdə öyrəndiklərimdən danışar, dahi şəxslərimizin adlarını deyirdim, amma kimsəni tanımırdılar.  Bu səbəbdən, Azərbaycanı tanıtdırmaq məqsədi ilə elmi və xeyriyyəçi fəaliyyətimi genişləndirmək qərarına gəldim. 

 

- Bilirik ki, Azərbaycanla bağlı ərəb mənbələrində çoxlu tədqiqatlarınız var. Mümkünsə, elmi fəaliyyətiniz haqqında danışardınız.

- Uzun bir tarixi dövr ərzində Azərbaycan tarixi Ərəb-İslam dünyası ilə bağlı olduğu üçün İslam mədəniyyətinin mərkəzlərindən biri hesab olunan Misirin məşhur və qədim kitabxanalarında, İslama aid elmi araşdırmalar mərkəzlərinin arxivlərində, xüsusilə də dünyanın ən qədim İslam elmi mərkəzi sayılan Əl-Əzhər Universitetinin kitabxanasında Azərbaycana aid çoxsaylı mənbələrə rast gəlmək mümkündür. Qeyd etmək lazımdır ki, Sovet dövründə Azərbaycan alimlərinə bu mənbələrlə daha yaxından işləməyə lazımi şərait yaradılmamış, ideoloji əsasda məhdudiyyətlər qoyulmuşdur. Bir çox hallarda Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə bağlı olan məlumatlar Moskvao zaman Leninqrad şərqşünaslıq məktəbləri vasitəsilə Azərbaycana çatdırılmışdır ki, burada da siyasi-ideoloji əsasda təhriflərə yol verilmiş və məhdudiyyətlər tətbiq olunmuşdur. İstisna edilməməlidir ki, ərəb mənbələrində Azərbaycana və azərbaycanlılara aid mənbələrin yenidən tədqiqi Azərbaycan tarixinə və ədəbiyyatına məlum olmayan adları və faktları ortaya qoya bilər, eyni zamanda yaradıcılıqları haqqında səthi məlumatlar olan Azərbaycan alimlərinin yeni əsərləri barədə yeni istinadlar aşkarlana bilər. Əl-Əzhər Universitetində təhsil aldığım müddət ərzində ərəb mənbələrində Azərbaycana aid olan bəzi tarixi həqiqətlərin üzə çıxarılması və bununla da Azərbaycan tarixinin bizə qaranlıq qalan səhifələrinin yenidən öyrənilməsinə töhfə vermək məqsədi ilə həmin sahədə araşdırmalara başladım. 20 ildən artıq davam edən bu fəaliyyət çərçivəsində yeddi yüzə qədər müxtəlif mənbələrə müraciət edərək, hər bir azərbaycanlıya iftixar hissi verəcək şanlı tariximiz və görkəmli şəxsiyyətlərimiz barədə yeni faktları üzə çıxarmağa nail oldum. Bu illər ərzində apardığım tədqiqatdan ərsəyə gələn ilk kitab "Ərəb mənbələrində azərbaycanlı alimlərin həyat və yaradıcılıqları”dır. Bu kitabda yüz azərbaycanlı alim və ədib araşdırılmışdır. İkinci kitab da eyni mövzu ilə bağlıdır və bu kitabda yüz əlli azərbaycanlı alim araşdırılmışdır. Araşdırma əsnasında ən çox diqqətimi çəkən məqamların xülasəsi belədir. Qurani-Kərimdə Azərbaycan sözünü aşkar etmək. Böyük qəhrəman Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğunu ərəb mənbələrinin ittifaq etdiyini üzə çıxarmaq. Azərbaycanın dahi şairi Nizami Gəncəvi ilə bağlı ərəb mənbələrində tədqiqat apararaq, onun azərbaycanlı olduğunu sübut etmək. Qahirə Kitab Evində "Xəmsə” əsərinin altı nüsxəsini üzə çıxarmaq.  Yüzlərlə azərbaycanlı alimlərinin əlyazmalarını Qahirə kitabxanalarında aşkar etmək. 

 

- Misirin mətbəxinə, insanlarına öyrəşmək sizin üçün çətin oldu?

- İlk gəldiyimiz vaxtlarda yeməklərdə və insanların davranışında fərqliliyi açıq his edirdik. Amma bir müddət keçəndən sonra Misir həyatına öyrəşdik. Misir xalqı qonaqpərvər və xeyirxahdır. Xarici vətəndaşlara daha diqqətlidirlər.

 

- Müsahibələrinizin birində deyibsiniz ki, "Misirlə bizi bir-birimizə birləşdirən ən əsas ortaq cəhət bir dinə mənsub olmağımızdır”. Bəs digər cəhətlər hansılardır?

- Dinimizin bir olmasından savayı, adət və ənənələrimizin də bir-birinə oxşar cəhətləri çoxdur. Azərbaycanla Misirlin ən qədim tarixə malik olması, hər iki ölkənin Şərq ölkəsi  sayılmasını qeyd edə bilərik.

 

- Qahirədəki diaspora mərkəzimizdə xəttatlıq və dekorasiya fənninin tədrisinin  aparılması xəbərini eşitdik. Bu barədə istərdik bizi daha ətraflı şəkildə məlumatlandırasınız.

- Uzun illərdən bəri hər zaman vətənə gələndə, onun dili, ədəbiyyatı, tarixi, coğrafiyası və incəsənəti ilə bağlı kitab və hədiyyələr alıb özümüzlə Misirə gətiririk. Çoxdan çalışırdım ki, vətənimizə layiq bir mərkəz təsis edib, orada ölkəmizi daha da yüksək səviyyədə tanıdaq. Şükürlər olsun ki, buna nail olduq. Hal-hazırda diaspora mərkəzimizdə müxtəlif ölkələrdən Misirə təhsil almaq üçün gələn tələbələrə təmənnasız olaraq müxtəlif fənlərdən dərslər keçirilir. Ən əsası, Azərbaycan dili (qrammatika və danışıq), mədəniyyəti, tarix və coğrafiyası haqqında məlumatlar verilir. Xəttatlıq və dekorasiya fənni də tədris olunur. Bu fənn dünyada çox sevilən sənətlərdən biridir. Misirdə də buna maraq çox böyükdür. Hal-hazırda dünyanın müxtəlif ölkələrindən olaneyni zamanda misirlilərdən ibarət beş qrup, əllidən çox tələbə təhsil alır. Yaxın gələcəkdə muğam sənətinin tədrisinə də başlamağı planlaşdırırıq.

 

- Siz eyni zamanda  Qahirə Universitetində müəllim kimi də çalışırsınız. İstərdik oradakı təhsil prosesindən də danışasınız. Bizim təhsil sistemindən nə ilə fərqlənir?

- 2016-2017 tədris illərindən ilk dəfə olaraq Qahirə Universitetinin ədəbiyyat fakültəsində Azərbaycan dilinin tədrisinə başladıq. Biz orada Azərbaycan dili ilə yanaşı, eyni zamanda vətənimizi təbliğ edirik. Qahirə Universiteti dünyanın tanınmış universitetlərindən biridir. Orada Azərbaycan dilinin tədrisi bizi sevməyənləri çox narahat edir. Bizim təşəbbüsümüzlə gələn ildən Azərbaycan dili sadəcə, yarım il deyil ilboyu tədris olunacaq. Biz çalışırıq ki, Misirin bütün mötəbər universitetlərində Azərbaycan dilini tədris edək. Artıq üç böyük universitetdə yüzlərlə tələbə Azərbaycan dilini öyrənir. Təhsil sistemləri, dünyəvi bir sistem olduğu üçün  bizdəki sistemdən o qədər də fərqli deyil. Bu fəaliyyətlərimizdə cənab səfir Tural Rzayev başda olmaqla Misirdəki elçiliyimizin əməkdaşları əllərindən gələn köməyi əsirgəmirlər. İnanıram ki, yaxın gələcəkdə fəaliyyətlərimiz başqalarına da nümunə olacaq.

 

Xəyalə Rəis

Kaspi.-2017.-9-10 noyabr.-S.14.