Arzu Kazımqızı Nehrəmlinin
“Unutmağı öyrənirəm” şeirlər kitabı qarşımdadır.
Bu, Arzunun sayca üçüncü şeirlər
kitabıdır. Kitab bu adla təqdim olunsa da, əslində unudulmayan
arzuların poetik ifadəsinin məcmusudur desək, yəqin ki,
yanılmarıq. Kitabda unutmaq amili ilə bağlı olaraq “Unudulmayan
çağ idi”, “Unudulmağa getdim”, “Unutmuşam özümü”,
“Unutmağa gücüm yox”, “Unutmağı
öyrənirəm”, “Öyrətmədin unutmağı”
adlı şerlər yer almışdır. “Məlum olduğu
kimi, “unutmaq” insanın daxili aləmində
çarpışan fikirlərin təlatümlü
çağlarını dilə gətirən, insanı narahat
edən, düşündürən, psixoloji
sarsıntılarla üzləşdirən, bəzən də
keçmişin acısını və ya şirin
xatirələrini süzgəcdən keçirib insanın bütün
vücudunu titrədən hisslərdən imtina etməkdir. Arzu
Nehrəmlinin poetik dünyasında unudub-unudulmamaq, təbii ki,
bütün bu saydıqlarımız və saymadıqlarımız
hisslərin, duyğuların şeirə çevrilən
anlarını əks etdirir. Şairin uşaqlıq
dünyası “Unudulmayan çağ idi”. Ömrünün bu
çağında nə görmüşdü, nə
anmışdı, indi şairin özü üçün
də qaranlıqdır:
Nə görmüşdüm ki, nə anam,
Nədən tutam, nəyi anam?!
İstədim uşaq dolanam,
Məni bir sevgi çağırdı.
Və ömrün uşaqlıqdan
gəncliyə keçid dövründə baş qaldıran sevgi
unudulmayan, şirin təmaslardan doyulmayan anları ehtiva edir. İnsana
elə gəlir ki, yerdən ayrılıb göylərdə uçur,
onun xəyalları, hətta kainatın
sərhədlərinə belə sığmır:
Arzularım quşqanadlı,
Uçardı sevgi soraqlı,
Nə isə, çox təmtəraqlı
Unudulmayan çağ idi.
Amma necə deyərlər; “Sən
saydığını qoy, gör fələk nə
sayır”. Arzunun quş qanadlı xəyalları
göylərdə uçarkən fələk öz işindəydi.
Ümidlərini çiliklədi, arzu-istəyini daşa
çırpıb sındırdı, şux qamətini
əydi:
Sən mələk donunda gəldin, ay
fələk,
Nəyinə gərəkdim, nəyinə
gərək.
Min il dərd dinləmiş qoca palıd
tək
İkiyə qatlayıb bükdün Arzunu.
Bəli, gəncliyində, sevginin şirin
busəsini dadmaq, arzularına çatmaq məqamında
həyatın amansız zərbələrinə tuş
gələn Arzuya fələk zülm elədi. Canından çox
sevdiyi, təzəcə ailə qurduğu həyat
yoldaşı düşmən gülləsinin
hədəfinə çevrildi. İndi o günləri
xatırladıqca bütün bu ağrılar Arzunu bir an da olsun
tərk etmir, onu addım-addım izləyir. Sevgi
qəhrəmanını tez-tez yuxularında görən Arzu “Bir
də sən gəlmə” şeirində şəhid həyat
yoldaşı Yusif Yaquboğlu ilə xəyali körpü qurur.
Bu şeirdə Arzu Nehrəmli
nağıllardan, dastanlardan süzülüb gələn
məfkurə ilə özünün bədii hisslərinin
məcmusunda lirik bir ovqat yaradıb, duyğu,
düşüncələrini oxucuya məhz Dədə Qorqud şeirinin
poetik formulları, şeir sintaqmları ilə
çatdırmağa çalışmışdır:
Səni yola
saldım yaz səhərində,
Müqəddəs naməyə döndün
sonunda.
Dədəm
qopuzunda, şah əsərində,
Qazan, Dəli Domrul, Basatdın, gülüm.
Yuxularında sevgilisini Kitabi-Dədə
Qorqud dastanının
qəhrəmanları Qazan
Xan, Dəli Domrul, Basata bənzədən şairə
sufilik məqamına yüksəlir. “Dünyanı beş
günlük” adlandıraraq
öz qəhrəmanına
qovuşmaq arzusundadır.
Məhəbbət fəlsəfəsinin cismanilikdən ruhu müstəviyə keçid
mərhələsinin bədii
formasını tapan şairə duyğularında
səmimidir, mehribandır,
sevimlidir. Şeirin
obrazlı deyimində
Dəli Domrulun xatununun ifadə etdiyi duyğuların oxşar inikası şeir paralelizmi baxımından xüsusi maraq doğurur:
Hər kəs üz tutduğu yerdəsən, gəlmə,
İnam yeri də sən, pir də
sən, gəlmə.
Harayla mən gəlim, bir də sən
gəlmə,
Burası beş günlük
həyatdır, gülüm .
Göründüyü kimi şair bu vəfasız dünyaya şəhid sevgilisinin yenidən gəlişini istəmir. Ənənəvi olaraq
dünyanın etibarsızlığı
haqqında oxuduqları
və gördüklərinin
nəticəsi kimi xalq yaradıcılığında
geniş yer alan qarğışla
ötüşməyi üstün
tutur:
Bizə olan qəsdin nə?
İsinmədik istinə,
Boğuluruq tüstünə,
Odun sönsün, a dünya.
Dünyanın vəfasızlığını görən, ağır yükünü tez bir zamanda zərif
çiyinlərində daşımağa
məcbur olan şair ətrafında ona məhrəm olan insanların qayğısından qəhərlənir. Öz dərdi-kədəri
ilə onu sevənləri də qəmə düçar etdiyini düşünür,
bir müddət üçün unudulmaq istəyir:
Daha heç kəsin gözü
Dolmasın yaşla, - dedim.
Sağ olun, əziz dostlar,
Unudulmağa getdim.
Şair “Gördülər səni”
şeirində yazdığı
“özünü unudan
qızlara” epiqrafla da sanki özünə
müraciət edir:
Özünü bəxtəvər sanan,
Nə yerdə gördülər
səni?
Bahar vaxtı tər çiçək tək
Budaqdan dərdilər səni.
“Unutmuşam özümü”
şeirində isə
sevdiyini unutmaq üçün özünü
unudur:
Nə isə eləmişdik,
Sevgiyə oxşamışdı.
Daha nigaran olma,
Qurtarıb hiss-həyəcan,
Kəsilib dedi-qodu.
Bərkitmişəm dözümü.
Səni unutmaq üçün
Unutmuşam özümü.
Şairin mənəvi aləmində
baş verən təlatümləri gördükcə
özünü, nakam
sevgisini unutmaq istəyən, lakin unuda bilməyən bir insanın öz duyğularının
əsiri olduğunu
hiss edirsən. Bir tərəfdən çarpaşıq
fikirlərin məngənəsində
sıxılan, digər
tərəfdən ictimai
həyatdakı uyğunsuzluqlar
və uğursuzluqlar,
“bəxtiqara yazıların”
tale yazısı kimi qəbul edilməsi şairi, hətta ölüm risqini gözə alıb unutmağa razılaşdırır,
amma yenə də unuda bilmir.
“Unutmuşam özümü”
desə də, şair etraf edir ki, unutmağa
gücü yoxdur.
Sevdalanmış Arzuyam,
Bəxti qara yazıyam.
Ölmək üçün razıyam,
Unutmağa gücüm yox.
Şairin uzun ayrılıqdan
sonra doğma yurda – ilk sevgi atəşinə ürcah
olduğu yerlərə
yolu düşür. Xatirələrindən boylanıb ömrünün
qönçə çağında
dərilib budağından
ayrılmış, tez
də tale çırağı
fələkdən söndürülmüş
şair yuxularında həsrətlə baxdığı
yerlərə reallıqda
baxa bilmir. Bir zamanlar daşından, divarından sevgi yağan məhəllənin
isti ocağı sönüb külə dönübdü. O məhəllədə
hər şey sükuta qərq olubdu, buludlar da alçalıb yerlə birləşibdi,
o yer görünməz
duman içindədir:
O yerdə gözümün
yaşı soyuyub,
Ocağı soyuyub, aşı
soyuyub,
Gör necə divarı,
daşı soyuyub,
Daha o tərəfə dönə bilmirəm.
Belə məqamda şairin qarşısında qalan yeganə yol hər şeyi unudub yenidən həyata atılmaqdır, əgər unuda bilsə. Unutmaq o qədər də asan deyil. Unutmaq üçün gərək yaddaşında dərin iz salmış
xatirələri siləsən. Amma bu hər hansı texniki vasitənin yaddaşı
deyil ki, silmək də asan olsun. Bu insan yaddaşıdır; canlı, sevən, sevilən insanın yaddaşı. Əzabı,
sevinci,
dərdi-qəmi,
şad günü, toy günü
ilə
daşlaşan xatirələr insan yaddaşında elə
izlər salır ki,
bir ömür boyunca onları silmək və
ya unutmaq olmur. Şair Arzu Nehrəmli də yaddaşına pərçimlənmiş
xatirələrdən ayrıla bilmir və yeganə çarəni unutmağı öyrənməkdə görür:
Gözüm yolda, yollar haça,
Bu yolda başım uca.
Dizlərimi
quca-quca
Unutmağı
öyrənirəm.
Unutmaq
istəyib unuda bilməyən,
dərdi-kədəri ilə ağrılarını yaşayan şair fani dünyadan baş alıb getmək haqqında da düşünür:
Bu üzü üz görmüş fani
dünyanın,
Yoxdur bircə qram qanı dünyanın.
Hələ
ki, çıxmayıb canı
dünyanın,
Baş alıb
gedəsən bu gen dünyadan.
Sonda şairin “Qəlbində kişilik
haqqı üşüyür”
şeirindən bir bəndə
nəzər salaq:
Alveri baş tutmur gül bazarında,
Alqısı
üşüyür, satqı üşüyür.
Bürünüb dumana yol
kənarında
Qəlbində
kişilik haqqı üşüyür.
Mənə
elə gəlir ki, yol
kənarında dayanıb gül satmaq istəyən kişinin
üşüyən “kişilik haqqı”
ilə Arzunun unudulmayan
arzularının arasında gözə
görünməyən bir
bağlılıq var. Arzunun
arzuları üşüyür
Nizami
Muradoğlu
Kaspi.-2017.-4-6
noyabr.S.6.