Kölgə arxasınca
T.S.Artur
– Arti,
Arti! – günəşli bir iyun səhəri
xanım Meyflover pəncərədən çölə
boylanıb baxdı, sonra ərini çağırıb dedi:
– Cənab Meyflover, əzizim, gör bu uşaq nəyin
arxasınca gedir? Gəl bir uşağa bax!
Mən onun yanına gəlib pəncərədən
baxdım ki, görüm mənim sevincim, bir yaşlı
oğlum yenə nə "performans” göstərir. Oğlum dayəsinin
əlindən çıxmış, günəş
şüaları altında ora-bura qaçırdı. Günəşin şölələri onun
qabağında uzun bir kölgə yaratmışdı.
– Arti, əzizim!
– arvadım onu bir də
çağırdı.
Arvadımın səsi
oğlumun yanından keçəndə onun qulaqlarını
öpdü. Oğlum nəyinsə
arxasınca gedirdi, deyəsən, heç anasının səsinə
əhəmiyyət vermirdi.
Oğlum gözlərini geniş açıb dünyaya
baxırdı.
Bizim diqqət vermədiyimiz adi şeylər onun
nəzərindən qaçmırdı. O
gördüyü hər şeyə təəccüblənir,
sevinirdi. İndi də nəsə onu dayəsinin
qucağından çıxıb qaçmağa məcbur
etmişdi.
–
Meyflover, tez ol, onun arxasınca get, – arvadım həyəcanla
dedi. – O, bu dəqiqə yerə yıxılıb əl-qolunu əzəcək.
Arvadımın eyni sözü ikinci dəfə deməyinə
ehtiyac olmadı, mən tez evdən çıxdım və
iri addımlarla oğluma tərəf getdim.
– Nə
olub, əzizim? Mənim balaca Artim nəyin
arxasınca qaçır belə? – mən
onun qolundan tutub dedim. Oğlum əlimdən
çıxmağa çalışdı, sonra azca irəli əyilib
yerdə nəyisə göstərdi.
– Ata, bir
bax! – oğlum dedi.
O
başını qaldırıb üzümə baxanda onun
gözlərində çaşqınlıq hiss etdim.
– O nədir,
şirin balam? – dedim və aşağı baxdım.
Oğlum yenə də aşağı əyildi, yerdə
nəyisə tutmağa çalışdı, sonra təəccüb
dolu baxışlarını mənə dikdi.
– Arti, –
onun qucağıma alıb dedim. – O sənin kölgəndir!
Ah, axmaq uşaq! – dedim və körpə oğlum da
qucağımda evə girdim.
– Kölgə
arxasınca qaçırmış, – Artini anasına verəndə
başımı bulayıb dedim. – Həyat belə
başlayır və belə də qurtarır! Yazaq Arti!
Xanım Meyflover sözümü eşidib güldü.
– Kölgə
arxasınca! Ah, əziz oğlum! – arvadım
onu bağrına basıb öpdü.
– Həyat
belə başlayır və belə də qurtarır, – evdən
çıxanda mən öz-özümə təkrar etdim və
mağazaya tərəf getdim. – Həmişə kölgəni
təqib edirik! Bu günün gözəlliklərini
diqqətdən qaçırıb irəlidəki
fantomların arxasınca gedirik. Ayaqlarımız
həmişə qabağa getməyə tələsir.
İndiki anın gözəlliyini hiss etmədən, indiki
anın gözəlliyini duymadan. Ah, aldanmış,
çaşmış ürək! Həmişə kölgəyə
aldanır!
Mağazaya çatana qədər oğlumun kölgə
arxasınca qaçdığını unutmuşdum, işə
çatan kimi fikrimi işə yönəltdim. Məktubların,
qaimələrin, rəqəmlərin içində
itib-batdım. Gəlirləri hesablamağa
başladım. Mən hesablamaları tez-tez edirdim, istədiyim
rəqəmi əldə etməyə can atırdım.
Günün çox hissəsini gəlirlərimi necə
artırmaq üçün plan qurmağa sərf etdim, ancaq
istədiyim nəticəni əldə edə bilmirdim.
Mən
öz planlarımla baş-başa qalanda işçilərimdən
biri mənim stoluma yaxınlaşıb dedi:
– Cənab
Meyflover, bizim mağazaya qərbdən, Altondan B. adlı bir
müştəri gəlib. O min dollarlıq nisyə mal
götürmək istəyir. Siz o adam haqda
bir şey bilirsiniz?
Başım öz işimə elə
qarışmışdı ki, işçinin mənə mane
olmağı məni əsəbiləşdirdi. İşimin
bu vaxtında yeni müştəri haqda
danışmağın yeri deyildi. Mən
mağazamızdan min dollarlıq yox, on min dollardan çox mal
alınmağını düşünürdüm.
– Altondan
B. adlı müştəri? – mən kimisə
yadıma salmağa çalışdım. – O ədalətli
adama oxşayır? Mən onu xatırlamıram.
Cənab B? Altondan? Edvard, deyəsən,
o müştəri səndə yaxşı təəssürat
oyadıb.
– Bəli,
cənab! Ancaq hər halda, yenə də sizinlə
məsləhətləşmək istədim.
– Edvard, o
müştəriyə istədiyi malı
ver. Mənim şübhəm yoxdur.
– O istəyir
ki, mallarını qablaşdırıb istədiyi ünvana
göndərək, – Edvard dedi.
– O nə
istəyirsə yerinə yetir, Edvard! İstədiyi malı ver!
Yenidən
başımı aşağı salıb iş stolumun
üstündəki qaimələri götürdüm,
haqq-hesab apardım. Mən işimlə məşğul
olanda cənab B.-nı tamam unutmuşdum. Onun malı alandan sonra ödəyəcəyi min
dollar mənim üçün kiçik məbləğ idi.
Mən planlaşdırdığım nəticələri
indidən əldə etmək istəyirdim, gələcəyə
tələsirdim. Bir gün mənə bir
həftə, bir ay kimi uzun görünürdü.
Saat 6-ya qədər hesablama apardım. Ancaq istədiyimə
çata bilmirdim, arzularımın yolunda qara buludlar
görünürdü. Buna baxmayaraq mən
xəyallar aləmində qanad açıb uçurdum, hərdən
də göyün yeddinci qatından toz-torpaqlı yerə
yıxılırdım.
Qəzetləri əlimə alanda da gözlərim bizneslə
və pulla bağlı başlıqları axtarırdı.
Qəzetdə bir paraqrafı oxuyanda mənim gələcək
xəyallarım yox oldu.
– Altondan
olan o yeni müştərinin malları dediyi ünvana
çatdırıldı? – bütün
günü boş yerə plan qurub heç nəyə nail
olmadığımı görüb o müştəriylə
maraqlandım.
– Bəli,
cənab, – Edvard cavab verdi. – Malları dərhal
göndərdik.
– Deyəsən,
o etibarlı insandır, – mən dedim,
çalışdım ki, səsimdəki şübhə
hiss olunmasın.
– O biri
mağazalar ona malları nağd pula satırlar, – Edvard dedi. –
Mən bu gün onun işçilərindən birini
gördüm, cənab B. barədə soruşdum, onun haqda
heç nə bilmədi. Dedi ki, o təzə rəhbərdir,
onun pulu az idi, ancaq çoxlu malları
qablaşdırıb.
İşçimin sözləri məni boş-boş xəyallardan
ayırdı.
Bayaqdan xəyalən kölgə dalınca
qaçırdım.
–
Doğru deyirsən? – soruşdum.
– Onun
işçisi belə dedi, – işçim cavab verdi.
– Bunun pis
nəticəsi ola bilər, – mən dedim. –
O bizdən neçə manatlıq mal götürdü?
–
Haqq-hesab kitabında "min yedi yüz dolar
" yazılıb.
– Nə? Mən elə bilirdim o min dollarlıq mal alıb?
– təlaşla soruşdum.
– Cənab,
sizə onun mal almaq istədiyini deyəndə çox sakit
cavab verdiniz. Mən də onu daha çox mal
almağa həvəsləndirdim.
Mən qol saatıma baxdım. Saat 7-nin yarısı
idi.
– Edvard,
istəyirəm ki, sən təcili yükləmə yerinə
gedəsən. Əgər malları göndərməyiblərsə
malların göndərilməyini sabaha kimi təxirə sal.
Sabah hər şeyi araşdırarıq. Əgər cənab B. fırıldaqçıdırsa
biz malları göndərməyək.
–
Artıq gecdir, – Edvard dedi. – Cənab B. bir saat bundan qabaq zəng
etdi, malların çatdığını bildirdi. Saat 5-də o Bostona yola düşməliydi.
Çox
həyəcanlandım, üzümü yana
çevirdim ki, Edvard bunu hiss etməsin. İşdən evə
qayıdanda Artini qucağıma alanda arvadım üzümə
baxıb dedi:
–
Çox narahat görünürsən. Lap bu səhər Arti
kölgə dalınca qaçanda olduğu kimi.
– Mən
də elə eyni səbəbdən çox narahatam, – sakitcə
dedim.
– Nə
olub? – arvadım narahatlıqla soruşdu.
– Hə,
mən də eyni səbəbdən narahatam. Mən
bütün günü kölgə arxasınca
qaçmışam. Xəyal etdiyim rəqəmlərin
arxasınca "qaçıb” bu günü unutmuşam.
Bu səhər Arti kölgə arxasınca
qaçanda ona "axmaq uşaq” dedim. Onun
səhvinə güldüm. Amma bundan dərs
almaq əvəzinə mən daha da irəli getdim və
bütün günü kölgə "ovlamışam”.
Xanım Meyflover yüngülcə ah çəkdi. O baxışlarını
üzümdən çəkdi, gözlərini döşəməyə
zillədi. Az sonra dedi:
– Mən
deyərdim ki, biz hamımız az, ya
çox dərəcədə kölgə arxasınca
qaçırıq. Qeyri-real, beynimizdə
çox bacarıqla yaratdığımız kölgələrin.
Mən də eləyəm, kölgəni təqib
edirəm. Hər gün neçə dəfə
kölgə arxasınca qaçıb sonda dərindən
köks ötürürəm. Çox
hallarda həm kölgəni, həm də bu günümü
itirirəm. Axşam düşəndə
xəyal dünyamız dağılanda başa
düşürük ki, xəyala qapılmasaydıq nə qədər
yaxşı şeylərdən həzz ala bilərdik.
– Bəs
görəsən, biz heç vaxt
ağıllanmayacağıq? – soruşdum.
– Biz bu vərdişdən
əl çəkməsək xoşbəxt olmayacağıq,
– xanım Meyflover dedi.
– Xoşbəxt?
– soruşdum. Xoşbəxtlik
arxasınca qaçdığımız deyil? Sürətlə arxasına düşüb
getdiyimiz xoşbəxtlik deyil?
– Xoşbəxtlik
kölgə deyil, o realdır, – xanım Meyflover cavab verdi. – O, bizim özümüzdən qabağa
qaçmır. O, bu günümüzün içindədir. Ən azı o mövcuddur. Biz
onun arxasına düşməklə ona çata bilmərik.
Belə etmək öz-özümüzü
aldatmaq olardı. Xoşbəxtlik
mövcuddur. Kimlər ki, gündəlik
işi ilə məşğul olur, Tanrının bəxş
etdiyi anların qədrini bilir, onlara nəsib olur.
– Kim belə
edir ki? Kim sabahkı günü
düşünmür ki? – soruşdum.
–
Çox az adam, – arvadım dedi. – Az adam da xoşbəxtdir. Bizim
gündəlik işlərimiz bizə o qədər adi
görünür ki, biz fikrimizi başqa şeyə yönəldirik.
Xəyal dünyamızda başqa gözəl
dünya qururuq. Halbuki biz heç vaxt o xəyal
dünyamıza ayaq basa bilmərik. Biz həmişə
bizə bəxş edilən xoşbəxtliyi itiririk,
sabahkı günün xoşbəxtliyi isə heç vaxt gəlmir.
Ona cavab verməyib dərindən ah çəkdim, bir
müddət sakitcə oturdum. Nahar üçün
zəng çalınanda xəyaldan ayrıldım. Arti qucağımda yuxuya getmişdi.
Mən
oğlumu öpüb onu anasına verəndə dedim:
–
Yazıq uşaq! Kaş sənin bu gün kölgə arxanca
qaçmağın sonuncu olaydı!
– Yox, yox, elə demə, – arvadım uşağı bağrına basıb dedi. – Hələ yox. Oğlum, biz səni kölgələr dünyamızdan kənara qoya bilmərik.
İngilis dilindən tərcümə edən:
Sevil Gültən
Kaspi.-2017.-11-13 noyabr.-S.15.