Tanrı “oxucudur”
Mustafa Məstur: “Yazıçı
yaratdığı obrazların həyatına
qarışmamalıdır”
Müsahibimiz bu günlərdə Azərbaycanda qonaq
olmuş tanınmış İran yazıçısı
Mustafa Məsturdur. M.Məsturun bu günlərdə "Mən
sərçə deyiləm” romanı Azərbaycan dilində
işıq üzü görüb. Ədiblə
görüşüb, yaradıcılığı
haqqında söhbət etdik.
- "Mən sərçə deyiləm” əsəri
İranda ard-arda 18 dəfə çap olunub. Əsərə
bu dərəcədə diqqət gözlənilən idi?
- Bu, ilk
deyil, mənim əsərlərim bir neçə dəfə
belə yüksək tirajla çap olunub. "Tanrının
ay üzündən öp” əsəri təxminən 70,
"Cüzamlı əllər və donuz sümüyü” isə 30 dəfədən
çox nəşr olunub. Bu kitabın
mövzusu nisbətən çətindir, fəlsəfidir.
Ona görə də, yəqin oxucular bu əsəri
bir qədər çətin qavrayırlar.
- Digər əsərlərinizlə
nisbətdə, bu əsərinizin fəlsəfi
ağırlığı daha çoxdur. Əsərdə
fəlsəfiliyə bu qədər önəm verməyiniz nə
ilə bağlıdır?
- Bu
kitabı yazmamışdan əvvəl xüsusi bir planım
yox idi, amma ağlımda bir neçə obraz vardı. Bu obrazların bir çoxu əvvəl
yazdığım əsərlərdən gəlirdi. Daniyal obrazı "Cüzamlı əllər və
donuz sümüyü” əsərindən gəlmə idi.
- Bununla
bağlı da bir sual vermək istərdim ki, dünya ədəbiyyatında
çox yaralanılan bu məlum-məşhur
metoddan istifadə etməyinizə, ümumiyyətlə,
Daniyal Nazi obrazına qayıtmağınıza səbəb nə
idi?
- Bəzən
bir əsəri bitirirsiniz, lakin görürsünüz ki, bu
obrazın hələ deməyə sözü qalıb. Başqa əsər yazanda yeni obrazlar yaradırsan ki,
onlar müstəqil obraza çevrilsinlər. "Qaranlıq minalar sahəsində qaçmaq”
adlı pyesim "Mən sərçə deyiləm” əsərindən
üç il əvvəl çap olunub. Burada
Əmir Mahan obrazı var idi. Həmin o Əmir Mahan
obrazı "Şin”siz, "qaf”sız, "nöqtə”siz
eşqin hekayəti” əsərimdə də var. Mən
düşündüm ki, bu obrazlar hələ
danışmalıdırlar. Ona görə də
"Mən sərçə deyiləm” əsərində həmin
obrazları yenidən qaytardım. Bu əsərin
klassik bir planı yox idi. Sadəcə,
burada bir neçə fəlsəfi obraz var idi. Mən həmin obrazların hamısını ruhi əsəb
dispanserində cəmləşdirdim. Əsər
hər hansı macəra və ya hadisə əsasında
yazılmamışdır. Şəxsiyyətlər
əsasında qələmə alınmışdır.
Buna görə də əsər getdikcə dərinləşir
və nisbətən ağır gedir. Məsələn,
"Tanrının ay üzündən öp” romanında
detektiv xətt var idi və bu onu həyəcanlı edirdi. Lakin burada sadəcə,
şəxsiyyətlərin, obrazların hekayələrindən
bəhs olunur. Buna görə də bu əsər
ağır oxunur. Bu səbəbə görə, ola bilsin ki, onun fəlsəfi
ağırlığı çoxdur.
- "Mən sərçə
deyiləm” romanındakı Daniyal Nazini müharibədə əziyyət
çəkmiş insanların ümumiləşdirilmiş
obrazı kimi qəbul etmək olarmı?
- Xeyr. Çünki mən orada qeyd etmişəm ki, onun
başında çapıqlar var, lakin mütləq şəkildə
bildirməmişəm ki, bu, müharibədə olub. Çünki biz həyatda da belə hadisələrlə
qarşılaşa bilərik. Bu gün yuxudan
ayılırıq və bilmirik ki, başımıza nə
iş gələcək və ya hansı hadisə baş verəcək.
Bu hadisələr sanki həyatımızda
basdırılmış bir minadır. Məsələn,
bir səhər oyanıb görürsən ki, anan xərçəngə
tutulub, qardaşın boşanıb, kimsə qəzaya
uğrayıb. Bunlar bizim iradəmizdən
kənardırlar, ona görə də hər hansı plan
qurmaq mümkün deyil. Bu kimi hadisələr
hər an ayağınızın altında qəfil partlaya bilən
minalardır. Bu, Daniyal Nazinin də əsərdə
haqqında danışdığı şeydir. İranda müharibə mövzusunda müsabiqə
keçirilirdi. "Qaranlıq minalar sahəsində
qaçmaq” kitabımı da müsabiqəyə daxil
etmişdilər. Mən məktub yazıb,
bildirdim ki, əsəri siyahıdan çıxarsınlar.
Çünki bu əsər müharibə
mövzusunda deyil. Həyat
haqqındadır.
- Axı
müharibə də həyatın bir hissəsidir...
- Bəli,
elədir. Həyatın özü müharibə
meydanıdır. Lakin bu əsər birbaşa olaraq müharibə
mövzusunda deyil. Yəni, açıq şəkildə
qeyd olunmur ki, bu obraz müharibədə yaralanıb. Əsər daha çox həyat müharibəsindən
əziyyət çəkmiş insanlara həsr edilib. Həyat
özü də minalanmış qara sahəyə bənzəyir...
- "Mən sərçə
deyiləm” romanınızda film səhnələrinə
oxşar məqamlar var. Əsəri oxuduqca hadisələr film
səhnəsi kimi insanın gözündə canlanır. Maraqlıdır ki, niyə əsərlərinizə
film çəkilmir, gələcəkdə belə bir plan
gözləniləndimi?
- "Cüzamlı əllər və donuz
sümüyü” əsəri filmə daha çox
uyğundur. Bu əsər əsasında film çəkmək
üçün mənə çox müraciət olunub.
Bir mərhələdə bu müraciəti qəbul
etmişəm. Rejissor tərəfindən
ssenari də yazılmışdı. Bu
ssenari heç xoşuma gəlmədi. İstəmirdim
ki, bu ssenariyə film çəkilsin. Lakin mənə dedilər ki, əsərdəki bəzi səhnələr senzuraya
görə çıxarılmalıdır. Süsənlə
bağlı hissələr və cavanların şənlik səhnəsi.
Bu, mənim üçün yaxşı bəhanə
idi ki, filmin çəkilməsinə razılaşmayım. Ondan sonra heç vaxt
icazə vermədim ki, əsərlərimə film çəksinlər.
Hətta pyesimi də səhnələşdirmələrinə
razılaşmadım.
- Mənə maraqlıdır ki,
İranda bu səhnələrə görə, yəni
cavanların əyləncədə içki içməsi,
eləcə də bir fahişə obrazının qabardılmasına görə,
hər hansı basqılara məruz qalıbsınızmı?
- Mən
qadağan olunmuş məsələlər barədə əsər
yazmamışam. Bunlar sadəcə, mənim əsərimdə
olan epizodik səhnələrdir. Romanlarımda bu tip şeylər elə
də çox deyil. İranda əsasən,
üç mövzuya qadağa var: Dini təhqir etmək,
erotik mövzuda yazmaq və siyasi məsələlər. Bu üç mövzunun heç birində əsər
yazmamışam. Belə mövzularda
yazmağa maraqlı deyiləm. Buna görə də az hallarda problemlə üzləşirəm. Eyni zamanda hər hansı bir mövzuda yazanda da
özüm üçün senzura qoymuram.
- Əsərlərinizdə
bir məqam xüsusi diqqətimi çəkdi: Bu
"Cüzamlı əllər və donuz sümüyü” əsərində
də var idi. "Mən sərçə
deyiləm” romanında da. Balinaların
sahilə atılaraq özlərini öldürməsi səhnəsini
tez-tez canlandırırsınız. Bunun Daniyalın
intiharı ilə əlaqəsi varmı, yəni, bu detalı
qəhrəmanın əsərin sonunda intihar edəcəyinə
bir işarə kimi qəbul etmək olarmı?
- Mən
buna konkret cavab verə bilmərəm. Bunun
cavabını oxucunun öhdəsinə buraxıram.
Yazıçının zehnində bir çox şey ola bilər. Yazan zaman
yazıçı bunu fikirləşmir. Sadəcə,
çalışırsan ki, nəsə yaradasan, lakin o
yaradılanın nəyə oxşadığını bilmirəm.
Elmi cəhətdən biz bilmirik ki, balinalar niyə
özlərini sahilə ataraq öldürürlər. Bu məqamı insanlara da aid etmək olar. Biz bilmirik ki, insanlar niyə özlərini
öldürürlər. İnsanların
özünü öldürməsinə səbəb kimi
çoxlu mülahizələr səslənir: Eşqdə bəxti
gətirməmək, kasıb olmaq. Lakin bu, əsaslı
sübut deyil. Çünki
çoxları məhəbbətdə uğur qazana bilmirlər,
eləcə də çoxları ağır həyat şəraitində
yaşayırlar. Buna görə də biz
heç vaxt həqiqi səbəbi başa düşə bilmərik.
Daniyal Nazinin kitabın əvvəlində bir sözü var:
"Oyunun qaydalarını dəyişə bilmirsənsə,
ağzını yum və oyuna davam et”. Daniyal özü bu
sözə əməl etmir və oyunun qaydalarını dəyişmək
istəyir. Onu narahat edən sualların
cavabını tapmaq istəyir. O suallara ki, onların əslində,
heç cavabı yoxdur. Buna görə də
özünü öldürür. Üzdə
olan səbəb budur.
- Əsərlərinizin belə bir təkrarlanan məqamı
var: hadisələr eyni məkanda baş verir. Ya "Xavəran”
binasında, ya da ruhi əsəb dispanserində. Sanki
Tanrı kimi insanları eyni zamanda müşahidə etməyə
maraqlısınız...
- Bəli, mən insanları izləmək
istəyirəm, lakin Tanrı kimi yox, insan kimi. Biz
insanlar bir-birimiz barədə heç nə bilmirik. Mənim sizin haqqınızda bildiyim tək şey rəftarınız
və danışdığınız sözlərdir. Əslində, nə fikirləşdiyinizi bilmirəm.
Təbii ki, həyatda hamımız beləyik.
İnsanlar belə yaşayırlar. Biz qonşumuz haqqında heç nə bilmirik.
"Cüzamlı əllər və donuz
sümüyü” əsərində də belədir. Orada insanların həyatları yanaşı cərəyan
edir. Lakin onlar bir-birlərindən xəbərsizdirlər. Bütün bu
olanlardan sadəcə oxucu xəbərdardır. Demək ki, ortada bir Tanrı varsa, o da "oxucudur”.
Çünki oxucu bilir o insanların ürəyindən
nələr keçir. Məsələn,
eyni liftdə gedən Süsənlə qatil bir-birlərindən
xəbərsizdirlər. Süsən bilmir
ki, yanındakı insan qatildir. Və qatil
də bilmir ki, Süsən fahişədir. Amma oxucu bilir. Ona görə də
Tanrı "oxucudur”.
- "Mən sərçə deyiləm”
əsərini oxuyarkən, tez-tez Devid Cerom Selincerin
"Çovdarlıqda uçurumdan qoruyan” əsərinin
baş qəhrəmanı Holden Koldfildi
xatırlayırdım. Sonradan öyrəndim ki,
Selincer sizin sevimli yazıçınızdır.
- Selincer
ruhuma çox yaxın hiss etdiyim yazıçıdır. Əgər bunu bədii şəkildə ifadə
etsək, deyə bilərəm ki, mən ədəbiyyat
adlı qatarda idim və Selincer dayanacağında həmişəlik
düşdüm. Başqa dayanacaqlara da
getmək fikrim yoxdur. Bura mənim
üçün məna ilə zəngin bir dayanacaqdır.
Başqa mənalara ehtiyacım yoxdur. Burada olmaqdan çox ləzzət alıram. Mən onun kitablarını dəfələrlə
oxumuşam. Buna görə də
düşünürəm ki, bizim ruhi bağlantımız
var. Bildiyiniz kimi mən İranda Raymond Karverin əsərlərini
farscaya çevirib çap etdirmişəm. Amma mənim ən sevdiyim yazıçı
Selincerdir.
- Ədəbiyyat üzrə
"Nobel” mükafatını İrana qazandırmaq istəyərsinizmi?
-
Yazıçı keçmişinə baxmamalıdır. Öz əsərlərini hardasa tərif etməməlidir.
Mən hər hansı əsəri yazıb
bitirdikdən sonra bir də heç vaxt onu oxumuram. Ümumiyyətlə, mən keçmişə
çox baxmıram, gələcək barədə
düşünmürəm. Mən hər
hansı hadisə, mövzu barəsində yazmıram ki,
mükafat alım. Mən yalnız indiki
zaman barədə düşünürəm və indini
yaşayıram. İndiki halda hansı əsəri
yazıramsa, onunla yaşayıram. Bu
yaxınlarda bir əsəri tamamlamışam, amma bu barədə
heç İranda da məlumat verməmişəm. Burada deyə bilərəm ki, yazıçı
Tanrı kimidir. Yəni, yazıçı
yaratdığı obrazların həyatına
qarışmamalıdır. Onlara
qayıtmamalıdır. Söhrab Sipehri bir şeirində
"arxada külək əsmir” yazır. Əsl
yaradıcı insan indiki zamanda yaşamalıdır və
düşünməməlidir ki, mən yazdığım hər
hansı əsərə görə mükafat alacağam.
Yazıçı üçün ən
yaxşı və qiymətli mükafat oxucunun sevgisidir. Ədəbiyyat mükafat qazanmaq üçün
ünvan deyil.
- Əsərlərinizdə
qadın obrazlarına qarşı xüsusi həssaslığınız
da diqqət çəkir...
- Məncə,
hər hansı qadın şər qüvvə ola
bilməz. Həyatda da qadınların doğru yerdə
olmadığını görəndə,
düşünürəm ki, o qadını həmin pis yola kişi vadar edib.
Söhbətləşdi:
Cahan Seyidzadə
Müsahibəni
fars dilindən tərcümə edən: Ariz Tarverdiyev
Kaspi.-2017.-11-13 noyabr.-S.12.