Pantomimanın balığı
azadlığına qovuşdu
“Mənim balığımsan” tamaşasına
bir baxış
Uzun müddət idi ki, yolumu Pantomima Teatrından salmırdım. Teatrın direktoru, əməkdar artist Elman Rəfiyevin məni yeni tamaşaya dəvət etməsi bu ayrılığa son qoydu. Açığını deyim ki, ilk olaraq tamaşanın adı - "Mənim balığımsan” - mənə maraqlı gəldi. Düşündüm ki, indi yəqin teatrın o kiçik səhnəsində bir dəniz qızı-su pərisi gələcək və biz bu qızın sevgi hekayəsinə qonaq olacağıq. Ancaq şahidi olduğum mənzərə isə tamam başqa oldu. Düzdür, bu hekayənin içində dəniz də var, balıq da ... amma nə hekayə həmin hekayə deyil, nə də gördüklərimiz. Canlı sənət növü olan teatrda ifaçılardan başqa canlı balıq da iştirak edirdi. Bəli, balaca bir akvariumda, kiçik, qırmızı balıq. Sanki balıq bilirdi ki, o səhnəyə çıxıb, bunun üçün üzü tamaşaçılara tərəf dönmək lazımdır. Tamaşaçıya arxa çevirmək düzgün deyil. Necə də olsa səhnənin tozunu qəbul edib, yəqin ondandı...
Bu, ondan irəli gəlir ki, xalq artisti Bəxtiyar Xanızadə hər bir yeniliyə açıq bir insandır. Biz bu teatrda nə qədər yeniliklərin şahidinə çevrilmişik. Yenilikdən söz düşmüşkən, sizə Pantomima Teatrında olan yenilikdən yazının sonunda daha ətraflı məlumat verəcəm.
Yenə o səhnə və pantomimçilər...
Tamaşa Elnur Rzayevin "Mənim balığımsan” əsəri əsasında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadədir. Musiqi tərtibatı Səbinə Hacıyevaya məxsus olan tamaşanın rəssamı Sənubər Səmədovadır. Səhnədə dekorasiya deyilən bir şey yoxdur - rəngli çətirlər, qızılı yarpaqlar və o məşhur balıq... Elə Pantomima Teatrının da özəlliyi bundan ibarətdir. Dekorasiyasız, sözsüz öz məharətini göstərirsən və nə demək istədiyini tamaşaçıya çatdırırsan. Bu qədər bəsit(mi?). Əslində bu teatrın tamaşaçısı olmaq da asan məsələ deyil. Çünki heç də hər kəs səhnədə yaşananların nə anlam daşıdığını və hansı proseslərin baş verdiyini anlaya bilmir. Hər insan burada öz ruhunun qidasını tapa bilmir. Həmin səbəbdən, bəzən deyirlər ki, teatra daha çox ziyalı təbəqə gedir. Bu artıq başqa bir mövzunun müzakirəsidir.
Və insan doğulur
Beləliklə... dəniz səsi eşidilir. Hamilə bir qadın dəniz sahilində peyda olan kiçik bir stulda əyləşərək akvariumdakı o qızılı balığı oxşayaraq xəyala dalır. Ana obrazında teatrın istedadlı aktrisası Səbinə Hacıyevanı görürük. Bu an ananın bətnindəki körpə hərəkət edir, işıqlar sönür və ananın övladı dünyaya gəlir. Hadisələr də elə bundan sonra başlayır. Tamaşa bu ana ilə övladın yaşam prosesindən bəhs edir. Övladı dünyaya gələndən sonra ananın həyatı dəyişir. Dünyaya yeni bir can, yeni bir insan gəlir. Bu insanın həyatı rənglərlə nümayiş olunur. Doğulan körpənin ətrafında müxtəlif çətirlərin sahibi olan insanlar – aktyorlar Səbirə Həsənova, Elxan Şahalıyev, Leyla Atayeva, İbrahim Tağıyev - gəzir. Qoruyucu qismində tamaşaya daxil olan aktyorlar körpəni qoruyur, onun həyatında müəyyən yer tuturlar. Onlar özlərini əllərində tutduğu rəngli çətirlərlə ifadə edirlər. Sanki rənglərin dili ilə danışırlar. Müəllif bununla demək istəyir ki, hər birimiz insanıq. Bu dünyada hər birimizin həyatına müəyyən insanlar daxil olur. Hər bir insanın öz dünyası və öz rəngi var. Onlar bizim dünyamıza öz rəngi ilə baxırlar. İnsanlar həyatımıza ayrı-ayrı çətirlərlə daxil olurlar. İndi deyəcəksiniz bəs burda balıq nə funksiya daşıyır? Əksər valideynlər uşaq vaxtı övladlarını ceyrana, marala, balığa və digər varlıqlara bənzədirlər. Belə bənzətmələrin tez-tez şahidi oluruq. Bu deyimlər valideynlər tərəfindən təkrarlandıqca uşaqların daxili dünyası, sanki o deyimlərlə möhürlənir. Mövcud yanaşmalar uşaqları bəzən dünyalarını o tərzdə görmək istəyinə həvəsləndirir. Səhnə əsərinin məğzi belədir ki, hər bir varlığa öz adı ilə yanaşılmalıdır.
İnsan böyüyür...
Tamaşada uşağın böyümə mərhələləri əks olunur. Bu mərhələni isə teatrın aktyoru Beyrək Rüstəmov canlandırır. Uşaq dünyanı rənglərlə anlayır. Rejissor onun rənginin payız olduğuna üstünlük verir. Bu oğlan dünyanı pəmbə eynəklərlə görür. Rənglər onun həyat qaynağına çevrilir. Bu rəngdən o rəngə sanki qanad çalıb uçur. Yerə səpələnmiş, qızılı yarpaq. Tamaşada Ana nədənsə həmişə övladının yanında olmur. O, sanki bir xəyal kimi gəlir, baxır və gedir. Bəzi məqamlarda anası həqiqətən də onun həyatına gəlir. Ani olaraq həyatına bir yön verir. Ancaq o bu həyatda daimi deyil.
Müəllif Elnur Rzayevlə söhbətimizdə bizə ananın insan həyatında nə qədər önəmli bir yer tutuğunu deyir: "Həyatda ən doğma insan olan ana bizim həyatımızın bir parçasıdır. Ancaq müəyyən məqamdan sonra o bizim həyatımızda olmur. Xəyal olaraq həyatımıza daxil olur. Burada da onun kimi”.
"Mənim
balığımsan”
Yeniyetmə oğlan böyüyür, əvvəllər əlində oyuncaq deyib oynatdıqlarından indi sənət əsərləri yaradır. Bu obrazı isə müəllifin özü - Elnur Rzayev canlandırır. Yaratdığı əsərləri yaşayır. Düzəltdiyi qadın heykəlini anasına bənzədir. O, hər hansı qadın obrazını anasının timsalında yaradır. Ona sarılır, onunla öz dünyasında rəqs edir. Kim bilir, bəlkə də onu sevir. Ancaq ömründə elə məqamlar olur ki, bu gənci mühit sıxır. Onun həyatının hər bir anında akvarium və o balaca balıq yanında olur. Bəzən rejissor bu akvariumu boş göstərir. Balıq akvariumdan yoxa çıxır. Balıq quruda nümayiş olunur. Bu gənc o balığı əlinə alır, balığın çırpındığını hiss edir. Və həmin an gəncin özü də balıq kimi çırpınmağa başlayır, bəlkə də həyatla, yaşadığı cəmiyyətlə razılaşmır. Onu yalnız anası sakitləşdirir.
Pantomima Teatrının özəlliyi də budur. Digər teatrlarda iştirakçı dərdini dilə gətirir, nə istədiyini deyir. Bilirsən ki, bu insanın dərdi nədir, harası ağrıyır, dərmanı kimdədir. Ancaq Pantomima Teatrında isə səhnədəki qəhrəman dərdini dillə deyə bilmir. Elə sadəcə üsyan edir, çırpınır. Nələrisə dəyişmək istəyir. Kim bilir bəlkə də dəyişir də.
Tamaşada qəhrəman özünü balaca akvariumda boğmağa
çalışır. Özü də
"könüllü” şəkildə...
Cəmiyyətdən, insanlardan qaçan bu şəxs
başını balaca bir
akvariuma salır, nəfəs almaqda çətinlik çəkir. Bu an anası göy çətiri ilə gəlir, baxır və gedir. Sadəcə dilində bir kəlmə ilə ona baxıb pıçıldayır "Mənim
balığımsan”.
Bəlkə də tamaşadan tamam başqa bir anlam meydana gəlir, ancaq mən bu gənci balığa bənzədirəm. Ana isə bütün analar kimi fədakarlıq edir. Balasını bu əzabdan qurtarır. Belə ki, az əvvəl sizə dediyim Pantomima teatrındakı yeniliyin şahidi oluruq. Səhnə boşalır və diqqət ekrana kəsilir. Artıq biz hadisələri ekrandan izləyirik. Ana az əvvəl səhnədə olan akvariumdakı balığı dənizin sahilinə aparır və balığı dənizə buraxır. Balıq dənizin ümmanına qərq olur və gözdən itir. Qadın həsrətlə onun arxasınca baxır. Ancaq oğlana nə olur... orası müəmmalı qalır. Görəsən o, bir balaca akvariumun içində boğuldumu, görəsən o da ailə qurub, xoşbəxt ailə sahibi oldumu, görəsən o da bir ata oldumu? Bəlkə o da balıq kimi azadlığına qovuşdu? Bəlkə elə akvariumun kənarında canını tapşırdı? İşıqlar yandı və aktyorlar bir-bir səhnəyə çıxdı. Tamaşaçıların alqışı ilə qarşılanan aktyorların ifası həqiqətən də gözəl və bu alqışa layiq idi.
Alqışlarla aktyorları kulisə yola saldıqdan sonra teatrın qapısına tərəf yol alırıq. Qeyd edim ki, mən bu tamaşaya rəfiqəmlə gəlmişdim. Tamaşa bitdikdən sonra onu bir qədər qəmgin gördüm. Səbəbini soruşdum. Bildirdi ki, o bu tamaşada öz oğlu ilə gələcəyini görüb. Hətta oturub hönkür-hönkür ağlamaqdan özünü güclə saxladığını da gizlətmədi. Ancaq istərdim həyat insanlara qarşı bu qədər qəddar olmasın. Tamaşadakı balıq kimi hər insanın taleyi xoşbəxt sonla bitsin.
Xəyalə Rəis
Kaspi.-2017.-9 noyabr.-S.12.