“Ən pis anımda belə, həyat eşqim sönmür”

 

Mətanət Qüdsi: “Məğlubiyyətlərdən sonra o qədər şeylər öyrənirəm ki...”

 

Deyir ki, bəzən çox pessimist, neqativ Mətanət obrazı yaradır. Düşünür ki, bu, həqiqətən də belədir. Bəzən isə çox güclü, iradəli, yenilməz, sözün əsl mənasına mətin bir qız olduğunu düşünür. Bütün bunlarla yanaşı, ən pis anında belə, həyat eşqi sönmür. Buna görə də, əlliliyinə rəğmən, cəmiyyətdə aktiv şəxslərdən biri olmağı bacarıb. Müsahibimiz Şəmkir rayon sakini, Mətin Gənclər Birliyinin rəhbəri Mətanət Qüdsidir. Qeyd edək ki, M.Qüdsi 1997-ci ildə Şəmkir rayonunda doğulub, orda da yaşayır, hazırda isə Bakıda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində rəssamlıq kursunda iştirak edir. Eyni zamanda hazırda Gəncə Regional Kollecinin təsviri incəsənət müəllimliyi ixtisasının sonuncu kursunda təhsil alır.

 

- Sosial şəbəkə profilinizdə paylaşımlarınıza baxanda görünür ki, daim aktivsiniz. Hazırda hansı işlərlə məşğulsunuz?

- Bu qədər aktiv olmağımın əsas səbəbi həyat eşqli olmağımdır. Ən pis anımda belə, həyat eşqim sönmür. 4 ildir Mətin Gənclər Birliyinin rəhbəriyəm. Birlik daxilində Gənclər Fonduna fərdi layihələr verirəm, artıq ikinci layihəm təsdiq olunub. İstər ədəbi mühitdə, istər başqa istiqamətlərdə tədbirlər olsun, qatılıram, özümü hər sahədə yoxlamağa çalışıram. İndi bu mərkəzə rəssamlıq kursuna görə gəlmişəm. 2014-cü ildə isə toxuculuğu öyrənmişdim. İndi də bu işi davam etdirirəm, sərgilərim olur, müəyyən qrantlar qazanıram, onlar sayəsində özümün və əlilliyi olan digər dostların əl işlərindən ibarət satış-tanıtım sərgiləri keçiririk. Eyni zamanda, 4 ildir ki, BOCCİA idman növü ilə məşğul oluram. Hazırda 4-cü çempionatıma hazırlaşıram.

 

- Sizdə fiziki məhdudiyyət anadangəlmə olub, yoxsa sonradan?

- Anadangəlmə demək olmaz. Düzdür, dünyaya gələrkən müəyyən əlamətlər olsa da, iki yaşından sonra özünü göstərib. 6-cı sinifdən sonra əlil arabasından istifadə etməyə başlamışam. O vaxta qədər yerimişəm.

 

- Yeriməyə alışmış bir adamın əlil arabasına öyrəşməyi necə oldu?

-  Biri var anadangəlmə arabada olasan, artıq hər kəs buna alışır. Mən hər iki dönəmi yaşadığım üçün həm çətindir, həm də asan. Çətindir ona görə ki, mən yeriməyin, addım atmağın dadını bilmişəm. Hardasa içimdə o addımlara həsrət var. Amma bəzən özümə təsəlli verirəm ki, mən onun da dadını görmüşəm. Əlil arabasına məhkum olmamışdan əvvəl də çox aktiv idim. O illər məktəbli vaxtıma düşürdü, məktəb tədbirlərində, sinifdə, öz ətrafımdan seçilməyi bacarırdım. Anam müəllimədir, onun mənə dəstəyi çox olub. Bəlkə də o düşüncədə birinin övladı olmasaydım, mən də sosial sferada olmaqdan əziyyət çəkən əlillərdən biriydim.

 

- Ananızın yanaşması necə idi ki?

- Əlil arabasında olandan əvvəl də, sonra da anamın bir yanaşması var idi ki, cəmiyyət içində olmalısan. Bizim evlə məktəbimiz arasındakı məsafə çox yaxın idi, zəng vurulanda evdə eşidirdim. Əlil arabasına düşəndən sonra elə oldu ki, məktəbə gedə bilmədim, özü də çox yaxşı oxuyurdum. Bir anlıq psixologiyam çökdü, artıq oxuya bilməyəcəyimi, hər şeyin dayandığını düşündüm. Sonuncu ümid belə yoxuydu. Biz adətən, həyətdə otururduq, çöl qapı həmişə açıq olurdu. Məktəb uşaqları bizim evin qarşısından keçirdilər, istər-istəməz arabada oturduğumu görürdülər, mən isə bunu istəmirdim. Ona görə evdəkilərə qapını bağlı saxlamağı demişdim. Təsadüfən qapımız açıq olanda bir məktəb yoldaşım məni əlil arabasında görəndə axşama qədər ağlayırdım. Bir dəfə qapımız bir balaca açıq idi, oğrun-oğrun yoldan keçən sinif yoldaşlarıma baxırdım, amma onlar məni görmürdülər. Anam da arxadan mənə diqqət yetirirmiş. Arxaya çəkiləndə anamın məni izlədiyini görüb pis oldum, o isə dedi ki, niyə arxaya çəkildin, səni görsələr, nə olar? Arabamı düz qapının yanına sürdü, dedi ki, onlar səni görməlidirlər. Dostlarım gəldilər, görüşdük. İlk psixoloji baryerimi belə aşıldı. Belə-belə anam hər addımda məni ətrafdakılara qəbul etdirməyə çalışırdı. Qohumların toyu olanda getmək istəmirdim. Amma atam həmişə mənə qarşı çıxırdı. Hətta fiziki problemimdən dolayı getmək istəmədiyimi ona deməyə utanırdım, bunu bilsəydi pis olardı, nə olur-olsun məni də aparardı. O ikisinin mübarizəsi qarşısında baryerləri aşırdım.

 

- Hiss olunur ki, güclü psixologiyanız var...

- Bəzən deyirlər ki, 14-15 yaşında bu psixologiyada deyildin. Əslində, onda da güclü idim, sadəcə təcrübəsizlik vardı. Necə mübarizə aparacağımı, cəmiyyətə necə çıxacağımı, həyatımı hansı istiqamətdə davam etdirəcəyimi bilmirdim. Amma yenə də içimdə həyat eşqimin bir ümidi var idi. İndi isə necə və nə cür olacağını özüm bilirəm. Yolları axtarıb tapıram, plan halına salıb, məqsədlərim üçün çalışıram.

 

- 17 yaşınızda verdiyiniz müsahibəni oxudum. Orda da heç pessimist yanaşmanız yoxuydu...

- O mənim ilk müsahibəm oldu və həqiqətən həyatımı dəyişdi. O vaxt 17 yaşım hələ tamam olmamışdı, cəmiyyətlə sıx əlaqədə deyildim. Sosial şəbəkəni belə, öz adımla istifadə etmirdim, şəkillərimi paylaşmırdım. Nə qədər yanlış düşüncə olsa da, fikirləşirdim ki, kimsə bu cür olduğumu görər, mənimlə dostluq etməz. Dostluqdan da öncə orda şəklimi görərlər və məni görünüşümə görə qəbul edərlər, daxilimdəki Mətanəti görməzlər. Ona görə şəklimi gizli saxlayıb yazılarımla, paylaşımlarımla daxilimi insanlara tanıtmaq istəyirdim ki, qoy insanlar mənimlə elə dost olsunlar. Daxilimi tanıyandan sonra kim olduğumu deyirdim.

 

- Daxilinizdəki Mətanət kimdir?

- Hər insanın içində çoxlu "mən”lər var. Onların içində ikisi - mənfi və müsbətlər daha öndə olur. Bəzən çox pessimist, neqativ Mətanət obrazı yaradıram. Bəzən isə həddindən artıq güclü, iradəli, yenilməz, sözün əsl mənasına mətin bir qız obrazında oluram.

 

- Mənfi obraz nə zaman yaranır?

- Duyğulara qapılanda, hisslərimlə hərəkət edəndə. Ümumiyyətlə, özümü dərk edəndən ağlım və hisslərim arasında bir mübarizə ilə yaşayıram.

 

- İdmanla da məşğul olursunuz. Burada naliyyətləriniz varmı?

- Bir dəfə Naxçıvanda paraolimpiyanın 20 illiyinə həsr olunmuş yarışda ikinci yerə çıxmışam. Amma belə çempionatlarda həyəcanım sayəsində istədiyim yeri qazana bilməmişəm. Məşq prosesi yaxşı gedir, orda özümü göstərirəm, amma yarış zamanı həyəcanıma yenilirəm.

 

- Həyəcanın səbəbi nədir?

- Həyəcanımı yenə bilməməyim təcrübə azlığını göstərir. Çünki 4 il və cəmi 4 yarış bir idman növü üçün o qədər də böyük təcrübə deyil. Xüsusilə biz həssas qruplarıq, üstəgəl də şair ruhlu insan olduğum üçün tamaşaçıların sevgisi, dəstəkləməyə gələnlərin qələbə gözləməsi mənə həyəcan verir. Zəif idmançı olduğum üçün uduzduğumu düşünmürəm. Məğlubiyyətlərdən sonra o qədər şeylər öyrənirəm ki...

 

- Şeir də yazırsınız.

- Əslində nə zamansa yazar olacağımı ağlıma gətirməzdim. Həyatla çarpışdığım zamanların birində məndə bir proses gedirdi, səbəbini bilmirdim, amma davamlı ağlayırdım. Evdəkilər əllərindən gələni edirdilər, amma yenə də darıxırdım. Bəzən deyirdilər ki, sevirsən, kimin üçünsə darıxırsan, xəstəliyinə görə beləsən və s. Amma səbəb heç biri deyildi. O dövrdə içimdəkiləri danışmaq üçün bir canlı, əşya axtarırdım. Hüznlü bir gün idi ki, özümü təsadüfən yaşıl çəmənlikdə, yellənən bir stolun üstündə və yanımda sarı kəpənək təsəvvür etdim. Kəpənək ovcuma qondu və mənə eşitmək istədiyim suallar verməyə başladı, mən də cavablandırdım. Və yazdım:

 

Sakit yaz aylarıydı, oturmuşdum bağçada,

Birdən sarı kəpənək qondu mənim ovcuma.

Dedi, sən nə edirsən? Dedim, heç nə bezirəm.

Kəpənəyim dilləndi, mənim dostum Mətanət,

Ürəyini sıxma sən, gün gələr gözəlləşər reallaşar arzular,

Sən də xoşbəxt olarsan, məni yada salarsan.

 

Sonra kəpənək uçub getdi və düşündüm ki, bu söhbəti harasa yazmalıyam və yazdım. O qədər rahatlaşdım ki... Sonra düşündüm ki, mən xoşbəxt olacam və onda kəpənəyi necə tapıb bunu deyəcəm? Həmin an söz verdim ki, yaşadığım müddətdə o kəpənəyi yaşadacam və ona söz verdiyim kimi xoşbəxt olmaq üçün çalışacam. O yazdığımı kimə göstərsəm, şeir olduğunu dedilər. Deyirdim axı mən yaza bilmirəm. İndi də soruşurlar ki, o kəpənək həqiqətən, varıydı? Deyirəm ki, o kəpənək içimdəki ikinci mən idi. İkinci şeirimi buluda müraciətlə yazmışdım. Sonra belə-belə yazdım. Bir xalam var, mənim ən yaxşı rəfiqələrimdəndir. Mənə dedi ki, sən özün yazırsan şeirləri? İnanmırdı, müəyyən mövzular verirdi, yazırdım. Sonra dedi ki, ola bilsin güclü şeir deyil, amma fəlsəfi yazırsan. Sən yaz. O "yaz” sözü də mən stimul oldu və yazmağa başladım. Şeirlərimin sayı çoxalanda da dedi ki, bunları kitab halına salaq. Beləliklə "Kəpənəyin saldığı yol” kitabım çap olundu.

 

- Başqa kitablarınız var?

- Hazırda üç kitab üzərində işləyirəm. Biri avtobioqrafik qısa romandır. Biri şeirlər, esselər. Biri də tamam başqa mövzudadır, hələ yazıram.

 

- Qeyd etdiniz ki, pessimist olanda kimisə sevdiyinizi deyirdilər. Sevdiyiniz olubmu?

- Sevgi anlayışı mənim üçün fərqlidir. Yəqin ki, o təfəkkürlə kimisə sevirdim. Amma indi onların sadəcə birinə bağlanmaq olduğunu düşünürəm. Hansısa dönəmdə insanın ruhu sevgiyə ac olur, kimliyindən asılı olmayaraq sənə xoş münasibət göstərəndə bunun sevgi olduğunu fikirləşirsən. Həyatımızda bu cür insanların sayı getdikcə lap çox olur, davamlı təkrarlanır. Təkrarlanırsa, deməli, sevgi deyil. Cəmiyyətdən gördüyün xoş münasibət az olub, sevgi kasadlığı yaşamısan deyə, önünə keçəni sevdiyini, yaxud onun səni sevdiyini düşünürsən. Bəlkə də heç niyyəti o deyil, xoş rəftar sadəcə xarakterindədir, amma sən onu elə qəbul etmirsən. Belə özümü dərk edəndən heç vaxt qarşılıqlı sevgim olmayıb.

 

- Arzular, xəyallar nələr var gələcəklə bağlı?

- Həyatımın böyük hissəsini yaradıcılıq, karyera tutur. Planlarım istəklərim çoxdur, əsas arzularımdan biri isə universitetə qəbul olmaqdır. Jurnalistika istəyərəm, çox həvəsim var. Düzdür, hazırda həvəskar kimi saytlardan birində çalışıram, müsahibələr alıram, köşə, əlilliyi olan insanlar haqqında yazılar yazıram. Mədəniyyət və İncəsənət Universitetinə da qəbul olmaq istəyərəm. Rəhbəri olduğun birliyi hüquqi təşkilat kimi qeydiyyatdan keçirmək istəyim var. Yaradıcılığımı daha da genişləndirmək, təcrübə üçün xaricə səyahət etmək planlarım var. Arzularım çoxdur.

 

Aygün Asimqızı

Kaspi.-2017.-14 noyabr.-S.10.