“Kukla ilə işləmək
üçün onun dilini bilmək lazımdır”
Anar Məmmədov: “Teatrdan fərqli
olaraq, uşaqların maraq göstərdiyi müasir
texnologiyalarda canlı ünsiyyət yoxdur”
Teatr sehrli bir dünyadır. Eyni zamanda, insanlara zövq bəxş edən, yeri gələndə ibrətamiz hekayələri ilə dərs verən, əyrini, düzü canlı şəkildə onlara göstərən sənət ocağıdır. Hələ bu ocaq uşaqların könlünü oxşayan, onları nağıl qəhrəmanları ilə tanış edən, həmin qəhrəmanları sevdirən bir məkan olanda, dəyəri daha da artır. Bu günkü müsahibimiz də kuklaları uşaqlara sevdirən və bu yolda əlindən gələni əsirgəməyən bir sənətkardır. Qonağım Abdulla Şaiq adına Dövlət Kukla Teatrının istedadlı gənc rejissoru Anar Məmmədovdur. Anar 6 ildən çoxdur ki, Kukla Teatrında çalışır. Biri-birindən maraqlı tamaşalarla uşaqların könülün oxşamağa çalışır. Onunla ilk görüşüm 5 il bundan qabaq olmuşdu. Bu 5 ildə çox şey dəyişib. Bir zamanlar teatrda ilk addımlarını atan və yeni-yeni tamaşalar hazırlamağa çalışan A.Məmmədov bu gün Kukla Teatrının aparıcı rejissorlarından biri, uşaq tamaşalarının mahir bilicilərindəndir. Yaradıcılığında hər zaman yeniliklər etməyin tərəfdarıdır. Belə ki, uşaqların diqqətini çəkmək və onların asudə zamanlarını faydalı keçirmələri üçün teatrın səhnəsində tətbiq edilməsi mümkün olan bütün üsullardan istifadə edir. Bu illər ərzində onun yaradıcılığına nəzər salsaq, orada xalq nağıllarımız, xarici nağıllar, yeni yazarların nağılları, böyüklər üçün hazırlanmış tamaşalar, hətta 3D formatında tamaşalara da rast gəlmək olar. Bu dəfə isə rejissor mono tamaşaya quruluş verəcək. Onunla görüşümüz elə Kukla Teatrında baş tutdu.
- Anar bəy, 6
ildir ki, Kukla Teatrında çalışırsınız. Bu
illər ərzində teatrda nə qədər tamaşa
hazırlamısınız?
- Bu teatr mənim üçün doğma bir məkandır. Mən bütün uğurlarımı burada qazanmışam. Teatr mənə ikinci ailəm kimidir. Bu illər ərzində müxtəlif janrlı tamaşalar hazırlamışam. Ümumi hesablasam, bəlkə də 10-dan çox tamaşaya quruluş vermişəm. Nəinki Kukla Teatrında, bir rejissor kimi özümü digər teatrlarda da sınamışam. Buna İrəvan Dövlət Dram Teatrını, Musiqili Komediya Teatrını, Gəncə Dövlət Dram Teatrını misal olaraq göstərə bilərəm. Ancaq mənim üçün ən doğma məkan Kukla Teatrıdır.
- Gəncə Dövlət Dram
Teatrında hansı tamaşanı
hazırlamısınız?
- Orada Jül Rumenin "Knok və ya tibbin təntənəsi” tamaşasını hazırlamışdım. Məni Gəncə Teatrına müəllimim, tanınmış rejissor Bəhram Osmanov göndərmişdi. Təyinatla həmin teatrın səhnəsində tamaşa hazırlamışdım. Ancaq təəssüflər olsun ki, həmin tamaşanın premyerasına qala bilmədim, çünki əsgərliyə getdim. Əsgərlikdə bizə asudə zaman ayırırdılar və həmin zaman çərçivəsində biz televizora baxırdıq. Televiziyaya baxanda gördüm ki, teatrda mənim quruluş verdiyim tamaşanın premyerası haqqında danışırlar. Tamaşadan fraqmentlər göstərirdilər. 2011-ci ildə əsgərlikdən döndükdən sonra Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məni teatra dəvət etdi. Əslində, o bu qərarı ilə çox böyük riskə getdi. Çünki əsgərlikdən gələn bir gəncə birdən-birə böyük tamaşaları etibar edirdi.
- Hesab edirik
ki, Kukla Teatrında rejissor olmaq daha çətindir.
- Kukla Teatrında çalışmağın öz
çətinlikləri var. Asan olsaydı, uşaqlar Kukla
Teatrını bu qədər sevməzdi (gülürük). Biz universitetdə
Konstantin Stanislavski sistemini oxumuşuq. Oradakı
bacarıqları mənimsəmişik. Ancaq
Kukla Teatrına gəldikdə, gördüm ki, burada o sistem
yoxdur. Mən 4 il oxuduğumun əsas
hissəsini unutmalı və hər şeyə sıfırdan
başlamalı idim. Kukla Teatrının
üslubu tamam başqadır. Bunun
üçün ilk növbədə təcrübə
yığmaq və hər şeyi yenidən öyrənməli
idim. Digər teatrlarda elədir ki, aktyor səhnəyə
çıxır və hiss-həyəcanını büruzə
verir. Ancaq Kukla Teatrında belə deyil.
Kuklalar cansızdır, onları idarə edən
aktyorlardan isə çox şey asılıdır. Kuklanı aktyor canlandırır və aktyor
kuklanın arxasında nə hislər keçirirsə, o,
artıq zala çatmır. Ancaq sizə
onu da deyim ki, Kukla Teatrında çox yeniliklər etmək
olar, nəinki digər teatrlarda.
- Kukla Teatrında rejissor olmaq üçün həm də
kuklalara yaxşı bələd olmaq lazımdır.
- Kukla ilə
işləmək üçün ilk növbədə onun
dilini bilmək lazımdır. Rejissor kuklaya bələd
olmasa, onunla işləyə bilməz. Hər
kuklanın özünün xarakteristikası və xüsusiyyəti
var. Bir kuklanı ərsəyə gətirmək
üçün ilk olaraq rəssamla danışırıq və
bizim müştərək görüşlərimiz olur.
Kuklanın çətinliklərindən biri
odur ki, hər hansı bir personajın yalnız xarakteri olur.
Ancaq canlı aktyorda elə deyil. İnsan gülə, ağlaya, mimikalarını dəyişə
bilər. Kuklanın isə bu
funksiyaları yoxdur. Əgər
hazırlanan kukla gülümsəyən personajdırsa, onun
üzərində yalnız təbəssüm
olmalıdır. Başqa heç bir
şey. Kuklanın mexanikasından çox
şey asılıdır. Tutalım ki,
kuklanın gözü, üzü, ağzı nəyisə
ifadə etsin. Bunların hamısı
şərtlərdir. Bunun üçün
də ilk olaraq rəssamla danışırıq və rəssam
eskizləri çəkir. Mübahisələr
və fikir ayrılıqları da burdan başlayır.
- İndiyə qədər rəssamla
ən böyük mübahisələriniz nə üstündə
olub?
-
Mübahisələrimiz əsasən eskizlərin üzərində
düşür. Çünki rəssamın da
kuklalara öz yanaşması var. Əslində, bu, təbii
prosesdir, olmalıdır. Əgər mübahisə zəmini
yaranmırsa, rəssam rejissorun dediyi ilə
razılaşırsa, özünün bir ideyası, təxəyyülü
yoxdursa, o zaman ortalığa normal bir iş çıxa bilməz.
Bilirsiniz ki, teatr kollektiv sənətdir. Mübahisəsiz mümkün deyil.
- İndi texnologiya o qədər
inkişaf edib ki, uşaqlar kompyuter, planşet vasitəsi ilə
dünyaya açılırlar. O uşaqları
canlı sənət, teatr nə dərəcədə maraqlandırır?
Sizcə, müasir dövrün
uşaqlarını nə ilə təəccübləndirmək
olar?
- Kukla Teatrının hər zaman
tamaşaçısı olub. Texnologiya nə qədər
inkişaf etsə belə, teatra hər zaman ehtiyac var. Mənim
quruluş verdiyim "Durna balığı” tamaşasında
3D formatından istifadə etdik. Bu çox
gözəl və maraqlı idi. Uşaqlar
da böyük həvəslə qarşıladı. Bəşəriyyət 3D formatından o tərəfə
çıxa bilmir. Çünki bundan o tərəfi
yoxdur. Bir 4D var, o da teatrın
özüdür. Sizin az əvvəl sadaladığınız o
müasir texnologiyaların heç birində canlı
ünsiyyət yoxdur. Teatr isə məhz canlı ünsiyyət
üzərində qurulduğu üçün
düşünürəm ki, sizin o dediyiniz bizdən də
çox bilən uşaqlar gəlib tamaşaya baxanda, o sehrli
dünyaya bir az da yaxınlaşırlar. Nəinki buna televizordan, planşetdən, kompyuterdən
baxanda. Uşaqların tərbiyəsində
teatr böyük rol oynayır. Bu
baxımdan Kukla Teatrının müstəsna rolu var.
Çünki uşağı tərbiyələndirməyə
uşaqlıqdan başlayırlar və bu baxımdan
uşaqların teatrlara aparılması ən ideal vasitədir.
Çünki uşaq hər şeyi buradan canlı
şəkildə görür və pisi yaxşıdan
ayırır.
- Bu
günün uşaqlarını köhnə nağıllarla
aldatmaq olmur. Teatrlarımızda hər zaman bizim
qədim xalq nağıllarımız nümayiş olunur.
Çox zaman valideynlər şikayət edir ki,
uşaq nə qədər "Cırtdan”a baxacaq. Tamaşa hazırlayarkən ssenari baxımından
qıtlıq çəkirsinizmi?
- Kukla Teatrının zəngin repertuarı var. Biz nəinki
yerli nağıllarımıza, xarici nağıllara, gənc
yazarların nağıllarına da müraciət edirik, daima
axtarışdayıq. Repertuarımıza nəzər
salsanız, görərsiniz ki, orada müxtəlif formatda
hazırlanmış tamaşalar var. Mən bu fikirlə
razılaşmıram. Kukla Teatrı hər zaman yeniliklərə
açıqdır.
- Bir tamaşanın ərsəyə
gəlməsi üçün nə qədər vəsait
lazımdır?
- Maddiyyat
məsələlərini rəhbərlik həll edir. Hələ indiyə kimi bizə tamaşa
hazırlanan prosesdə nəsə lazım olanda, "yoxdur”,
"imkan edə bilmirik” kimi ifadələr səsləndirilməyib.
Əksinə, rəhbərlik bizim
üçün hər şeyin ən yaxşısını
edib. Biz maliyyə məsələlərində
heç bir korluq çəkmirik.
- Kukla Teatrında artıq böyüklər
üçün də tamaşalar hazırlanır.
- Əslində Kukla Teatrında böyüklər
üçün tamaşalar əvvəllər də var idi. Bu yenilik deyil.
Kamran Şahmərdanın"Ağ və qara”, mənim Stefan
Cveykin "Yad qadının məktubları” novellası əsasında
hazırladığım "Unudulmush kukla”, bu yaxınlarda
hazırlanan Qurban Məsimovun "Zəng”
tamaşalarını buna misal göstərə bilərəm.
Tamaşaçılar öyrəşib ki, Kukla
Teatrında uşaq tamaşaları hazırlansın.
Onların fikirlərini dəyişmək bir az
çətindir, ancaq mümkünsüz deyil.
- Bir də
var festival üçün hazırlanan tamaşalar. Ancaq
festival üçün hazırlanan tamaşalar repertuara
çox az salınır.
- Kukla Teatrı mütəmadi olaraq beynəlxalq
festivallarda iştirak edir və qatıldığı hər
bir festivaldan qalibiyyətlə geri dönür. Əlbəttə
ki, bu bizim teatrın uğurudur. Və
yaradıcı prosesin keyfiyyətinin xəbərçisidir.
O ki qaldı sualınıza, festival üçün
hazırlanan tamaşalar bizim repertuarda var. Repertuarı isə
biz müəyyənləşdirmirik.
-
Eşitdik ki, Kukla Teatrının səhnəsində Musiqili
Teatrın aktrisası Ülviyyə Əliyeva ilə birlikdə
mono tamaşa hazırlayırsınız.
- Bəli,
tamaşa "Şəngülüm, Məngülüm”
adlanır. Tamaşaya nağılçı
obrazı daxil etdik. Nağılçı
bütün tamaşanı idarə edəndir.
- Musiqili Teatrın
aktrisası gəlib kuklalarla necə işləyəcək?
- Öyrədəcəyik,
işləyəcək. Bizdə belə
eksperiment çox olub. Kuklanın idarə
edilməsi ilə bağlı bəzi texniki bicliklər var ki,
biz onu Ülviyyə xanıma öyrədəcəyik. Əsas odur ki, özü həvəslidir, öyrənmək
istəyir. Ümid edərəm ki,
yaxşı bir tamaşa alınacaq. Burada
6 kukla oynadacaq. Konsepsiyanı elə
qurmuşam ki, o, bir kuklanı qoyub, digər kuklanı
götürəcək.
- Mono tamaşa digər tamaşalardan
nə ilə fərqlənir?
- Mono
tamaşa oynamaq aktyor üçün çox çətindir.
Bütün tamaşanın yükü bir
aktyorun üzərində olur. Bir neçə
səs, oyun tərzi dəyişir, aktyorun bütün
potensialını göz qabağına qoyur. Mono tamaşada heç nə
tamaşaçının gözündən yayınmır.
Çünki o, səhnədə təkdir.
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2017.-15 noyabr.-S.12.