Ədəbiyyatımızın ədalət
və həqiqət ölçüsü
Onun
tərifinə tuş gəlmək, ədəbi aləmdə
yerinə düşmək idi
Vəfatından illər keçsə də, onu unutmuram. Tez-tez yad etdiyim, kitablarını dönə-dönə oxuduğum, söhbətlərini, ali məktəbdə təhsil aldığım illərdə dinlədiyim mühazirələrini xatırladığım, ədəbi düşüncələrimə işıq salan, mənim sevimli müəllimim, filologiya elmləri doktoru, professor Qulu Xəlilovu deyirəm. Həmişə də payızda onun barəsində mütləq nəsə yazıram. Çünki unudulmaz ədəbiyyatşünas alimin doğum və anım günləri məhz noyabr ayına təsadüf edir.
Yazdığı məqalələrdə gələcəyə ötürülən bilgilər
Dünya şöhrətli cərrah İbrahim Topçubaşova məxsus fikirdir ki, yalançı tərif insanı qəbiristanlığa yaxınlaşdırır, qərəzsiz tənqid isə dost hədiyyəsidir. Bəlkə də elə buna görədir ki, Qulu müəllimin müasirləri heç vaxt onun tənqidindən inciməzdilər, əksinə faydalanmağa, nəticə çıxarmağa çalışardılar. Əslində o zamanlar ədəbi tənqid öz hakimiyyətində idi, indiki kimi tost ənənəsinə çevrilməmişdi. Bir də hər kəs də gözəl bilirdi ki, Qulu Xəlilov ədəbiyyatımızın keşiyində dayanan dürüst və cəsarətli qələm sahibidir. Gözündən zəif yazılar yayına bilməz. Təbii ki, Qulu müəllim uğurlu əsərlər barəsində də öz sözünü vaxtında deməyi bacaran qayğıkeş və xeyirxah bir tənqidçi idi. Onun tərifinə tuş gəlmək, ədəbiyyatda yerinə düşmək idi. Hər dəfə kitablarını gözdən keçirdikdə özüm üçün yeni-yeni mövzular tapıram. Bu dəfə mənim diqqətimi Qulu Xəlilovun tarix və tarixi şəxsiyyətlərə, bu istiqamətdə yazılan bədii əsərlərə münasibəti cəlb etdi. Ötən əsrin ortalarında , eləcə də 80-ci illərində qələmə aldığı düşüncələrini oxuduqca, bu gün də necə müasir və aktual olduğunun fərqinə varırsan. Tarixi mövzuda yazanda mütləq mühüm şərtlərə əməl olunmalıdır. Müraciət edilən dövrün ümumi mənzərəsi, tarixi simaların ləyaqəti təhrif olunmadan müasirlik mümkün qədər gözlənilməlidir. Qulu Xəlilov yazırdı : " Çünki tarixiliyin özündə güclü müasirlik hakimdir. Kim tarixə ölü, hərəkətsiz, sükunətə qapanıb qalmış bir aləm kimi baxırsa, kökündən yanılır. Tarix həmişə canlıdır, müasirdir, maraqlıdır, nümunə və örnəkdir, ənənədir. Öz tarixini öyrənməyən xalqın gələcəyi yoxdur.” Bəlkə də ilk baxışda burada təəccüblü bir fikrə rast gəlinmir. Amma düşünəndə ki, bu fikirlər oxucuya sovet dövründə çatdırılır, məsələ aydınlaşır. Qadağaların hökm sürdüyü bir dövrdə "gəlin tariximizi tam və mükəmməl şəkildə araşdıraq və üzə çıxardaq” deyən Qulu Xəlıilov hansı mətləblərə toxunurdu. "Tariximizə ayıq və parlaq ağılla yanaşan” ədiblərin və əsərlərin adları çəkilir. Bu sırada birinci yer Yusif Vəzir Çəmənzəminliyə məxsusdur. Müəllifin "Qızlar bulağı” əsəri tariximizin ibtidai-icma dövründən bəhs edən, yarı-tarixi, yarı-əfsanəvi, fəlsəfi bir romandır. Qulu müəllimə görə, xronoloji ardıcıllıq belədir: C. Bərgüşadın "Sıyrılmış qılınc” (IX əsr), M. S. Ordubadinin " Qılınc və qələm”, A. Zöhrabbəyovun "Odlu diyar” (XII əsr), İ. Hüseynovun "Məşhər” (XV əsr), F. Kərimzadənin "Xudafərin körpüsü” , Ə. Cəfərzadənin "Bakı-1501” (XV –XVI əsrlər), Y. Vəzirin "İki od arasında” (XVIII əsr), S. Rəhimovun "Qafqaz qartalı”, C. Bərgüşadın "Boz atın belində”, Ə. Cəfərzadənin "Aləmdə səsim var mənim” ( XIX əsr), M. Hüseynin "Səhər”, M.S. Ordubadinin "Gizli Bakı”, "Döyüşən şəhər”, "Dünya dəyişir”, "Dumanlı Təbriz”, M. Cəlalın "Yolumuz hayanadır”, Ə. Cəfərzadənin "Yad et məni”, Y. Şirvanın "Buludlar dağılır” (XX əsr) əsərləri. Bu əsərlərdə Babək, Nizami, Nəsimi, Xətai, Vaqif, M. Fətəli, S. Ə. Şirvani, Qaçaq Nəbi, Səttarxan, Sabir, Səhhət… kimi qılınc və qələm qəhrəmanlarının fəaliyyətinə geniş yer verilib.
Qulu Xəlilovun tarixi həqiqətlər barəsində yazdığı məqalələrdə gələcəyə ötürülən bilgilər ensiklopedik səciyyə daşıyır. Bəzən də kitabxanaları, arxivləri dolaşmağa lüzum da qalmır. Rəfimdə sıralanmış kitablarını vərəqlədikcə, elə məlumatlar alır, maraqlı faktlarla tanış oluram ki…
Həmişə ona minnətdar olmalıyıq ki...
Həqiqətən də Qulu Xəlilovu
diqqətlə oxumaq və dərk etmək bir universitet təhsilinə bərabərdir.
"XII əsrin ən
görkəmli bədii
zəkalarından olan
Xaqani barədə romanı isə bizim görkəmli tənqidçilərimizdən, Azərbaycan SSR EA-nın müxbir üzvü
professor Mahmud İsmayılov yazmışdır” bildirən
Qulu Xəlilov əsərin məziyyətləri
ilə bərabər, qüsurlarını
da göstərib. Unudulmaz tənqidçimiz tarixi mövzuda yazılan əsərlərdə şəxsiyyətlərin
obrazlarını, fəaliyyətlərini
birtərəfli, yanlış
mövqedən işıqlandırılmasına
dərhal öz münasibətini bildirərdi.
İstəkli müəllimim,
tarixi romanlar müəllifi Əzizə
Cəfərzadə həmişə
Qulu Xəlilovun
bu xidmətini yüksək dəyərləndirərdi. Əzizə xanımın "Bakı-1501” romanı
çapdan çıxdıqdan
sonra müəllifi təqdir və tənqid edən də ilk dəfə Qulu müəllim oldu.
Cəmi 37 il ömür sürmüş,
14 yaşında hakimiyyət
başına gəlmiş
(1500-1524) Şah İsmayıl
Xətai çox güclü, qüdrətli
xarakterə malik olan ağıllı bir cəngavər idi. Parçalanmış Azərbaycanı vahid bir dövlət
tərkibində birləşdirən,
tarixdə ilk dəfə
Azərbaycan dilini dövlət dili elan edən, bir çox Avropa ölkələrinə
bu dildə notalar verən kamil şəxsiyyətlə
bağlı iynə ucu boyda səhvi
də bağışlamazdı
Qulu Xəliov. Qətiyyətlə bildirirdi ki,
Əzizə Cəfərzadə
kimi zəngin təcrübəli, bilikli,
savadlı bir yazıçının əsərində
qüsur olmamalıdır.
Yadımdadır, bir dəfə
Əzizə xanımdan
soruşdum ki, bəs siz Qulu
Xəlilovdan incimədiniz,
axı siz bədii əsər yazıbsınız, sizin də öz əlavəniz, fərziyyəniz
olmalı deyil ki? Əzizə xanım özünə məxsus şəkildə
- xəfifcə gülümsəyərək
dedi ki, Qulu Xəlilov kimi bir nəhəngin əsərimi
axıracan oxuması,
rəyini bildirməsi,
tərifləməsi, tənqid
etməsi mənim üçün şərəf
idi: "Qulu Xəlilov bizim ən xeyirxah və ciddi, obyektiv mövqeyə malik hamimiz olub.
Əslində o, bizi qoruyurdu,
xəbərdarlıq edirdi
ki, hər bir sözümüzə məsuliyyətlə yanaşaq,
gələcəyə zəif
əsərimiz qalmasın.
Nəsillər bizi qınamasın.
Həmişə ona minnətdar olmalıyıq,
bizi bu sayaq
qoruya bilirdi…”
Qulu Xəlilov ali
məktəbdə XX əsr
Azərbaycan ədəbiyyatından
mühazirələr oxuyurdu.
Klassik ədəbiyyatımızı, qədim tariximizi də dərindən bilirdi. Ona məxsus fikirdir: " Tarixi faktlar
göstərir ki, başqa xalqlar kimi Azərbaycan xalqı da ümumdünya
azadlıq hərəkatında,
elmin, mədəniyyətin,
sənətin inkişafında
böyük rol oynamış, bəşər
tarixini bir çox qılınc və qələm qəhrəmanları ilə
bəzəmişdir. Sınaqdan çıxıb
ki, qılınca əl atmadan, qan tökmədən azadlıq əldə etmək mümkün deyil. Bu hal
olmasa müxtəlif əqidəli insanları necə birləşdirmək
olar?” Bu fikirləri Qulu Xəlilov 1983-cü ildə
yazırdı.
Müasirlərinin portretlərini də
elə hörmət və ehtiramla yaradıb ki...
Qulu Xəlilovun 1974-cü ildə
yazdığı "O, həssas
və qayğıkeş
idi…” adlı bir xatirəsini oxudum. Unudulmaz şairimiz Səməd
Vurğuna həsr olunmuş bu yazıda mənim diqqətimi 1953-cü ildəki
ədəbi mühitin
rəngi çəkdi.
Həmin xatirədən
bir ləçək:
"Yazıçılar İttifaqında
şerimiz barədə
mənə məruzə
etmək tapşırılmışdı.
Universitetin son kursunda oxuyurdum… Mənə söz verilən kimi məruzəyə başlamamışdan dedim:
"Xahiş edirəm
ki, deyəcəyim fikirlərin bəziləri
hörmətli sənətkarların
xoşuna gəlməsə,
məni bağışlasınlar,
çünki mən fikirlərimi elə qurmuşam ki, onları yumşaltmaq mümkün deyil”.
Bundan sonra mən gözaltı Səməd Vurğunu
süzdüm. O, çox
mənalı və mehriban baxışlarla mənə nəzər salıb gülümsədi.
Bu mehribanlıqdan daha da cəsarətləndim.
Həmin
məruzədə Ə.Vahidə
də çox yer vermişdim. Bunun üstündə bəzi şairlər mənə hücum etdi. Vahidin adını çəkməyim
bəzilərinin xoşuna
gəlmədi. Səməd
Vurğun məni bu hücumlardan xilas eləyib dedi:
- Yoldaşlar, əgər bu gün Əliağa
Vahidin kitablarını
əl altından baha qiymətə alırlarsa, bu, bizi düşündürməlidir.
Vahidin adını Yazıçılar
İttifaqında çəkməyi
qadağan etmək asandır, amma onu xalqın qəlbindən silmək çətindir. Əgər bu
gün xalq Vahidi daha çox
oxuyursa, bu o deməkdir ki, biz hələ Vahiddən zəif yazırıq.
Buna görə də mən, cavan oğlanın Vahidə belə hörmətlə yanaşmasını
bəyənirəm.
Zalı gurultulu alqışlar bürüdü. Müşavirə
qurtardıqdan sonra Səməd Vurğun "Azərbaycan” jurnalının
redaktoru Əli Vəliyevi çağırıb
dedi:
- Əli Qaraoğlu,
xahiş edirəm ki, bu məruzəni
elə beləcə də çap edəsən”.
Əslində elə bu xatirənin
özü də Səməd Vurğun şəxsiyyətinin məziyyətlərini
açır. Qulu Xəlilovun məhəbbət
və ehtiramla xatırladığı və
özünün ustadı,
müəllimi adlandırdığı
şəxsiyyətlərdən biri də tənqidçi
və yazıçı
Mehdi Hüseyn olub: "O, sanki sənətin, ədəbiyyatın
barometri, ölçüsü
idi. Prinsipiallığın, cəsarətin zirvəsində
dayanırdı. Onun sağlığı
bizdə arxayınçılıq
və narahatlıq yaratmışdı. Arxayın
idik ona görə ki , harada ədəbiyyatın
mənafeyinə
bir zərər toxunsa, Mehdi Hüseyn dərhal bir qartal kimi
ora şığıyardı.
Narahat idik ona görə
ki, hamı fikir söyləyəndə,
ondan ehtiyat edirdi. Onun obyektivliyindən, cəsarətindən
çəkinirdik…” Bir
görün, bu etirafı kim
edib? O Qulu Xəlilov ki, Mehdi Hüseyn barəsində yazırdı:
" Mehdi Hüseyn sözün həqiqi mənasında cəngavər idi. Fikir cəngavəri, söz cəngavəri, hünər
cəngavəri idi.
Heç
bir yazıçı
çıxan bütün
əsərləri oxuyub
onun qədər fikir demək iqtidarına malik deyildi.”
Qulu Xəlilov
uzaqgörən tənqidçi
və yazıçı
idi. Öz müasirlərinin portretlərini də elə hörmət və ehtiramla yaradıb ki, bu gün onlar
da artıq tarixi şəxsiyyətdirlər.
Xalqımızın ləyaqətli
övladları olan Feyzulla Qasımzadə, Həsən Əliyev, Mir Cəlal, Həmid Araslı, Cəfər Cəfərov,
Məmməd Cəfər,
Əli Sultanlı, Əli Vəliyev, Ziya Bünyadov, Kamran Dadaşoğlu, Ziyəddin Göyüşov,
Bəkir Nəbiyev və digərləri.
"Təbiətin dərdi” adlı tədqiqində akademik Həsən Əliyevin portretini görün necə ustalıqla və dürüst yaradıb:
"Azərbaycan təbiətinin
dərdlərinin diaqnozunu
dəqiq qoyan alim. Həsən Əliyev bir
təbib və mahir torpaqşünas kimi flora və faunamızın, bütünlükdə
təbiətimizin mənzərəsini
dəqiq çəkib.
Onun bir səcdəgahı var: Azərbaycan torpağı!
Ulu bir qəhrəmanı
var: Azərbaycan təbiəti!
Bir gözəllik ilahəsi var: Azərbaycan! O, dünyanın
ən ucqar guşələrində olanda
da, bu barədə
fikirləşir.”
Tarixi şəxsiyyətlərin
obrazını olduğu
kimi yaratmağı və onları həmişə ehtiramla anmağı tövsiyə
edən Qulu Xəlilov özü də indi tarixin
unudulmaz simalarından
birinə çevrilib. Ədəbiyyatımızın bu cəfakeşi,
pərvanəsi mənim
üçün ədalət
və həqiqət ölçüsü idi.
Flora XƏLILZADƏ,
əməkdar jurnalist
Kaspi 2017.- 15 noyabr.- S.15.