Riyaziyyatdan indiyə qədər də xoşum gəlmir”

 

Fikrət Sadıxov: “Sovet dövründə səfir olmaq istəyirdim, amma bu arzuma çata bilmədim”

 

Hələ məktəb illərindən ölkədə və dünyada gedən siyasi proseslər diqqətini çəkib, baş verən hadisələrin incəlikləri ilə maraqlanıb. Bu həvəsi onun ömrünü həsr edəcəyi seçiminə də təsir göstərir və uzun illər bu sahədə çalışır. Çoxlarının çətin dediyi, riskli adlandırdığı sahədə çalışmaqdan zövq alan müsahibimiz sabiq diplomat, Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxovdur. Hər zaman mətbuata siyasi açıqlamalar verən F.Sadıxovla bu dəfə keçmişdən - uşaqlıq, gənclik illərindən danışdıq.

 

Bakıda doğulub, uşaqlıq illəri də elə bu şəhərdə keçib. O illərdən danışanda əsas zabit olmaq istəyini dilə gətirdi: "Nəslimiz Şuşadandır. 1918-ci ildə Şuşada daşnaklar azərbaycanlılara qarşı təmizləmələrə başlayanda nənəmlə babam Cənubi Osetiyaya getmişdilər, atam orda doğulub. Lakin sonradan Bakıya köçüblər, mən də burda dünyaya gəlmişəm. Uşaqlıqda zabit olmaq istəyirdim. Mənə hərbi simvolları hədiyyə edəndə çox xoşbəxt olurdum. Uşaqlıq illərimdən danışanda əsas onlar göz önümdən keçir. Bilirsiniz, o istək hələ də içimdə var. Bu yaşda əsgər gedərəm. Dəcəl yox, sözə baxan, sakit, vaxtını oxumağa həsr edən uşaq olmuşam”.

 

"Riyaziyyatdan indiyə qədər də xoşum gəlmir”

 

Orta təhsilini Səbail rayonu 160 nömrəli tam orta məktəbdə alıb. Əlaçı olmasa da, deyir ki, qiymətləri pis olmayıb. Siyasətə marağının da elə orta məktəb illərindən başladığını bildirdi: "Əlaçı olduğumu deyə bilmərəm, amma qiymətlərim yaxşı olub. Bir sıra fənləri sevirdim, bəzilərindən xoşum gəlmirdi. Məsələn, riyaziyyatdan indiyə qədər də xoşum gəlmir. Amma ədəbiyyat, publisistika, geosiyasət, ingilis dili, beynəlxalq münasibətlər, ümumiyyətlə, regiondadünyada gedən siyasi proseslər həmişə məni cəlb edirdi. 8-ci sinifdə hətta "Komsomolskaya Pravda” qəzetində yazım çıxmışdı. Publisistika ilə hekayə arasında ortaq bir yazı idi. Yazımın çap olunması mənim üçün böyük xoşbəxtlik oldu. Çünki yazmaq, yaradıcılıqla məşğul olmaq istəyirdim, siyasətlə maraqlanırdım. Soyuq müharibə gedən dövr idi, dünyada mürəkkəb siyasi proseslər cərəyan edirdi və onların incəlikləri məni maraqlandırırdı”.

 

"Müəllim dedi ki, oğlunuzun nə etdiyini bilirsiniz?”

 

Ötən illərdən danışanda adətən xatirələr dilə gəlir. Hələ söhbət məktəb dövründən gedirsə, hər kəsin unutmadığı xatirələr olur. Fikrət müəllim də bizimlə söhbət zamanı yəhudi müəllimi ilə bağlı maraqlı bir hadisəni danışdı: "7-ci sinifdə kimya fənnini bizə yəhudi müəllim keçirdi. Hesab edirdi ki, hamı dərsdən sonra qalıb onun hansısa mühazirəsini dinləməlidir. Mənəviyyat məsələləri ilə bağlı mühazirə deyirdi. Dərsən sonra uşaqlar yorğunac olduqları üçün əlavə mühazirədə oturmaq həvəsi heç kimdə qalmırdı, həmçinin də məndə. Bir-iki dəfə getmədim. Bir dəfə şənbə günü qapı döyüldü, gələn həmin müəllim idi. Valideynlərim narahat olmağa başladılar ki, Fikrət nə edib ki, müəllim evə qədər gəlib? Müəllim dedi ki, oğlunuzunetdiyini bilirsiniz? Valideynlərim artıq çox narahat oldular. Müəllim dedi ki, Fikrət dərsdən sonra mənəviyyat haqqında mühazirəyə gəlməyib. Müəllim evə gəldiyi üçün bir dəfə yenə getdim, amma sonra getmədim. Çünki onun həmin mühazirəsi uşaqlara alçaldılmış formada nəsihət vermək xarakterli idi, bu isə mənim diqqətimi çəkmirdi”.

 

"Dedi ki, sənə təhlükə yaransa, snayper kimi atacaqsan”

 

Ali təhsil seçiminə orta məktəbdəki marağı təsir edir oluro, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur: "Çünki Yaxın Şərqdə baş verən proseslər məni daha çox maraqlandırırdı. Düzdür, universitetdə həmin fakültədə siyasət mənim istədiyim kimi xırdalıqlara qədər öyrədilmirdi. Ədəbiyyat, poeziya, ərəb ölkələrinin dramaturgiyası, mədəniyyətinə daha çox üstünlük verirdilər, məni isə siyasət maraqlandırırdı. Ona görə özüm əlavə kitablardan istifadə edib oxuyurdum. O vaxt internet yoxuydu, əsas mənbə kitab, qəzet, jurnallar idi”.

 

Deyir ki, o vaxt dünyada proseslər qarışıq olsa da, onu bu cür məqamlar qorxutmayıb: "İşlə bağlı Yəmən Xalq Respublikasına göndərilmişdim. Sovet İttifaqının Xodeyda şəhərində baş konsulluğu varıydı. O vaxt Şimali Yəməndə vətəndaş müharibəsi gedirdi, amma məndə qorxu hissi yox idi. Əksinə, hesab edirdim ki, belə bir şəraitdə işləmək daha maraqlıdır, nəinki stabil ölkədə. Hətta bir dəfə baş konsulluğu qarət etmək istəyirdilər, bizə xəbər gəldi ki, saat 5-6-da camaat yığışır, silahlı hücum ola bilər. Baş konsulun müavini bizi yığıb dedi ki, burda "Kalaşnikovtipli avtomatlar var, hücum olsa, götürüb özünüzü müdafiə edərsiniz, başqa çıxış yolumuz yoxdur. Dedim ki, axı mənim "Kalaşnikovdan istifadə etmək təcrübəm yoxdur. Dedi ki, sənə təhlükə yaransa, snayper kimi atacaqsan. Həmin vaxt ora radikal qüvvələr gəldi, şüarlar, baş konsulluğa hədə-qorxu, təhqirlər səslənirdi, amma hücum olmadı”.

 

"Sıravi əsgərlik görməmişəm”

 

Hərbi xidmət dövrü 70-ci illərə təsadüf edib. Amma elə çətin bir rejimdə əsgərlik çəkmədiyini deyir: "Mən universiteti bitirib getmişdim. Zığ qəsəbəsində yerləşən hərbi hissədə əsgərliyə başladım. Orada ərəblərin oxuduğu hərbi donanma vardı, məni tərcüməçi kimi götürdülər. Sonra Həştərxanda, Türkmənistanda xidmət etdim. Zabit oldum deyə, sıravi əsgərlik görməmişəm. Düzdür, tabeçiliyimdə heç kəs yox idi, tərcüməçilik edirdim”.

 

Deyir ki, hələ orta məktəb illərindən bu yana xoşuna gələn, simpatiya bəslədiyi qızlar olub, amma o münasibətlərin heç birini sevgi adlandırmaq olmaz: "Tələbəlik illərində bizim qrupda qız yox idi. Çünki o vaxt Şərqşünaslıq fakültəsinə qızları götürmürdülər. Bilirdilər ki, qızlar xaricdə, xüsusilə yaxın Şərq ölkələrində tək gedib işləməyəcəklər. Amma vaxtaşırı digər fakültələrin qızları ilə tədbirlərdə görüşürdük, əlaqələrimiz var idi. Amma sevgi münasibətim olmayıb. Sonra biologiya fakültəsində Ellaza adlı bir qızla tanış olduq, bir-birimizi sevdik. Tanışlığımız da təsadüfən olmuşdu. Qızgilin evlərində bacısının nikah mərasimi idi. O da rəfiqələrini dəvət edib ki, evdə şənlik var, yemək-içmək çoxdur, gəlin bizdə əylənək. Rəfiqələri də öz sevgililəri ilə getmək istədiklərini deyiblər, o da razılaşıb. Qızların sevgililərinin çoxu ilə dost idim, onlar mənə də təklif etdilər ki, gedək. Qızla da danışıblar, o da problem görməyib. Belə orda tanış olduq, bir neçə il sevgili olduq. Universiteti bitirəndən sonra da evləndik. 47 yaşında oğlumuz, iki nəvəmiz var. Oğlum mənim sənətimi davam etdirir. Hazırda Xarici İşlər Nazirliyində işləyir. Qız nəvəm Praqada yerləşən Anglo Amerikan Universitetində təhsil alıb, sonra Qərb Universitetini bitirdi. Oğul nəvəm ADA Universitetində oxuyur, o da bizim ardımızca gedir”.

 

"Səfir olmaq istəyirdim...”

 

Universiteti bitirib evləndikləri üçün ailə məsuliyyətləri öz üzərlərinə düşüb. İlk maaşlarının çox az olduğunu deyir: "Universiteti bitirən kimi AMEA-nın Fəlsəfə İnstitutunda kiçik elmi işçi vəzifəsinə götürüldüm. O vaxt 85 rubl maaşım varıydı. Yoldaşım isə Fiziologiya İnstitutunda 73 rubl alırdı. Rəhmətlik babam bir dəfə maaşımızı soruşdu. Dedi ki, yeyib-içməsəniz yoldaşınla ikinizin maaşı kinonuza çatar. Düzdür, orda az işlədim. Sonradan yoldaşım namizədlik dissertasiyanı müdafiə edib dosent oldu, əməkdar müəllim adını qazandı”.

 

Deyir ki, keçmişə nəzər salanda yerinə yetən arzuları da var, yetməyənləri də: "Amma istədiyimin çoxuna nail olduğum üçün özümü xoşbəxt hiss edirəm. Şərqşünas, diplomat olmaq istəyirdim, oldum. Ərəb, ingilis dillərini öyrəndim, xaricdə çalışdım, Şimali və Cənubi Yəməndə işlədim, Xarici İşlər Nazirliyində fəaliyyətim oldu. Diplomatik rütbəm var. Diplomatiya ilə bağlı kitablar, yazılar yazmışam. Amma bütün arzular yerinə yetə bilməz. Sovet dövründə səfir olmaq istəyirdim, amma bu arzuma çata bilmədim. Sovet ittifaqı dağılanda başa düşdüm ki, bu arzu artıq həyata keçməyəcək. Ondan sonra digər fəaliyyətlə məşğul olmağa başladım. Azərtac İnformasiya Agentliyinə rəhbərlik etdim. Müəyyən müddət Avropa ölkələrinin birində işləmək istəyirdim, alınmadı. 1997-ci ildən Qərb Universitetinin professoruyam, mənə "fəxri professor” adı veriblər. Burda öz sahəmlə bağlı gənclərə dərs keçirəm”.

 

"Başa düşdüm ki, böyük qanlar tökülə bilər”

 

İşlə bağlı yadından çıxmayan hadisələrin də çox olduğunu deyir. Onlardan birini bizimlə bölüşdü: "1988-ci ilin fevralında Dağlıq Qarabağda hadisələr başlamışdı. Məni ora "Azərtac”ın nümayəndəsi kimi ezamiyyətə göndərdilər. Gördüklərimdən dəhşətə gəldim. Müşavirədə vilayətə rəhbərlik edən ermənilər Qorbaçovun Moskvadan gələn nümayəndələrinin üzünə durdular ki, biz artıq bu məsələni Moskvada Qorbaçovla həll etmişiksiz bura niyə gəlmisiniz? Azərbaycanın tərkibindən çıxmalıyıq. Bu, oyuncaq ssenari idi. Guya onlar vəziyyəti tənzimləmək üçün gəlmişdilər, amma ermənilər Qorbaçovun və ətrafında olanların üzünü açdı. Mən artıq o vaxt başa düşdüm ki, böyük qanlar tökülə bilər. O vaxtkı rəhbərlik onun qarşısını ala bilmirdi”.

 

"Arzu etməklə iş bitmir, gərək onun üçün çalışasan”

 

Öz gənclik dövrünüindiki gəncləri müqayisə edəndə arada böyük fərq olduğunu deyir: "Bizim gənclik dövrümüzdə internet yox idi, indi hər yerdə var. O vaxt iki televiziya kanalına baxmaq imkanı var idisə, indi bunun sayı yüzlərlədir. İndiki gənclər yüksək texnoloji vasitələrindən istifadə edirlər, bizim gənclik isə daha çox kitab oxuyurdu. Biz bir çox şeyləri öyrənirdik, biliyimiz daha ətraflı idi. İndiki cavanları savadsız adlandırmazdım, amma onların istiqaməti bir az fərqlidir. Hesab edirlər ki, bir çox şeyləri bilmək o qədər də vacib deyil. Əgər nəyisə bacarırsa, digər məsələlər ona aid olmamalıdır. Amma düşünürəm ki, hər bir formalaşmış insan gərək hərtərəfli biliyə yiyələnsin”.

 

Gənclərə məsləhəti məqsədyönlülüklə bağlı oldu: "Qarşılarına məqsəd qoysunlarona çatmaq üçün çalışsınlar. Arzu etməklə bitmir, gərək onun üçün çalışasan. Bir məqsədə nail olmadınsa, həvəsdən düşüb başqa istiqamətə yönəlməklə heç nəyə nail olmaq olmaz. Bir hədəfə vurmaq daha effektlidir. İnsanın nəyəsə nail olması bir çox hallarda özündən asılıdır. Arzuların fantaziya kimi qalmaması üçün çalışmaq lazımdır. Oxusunlar, maraqlansınlar, təhlil etsinlər, müqayisələr aparsınlar”.

 

Aygün Asimqızı

Kaspi 2017.- 17 noyabr.- S.12.