“Uşaq cəmiyyətdə
böyüyür”
Səbuhi Rəhimli
hesab edir ki, övladın tərbiyəsində valideynlərin
rolu uzaqbaşı 30 faiz ola bilər
Övlad Tanrı tərəfindən valideynlərə göndərilən bir nemət, paydır. Tanrının göndərdiyi bu varlığı yetişdirmək, onu sabaha hazırlamaq isə valideynlərin öhdəsinə düşür. "Uşaq evin güzgüsüdür” deyirlər. Bu məsəllə bəzi müsahiblərim razılaşsa da, bir çoxları etiraz edir. "Mənim balam” rubrikamızın bugünkü qonağı isə məsələlərə tamam başqa aspektdən yanaşır.
Qonağımız tanınmış astroloq, "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlidir. Onunla gözünün ağı-qarası, bircə övladı olan Nuray haqqında danışdıq. Astroloq deyir ki, övladın tərbiyəsində valideynlərin yalnız 30 faiz rolu var, digər xüsusiyyətlərinin formalaşmasında isə düşdüyü cəmiyyət rol oynayır.
- Səbuhi müəllim,
övladınızı tərbiyə edərkən hansı
üsullardan faydalanırsınız? Dədə-baba
üsuluna üstünlük verirsiniz, yoxsa sizin öz
qaydalarınız var?
- Əslində bu sualın özü ilə
çox da razı deyiləm. Hər bir fərd individualdır, fərdi
xüsusiyyətlərə malikdir. Misal üçün,
mənim valideynlərim müəllim olub və biz ailədə
yeddi uşaq olmuşuq. Bizim hamımıza
ayrı-ayrı yol göstərməyiblər. Həyatda gördüyümüz, bildiyimiz, bizə
dedikləri, sadəcə bu olub ki, "oxuyun”,
"dalaşmayın”, "özünüzü yaxşı
aparın”. Amma dünya dəyişir,
dünya dəyişdikcə insanlar da dəyişir. İşimlə əlaqədar olaraq insanlarla işləyirəm.
İnsanların problemini həll etmək
üçün özümü onların yerinə
qoymalıyam. Yoxsa mən tək Səbuhi
«pəncərə»sindən məsələyə baxsam, təbii
ki, bu problemləri həll etmək çətin olar. İstənilən məsələyə
insanların öz baxış bucağı var. Hər
zamanın öz kriteriyaları, tələbləri var. Övlad
böyüdərkən təbii ki, bunların
hamısını nəzərə almaq lazımdır. "Dədə-baba qaydası” deyilən bir mexanizm
yoxdur. Əgər mən bir valideyn kimi nə
vaxtsa nədənsə sarsıntı keçirmişəmsə
və yaxud da hər hansı problem yaşamışamsa, ilk
növbədə öz qorxduqlarımdan övladımı
çəkindirəcəm. Amma ola
bilər ki, uşaq o hadisə ilə heç vaxt
rastlaşmasın. Nuray ailəmizə toyumuzdan 6 il sonra daxil olub. Ancaq bu o demək
deyil ki, həyatımıza gec daxil olduğu üçün
biz onu ərköyün böyütməliyik. Bu gün onu ifrat tələbkarlıqdan uzaqlaşdırmışıq,
müasir gənclərin, yeniyetmələrin valideyn büdcəsini
nəzərə almadan tələbetmə mexanizmini
dayandırmışıq. Normal səviyyədə
qorumağa çalışmışıq. İndi ideal uşaq yetişdirmək çətindir.
Düzdür, cəmiyyətin özü də
insanı yetişdirir.
Bu gün uşaqlar asudə zamanlarını keçirmək
üçün kanallarda baxmağa bir veriliş tapa bilmirlər. Bizim
dövrümüzdə humanist, tərbiyəvi əhəmiyyətli
cizgi filmləri verirdilər. İndiki
uşaqların baxdığı cizgi filmlərində ancaq
döyüş, aldatmaq kimi hadisələr əks olunur.
Bu kimi hadisələr istər-istəməz
uşağın düşüncəsinə də təsir
edir. Düşünürəm ki,
uşaqların bu tipdə böyüməsinə
başlıca səbəb uşaq telekanalının
olmamasıdır. Uşaq verilişləri
də ancaq nağıl danışmaq, yaxud da cizgi filmi
göstərməkdən ibarət deyil. Bizdə
uşaq psixoloqları demək olar ki, yox kimidir. İnkişaf etmiş ölkələrdə ən
çox uşaq televiziyalarına üstünlük verirlər.
- Yəni deyirsiniz ki, valideynin
övladın tərbiyəsində rolu azdır?
- Demirəm
təsirsizdir. Valideyn uşağa 30 faizdən artıq təsir
qüvvəsi ola bilməz. Qalanını
isə insan mühitdə öyrənir. Gündəlik
həyatda da görürük ki, bir ailədə böyüyən
iki qardaş-bacının gələcəkdə hərəsi
bir yolun yolçusu olur. Deməli ətraf
mühit, cəmiyyətdə aparılan təbliğat onlara
birbaşa təsir edir. Uşaq
günün çoxunu məktəbdə keçirir. Orada gördükləri də birbaşa olaraq ona təsir
edir. Danılmaz faktdır ki, bu gün məktəblərdə
müəllimlərin əksəriyyəti qadınlardan ibarətdir.
Hətta son vaxtlar idman, hərbi dərsləri
belə, qadın müəllimələrə həvalə
edirlər. Oğlan uşaqları kişi
cinsi ilə ünsiyyətdə olmalıdır. Bir neçə
dəfə şahidi olmuşam ki, uşaqlar məktəblərdə
kişi müəllimdən imtina edib
qadın müəllim istəyiblər. Bu, faciədir.
Qadın psixologiyası, qadın
davranışı başqadır. Heç olmasa, arada
uşaqlar zəhmli kişi cinsinin
energetikasını da götürməlidirlər. Onsuz da indiki dövrdə atalar işdə olur.
Axşam övladını görməyə
güclə vaxt tapırlar. Belə olan
halda, tərbiyəvi ünsiyyət arxa plana keçir. Uşaq isə evdə ananı, məktəbdə
qadın müəlliməni görür.
- Bəzən gün valideynlər
övladlarını tərbiyə etmək adı ilə
şiddət göstərirlər. Sizcə,
döymək tərbiyə üsuludurmu?
- Bəzi
məqamlarda razıyam, o da baxır adama. Misal
üçün, "Böyük dayaq” filmində Rüstəm
kişi oğluna bir sillə vurur. O sillədən sonra
oğlu sanki ayılır. Demirəm ki, döymək
mütləqdir. Döymək xilas metodu
deyil. Hətta şiddət bəzi
uşaqlarda kin yaradır və bu, onların hafizələrindən
asan silinmir. Mən bir tələbə
qız tanıyıram. Atası
ömründə bir dəfə ona sillə vurub. Ancaq o, 4 ildir ki, atasını
danışdırmır. Çünki bu
çox həssas bir məqamdır. Uşaqla
valideyn arasında uçurum yaranarsa, övlad bədbəxt
olar. Valideynlər mümkün qədər
səbrini basmalı, övlada şiddət tətbiq etməməlidirlər.
- Deyirlər, qız ataya daha çox
bağlı olur. Bəs sizdə necədir?
- Bu da fərqli
bir şeydir. Uşaq dünyaya göz
açanda, başının üzərində valideynlərini
görür. Uşağın qəlbi sevgi ilə
dolmalıdır. Maddi təminat da olsa, daha
yaxşı, olmasa da onun qəlbini sevindirməyin bir yolunu
tapmalıdır. Hər bir valideyn istəyər
ki, övladına bahalı, keyfiyyətli məhsul alsın.
Misal üçün, 50 manatlıq çantaya
gücü çatmır, 20 manatlığını
alır. Ancaq onu elə gözəl təqdim
edir ki, uşaq onu görəndə sevinir. Mən belə edirəm. Qızıma
fərqli bir çanta almışam və deyirəm ki, bunu
Kanadadan dostlarım göndərib. Uşaqlara
dünyanın gözəl olmağını təqdim etmək
lazımdır. Heç zaman icazə verməmişəm
ki, kimsə övladımın yanında ölkəmiz və
millətimiz haqqında mənfi rəy
formalaşdırsın. Tam ifrat yalan da
olmaz. Amma uşağın içindəki
o sevgini öldürmək olmaz.
- Nurayla dostsunuz?
- Əlbəttə ki, dostuq. Anası ilə daha
yaxındır. O, sirlərini bizimlə
bölüşür, məsləhət alır. Uşaq
vaxtı çox az suallar verirdi, indi isə
daha çox suallar verir. Bəzən elə
suallar verir ki, o sualların qarşısında aciz qalıram.
Çalışıram nə yolla olursa-olsun,
suala cavab tapım – tapa-tapa özüm də öyrənirəm.
Uşaq dünyaya göz açanda ilk
sualının cavabını valideynlərindən alır.
Düşünür ki, valideynlər hər
şeyi bilir və hər şeyi doğru deyirlər. Çünki alternativ variant görmürlər.
Mən də çalışıram ki, ona hər
şeyi olduğu kimi göstərim.
-
Nurayın sosial şəbəkə ilə münasibəti
necədir? Siz onun sosial həyatına müdaxilə
edirsinizmi?
- Mən Nuraya müstəqillik vermişəm. Onun yalnız "İnstagram” səhifəsi var. Dostluğunda ailə üzvləri, yaxın dostları var. Bilir ki, axşam saat 9-dan sonra telefondan istifadə etmək olmaz. Whatsapp-dan da çox istifadə etməyə icazə vermirik, çünki dərsləri ilə məşğul olmalıdır. Boş zamanımızda filmlərə baxırıq, onun baxdığı filmlərə də nəzarət edirəm. "Bozbaş” mahiyyətli filmləri mümkün qədər məhdudlaşdırmağa çalışıram. Onunla birlikdə köhnə Azərbaycan filmlərinə baxırıq. Danılmaz faktdır ki, bu günün uşaqları daha çox Türkiyə filmlərinə baxırlar və bu da onların danışıqlarına təsirsiz ötüşmür. Uşaqlara milliliyi təlqin etmək lazımdır.
- Qızınız
hansı bürcdəndir?
- At ilinin Əqrəb bürcüdür.
- Nurayda
at ilinin xarakteri özünü büruzə verirmi?
- Təbii
ki. Bu mənim sahəmdir. Nuraya
öncədən deyirəm ki, sənin bürcündə bu
kimi xüsusiyyətlər var, mənfiyə aparan xüsusiyyətlərin
bunlardır. Məsələn, aqressiya, hökmranlıq,
birincilik iddiası kimi hisslərin ola bilər
– onları aradan qaldır. Nuray o qədər də bürc
aludəçisi deyil. Heç vaxt gəlib demir ki, mənim
dostum, yaxud sinif yoldaşım filan bürcdəndir, mənimki
onunla tutmur. Bürc köməkçi vasitədir.
Əsas ana xətt isə həyatda
olanlardır.
- İki
ildən sonra Nuray ali məktəbə sənədlərini
verəcək. Onu hansı sahəyə istiqamətləndirəcəksiniz?
- Mən Nuraya sərbəstlik vermişəm. O artıq 3-cü qrupu
seçib. Qoy nəyi bacarırsa, onu da oxusun.
Hətta ona demişəm ki, oxumasan, yenə də
başqa bir sənət taparıq. Ancaq
görürük ki, çalışır.
- Bəs, bir ata kimi siz onu hansı
ixtisasda görmək istəyirsiniz?
- Mən
onu bir ata kimi xoşbəxt görmək istəyirəm. Ancaq qısa deyə bilmərəm ki, onu gələcəkdə
filan ixtisasda görmək istəyirəm. Biz
ailədə 5 qardaş olmuşuq. Biz
kiçik olanda atam hərəmizə bir ixtisas
"seçmişdi”. Ancaq onun dediklərinin
heç biri olmadı. Hamımız
müxtəlif peşələrin sahibi olduq. Mən real insanam. Hadisələrə
real yanaşmağı bacarıram. Romantikaya
qapılanların xəyal qırıqlığı çox
olur. İnsan təki özü öz
yolunu seçsin. Belə olanda, o yolun
şirini də, acısı da adama təcrübə
qazandırır.
Xəyalə Rəis
Kaspi 2017.- 17 noyabr.- S.11.