Təmkini “Xudafərin”dən
keçirərək, milliyə aparan yol
Onun əsas məqsədi Azərbaycanı
xaricdə təmsil etməkdir
Azərbaycan futbol ölkəsi deyil. Çox təəssüf
ki, ölkəmizdə son illərdə futbola yatırılan
investisiyalar, yaradılmış şərait bu gerçəyi
dəyişmir. "Qarabağ” son vaxtlar
öz uğurları ilə yerli futbolsevərləri sevincə
qərq etsə də, eyni sözləri ölkənin əsas
komandasına aid etmək olmur. Millimiz
DÇ-2018-in seçmə mərhələsinə inamlı
başlasa da, sonradan əldə etdiyi ardıcıl məğlubiyyətlərlə
ənənəvi 5-ci pilləyə kimi gerilədi. Lakin son seçmə mərhələdə millinin əsas
heyət üzvünə çevrilən bir neçə gənc
oyunçu azarkeşlərin qəlbində ümid
çırağı yandırdı.
Futbol komanda idman növüdür. Burda fərqlənmək,
diqqət mərkəzinə düşmək fərdi idman
növlərindən qat-qat çətindir. Fərqlənmək üçün həm ümumi
ansambla uyğunlaşmalı, həm də, meydandakı
üstünlüyünü komandanın xeyrinə istifadə
etməyi bacarmalısan. Son vaxtlar çox az
oyunçu yerli çempionatdakı çıxışı
ilə diqqət çəkərək, milli komandaya yüksəlməyi
bacarıb. Ancaq bir futbolçu son mövsümdə
sərgilədiyi oyunla millimizin artıq sabiq baş məşqçisi
olan Robert Prosineçkinin diqqət mərkəzinə
düşməyi bacardı. Söhbət
"Zirə”nin müdafiəçisi Təmkin Xəlilzadədən
gedir. Bu yazıda sizə 24 yaşlı sol
cinah müdafiəçisinin milliyə gedən yolundan bəhs
edəcəyik.
Məhəllədə başlayan karyera
Təmkin
Xəlilzadə 1993-cü il avqustun 6-da
Bakıda dünyaya gəlib. Hələ çox kiçik
yaşlarından top oyununa meyl salan Təmkin, məhəllədə
axşama kimi top ardınca qaçırdı. Hər
bir uşaq kimi onun da xəyalında nə vaxtsa böyük
futbolçu olmaq var idi. Lakin çox az
uşağın bu saf xəyalları gerçəkliyə
çevrilir. Çox az uşaq bu xəyallarının
reallaşması üçün var qüvvəsi ilə
mübarizə aparır. Bir çoxlarında
futbola olan həvəs məhəllədən evlərə
daşınır, bir vaxtların "ulduzlar”ı televiziya
qarşısındakı azarkeşlərə çevrilirlər.
Ancaq Təmkində belə olmur. Bu oyuna olan həvəsi, top qovmaq istəyi ildən-ilə
nəinki azalan, hətta artan kiçik Təmkinin atası,
oğlunun futbola yazılmaq istəyini yerini yetirir. Ata Xəlilzadə oğlunu dostu, futbol məşqçisi
olan Elbrus bəyə həvalə edir. Beləliklə,
Təmkin 10 yaşından "Xudafərin” klubunda top oyununun
sirlərinə yiyələnməyə başlayır.
O taylı, bu taylı Azərbaycanı birləşdirən
körpünün adını daşıyan komanda Təmkin
üçün ölkənin böyük komandalarına
keçiddə körpü rolunu oynamalı idi. Ancaq o, bu arzusunu reallaşdırmaq üçün
uzun müddət gözləməli olur.
24 oyunçu
arasından seçilən...
Bu
fürsət onun əlinə nə az, nə
çox, düz 6 il sonra düşür. Ölkənin
ən güclü klublarından olan "Qarabağ”ın U-17
komandasına seleksiya xarakterli seçimlər olur. "Xudafərin”in məşqçisi 24 yetirməsi
ilə bu seçimlərə qatılır. "Qarabağ”ın məşqçiləri
komandanın heyətində yalnız bir futbolçunu bəyənirlər
ki, bu da, Təmkin Xəlilzadə olur. Beləliklə, Təmkinin
"Qarabağ” macərası başlayır. Ağdam təmsilçisinin
U-17 komandasında top qovmağa başlayan yeniyetmə istedad, əvəzedici
heyətə kimi yüksəlməyi bacarır. Qısa müddətdə burda da ümidləri
doğruldan Təmkin, 2011/12 mövsümündən etibarən
"Qarabağ”ın əsas komandasına dəvət
almağa başlayır. O, ilk dəfə "Rəvan”la
oyunda əsas komandanın heyətinə daxil edilir. Ancaq gənc futbolçuya Ağdam təmsilçisində
şans qazanmaq heç də asan deyildi. İki
mövsüm ərzində "köhlən atlar”ın bir
neçə oyununu ehtiyat oyunçular skamyasından izləyən
Xəlilzadə, nəhayət, 2014/15 mövsümündə
debüt etməyə nail olur. Komandanın
baş məşqçisi Qurban Qurbanov 4 oyunda Təmkinə
şans verir. Lakin Xəlilzadənin "Qarabağ”ın
əsas heyətində möhkəmlənməsi çox
çətin idi. Onu burda Albaniya millisinin
üzvü Ansi Aqolli kimi təcrübəli futbolçu ilə
rəqabət gözləyirdi.
..."Zirə”də
parlayan istedad
Bu cür rəqabətin Təmkin üçün
çox çətin olduğu qənaətinə gələn
Qurban Qurbanov, növbəti mövsümdə onu icarəyə
- AZAL-a göndərir. Burda daim şans qazanan Təmkin, 8-i əsas
heyətdə olmaqla, cəmi 23 oyunda meydana çıxır.
Lakin gənc futbolçu AZAL-dan
ayrıldıqdan sonra "Qarabağ”a qayıtmır.
Xəlilzadə 2015/16 mövsümündə Premyer
Liqanın debütantı "Zirə”yə transfer olur. "Qartallar”
ilk mövsümdə heç kimin gözləmədiyi halda,
çempionatı 2-ci pillədə başa vurur. Bunda Təmkinin
də rolu az olmur. Belə ki,
qəsəbə təmsilçisinin o vaxtkı baş məşqçisi
Adil Şükürovun güvəndiyi oyunçulardan olan
futbolçu, 15-i əsas heyətdə olmaqla, cəmi 29
qarşılaşmada şans qazanır. Növbəti
mövsüm də bu cəhətdən fərqlənmir.
Hətta mövsümün gedişində
"Zirə”də baş vermiş məşqçi dəyişikliyi
də onun komandadakı mövqeyinə təsir etmir.
Şükürov kimi, ötən mövsümün
gedişində "Zirə”nin "sükanı arxasına”
keçən Ayxan Abbasov da Təmkinə əsas heyətin
üzvü kimi baxır. Xəlilzadə
komandasının Premyer Liqada keçirdiyi 28 oyunun 27-də
şans qazanır. Özü də,
hamısında start heyətində. Ötən
mövsüm Təmkin üçün daha bir hadisə ilə
əlamətdar oldu. Belə ki, o,
"Neftçi” ilə ev oyununda (3:0) Premyer Liqada ilk qoluna imza
atdı. "Zirə”nin mövsümün
sonunda 4-cü olaraq Avropa Liqasına vəsiqə
qazanmasında Xəlilzadə də əsas rol oynayır.
O, Avroliqada bir mərhələ keçən "qartallar”ın
bütün oyunlarında - 4 matçda da meydanda olur.
Milliyə
açılan qapı
Cari mövsüm isə Təmkinin karyerasında ən
uğurlu mövsümdür desək, yəqin ki,
yanılmarıq. O, "Zirə”nin bu mövsümdə keçirdiyi
bütün oyunlarda start heyətində meydana
çıxıb. Bu oyunlarda 4 qol vuran Xəlilzadə,
çempionatın bombardirlərindən cəmi 1 top geri
qalır. Onun "qartallar”ın heyətindəki
çıxışı millimizin son tsikldə baş məşqçisi
olmuş Robert Prosineçkinin də diqqətindən
yayınmadı. Xorvat mütəxəssis DÇ-2018-in
seçmə mərhələsi çərçivəsində
Norveçlə səfər, San Marino ilə ev
oyununda Təmkinə dəvət göndərdi.
Maraqlıdır ki, müdafiəçi bunadək
aşağı yaş qruplarından ibarət millilərin heyətində
heç bir rəsmi oyuna çıxmamışdı. Təmkin
aşağı yaş qrupları üzrə millilərin məşqçilərinin
diqqətini cəlb etməsə də, onun üzünə
birbaşa əsas yığmanın qapıları
açıldı.
Xəlilzadə
Norveçlə səfər oyununda (0:2) kənarda qalsa da, San
Marino ilə ev oyununda start heyətində
yer aldı və sonadək meydanda oldu. Müdafiəçi
millimizin 5:1 hesablı qələbəsinə töhfə də
verir. Belə ki, ikinci hissədə məhz
onun sol cinahdan reydindən sonra qapı önünə
ötürdüyü topu rəqib müdafiəçi öz
qapısına göndərdi. Təmkin
növbəti dəfə Almaniya ilə çətin səfər
oyununda (1:5) şans qazandı. Xəlilzadənin
bu iki matçdakı çıxışı yaxşı mənada
fərqləndi. Uzun müddət müdafiənin
sol cinahında problem yaşayan yığmamız, məhz Xəlilzadənin
timsalında bu problemi geridə qoya bilər.
Hücumdan
müdafiəyə, müdafiədən hücuma
Mövqedən söz düşmüşkən, Təmkin
futbola hücumçu kimi başlayıb. Lakin vaxt
keçdikcə məşqçilər onun yarımmüdafiədə
daha yararlı olduqları qənaətinə gəliblər.
"Qarabağ”da çıxış etdiyi
zaman yarımmüdafiədə oynayan Təmkin, "Zirə”də
daha çox müdafiəçi kimi çıxış
edir. Ancaq qəsəbə təmsilçisində
hərdən orta xətdə də görünür.
Bu gün dünya futbolunda sırf müdafiəçi
anlayışı demək olar, aradan qalxıb. Müdafiənin cinahlarında
çıxış edən arxa xətt oyunçuları
tez-tez irəli də çıxır, hücumların qurulmasında
yaxından iştirak edirlər. Müasir
dövrün müdafiəçiləri oyunlar zamanı vinger
vəzifəsini də yerinə yetirirlər.
Təmkin müdafiədə olduğu zaman da tez-tez
hücumda peyda olur. Təsadüfi deyil ki, o, bu mövsüm 4
qol vurmağı bacarıb.
Ölkə çempionatının cari mövsümündə, "Kəpəz”lə ev oyununda hamı onun əzmkarlığının da şahidi oldu. Təmkin qolsuz bərabərliklə davam edən matçın ilk hissəsinin son dəqiqələrində zədələnərək, fasiləyə axsayaraq yollansa da, ikinci hissədə ardıcıl iki qol vuraraq, komandasına qələbə qazandırdı. Onun əsas məqsədlərindən biri də, Azərbaycanı ölkə xaricində təmsil etmək, yəni legioner karyerası yaşamaqdı.
Kumiri hücumçu olan müdafiəçi
Hər bir uşaq kimi Təmkinin də kiçik yaşlarında kumiri olub. Uşaq vaxtı Ronaldinyonun pərəstişkarı olan Xəlilzadə, karyerasının ilk illərində braziliyalı kimi hücum xəttində çıxış etsə də, sonradan arxa xətdə şans qazanmağa başlayıb. Onun kumirinə olan sevgisi meydandakı oyununa da təsir edir. Bəlkə də, Təmkinin tez-tez hücumda görünməsinin səbəblərindən biri də uşaq vaxtından formalaşmış Ronaldinyo sevgisidi. Onun ən sevdiyi çempionat isə İngiltərə Premyer Liqasıdı.
Detektiv janrının həvəskarı
Təmkin asudə vaxtını sevdikləri ilə keçirməyə daha çox üstünlük verir. Onun mütaliə ilə də arası yaxşıdır. Xəlilzadə bir çox idmançıdan fərqli olaraq, kitab oxumağa da imkan tapır. Ən sevdiyi janr isə detektivdir. Əsasən, Aqata Kristinin əsərlərinə üstünlük verir. Yerlilərdən isə Çingiz Abdullayevin kitablarını mütaliə edir.
Portret
Təmkin "insan hədəflərini düzgün təyin etməli, bundan sonra isə inadla həmin hədəfə doğru irəliləməlidir” deyir. Onun əsas xüsusiyyətlərini sadalayarkən, ilk növbədə əzmkarlıq ön plana çıxır. Müdafiəçi "Qarabağ”da əsas heyətə düşməsə də, öz üzərində çalışaraq, hətta milliyə qədər yüksəlməyi bacardı. Deməli, öz hədəfini düzgün təyin edib və ona doğru inamla irəliləməkdədir.
Əzmkar, çalışqan, ambisiyalı, öz məqsədinə doğru inamla irəliləyən - Təmkinin portretini yaradarkən, bu xüsusiyyətlərini qabartmaq mümkündür. O, məhz bu xüsusiyyətləri sayəsində ölkə çempionatının liderlərindən olan komandalardan birinin əsas heyət üzvünə çevrilib. İndi onun qarşısında daha bir məqsəd - millinin əsas üzvlərindən birinə çevrilmək dayanır. Bunun üçün isə vaxtilə "Qarabağ”da bacara bilmədiyini etməli, Qurban Qurbanovun etimadını qazanmalıdır.
Elnur
Kaspi 2017.- 17 noyabr.- S.14.