“Türk filmləri həftəsi”
başa çatdı
Tamaşaçılar və yerli
kino xadimləri festivala böyük maraq göstəriblər
Noyabrın 16-da Nizami Kino Mərkəzində
3-cü "Türk filmləri həftəsi”nə
start verilmişdi.
Noyabrın 20-də başa çatan 5 günlük həftədə
biri-birindən maraqlı anlar
yaşanıb.
5 günlük
film bayramı
Bu beş gün ərzində tamaşaçılara hər gün 5 türk filmi təqdim olundu. Tamaşaçılar "Yeni dünya”, rejissor Bilal Babaoğlunun "Aşık”, Sinan Sertelin "Bir gün bir çoçuk”, Alper Çağların "Dağ-2” və Emre Konukun "Çırak” filmlərini ödənişsiz izləmək imkanı qazandılar. "Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə keçirilən festivalın əsas məqsədi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin isə Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdan ibarət idi. Bu məqsədlə film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçirildi, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparıldı. Sözügedən film həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşdı.
"Layihənin davamı gözlənilir”
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bizimlə söhbətində bu layihə ilə hər iki ölkə üçün böyük nəticələr əldə edildiyini dedi: "Əvvəla onu deyim ki, "Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşlərinin keçirilməsi çox təqdirəlayiq haldır. Bu layihə çərçivəsində hər iki ölkənin yaradıcı insanları birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar apardı. Kino aləmində yaradıcılıq mübadilələri edildi. Bu layihənin davamı da gözlənilir. Baxmayaraq ki 3 ildir davam edir, biz ümidvarıq ki, bundan sonra da onlarla sıx əməkdaşlıq edəcəyik. Dostluğumuz daha uzunömürlü olacaq. Siz özünüz də gördünüz ki, tədbirin açılışında hər iki ölkənin mədəniyyət nazirliyi, səfirliyi iştirak etdi. Proqrama nəzər yetirdikdə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ötən il ərzində çəkilmiş filmləri proqrama daxil edilməsinin şahidi olduq. Bu nəinki bizim, hətta tamaşaçıların da marağına səbəb olub”.
Y.Şeyxov əlavə etdi ki, dövlətlərarası mədəni əlaqələrin möhkəmləndirilməsi ilə bağlı saziş imzalanıb: "Bu layihə həmin saziş çərçivəsində həyata keçirilir. İstənilən nəticə, əlbəttə ki, əldə olundu. Azərbaycan tamaşaçıları maraqlı kino nümunələri ilə tanış oldular”.
"Türk filmləri həftəsi”nə maraq gözləniləndən artıq olub
"Türk filmləri həftəsi”nin ümumi koordinatoru Qılınc bəy "YeniŞafak” saytına açıqlamasında bildirib ki, festivala maraq gözlədiklərindən də artıq olub: "Gələn il çəkdiyimiz bütün filmləri ən böyük salonlarda göstərməyi nəzərdə tuturuq. Bəlkə də növbəti ildə iki film salonundan istifadə etdik. Çünki bu dəfəki tədbirimizdə bəzi filmsevərlərin yer tapmayıb geri döndüyünü, bəzilərinin də filmləri ayaq üstə izlədiklərinin şahidi olduq. Buna görə də növbəti günlər üçün nəzərdə tutduğumuz filmlərin nümayişi üçün daha böyük salonlar danışmalı olduq. Hətta 500 nəfərlik salonu danışıb, filmlərin bəzisini orada nümayiş etdirdik”.
Azərbaycan və Türkiyənin birgə mədəniyyətə sahib olduğunu xatırladan Qılınc bəy Türkiyədən gələn prodüserlərin və rejissorların da bu layihədə iştirak etdiyini deyib: "Gələcəkdəki hədəflərimizdən biri də Azərbaycanın sənət adamları ilə birlikdə bir layihəyə imza atmaqdan ibarətdir. Türk dünyasında filmlə bağlı layihələrimiz daha çox olacaq. Bundan sonra da bu dostluq münasibəti daha sıx və mədəni yaradıcılıq imkanları çərçivəsində davam edəcək”.
"Bu "həftə”miz böyük coşqu içərisində keçdi”
Nizami Kino Mərkəzinin kino işləri üzrə direktor müavini Arzu Əhədova "Kaspi”yə açıqlamasında bildirdi ki, "Türk filmləri həftəsi”nə tamaşaçılar tərəfindən böyük maraq var idi: "Bu film həftəsində tamaşaçılar gözlədiyimizdən də artıq müraciət etdilər. Biz 80 nəfərlik zal ayırmışdıq. Gördük ki, tamaşaçıların sayı həddən artıq çoxdur. Hətta oturacaqlarda yer tükənmişdi, tamaşaçıların bu qədər gələcəyini gözləmirdik. Pilləkənlərdə belə tamaşaçıların filmləri izlədiyinin şahidi olduq. Ona görə bazar günü tamaşaçı sıxlığını nəzərə alıb, "Dağ 2” filminin nümayişini böyük zalda təşkil etdik. Bu zalda 300-dən çox tamaşaçı var idi. İştirak edən bütün filmlərdə bu cür canlanma oldu”.
A.Əhədova bildirdi ki, bu "həftə”yə yerli rejissor və aktyorlarımız da təşrif buyurmuşdu: "Bizim yerli məşhurlar da bu layihədə iştirak etdilər. Onlara da nümayiş olunan filmlər maraqlı idi. Bundan başqa, film həftəsində türk aktyor və rejissorlarının özləri də iştirak ediblər. Onlar filmin sonunda tamaşaçılarla söhbət edir, fikir mübadilələri aparırdılar. Qısası, sizə onu deyə bilərəm ki, bu "həftə”miz böyük coşqu içərisində keçdi. Bizim üçün də çox maraqlı və rəngarəng bir tədbir oldu”.
Xəyalə Rəis
Kaspi 2017.- 22 noyabr.- S.12.