Əsas dilimizə olan
sevgidir
Dilimizin saflığının
qorunması istiqamətində başladılan işlər,
Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi gələcəyə
nikbin baxmağa əsas verir
"Azərbaycan dili xalqımızın mənəvi sərvəti,
dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməlidir. Bu səbəbdən də
onun qorunması və qayğı ilə əhatə
olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının
müqəddəs borcudur”. Ölkə
başçısı İlham Əliyevin dilimizin qorunması
istiqamətində verdiyi sərəncamlar dövlətimizin
atributlarından olan ana dilimizin qorunması istiqamətində
təkcə təssübkeşlik hisslərini artırmağa
deyil, həmçinin vətəndaşlıq mövqeyini
möhkəmləndirməyə
çağırışdır. Prezident
dilimizin vəziyyətindən, dil normalarının müxtəlif
sferalarda pozulmasından narahatdır. Bu günlərdə
dövlət başçısının sədrliyi ilə
Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi, eləcə
də yaxın aylarda prezidentin birbaşa
tapşırığı ilə keçirilən elmi-praktik
konfranslar bu istiqamətdə təkcə görüləcək
işlərin çoxluğundan xəbər vermir, həmçinin
hər bir azərbaycanlının dilimizin
saflığının və zənginliyinin qorunması
istiqamətində daşıdığı məsuliyyəti
xatırladır: "Ana dilini qorumaq hər bir vətəndaşın
borcudur. Biz dilimizi qoruyuruqsa, demək milli
kimliyimizi qoruyuruq”.
Heç şübhəsiz, Azərbaycan dilinin dövlət
dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf
etməsi həm də Azərbaycançılıq məsələsidir.
Dil
normalarının bütün sferalarda pozulmasından şikayətlənən
mütəxəssislər problemlə bağlı Milli Məclisdə
müzakirələrin aparılmasının, elmi-praktik
konfransların keçirilməsinin, KİV-də dilin təbliğinin
genişləndirilməsinin və s. tərəfdarı kimi
çıxış edirlər.
Elə bir ay öncə prezidentin
tapşırığı ilə keçirilən «Azərbaycan
ədəbi dilinin qorunmasında və inkişafında
KİV-in rolu» mövzusunda konfrans da ana dilimizlə
bağlı bu sahədə yaranan qüsurları gündəmə
gətirdi. "Hər bir xalqın dili təkcə həmin
xalqa mənsub insanlar arasında ünsiyyət vasitəsi
deyil, həm də daha çox onun tarixi yaddaşı, təfəkkür
tərzi, dünyagörüşü, mədəniyyəti və
psixologiyasının zənginləşməsi xəzinəsidir.
Ona görə də dövlət dilinin
saflığının qorunması, inkişaf etdirilməsi və
zənginləşməsinə xüsusi qayğı göstərilməsi
böyük əhəmiyyət kəsb edir»- deyə prezidentin
köməkçisi Əli Həsənov dilin
qorunmasının hər bir azərbaycanlının
daşıdığı vəzifə olduğunu
vurğuladı. Təbii ki, ictimai fikrə
təsir imkanları baxımından televiziya və radio, digər
kütləvi informasiya orqanlarından yüksəkdə
dayandığından bu sferada dil normalarının
pozulması daha böyük narahatlıq doğurur. Fasiləsiz təkmilləşən
informasiya-kommunikasiya sistemləri, texnoloji yeniliklərin insanlar
tərəfindən sürətlə mənimsənilməsi,
maneəsiz informasiya mübadiləsi imkanlarının
artması dövlət dilini zənginləşdirməklə
yanaşı, neqativ təsirlərə də məruz qoyur.
PA rəsmisi bu kimi halların həm cəmiyyətdə, həm
də onun güzgüsü olan kütləvi informasiya vasitələrində
özünü qabarıq şəkildə büruzə
verdiyini vurğuladı: "Təəssüf ki, tez-tez
KİV-də, o cümlədən elektron vasitələrdə
dövlət dilinin norma və prinsiplərinə
uyğun olmayan söz və ifadələrin işlədilməsi
müşahidə olunur”.
Alimlərin
təşəbbüskarlığı azdır
Dilimizin saflığının qorunması və zənginləşdirilməsi
istiqamətində prezidentin sərəncamı ilə
hazırlanacaq Tədbirlər Planı isə bu istiqamətdə
həlli vacib işləri ortaya çıxaracaq.
Dilçi alimlər dilimizin qorunması istiqamətində
atılacaq addımlar, Tədbirlər Planına salınacaq məsələlər
sırasında orfoqrafiya, orfoepiya, izahlı lüğətlərin,
eləcə də terminologiya lüğətinin hazırlanması,
reklamların dilinin qaydaya salınması, telekanallarda "Azərbaycan
dili” verilişlərinin yer alması, Az.TV-də və
İctimai Televiziyada Ana dili ilə bağlı akademiya
yaradılması, diktorlar, aparıcılar üçün
treninqlərin, kursların təşkili, bu istiqamətdə vəsaitlərin
çap olunması, bədii və tərcümə ədəbiyyatının,
eləcə də sosial şəbəkələrin dilinə
nəzarət və s. məsələləri qabardırlar.
Komissiyanın üzvü, AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli bir çox qurumların dilə
etinasız yanaşdıqlarını xüsusi
vurğulayır. Xüsusən, media orqanlarında, o cümlədən
reklamlarda dildən istifadə bərbad vəziyyətdədir:
«Xüsusən saytlarda dil normalarının pozulmasına
geniş şəkildə rast gəlinir. Bütün
bunlar ana dilinə sevginin olmamasından irəli gəlir».
İ.Həbibbəyli yeni orfoqrafiya
qaydalarının yaranmasına ehtiyac olduğunu bildirir
«Orfoqrafiya lüğətinə daxil olan sözlər Azərbaycan
dilinin işlək sözlərini müəyyən edəcək.
Müstəqillik dönəmində yeni
orfoqrafiya lüğətinin hazırlanmasını dilin
qorunmasının təməli hesab edirəm». Akademik həmçinin,
orfoepiya lüğəti probleminin olduğunu deyir: «Biz işlək,
yeni qaydalara uyğun Orfoepiya lüğəti
hazırlamalıyıq. Alimlərimizin bu istiqamətdə
televiziya kanallarında, mətbuatda çıxış etmələrinin
tərəfdarıyam. Ancaq alimlərin bu
istiqamətdə təşəbbüskarlığı
azdır. Təkcə çevrədə müzakirə
etməklə heç nəyə nail olmaq olmaz”.
Dilin qorumağın təkcə dilçilərin vəzifəsi
olmadığını deyən AMEA Dilçilik
İnstitutunun direktoru, Dil Komissiyasının üzvü
akademik Möhsün Nağısoylu "Kaspi”yə
açıqlamasında dilin qorunması istiqamətində
maarifləndirmə işini gücləndirmək və məsuliyyət
hissini artırmağın əsas vəzifələrdən
olduğunu bildirdi: "Əvvəllər bir-iki qəzet
çap olunurdu. Bu gün isə qəzetlərin sayı həddən
artıq çoxdur. Həmçinin əvvəllər
bir televiziya vardı, bu gün çoxlu telekanal
yayımlanır. İlk növbədə
dili yaxşı bilmək və ona hörmətlə
yanaşmaq lazımdır. Peşəkarlıq və məsuliyyət
hissinin artırılmasına ehtiyac var. Telekanal rəhbərləri
kadr seçimində məsuliyyət hiss etməlidirlər. Hazırda aparıcılar ən çox artistlər
və ya müğənnilər arasından seçilir.
Xarici görünüşə diqqət verilməsi
təbiidir. Ancaq onların Azərbaycan
dilində səlis danışa bilmələri nəzərə
alınmalıdır. Təbii ki, hər kəs natiq ola bilməz. Bu baxımdan məsələyə
hərtərəfli yanaşmaq lazımdır”. Akademik
dilin qorunması istiqamətində cərimələrin tətbiqini
də variantlardan biri hesab edir: "Fikrimcə, qurumlar
üçün cərimələr tətbiq olunsa, bu, məsuliyyət
hissini artırar. Artıq tariflərin müəyyənləşməsi
ilə bağlı layihəni Nazirlər Kabinetinə təqdim
etmişik”.
Azərbaycan
dili verilişlərinə ehtiyac
Dil Komissiyasının üzvü, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov bizimlə
söhbətində Azərbaycan dilinin dövlət dili kimi tədrisinə
geniş imkan yaratmağın vacibliyini vurğuladı. Belə ki, Ana dili ali məktəblərin hər bir fakültəsində
tədris olunmalıdır:
"Ali məktəblərdə tədris olunan "Azərbaycan
dili” və "Nitq mədəniyyəti”nə ayrılan
saatlar nisbətən çoxalmalıdır”. Professor bır sıra görkəmli ziyalıların,
öz sahəsinin peşəkarı olan insanların doğma
ana dilində səlis danışa, öz sahəsi ilə
bağlı fikrini Azərbaycan dilində ifadə edə, yaza
bilməməsindən narahatlığını ifadə edir:
"Bu, o deməkdir ki, Azərbaycan dilinin həm nəzəri,
həm də praktik cəhətdən imkanlarından bir qisim
ziyalılarımız düzgün faydalana bilmirlər”. B.Xəlilov
hesab edir ki, dilə münasibətdə vacib məqamlardan biri
sevginin formalaşdırılmasıdır: "Dili sevməsən
tədris edə bilməzsən. Hesab edirəm
ki, televiziya kanallarında Azərbaycan dili verilişləri
açılmalıdır. Bu verilişlər
isə nəzəri materiallardan ibarət olmamalıdır.
Verilişlərdə dili sevdirən ədəbi-bədii
nümunələr səslənməli və izah
olunmalıdır ki, tamaşaçı dili sevə bilsin.
Bunun üçün Azərbaycan ədəbiyyatı
tarixində kifayət qədər sanballı nümunələr
var”. Filoloq həmçinin yazı mədəniyyətinin
formalaşmasına ehtiyac olduğunu deyir: "Yazı mədəniyyəti
kifayət qədər aşağı səviyyəyə
enib. Orta məktəb şagirdləri müstəqil
şəkildə ərizə, esse və ya inşa yazmaqda əziyyət
çəkirlər. Ona görə də
orta məktəbdə yazı vərdişlərini
aşılamaq üçün tədbirlər planı
hazırlamaq lazımdır. Universitetdə
oxuyan tələbələrin də yazı vərdişlərində
problemlər var. Onların dilin tələblərinə
yaxından bələd olmaları üçün yollar
axtarmaq lazımdır”. B.Xəlilov dilin
qorunması istiqamətində KİV-in üzərinə
böyük məsuliyyət düşdüyünü
bildirir. Professorun sözlərinə
görə, mətbuat, radio və televiziyanın dilində
çoxlu qüsurlar var. AMEA-nın Dilçilik İnstitutunun
Monitorinq şöbəsi bu istiqamətdə monitorinqlər
aparıb qüsurları ictimaiyyət üçün
açıqlasa da, görülən işlər qənaətbəxş
deyil. Belə ki, Monitorinq şöbəsinin işini
planlı şəkildə qurmaq lazımdır:
"Televiziyaların bu məsələdə məsuliyyət
hiss etmələri üçün Dil Komissiyası bu istiqamətdə
də tədbirlər planı hazırlayacaq. Aparıcıların,
diktorların danışığına nəzarət
planı hazırlanmalıdır”. B.Xəlilov
görüləcək işlər sırasında dialektoloji
sahədə tədqiqatların aparılması, Azərbaycan
dilinin izahlı lüğətinin sistemli şəkildə
qaydaya salınması, reklamların dilinə nəzarətin
artırılması, dublyajın keyfiyyətinin
yaxşılaşdırılması, tərcümələrin
dilinin peşəkarlaşdırılması və s. məsələləri
diqqətdə saxlamağın vacibliyini bildirir: "Filmlərin,
bədii əsərlərin tərcüməsinə xüsusi
diqqət yetirilməlidir. Eləcə də
internet resursların geniş meydan aldığı dövrdə
dil xətalarının olmaması üçün elektron dərslik,
lüğət və kitablar mükəmməl işlənməlidir”.
Hər kəsin üzərinə düşən vəzifə
"Azərbaycan dilinin tələffüz qaydalarına uyğun ortaya çıxarılası bir lüğət hazırlanmayıb. Düzdür, müxtəlif vəsaitlər var, ancaq onlar dilimizin qaydalarını olduğu kimi əks etdirmir” – deyə dilçi alim Nadir Abdullayev qəzetimizə açıqlamasında xüsusən KİV-də dil normalarının bir neçə istiqamətdə pozulmasından narahatlığını ifadə etdi: "Sözlərin orfoepik qadalarının pozulması halları baş alıb gedir. Yazılışı ilə deyilişi arasında fərq olan sözlər yazıldığı kimi deyilir. Sözlərin vurğusu ilə bağlı da qüsurlar çoxdur”. Alim hesab edir ki, qüsurlarla bağlı problemləri təkcə televiziya əməkdaşlarının üzərinə atmaq olmaz. Belə ki, onların düzgün tələffüzlə bağlı istifadə edə biləcəyi sanballı bir vəsait yoxdur: "Televiziya və radio aparıcılarının danışığı etalon sayılmalıdır. Xalq onların dilindən bütün informasiyaları eşidir. Ancaq onlara bu sahədə nəzarət yoxdur. Əvvəllər onlar dillə bağlı ənənəvi kurslara cəlb olunurdular. Məsələn, diktor Azərbaycan-Ermənistan sərhədi barədə danışanda elə danışır ki, sanki bir təntənədən xəbər verir. Və yaxud hansısa bir faciə haqqında sanki heç bir şey olmamış kimi xəbər verirlər. Telekanallara xüsusi mütəxəssislər dəvət olunmalıdır ki, aparıcılarla kurs keçsinlər”.
Təbii ki, dilin qorunması istiqamətində vətəndaş cəmiyyətinin üzərinə də böyük məsuliyyət düşür. Komissiyanın üzvü, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı bu məsuliyyəti nəinki etiraf edir, bu sahədəki problemləri birgə həll etməyə çağırır: "Dilimizin terminoloji cəhətdən zənginləşməsi, türk dilləri ilə əlaqəsi, elmi, fəlsəfi, tarixi üslublarının inkişafı, beynəlxalq imicinin güclənməsi, rusdilli məktəblərdə ana dilinin yüksək səviyyədə tədrisi, reklam məsələləri, xarici ölkələrdən gələn brend adların işlənmə mexanizmi və s. məsələlərdə problemlər var. Bundan əlavə, KİV-də ədəbi dil normaları pozulur. Bu problemlərin həlli üçün hər kəs üzərinə düşən vəzifəni icra etməlidir. Bu baxımdan, QHT-lərin, dillə bağlı akademiyadan kənar müəssisələrin öhdəsinə daha ciddi vəzifələr düşür”.
Dil Komissiyası dilimizin saflığının qorunması və zənginləşməsi istiqamətindəki problemləri qabardacaq və həlli yolları üçün addımlar atılacaq, bu şübhəsizdir. Əsas olan hər kəsin vətəndaşlıq mövqeyi və Ana dilimizə olan sevgidir. Bu sevgi olandan sonra bütün qaydalara əməl olunacağı istisnasızdır.
Dayandur
Tağıyev
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün hazırlanıb.
Kaspi 2017.- 22
noyabr.- S.10.