Hamı ilə həmfikir olub, yeni söz
demək mümkün deyil
Muxtar Kazımoğlu: “Klassik irsə
ayıq gözlə baxmaq, çağdaş ədəbiyyatın
işıqlı tərəflərindən biridir”
–
"Oxu kitablarında vətənpərvərlik dərsləri”
yazınızda qeyd edirsiniz ki, uşaq sual verirsə, demək,
oxuduğunun doğruluğuna şübhə ilə
yanaşır. Şübhə həqiqəti tapmaq
üçün vasitə deyilmi, sual verməyən uşaq həqiqəti
necə tapa bilər?
– Nəyəsə şübhə ilə yanaşıb həqiqətin izinə düşmək məlum və məşhur bir məsələdir. Hüseyn Cavid də "Şübhədir həqiqətin anası” söyləyir. Uşaq dərsdə sadəcə olaraq, öyrənmək üçün sual verir, uşağın hansısa bir həqiqət dalınca düşmək iddiası olmur. Böyüklərə gəlincə, qeyd etməliyik ki, hər hansı alim araşdırdığı mövzuya, daha doğrusu, o mövzu ilə bağlı əvvəllər deyilmiş fikirlərə şübhə ilə yanaşmasa, elmdə yeni söz deyə bilməz. Və yaxud hər hansı yazıçı tapdanmış yolla gedib fərqli bədii əsər yarada bilməz. Hamı ilə həmfikir olub, yeni söz demək, əlbəttə, mümkün deyil.
– Ədəbi
prosesi nə dərəcədə izləyə bilirsiniz və
bu prosesdə görünən mənzərə barədə
qənaətiniz necədir?
– Ədəbi prosesi mütəmadi izləyə bilməsəm də, oradakı ümumi ab-havadan xəbərim var. Müasir ədəbiyyatda xoşuma gələn cəhətlərdən biri forma-üslub axtarışlarının geniş vüsət almasıdır. Bu gün şeir, nəsr və dramaturgiyada forma-üslub axtarışları aydın sezilir. Kamal Abdullanın yaradıcılığı buna bariz nümunədir. Postmodern biçimdə qələmə alınmış "Yarımçıq əlyazma”da və yaxud "Casus”da məlum obrazlar oxucuya yeni mahiyyətdə təqdim olunur. Yazıçı "Dədə Qorqud” dastanındakı epizodik Boğazca Fatma obrazı üstündə maraqlı bir süjet qurur. "Heç nəyə birtərəfli yanaşmaq, heç kimi bütləşdirmək olmaz” mesajını oxucuya novatorcasına çatdıra bilir. Düşünürəm ki, klassik mədəni irsə ayıq gözlə baxmaq çağdaş ədəbiyyatın ən işıqlı tərəflərindən biridir.
– "Müasir Azərbaycan nəsrində psixologizm” kitabınızda hadisələrin insanda yaratdığı duyğu və düşüncələrin nəsr üçün xüsusi təsvir predmeti olmasından bəhs edirsiniz...
– Bəli, qəhrəmanın duyğu və düşüncələrinin xüsusi əksetdirmə predmetinə çevrilməsi psixoloji nəsr üçün aparıcı cəhətdir. Psixoloji nəsr qeyri-psixoloji nəsrdən, qəhrəmanın könül dünyasına güzgü tutması ilə fərqlənir, hadisələr bizə bu güzgüdən təqdim olunur. Dünyaya, ətrafda baş verənlərə məhz bu güzgüdən baxırıq. Bu fərqi daha aydın başa düşmək üçün eyni müəllifin ayrı-ayrı əsərlərinə nəzər yetirmək kifayətdir. Məsələn, Anarın "Dantenin yubileyi” povesti ilə "Macal” povestini müqayisə eləsək, əlbəttə, daha çox "Macal”dakı hadisələrin psixoloji yöndə təqdim edildiyi məlum olar. Burada söhbət üslub fərqindən gedir. "Dantenin yubileyi”ndə Kəbirlinskinin daxili düşüncələri müəllifə o qədər də maraqlı deyil. Yazıçını maraqlandıran Kəbirlinskinin kimlə nə danışdığı, hara getdiyi, nə ilə məşğul olduğu məqamlardır. Mirzə Cəlil də öz oxucusuna Novruzəlini, Usta Zeynalı bu cür tanıdır. Yəni Novruzəli, Usta Zeynal və Kəbirlinski nümunələrində qəhrəmanın kənardan görünən hərəkət və davranışını təsvir etmək obraz yaratmağın mühüm bir forması kimi özünü göstərir. "Macal” povestində isə forma dəyişir. Bu əsər başdan-başa Fuadın düşüncələri əsasında qurulub. Fuad iş-gücə başı qarışan, baş qaşımağa macal tapmayan bir adamdır. Əsərin adı da burdan qaynaqlanır. Akvariumdakı balıqlara yem verməyə, öz ata-anasına baş çəkməyə Fuadın vaxtı-macalı yoxdur. Baş qəhrəmanın ən böyük arzusu "özü ilə görüşə” bilməsidir. "Qayğı”lar məngənəsində qalan bu adamın daxilində ikiləşmə baş verir, içində baş qaldıran iki səs onu müşayiət etməyə başlayır. Bu səslərdən biri Fuadın öz səsi, digəri isə onun ünsiyyətdə olduğu adamların səsidir. Fuad özünə ətrafdakı adamların gözü ilə baxır və hadisələr bizə onun daxili monoloqları vasitəsilə təqdim olunur. Daxili monoloq povestdə təhkiyənin əsas strukturuna çevrilir.
–"Hüseyn
Cavid və mifoloji düşüncə” yazınızı
oxuyarkən adamda belə bir fikir əmələ gəlir: ən
uğurlu əsərlər mifologiyaya, folklora, yəni dolayısı ilə
keçmişə bağlı olanlardır. Dünya ədəbiyyatında
da belədir. Hər seçilən əsərin mütləq
qədim mətnlərlə bir bağlılığı
olur. Sizcə, niyə belədir?
– Hər seçilən müasir bədii əsərin qədim mətnlərlə bağlı olmasının əsl səbəbini bilmək istəyiriksə, indi ilə keçmiş, çağdaş insanla qədim insan arasındakı fərqlərin şərti və nisbi mahiyyət daşımasını yaddan çıxarmayaq gərək. Bu gün, hansı ölkədə yaranmasından asılı olmayaraq, dünya ədəbiyyatı vahid ədəbi proses kimi meydana çıxırsa, qədim dövrlərdə də mifologiya ayrı-ayrı xalqlarda məhz vahid dünyagörüş sistemi kimi meydana çıxıb. Təsadüfi deyil ki, folklorşünaslıqdakı müxtəlif məktəbləri bir sual daha çox düşündürüb: dünyanın ayrı-ayrı ölkələrində, bir-birindən çox-çox uzaq məsafələrdə yaşayan xalqların folklorundakı süjetlər, qəhrəmanlar niyə bu qədər oxşardır, bu, təxəyyül yaxınlığı nədən irəli gəlir? Cavablar müxtəlif olub. Məsələn, mifoloji məktəb bu oxşarlığı xalqların qohumluğu ilə, miqrasiya məktəbi tarixdə baş verən müxtəlif yürüşlərlə əlaqələndirib. Nəhayət, antropoloji məktəbin nümayəndələri göstəriblər ki, heç bir qohumluq və mədəni əlaqələri olmayan, bir-birini tanımayan xalqların da folklorundakı oxşarlıq insan psixikasının oxşarlığı ilə bağlıdır. İnsanın mifoloji düşüncəsi onun harada, hansı ölkədə yaşamasından asılı olmayaraq çox oxşardır. Yəni Afrikada da, Azərbaycanda da insan insandır, ətrafda baş verən hadisələr insanlarda oxşar təəssürat doğurur. O ki qaldı yazılı ədəbiyyata, şübhəsiz ki, yazıçılar üçün mif çox cəlbedici bir aləmdir. Yazıçıların araya-ərsəyə gətirdikləri mətnlər mifoloji çalarlarla zəngindir. Romantizm cərəyanının nümayəndələri bu baxımdan xüsusilə seçilirlər. Mistik obrazlara – mələk, iblis, skelet obrazlarına romantiklərin yaradıcılığında tez-tez rast gəlirik. Romantik sənətkar bu mistik obrazlar vasitəsilə qəhrəmanın daxilindəki ziddiyyətləri daha qabarıq, daha dolğun ifadə edə bilir. Hüseyn Cavid yaradıcılığında belə nümunələr çoxdur. Mifdən, mifoloji düşüncə tərzindən ustalıqla istifadə çağdaş ədəbiyyata da xüsusi təravət və özünəməxsusluq gətirir. Yusif Səmədoğlunun "Qətl günü” romanı, Mövlud Süleymanlının "Şeytan” povesti bu qəbildəndir.
–Yazılarınızın
birində qeyd edibsiniz ki, uşaq vaxtı ananız sizə
nağıllar danışarmış. Ədəbi və elmi
fəaliyyətinizi folklor istiqamətində davam etdirməyinizdə
bu faktın təsiri varmı?
–Heç şübhəsiz, var. Uşaq vaxtı anamdan eşitdiyim nağıllar, yəqin ki, mənə öz təsirini göstərib. Amma bu təsiri yalnız nağıl məsələsi ilə məhdudlaşdırmaq istəməzdim. İstər nağıl danışanda, istərsə də adi söhbət eləyəndə, anam, eləcə də atam, əmim, əmcanım (yəni əmim arvadı) və başqaları canlı bir "dil”lə danışardılar. O "dil”in nə qədər canlı, şəhd-şirəli olmasını adam sonralar – quru kitab dili ilə hər gün əlləşib-vuruşmağa başlayanda başa düşür. Bilirsiniz ki, bədii ədəbiyyatda, xüsusən təhkiyə üstündə qurulan nəsr əsərlərində təsvirə çətin gələn məqamlardan biri qəhrəmanın psixoloji vəziyyətidir. Bu saat sizinlə danışa-danışa canlı danışıq dilində psixoloji vəziyyəti ifadə edən maraqlı deyimin işlənmə məqamını yadıma salıram: Anam xəstələnib. Əmcanım onun halını xəbər alır. Anam belə deyir: «Səhərə kimi göydən asılı qalmışam». Anam bununla ağrıdan səhərəcən yata bilməməyini bildirmək istəyir. Canlı dilə başqa misal. Anamdan əmim oğlunun kənddə nə iş gördüyünü soruşuram. Anam deyir: «Nə iş görəcək?! Uzun gedib, gödək gəlir. Küçələrin əyrisini düzəldir”. Anam bununla əmim oğlunun kənddə boş-bekar gəzib-dolanmasını bildirmək istəyir. Canlı danışıq dilinin bir gözəlliyi də arxaik qatları özündə qoruyub saxlamasıdır. Anamdan eşitdiyim iki ifadəni misal çəkmək istəyirəm: "Dilimə Tanrı qutu dəyməyib. Bir tikə yemək ye, ürəyində qut olsun”. Bu cümlələrdəki «qut» sözü yazılı abidələrimizdə, o cümlədən «Dədə Qorqud» dastanında gördüyümüz bir sözdür. Belə misallarla zəngin olan xalq danışıq dili tək mənə yox, sözlə az-çox bağlı olan hər bir kəsə öz təsirini göstərir.
– Muxtar müəllim,
Folklor İnstitutunun direktoru kimi deyə bilərsinizmi,
hal-hazırda folklorun həll edilməyə daha çox
ehtiyacı olan, problemli sahəsi hansıdır? Yəni təhlilə
açıq olan hansı mövzu daha çox işlənməlidir?
– Folklor çox geniş anlayışdır. O həm sözdür, həm hərəkətdir, həm də maddi material. Şifahi ənənə üzərində formalaşan mədəniyyətə aid nə varsa, folklordur. Çox təəssüf ki, bizdə folkloru ancaq şifahi xalq ədəbiyyatı kimi qəbul edənlər daha çoxdur. Bir misal çəkim: tələbə vaxtı "Şifahi xalq ədəbiyyatı” adlı bir kitabdan imtahan vermişdik. Universiteti bitirdik və o fənni bizə tədris edən müəllim həmin kitabı "Azərbaycan folkloru” adı ilə təkrar nəşr etdirdi. Kitabın adı dəyişdi, amma içi dəyişmədi. Nə üçün? Əsas səbəb müəllimimizin folkloru yalnız şifahi xalq ədəbiyyatı hesab etməsi idi. Müəllimimiz nəzərə almırdı ki, şifahi xalq ədəbiyyatı folklorun əsas sahələrindən biridir. Xalq ədəbiyyatı ilə yanaşı, xalq rəqsləri, xalq musiqisi, xalq təbabəti, xalçaçılıq, toxuculuq, xalq mətbəxi, xalq memarlığı və s. kimi sahələri də əhatə edən folklorda şifahi şəkildə yaranma və şifahi şəkildə nəsildən-nəslə ötürülmə bütün bu sahələr üçün ortaq cəhətdir. Folklorun əsl mahiyyətini bu cəhəti nəzərə almaqla doğru-düzgün başa düşmək olar. Söhbəti konkret olaraq xalq ədəbiyyatının üstünə gətirsək, qeyd etməliyik ki, bu ədəbiyyat şifahi ifa prosesi ilə qırılmaz surətdə bağlıdır. Hər hansı nağıl, dastan, bayatı… ifa olunduğu proseslə bir yerdə folklor hadisəsidir. İfa prosesindən ayrı götürülmüş nağıl, dastan və bayatı mətni folklor haqda tam təsəvvür yarada bilmir. Vaxtilə Aşıqlar Qurultayında professor Bülbül folklorşünaslara irad tuturdu ki, «Koroğlu» dastanlarındakı şeirlər aşıq havaları nəzərə alınmadan nəşr edilir. İrad haqlı iraddır. Doğrudan da, hər hansı bir dastan çap olunarkən onun musiqi konteksti xüsusi olaraq nəzərə alınmalı, dastanı aşığın necə söylədiyi, hansı şeiri hansı hava üstündə ifa etdiyi ortaya qoyulmalıdır. İfa konteksti xüsusi nəzərə alınmalı olan janrlardan biri bayatılardır. Bayatıların toy və yas mərasimlərində, "Halay”, "Gülümey” və "Haxışta” oyunlarında, tənbur məclislərində oxunması bəllidirsə, deməli, həmin janrı adları çəkilən ifa kontekstlərində qeydə almaq və məhz o şəkildə də araşdırmaq lazımdır. Bu gün Azərbaycan folklorşünaslığında bu yöndə toplama, tərtib və araşdırma işlərinin aparılmasına böyük ehtiyac var.
– "Komik Qəhrəman.
Molla Nəsrəddin” məqalənizdə sıravi
adamların həyatını əks etdirən lövhələrin
komik əsərlərdə aparıcı yer tutduğunu qeyd
edirsiniz. Məsələn, göstərirsiniz
ki, Nizami Gəncəvi "Xəmsə”sində çoban, əkinçi
və kərpickəsəni belə, uca bir mərtəbəyə
qaldırıldığı halda, Mirzə Cəlilin əsərlərində
kəndlinin, bənnanın "göylərlə işi
yoxdur”. Nə üçün Cəlil Məmmədquluzadə
o qədər əzəmətli obrazlardan sonra Novruzəliyə
müraciət etdi?
–Ona görə ki, Cəlil Məmmədquluzadə bir realist sənətkar kimi ədəbiyyata öz mövzusu, öz qəhrəmanları və öz üslubu ilə gəlmək istəyirdi və gəldi. Əli Nazimin sözləri ilə desək, Cəlil Məmmədquluzadə ədəbiyyatın müqəddəs məbədinə Məhəmmədhəsən əminin eşşəyi ilə daxil oldu. Bu obrazlı cümlənin arxasında çox böyük elmi həqiqət dayanır. Əli Nazim demək istəyir ki, Xosrov, Bəhram, Şirin kimi qəhrəmanlar artıq Mirzə Cəlili maraqlandırmır, onun əsas hədəfi Novruzəli, usta Zeynal kimi adidən də adi insanlardır. Böyük sənətkar "Molla Nəsrəddin” jurnalının ilk nömrəsində əbəs yerə demir: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”. Məzəli bir dillə qələmə aldığı bu adamlarda Mirzə Cəlili ağrıdan cəhət onların qəflət yuxusunda olub zamanla ayaqlaşa bilməməyi, ruhani cildinə girmiş Şeyx Nəsrullah kimi bir lotunun əlində oyuncağa çevrilməsidir.
–Şeyx Nəsrullaha
"mənfi əvəzedici” deyə bilərikmi?
–Şeyx Nəsrullah mənfi əvəzedici deyil. Mənfi əvəzedici də folklorda müsbət əvəzedici kimi əkizlər mifi ilə bağlı bir obrazdır. Şeyx Nəsrullahı «Ölülər» tragikomediyasındakı faciəvi İsgəndər obrazı ilə paralel götürüb onları birlikdə mifoloji qardaş baxımından təhlil etmək çətindir. Söhbətimiz aydın istiqamətdə getsin deyə mənfi əvəzedici saydığımız obrazın bir-iki səciyyəvi cizgisini yada salsaq, qeyd etməliyik ki, mifoloji təsəvvürə görə, əkizlər arasında rəğbət və məhəbbət olduğu kimi, rəqabət və ədavət də ola bilər. Bir-birinə rəqib olan əkizlər ayrı-ayrılıqda xeyrin və şərin təmsilçisinə çevrilirlər. Bu arxaik təsəvvürün folklorumuzda elementlərini axtarıb tapmaq elə də çətin deyil. Məsələn, belə elementlər «Dədə Qorqud» dastanında Basat – Təpəgöz, Beyrək – Yalançı oğlu Yalancıq münasibətləri çərçivəsində qabarıq ifadəsini tapır. Təpəgözü Basatla birlikdə iki süd qardaşı kimi böyütməkdə Alp Aruzun niyyəti aslan südü ilə bəslənən Basatın gücünü (o cümlədən Oğuz elinin qüdrətini) birə-beş artırmaqdır. Bildiyimiz kimi, Alp Aruzun bu niyyəti baş tutmur. Hərəkətləri Alp Aruzun niyyəti ilə qətiyyən bir araya sığmayan Təpəgöz, nəticədə Basatın həqiqi yox, yalançı qardaşı timsalında qarşımıza çıxır. Ona görə yox ki, Təpəgözlə Basatın ata-anası ayrıdır. Ən çox ona görə ki, Təpəgözlə Basatın bir obraz olaraq mifoloji semantikası başqa-başqadır. Basat xeyri təmsil etdiyi halda, Təpəgöz şəri təmsil edir. Şər təmsilçisi xeyir təmsilçisinin həqiqi yox, yalançı qardaşı ola bilər. Başqa sözlə desək, Təpəgöz Basatın müsbət yox, mənfi əvəzedicisi ola bilər. Bu sözləri Yalançı oğlu Yalancıq barədə də demək mümkündür. Yalançı oğlu Yalancıq dastanda Bamsı Beyrəyin yaxın yoldaşlarından, arxadaşlarından biridir. O dərəcədə yaxın ki, Beyrək öz nişanlısı Banıçiçəyin toxuduğu köynəyi ona (Yalançı oğlu Yalancığa) bağışlayır. Belə bir münasibətin müqabilində Yalançı oğlu Yalancıq Beyrəyə sadiq olmalı, Beyrəyə münasibətdə Qazan, Uruz, Qaragünə, Qarabadaq tutan mövqeyi tutmalıdır. Amma Yalançı oğlu Yalancıq tamamilə əks mövqe tutur. Bütün igidlər Beyrəyin yoxa çıxmasından narahat olduğu, üzüntü keçirdiyi və onun tapılmasına çalışdığı halda, Yalançı oğlu Yalancıq fürsətdən istifadə edib Beyrəyin nişanlısı ilə evlənmək fikrinə düşür. Nəticədə Yalançı oğlu Yalancıq yalançı adaxlı timsalında ortaya çıxıb həqiqi adaxlı olan Beyrəklə paralellik yaradır. Mənfi əvəzedicilərin, yəni xatırlatdığımız misallarda yalançı qardaş və yalançı adaxlının mifoloji funksiyası öz məğlubiyyəti ilə baş qəhrəmana güc-qüvvət vermək, onun güc-qüvvətini birə-beş artırmaqdır.
Mənfi əvəzedicinin – yalançı qəhrəmanın qısaca olaraq sadaladığım bütün bu cəhətləri içərisində Şeyx Nəsrullaha şəksiz-şübhəsiz aid edilən cəhət onun (Şeyx Nəsrullahın) qorxunc qara qüvvə daşıyıcısı olmasıdır. Təpəgöz və Yalançı oğlu Yalancıqdan bu qara qüvvənin başlıca fərqi sonda məğlubiyyətə uğramamağında, ətrafdakı adamları zəlil vəziyyətə salıb Kefli İsgəndərin təsir imkanlarını heçə endirməsindədir. Finalda Şeyxin iç üzünün açılması və İsgəndərin bu fürsətdən istifadə edib "diri ölülər”i acı qınaq hədəfinə çevirməsi nikbinlik üçün heç bir əsas vermir. İnanmaq olmur ki, Şeyx Nəsrullah fırıldaqçı kimi aradan çıxandan sonra Kefli İsgəndər özündə güc-qüvvət tapıb cəhalət və rəzalətə rəşadətlə sinə gərə biləcək. Deməli, Kefli İsgəndər nə Basatdır, nə Beyrək. Kefli İsgəndər İsfahan şeyxlərinin at oynatdığı Hacı Həsənlər, Kərbəlayı Fatmalar mühitində məğlub bir qəhrəmandır. Məğlub qəhrəmanın müsbət və ya mənfi əvəzedicisinin olması mif modelinə uyğun gəlmir.
– Bir neçə
kitabınızda o dünya ilə bağlı fikirlərə
rast gəlmək olur. Bu mövzu diqqətimizi niyə belə
çox cəlb edir? Bu mövzunun Mirzə Cəlildəki
ölülər mövzusu ilə nə dərəcədə
əlaqəsi var?
– O dünya ilə bağlı fikirlər folklordan gəlir. Sirli-sehrli aləm və güc-qüdrət mənbəyi kimi nişan verilən o dünyadan folklorda xüsusi olaraq bəhs edilir. Mirzə Cəlildəki ölülər mövzusu xalq gülüşündəki ölülər mövzusu ilə daha çox səsləşir. Folklor üçün səciyyəvi olan bir ənənədən – ölümü və ölünü həyatverici gülüş mənbəyinə çevirmək ənənəsindən Mirzə Cəlil məharətlə istifadə edir. "Ölülər” tragikomediyasında Mirzə Cəlil üç cür ölü obrazı yaradır: qəbiristanlıqda yatan ölülər, İsfahan şeyxlərinin əlində oyuncağa dönən "diri ölülər» və ayıq-sayıq bir ziyalı olduğu halda, ölü qiyafəsinə girmək məcburiyyətində qalan Kefli İsgəndər. Əsərdə xüsusi xatırladılan ölü obrazı yalnız Hacı Həsənlərin çirkin əməllərini (məsələn, ölən adamların var-dövlətini ələ keçirib onların ailəsini ac-yalavac qoymaqlarını) açıb göstərməyə xidmət etmir, həm də başqa bədii funksiyalar daşıyır. Həmin funksiyalardan biri Hacı Həsənlərin özünüdərk hissindən uzaq olmasını, məhz bu səbəbdən «ölülər» adı almasını göstərməkdirsə, digər bir funksiya İsgəndərin ölü adam vəziyyətinə düşməsini göstərməkdir. Ağıllı olmağın, özünü və dünyanı dərk etməyin müsibətini yaşayan, ağrısını çəkən İsgəndərdə idrak ölülüyü axtarmaq məntiqsizlik olardı. Hərəkətsizlik, fəaliyyətsizlik məsələsinə gəldikdə isə İsgəndərin hünərvərliyindən danışmaq da çətindir. Obyektiv və subyektiv səbəblər üzündən əməli fəaliyyəti son dərəcədə məhdudlaşan, azyaşlı bacısının namusunun tapdanmasına belə kəskin etiraz edə bilməyən İsgəndərin özü də müəyyən mənada ölüdür, Lev Tolstoyun Protasovu kimi canlı meyitdir. Ölüyə bənzərliyini İsgəndərin özü də etiraf edir. Şeyx Nəsrullahın ölü diriltmək məsələsi ortaya çıxanda İsgəndər atasına deyir: «Dadaş… qonaqdan təvəqqe elə ki, əvvəl qabaqca məni diriltsin; çünki elə mən də ölü kimi bir şeyəm»…
– Ölülər
və dəlilərə köklənmiş nəsrə,
dramaturgiyaya xüsusi diqqət yetirirsiniz. Belə
çıxır ki, Mirzə Cəlilin, Elçinin, Vaqif Səmədoğlunun
dəliləri Füzulinin dəlisindən daha
«ağıllı»dır?
– Mirzə Cəlilin, eləcə də Elçinin, Vaqif Səmədoğlunun dəli obrazlarını qətiyyən Füzulinin dəli obrazına qarşı qoymaq olmaz. Axtarsan «Dədə Qorqud»dan, Nizamidən, Füzulidən tutmuş Mirzə Cəlilə və çağdaş yazıçılarımıza qədər bütün ədəbiyyatımız boyunca qarşılaşdığımız dəli obrazlarının hamısı hansısa baxımdan bir-birinə bağlıdır. Ən tipik bağlılıq nöqtələrindən biri mövcud davranış normalarından kənara çıxmaqdır. Dəli Domrul da, Məcnun da, Dəli Abbas da, Elçinin və Vaqif Səmədoğlunun dəli obrazları da, hər şeydən qabaq, başqalarının atmadığı addımı atması ilə maraq doğurur. Qəhrəmanın «anormal» hərəkətlərinin təsviri cəmiyyət haqda normal və ciddi söz deməyin əlverişli vasitəsi kimi ortaya çıxır.
– «Dədə Qorqud»
dastanındakı Dəli Domrul obrazı ilə klassik
şeirimizdəki Məcnun obrazının adını bir yerdə
çəkdiniz və bizdə belə bir sual yarandı:
romantik ədəbiyyatdakı mübaliğə şifahi xalq ədəbiyyatındakı
mübaliğədən nə ilə fərqlənir?
– Ən başlıca fərq üslubdadır. Yazılı ədəbiyyatda mübaliğəli şəkildə qələmə alınan qəhrəmanlardan hər biri yazıçının fərdi üslubunun mühüm göstəricisidir. Şifahi xalq ədəbiyyatında isə fərdi üslubdan yox, ümumi folklor üslubundan, hər janra aid ənənəvi formullar, klişelər, təsvir və təqdimetmə üsullarından danışmaq olar.
–
Yazılarınızın birində qeyd edibsiniz ki, ədəbiyyat
sahəsini seçməyinizdə böyük
qardaşınız Akif İmanlı və onun dostu İsa Həbibbəylinin
xüsusi rolu olub. Necə düşünürsünüz, ədəbiyyat
sizi seçib, ya siz ədəbiyyatı?
– Ədəbiyyatın məni seçməsindən danışmaq çox yekə səslənər, mübaliğəli olardı. Yəqin ki, mənim ədəbiyyatı seçməyimdən danışmaq daha münasibdir. Görünür, ürəkdə şeirə-sənətə az-çox həvəs varmış, bu həvəsin artıb arzu-istəyə çevrilməsinə böyük qardaşım Akif İmanlı və onun dostu İsa Həbibbəyli əsaslı təsir göstərib. Bu gün tanınmış akademik olan İsa Həbibbəyli, filologiya üzrə elmlər doktoru olan Akif İmanlı o vaxt (1960-cı illərdə) tələbə idilər, Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsində oxuyurdular. Qardaşım Akif İsa müəllimlə hərdən onların kəndinə gedərdi, İsa müəllim də qardaşım Akiflə hərdən bizim kəndə gələrdi. İki tələbə yoldaşı dildən-ədəbiyyatdan danışardı, mən də bir qıraqda durub hədsiz maraqla onlara qulaq asardım. «Muğan poemasından İsa müəllimin necə həvəslə danışmağı və böyük bir parçanı necə şövqlə əzbər deməyi indi də gözümün qabağındadır:
Boz dağların arasından axan Kür
«Yandım» deyən səhraları dolaşır.
Onun qəlbi qəlbim kimi döyünür,
Dağlar yarıb öz eşqinə yol açır…
Səhv eləmirəmsə, o vaxt mən 6-cı sinifdə oxuyurdum. İsa müəllimin təsirilə «Muğam» poemasını kənd kitabxanasından alıb oxudum və ilk dəfə İsa müəllimdən eşitdiyim «Kür» adlı parçanı bütünlüklə əzbərlədim. Və bu parça 1972-ci ildə universitetdə ədəbiyyatdan qəbul imtahanı verəndə mənim dadıma çatdı. İmtahan götürən müəllim (rəhmətlik Yolçu Piriyev) Süleyman Rəhimovun romanlarından sual verib məni əməlli-başlı çətinə saldı. İmtahana pis hazırlaşmadığıma müəllimi tam inandırmaq üçün əlavə suallar verilməsini xahiş etdim. Yolçu müəllim əlavə sual-cavabdan sonra: "Səməd Vurğundan şeir deyə bilərsənmi?” dedi. Dərhal «Muğan»dan "Kür” adlı parçanı əzbər dedim və yüksək qiymət məsələsi öz müsbət həllini beləcə tapdı.
– Kamran Əliyev
60 illik yubileyinizə yazdığı təbrik məqaləsində
qeyd edir ki, Muxtar şair ola bilərdi, amma olmadı. Necə
bilirsiniz, «Əyilib bulaqdan ulduz içəndə» kimi
misranın müəllifi şair ömrünü
yaşamağı bacarmadı, yoxsa bunu istəmədi?
– Akademiyamızın müxbir üzvü, əməkdar elm xadimi, mənim qırx beş illik dostum Kamran Əliyevin xatırlatdığı o misra universitetin birinci kursunda oxuyanda yazdığım "Bir gecənin romantikası” adlı şeirdəndir. Həmin misranın yer aldığı bənd belədir:
Bir gecəm qalıbdır illər köçündə –
Ulduz hıçqırtılı səması vardı.
Əyilib bulaqdan uluduz içəndə
Qəlbimin göylərlə təması vardı…
Bir məclisdə bu şeiri oxumağım, Xəlil Rzanın bu şeiri necə hərarətlə qarşılayıb tərifləməyi yaxşı yadımdadır: «Mən harda oluramsa, orda gündəliyim üçün qeydlər aparıram. Bu məclisdə o qeydlərdən biri belə oldu: "Bu gecə Muxtar bəy bizim hamımızı ötüb keçdi». Xəlil Rza şeirdəki ulduz içib göylərlə təmasda olmaq məsələsi üzərində xüsusi dayandı, Nəsimini, Füzulini yada saldı. Müxtəlif ədəbi dərnəklərdə şeirlərimin bu cür bəyənilməsindən, şeirlərimi müxtəlif məclislərdə tələbə yoldaşlarımın əzbər deməsindən də xeyli misallar çəkə bilərəm. Amma belə misallar heç də mənim şair olmağımdan xəbər vermir. Ondan xəbər verir ki, əksər ədəbiyyatçılar kimi, mən də cavan vaxtlarımda ara-sıra şeir yazmışam…
Söhbətləşdi:
Fərid Hüseyn, Aysu Kərimova
Kaspi 2017.- 18-20 noyabr.- S.12-13.