Zahirində də daxilindəki
həyatı yaşayan dahi
Bəylik, zadəganlıq onun
qanında, canında idi
Bəlkə də səhv edirəm, amma bunu oxuduğum tədqiqat əsərlərinə, xatirələrə və eşitdiklərimə əsaslanaraq söyləyirəm ki, 20-ci yüzilliyin əvvəllərində yazıb-yaradan dahilərimiz arasında milli-mənəvi dəyərlərimizə (xüsusən ana dilimizə) daha çox sayğı ilə yanaşan Mirzə Cəlil və Üzeyir bəy Hacıbəyli olub. Həsən bəy Zərdabi də ana dilində qəzet çap etməyə başlayarkən fars dilini öz ana dilindən üstün tutan "elm dünyası”ndan olan gizli, bəzən isə açıq bədxahlarla mübarizə aparmalı oldu və bu mübarizəni həyatı bahasına davam etdirməkdən belə çəkinmədi...
"3 dekabr 1900-cü il. Hazırlıq sinif şagirdi Üzeyir Hacıbəyov tatar dilində (Azərbaycan) danışır. Bunun üçün ona töhmət verilmişdi”. Bu töhmət Üzeyir bəyi inadından döndərə bilmədi. Əksinə, 1901-ci ilin oktyabrında ana dilində danışdığına və kitablar oxuduğuna görə, ona yenidən töhmət verilir. Həmin tarixdə Qori Müəllimlər Seminariyasından ona verilən xasiyyətnamədən: "Tatar dilində olan kitabları oxumaq həvəsi daha da möhkəmlənmişdir. Hətta o dərəcəyə çatmışdır ki, oxuduğu əsərləri təqlid edərkən, əsər yazmağa çalışır. Sinifdə şagirdlərin arasında "Tatar şairi” adı ilə məşhur olmuşdur. Tərcümə etməsi və əsər yazması elmi inkişafına mane olur. Hacıbəyovun şənliyi ciddiliyə çevrilir. O, daha çox adamayovuşmaz və qaraqabaq olur”. Seminariya rəhbərliyi Üzeyir bəyi ana dilinə hörmət və sevgi ilə yanaşdığı üçün hər vəchlə ittiham edir, günahlandırırdı. Əslində həmin vaxt Üzeyir bəyin qaraqabaq olmasına səbəb atası Əbdülhüseyn bəyin vəfat etməsi idi ki, o bir müddət bu itki ilə barışa bilməmişdir. Dilinə, millətinə, xalqına, vətəninə, torpağına olan sevgini, sayğını Üzeyir bəyi ömrünün sonuna kimi əməlində, amalında yaşatdı. Bunun üçün nə qədər incidilsə də, inadından dönmədi.
Əksər fənlərdən əla qiymətlər alan Üzeyir bəyin təhsil haqqında verilmiş şəhadətnaməsində yazılıb: "Rus dili - 4, Tatar dili - 5”. Qori Müəllimlər Seminariyasında belə bir qayda var imiş ki, seminariyanın tələbələri gələcəkdə nə işlə məşğul olmaları haqqında məlumat verməli idilər. Bu haqda Üzeyir bəy yazırdı: "Mən seminariyanın ikinci klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə "Mən gələcəkdə nə iş görəcəyəm” sərlövhəsi altında bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olmaqdan ötəri dərs kitabları tərtib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri öz dilimizə tərcümə edəcəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi. Məni çağırıb dedi: "Müəllimlər sənin yazdığına "üç” nömrəsi qoyublar. Amma mən "iki yarım” qoyuram”.
Üzeyir bəyin yazısının sonunda belə aydın olur ki, bundan sonra məktəb rəhbərliyinin "qara siyahısına” düşür: "Seminariyanı qurtararkən cəza olaraq məni bir erməni kəndinə müəllim təyin etdilər”. Amma seminariya rəhbərliyi bununla da kifayətlənmir. Üzeyir bəyi incitmək üçün onun sənədlərini vaxtında təyin edilən ünvana göndərmir. Baxmayaraq ki, bu haqda həm Üzeyir bəyin təyinat aldığı müəssisənin rəhbərliyi və özü bir necə dəfə seminariya rəhbərliyinə məktubla müraciət etmişdir.
Zaqafqaziya müəllimlər seminariyası direktoru cənablarına: "Sizin ixtiyarınızda olan seminariyanı bu il qurtarmış Üzeyir bəy Hacıbəyovun sənədlərini mənim idarəmə göndərməyinizi xahiş edirəm!”
Gəncə quberniyası xalq məktəbləri direktoru.
Bu məktub 1 iyun 1904-cü ildə yazılıb. Məktuba cavab gecikdiyi üçün iyulun 10-da Üzeyir bəy özü seminariyaya məktub yazır:
"Unudulmaz Mixail Alekseyeviç! Sizdən çox xahiş edirəm ki, mənim sənədlərimi Yelizavetpol direksiyasına göndərəsiniz. Çünki onları məndən təkidlə tələb edirlər. Mən hazırda Gəncədə xəstə qardaşımın yanındayam, 10-15 gün burada qalacağam.
Sizə dərin hörmət bəsləyən şagirdiniz Üzeyir Hacıbəyov”.
Sənədlərdən belə aydın olur ki, Üzeyir bəyin məktubu da cavabsız qalır. Qocaman tədqiqatçı Qulam Məmmədli yazırdı: "Üzeyir bəy əksər məqalələrində Qori seminariyasında azərbaycanlı tələbələrə pis münasibətdən, ögey-doğmalıqdan, özünün məruz qaldığı haqsızlıqlardan bəhs edib”.
Xalqına, dilinə, Vətəninə sadiqliyi bütün ömrü boyu Üzeyir bəyə sədlər qoysa da, o, sonacan bu sevdanı yaşadır. "İrşad” qəzetinin 15 fevral 1907-ci il tarixli, 27-ci sayında belə bir elan verilib: "Dünən gecə saat 12-də Krasilnikovun evində "İrşad”ın mühərriri Üzeyir bəy Hacıbəyovun otağını qəflətən polis axtarıbdır. Lakin bir şey tapmayıb "İrşad”a göndərilən köhnə məqalələri yığıb aparıblar”.
Təpədən-dırnağa qədər vətənpərvər, millətsevər olan Üzeyir bəyi cəmiyyətdən uzaqlaşdırmaq üçün hökumət hər vasitəyə əl atıb. Gah açıq, gah gizlin. "Baku” qəzetinin 1 oktyabr 1911-ci il tarixli, 220-ci sayından oxuyuruq: "Dünən şəhər rus-tatar məktəblərində müəllimlik yeri almaq istəyənlərin rus dilindən imtahanları keçirilirdi. Bu imtahan, verilmiş ərizələrin vakansiyalı yerlərindən daha çox olduğu üçün keçirilirdi. Məktəb komissiyası sədri cənab Aryutunov müsəlman məktəbi komissiyası üzvlərinin qabağında Puşkinin "Böyük Petronun ərəbi” və "İbrahimin Parij həyatı” povestlərindən birinci fəsl oxunmuş və imtahan olunanlara təklif edilmişdir ki, eşitdiklərini öz sözləri ilə yazsınlar. İmtahan olunan on nəfərdən biri də, bir necə il "İrşad” və "Həqiqət” qəzetlərində redaktor olmuş Üzeyir Hacıbəyovdur. Tərcümələr içərisində Üzeyirbəy Hacıbəyov "5” qiymət almış və müəllimliyə intibax edilmişdir”.
Bu fakt özü bir daha sübut edir ki, Üzeyir
bəy rus dilini çox gözəl bilib.
Amma buna baxmayaraq, ana dilini hər zaman uca tutaraq
sevib, sevdirib. "Bir
az da
öz işimizdən,
daha doğrusu, öz içimizdən danışaq” deyən Üzeyir bəy hər kəsdən dilimizə sayğı ilə yanaşmağı
tələb edir.
"Əli aşı
və Vəli aşı” məqaləsində
ürək ağrısı
ilə yazırdı:
"Qafqaz maarif popeçiteli yerli camaat məktəblərindən
ötürü təzə
proqram göndərib və bu proqrama
görə, haman məktəblərdə ana
dili həftədə
6 dərs, rus dili də həftədə
12 dərs olacaqdır.
Popeçitel cənablarının
bunu belə etməkdən mənzuru budur: "Yerli ibtidai məktəblərin
məqsədi yerlərin
mənəvi və əqli tərəqqilərinə
kömək etmək və habelə onların zindəgahanlığını
yaxşılaşdırmaq üçün yol açmaqdır. O biri tərəfdən də onların arasında rus dilini yaymaq
və ümumi vətənpərəstlik yolunda
rus milləti ilə yaxınlaşdırmaqdır”.
Bu "yaxınlaşmada” yuxarıdan aşağı
baxma siyasətini açıq-aydın duyan
Üzeyir bəyin yenidən "tatara çevrilmə” qorxusu hökuməti narahat edirdi.
Şura hökuməti Üzeyir bəyin vətənpərvərliyini
ona çox baha başa gətirdi. Ömrünün sonuna kimi qardaşı Ceyhunun üzünə, səsinə
həsrət qaldı,
yol gözlədi (Deyilənə görə,
Üzeyir bəy Ceyhun bəyi yalnız sonbeşik qardaşı kimi deyil, həm də öz balası, (Üzeyir bəyin övladı olmayıb) amal, məslək dostu kimi də sevirmiş).
Sovetlərin gəlişi onu
illərlə susmağa
vadar edib. Bir ilin içində
iki opera yazan, hər il
səhnəyə yeni
əsər təqdim edən Üzeyir bəy susub. Qəzet-jurnallarda da məqalələri
çox seyrək görünüb. Əslində Üzeyir bəy həbsdən, sürgündən
qorxub susmamışdır
(İçindəki Vətən,
millət sevgisi onu Lenin-Stalin "babalara” əsərlər vəsf etməyə mane olurdu).
Ədəbiyyatda, mətbuatda, musiqidə
düşmən axtarışına
çıxan ədəbiyyat
səmələrinin xərifləmələrinin,
tənqid pəltəklərinin
kəkələmələrinin, qələm əqrəblərinin
neştərlərinin, yeni
yazacağı istənilən
əsərin tərs yozumunun qurbanı olmaq istəmirdi. Bir gün "içindəki
və çölündəki
səksəkəni unudub”,
"Koroğlu” kimi şedevri ortalığa çıxardı. Bununla da
ədəbiyyatımızı, musiqimizi bolşevikləşdirən
"dahilərin” gözünə
ox olub batdı. Əslində Üzeyir bəy
təkcə yaradıcılığı
ilə deyil, varlığı, təmiz
mənəviyyat, əyilməz
şəxsiyyəti ilə
böyük Üzeyir
bəy idi. Bu böyüklük Oktyabrın "kiçik
qardaşı” Apreli vəsf edənlərin, menşevizm əleyhinə
axtarışa çıxanların
gözlərini çoxdan
kör etmişdi.
"Koroğlu”nun ilk premyerasında
Üzeyir bəyin əlini sıxıb "təbrik edirəm, çox məmnun olduq” deyən, arxada isə "gör 10-15 il susmalı olmasaydı, nələr yarada bilərdi” deyə paxılıq hissini gizlədə bilməyən
"qələm yoldaş”larının
bu ikili siyasətini həzm edə bilmirdi Üzeyir bəy. Çünki Üzeyir bəy
zahirində də daxilində yaşadığı
gerçək həyatı
yaşayırdı. Bəylik, zadəganlıq
onun qanında, canında idi. Odur ki, həqiqətən məğrur bir ömrü yaşadı.
Nə özünü
"rəhbərin qapısında
süpürgəçi”yə bənzətdi, nə
"Oktyab övladı”,
nə də "Lenini dahilərin, dahisinə” bənzədib
vəsf edən "söz pəhləvanı”
oldu.
Sonda eşitdiyim bir əhvalatı da nəql edim. Deyirlər bir gün Müşfiq pinəçidə ayaqqabısını yamadırmış. Bu vaxt Cavid əfəndi gəlib keçir, Müşfiq onu görüb utana-utana deyir: "Ayaqqabımı yamadıram”. Cavid əfəndi ona yaxınlaşıb şəstlə deyir: "Canın sağ olsun. Adın yamaqlı olmasın, ayaqqabının fikrini çəkmə. Onu təzəsi ilə əvəz etmək olar, adı yox!”.
Qərənfil
Dünyaminqızı
Əməkdar jurnalist
Kaspi 2017.- 18-20 noyabr.-
S.7.