Koroğlunun Nigarı
Qəhrəmanlar heç zaman
ölmür, heç
zaman unudulmurlar. İllər,
əsrlər keçsə
də, adları və əməlləri dildən-dilə, nəsildən-nəsilə
ötürülür, rəvayətlərdə,
dastanlarda əbədiləşir.
Bütün dünyaya məlumdur
ki, türklər necə igid və qorxmaz millətdir. "Türk dünyası” deyəndə əlbəttə
ki, içi biz azəri türkləri daxil bütün türk dünyasını
nəzərdə tuturam.
Öz xalqının qeydinə qalan, onu düşməndən
hər zaman qoruyan neçə igid ərlərimiz var ki, günü
bu gün də onlar adlarda,
dastanlarda yaşayır
və yaşayacaq.
Onlardan biri də uşaqdan
böyüyə hər
kəsin əzbər tanıdığı, dastanını
dəfələrlə oxumaqdan
usanmadığı Koroğlu
– Alı kişinin oğludur.
Bir müddət öncə xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Bakı Yunis Əmrə İnstitutu ilə birgə "Koroğlu” dastanının
motivləri əsasında
"Eşqi-Nigar” tamaşası
hazırlayırdı. Nəhayət, həsrətlə gözlədiyimiz
tamaşa noyabr ayının 14-ü teatrsevərlərə
təqdim olundu. Tamaşa başlamazdan öncə teatrın direktoru əməkdar
artist Mübariz Həmidov
Yunis Əmrə İnstitutunun direktoru ilə birgə səhnəyə çıxaraq
həm gələn qonaqları salamladı, həm də tamaşanın necə ərsəyə gəlməsi
barədə qısa məlumat verdi.
Adından da göründüyü kimi tamaşada dastanın bütün hissələri deyil, ancaq Koroğluya atası Alı kişinin vəsiyyəti,
Nigarın yuxuda Koroğlunu görüb aşiq olması, onların sevgi macəraları, Nigarın
Çənlibel həyatı
və övladlığa
götürdükləri Qəssab
oğlu Eyvazla bağlı səhnələr
yer almışdı.
Tamaşada daha çox,
hətta, deyərdim tamamilə hadisələr
önə çıxarılmışdı,
yəni dekorasiyadan
minimalist istifadə sayəsində
tez-tez rast gəldiyimiz bomboş səhnə bu tamaşada da hadisələrin hansı yöndə cərəyan
edəcəyinə seyrçinin
marağını daha
da artırırdı.
Əslində onu da qeyd edim artıq
bir neçə dəfə olub ki, Yunis Əmrə
İnstitutunun hansısa
teatrla müştərək
tamaşasını görmüşəm
və qəribədir
hamısında eyni halla rastlaşmışam.
Belə tamaşalarda müəyyən
məqamlarda tamaşalarda
dekorlardan imtina olunur. Bununla da seyrçi
sanki tam olaraq yalnız səhnədə
baş verən həmin ab-havaya köklənir. Bu tamaşada da belə idi.
Gənc rejissor Ayla Həşimovanın quruluşunda
hazırlanmış "Eşqi-Nigar”
tamaşasında da dekorlardan və xüsusi geyimlərdən
imtina olunmuşdu.
Doqquz üstəgəl bir prinsipini əsas götürən rejissor (burada Koroğlu və dəliləri daxil olmaqla ümumiləşdirilmiş
doqquz aktyor və Nigar xanım)
bəzi səhnələrdə
dastanın digər obrazlarından istifadə etmişdi. Obrazları
Manaf Dadaşov (Koroğlu), Zülfiyyə Alhüseynova
(Nigar), Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu
canlandırırdı. Tamaşa boyu
azəri aktyorları çıxış etsələr
də, səslənən
türk musiqiləri istər eşq səhnələrini, istərsə
də, iztirab anlarını türksayağı
etmişdi. Həmin anlarda
musiqi səni öz sehri ilə
bir dərvişsayağı
auraya salırdı.
Ən sonuncu belə bir hissi "Aşka Yoluculuk” tamaşasında yaşamışdım
və o tamaşa da məhz Yunis
Əmrə İnstitutu
ilə birgə layihə əsasında Musiqili Teatrın səhnəsində göstərilmişdi.
Bəzən Koroğlunun Nigarla
dərdləşmə səhnələri
hətta, mənə həmin tamaşadakı bəzi səhnələri
xatırladırdı. Təbii ki, bu, müştərək
layihə olduğundan
Yunis Əmrə İnstitutunun da istəyi nəzərə
alınmışdı. Və mənə bir daha aydın oldu ki, belə
müştərək tamaşalarda
qəhrəmanların eşqinə
fövqəl, əlçatmaz,
pak və tərtəmiz bir sevgi kimi baxırlar.
Onlar üçün sevgi geyim, bər-bəzək, dekorlardan ibarət deyil, bu, sadəcə
hisslərin duyulduğu,
sözlərin deyildiyi,
gözlərin danışdığı
bir məqamdır.
Əslində biz dastandan oxuyub
təsəvvürümüzdə canlandırdığımız Koroğlu (Manaf Dadaşov) tamaşadakından
tamam fərqlənirdi.
Ancaq maraqlısı budur ki, bu yenilik
çox gözəl düşünülmüşdü. Eynən dastandakı kimi enlikürək, bir oturuma neçə qazan xörək yeyən Koroğlunu görsək, bəlkə
də, bir növ tarazlıq pozulacaqdı. Tamaşanın əsasını sevgi təşkil etdiyinə görə seçilmiş
Koroğlu obrazı uğurlu bir tapıntı idi desək qəti yanılmarıq. Manaf Dadaşovun
yaratdığı Koroğlu
Nigarına olan sevgisini elə həssas, elə incə, elə düşüncəli təqdim
edirdi ki, Nigarın niyə belə bir insana
aşiq olduğunu tamamən açıqlayırdı.
Düşmənlə üz-üzə
gəldikdə üzündə
yaranan qəzəb, gözlərindəki kin, övlad
acısını ürəyində
saxlayanda çatlanmış
qaşları, ona
dost, qardaş deyərək
əlini uzadan hər bir kəsə
ürəkdən bağlanan
Manaf Dadaşovun Koroğlusu obrazın hər məqamdakı xırda nüanslarını
belə tamaşaçıya
həssaslıqla tam çatdıra
bilirdi.
Tamaşanın adını eşidəndə məni ancaq bir sual maraqlandırırdı – görəsən rejissor Nigar roluna kimi seçəcək? Əslində bu bir qədər çətin idi, özlüyümdə teatrın aktrisalarını fikirləşirdim amma müəyyən edə bilmədim. Afişada Nigar obrazının Zülfiyyə Alhüseynovanın canlandıracağını görəndə həm təəccüb etdim, həm də daha da səbirsizləndim. Zülfiyyə xanımı ən son iki obrazı gözlərim önündədir – biri "Lineyn Trilogiyası”ndan "Gözəllik Kraliçası” tamaşasından, o biri də "Buratino”dan Tülki Alisanın obrazı. İkisində də düzgün seçim idi. Aktrisanın özünəməxsus manerası, səs tembri, xarakterik cizgiləri mərd, kəskin, yeri gələndə kobud, bəzənsə hiyləgər obrazlarında əvəzolunmaz alınır. "Eşqi-Nigar”da bir daha buna əmin oldum. Bu qədər dəlilərin arasına padişah qızı kimi yox, Koroğlunun Nigarı kimi gələn xanımı oynayan Zülfiyyə Nigarın mərdliyini, sevgisini, emosionallığını və qorxmazlığını tamaşa boyu anbaan sərgilədi. Başını hər zaman dik tutan, yalnız Koroğlusu qarşısında əyilən, sevgidən gözləri parlayan, amma övlad acısından ürəyi yara bağlayan, oğul deyib bağrına basdığı Eyvazın adını dara düşəndə dəli kimi sayaqlayan, ata yurdunun həsrətini sakitliklə dilinə gətirən, sonda Koroğlusunun sazını başı üstünə qaldırıb bir növ xalqına miras kimi verən Nigar məhz oxuyub, dastanlardan tanıdığımız mərd qızlarımızdan birinin nümunəsi idi.
Tamaşanın sonunda Koroğlu
sanki bu günlərə bir anlıq baxır, tüfənglərin,
başqa silahların olduğu bu zamanənin onun
olmadığın deyir:
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Sonda göydən ələnən qar dənəcikləri içərisində əllərini göstərən Koroğlu düşmən üzərinə hər zaman bu əllərlə getdiyini, qolundakı gücüylə qalib gəldiyini deməklə bir növ bugünkü savaşlara, haqsız qanlar tökən millətlərə səslənir.
İgid ərlərin
dövründə kişilər üz-üzə
döyüşərdilər, ancaq indi kəşf olunmuş silah və bombalarla
günahsız insanların öldürülməsinə bir üsyan edib Nigara zəmanədən
şikayətlənir. Bu səhnədə
isə Koroğlunun monoloqu
səslənərkən arxa monitorda dünya
savaşları, onların nəticələrini izləyirik. Lakin "Hər
qaranlıq gecənin bir işıqlı
sabahı var” məsəlini əsas
götürən rejissor dahi
Üzeyir Hacıbəylinin möhtəşəm
"Koroğlu” uverturasını səsləndirməklə
qəhrəmanların hər zaman
olacağını, düşmənlərə zəfər
çalacağını eyham edir...
Nigar Pirimova
Kaspi 2017.- 16 noyabr.- S.11.