Baba olmaq hələ
tezdir
Ərşad Hüseynov: “Tələbəlik illərimiz
gözəl keçsə də, xüsusi
cavanlıq etdiyimizi deyə bilmərəm”
Doqquz uşaqlı ailədə doğulub, səkkiz qardaş, bir bacı olublar. Digər qardaşlarından fərqli olaraq, dəcəl deyil, sakit bir uşaq olub. Hətta öz yaşıdları dava edəndə, hansısa mübahisəni həll etmək istəyəndə onun yanına gəlirmişlər ki, yoluna qoysun... Bəlkə də, elə hüquqa meyillənməyi xarakterindən dolayı olub. Müsahibimiz «Digesta» firmasının direktoru, hüquqşünas Ərşad Hüseynovdur.
Uşaqlığı Laçın rayonunda keçib, həyatının ən gözəl xatirələrinin də o illərlə bağlı olduğunu deyir: "1968-ci il avqustun 7-də Laçın rayonunun Mayıs kəndində doğulmuşam. Uşaqlığım da o kənddə keçib. Kəndimiz balacadır, o vaxt 30-40 ev ancaq olardı. Həyatımın ən gözəl xatirələri kəndimizlə bağlıdır. Kəndimizin hər tərəfi meşəlikdir, bulaqlar, balaca çaylar var. Həkəri çayının əsas qolu olan Hoçaz çayı bizim kəndin yaxınlığından keçir. O çayın səsi indi də qulağımdadır. Kəndimizin əhalisi heyvandarlıqla məşğul olardı, yaylaqlara gedərdik. Belə baxanda Laçının hər yeri yaylaqdır, bizim kənddə yay temperaturu ortalama 25 dərəcə civarında olardı. Camaat hələ ordan da yaylağa gedirdi. Getdikləri yerlər daha soyuq olurdu, üşüməmək üçün alaçıqda odun sobası qalayırdılar”.
"Bu
mənim üçün xüsusi bayram kimi olurdu”
Ailənin 8-ci övladı olub, buna görə də böyük qardaşları ilə arasında yaş fərqi də çoxdur. Böyük qardaşları Bakıda ali təhsil alanda o, hələ balaca uşaq olur. Onların kəndə gəlməsini isə xüsusi səbirsizliklə gözləyirmiş: "Mən orta məktəbdə oxuyanda böyük qardaşlarımdan ikisinin ali təhsili varıydı. Ən xoş xatirələrim Bakıda yaşayan böyük qardaşlarımın kəndə gəlməsi idi. Bu, mənim üçün xüsusi bayram kimi olurdu. Bir, ya ikinci sinifdə oxuyanda eşitdim ki, Sahib gəlib, - avtobus kəndin ayağına gəlirdi - yüyürə-yüyürə qarşılamağa getdim. Dedi ki, sənə traktor almışam. Saat mexanizmi ilə işləyən oyuncaq traktor idi. O qədər sevinmişdim ki...”
"Orta
təhsil almaq üçün 3 məktəb dəyişmişəm”
Orta məktəbdə qiymətləri əla olub, məktəbi medalla bitirib. Deyir ki, artıq o illərdən zəhmətə alışıb: "Bizim kəndimizdə təxminən, 50-ci illərdə məktəb olub, sonra qonşu kəndlərdəki kiçik məktəbləri birləşdiriblər, bizim kənddə məktəb bağlanıb. Ona görə qonşu kəndlərdə oxumuşuq və orta təhsil almaq üçün 3 məktəb dəyişmişəm. Qiymətlərim əlaydı, məktəbi medalla başa vurdum. İnsanın xarakteri də məktəb illərində formalaşır. Mən gözümü açıb zəhmətkeş bir ailə görmüşdüm, halallıq, dürüstlük varıydı. Məktəbimiz də bizə zəhmətkeş olmağı aşılamışdı. Ağlım kəsəndə gördüm ki, böyük qardaşlarım ali təhsil alırlar. 4-5 yaşımda qardaşlarım mənə şahmat oynamağı da öyrətdilər”.
Bəs çoxuşaqlı ailəni saxlamaq valideynləri üçün çətin olmayıb? Ə.Hüseynov deyir ki, bu suala valideynləri sağ olsaydılar, daha yaxşı cavab verərdilər, amma o bildirdi ki, ciddi ehtiyac içində böyüməyib: "Asan deyildi, həmişə ehtiyacımız olub. Kənddə təsərrüfatla məşğul olurduq, öz bağımız, heyvanlarımız varıydı. Atam işləyib əməkhaqqı alırdı, böyük qardaşlar kömək edirdilər. Ona görə ailənin dolanmasına ciddi sıxıntılar olmurdu. Əslində o dövr hamıda elə idi. Təbii ki, elə zəngin də deyildik”.
"Mühəndisliyi
seçməkdə bir balaca düz etmədiyimi
düşündüm”
Tələbəlik illərinin də maraqlı keçdiyini deyir. Onun ilk seçimi başqa ixtisas olur, sonra fikrindən daşınır: "Orta məktəbi bitirəndə Qorki (indiki Nijni-Novqorod) şəhərində Texniki Universitetə avtomobil fakültəsinə qəbul oldum. Sovet dövründə əyani ali təhsil alsalar da, hərbi xidmət yaşına çatanda oğlanlara təhsili bitirənə qədər möhlət verilmirdi. Birinci kursu bitirən kimi hərbi xidmətə getdim. Xidmət etdiyim o iki ildə fikirlərimdə dönüş əmələ gəldi. Mühəndisliyi seçməkdə bir balaca düz etmədiyimi düşündüm. O əhval-ruhiyyə ilə hərbi xidmətdən döndüm. İxtisasımı dəyişmək üçün bir balaca yuxarıdan getdim. Moskvada Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmaq istədim. Orta məktəbdə xarici dil keçmədiyim üçün sənədlərimi qəbul etmədilər. Bildirdilər ki, orda əsas qəbul imtahanı xarici dildəndir. Hüquqşünas olmağı qərara aldım, sənədlərimi Bakı Dövlət Universitetinə verdim və hüquq fakültəsinə qəbul oldum”.
"Birinci kursdan həm oxudum, həm işlədim”
Gəncliyin ümumilikdə gözəl
yaş dövrü olduğunu deyir, amma o dövrü elə də rəngarəng keçirməyib:
"Bu, tək mənə
yox, o dövrün bütün gənclərinə
aid idi. Bizim gəncliyimiz keçid
dövrünün kulminasiyasını
yaşadı, SSRİ-i
dağılır, müstəqil
dövlət yaranır,
tez-tez dəyişiklik
olur, cəbhədə
müharibə, faciələr
və s. Tələbəlik
illərimiz gözəl
keçsə də, xüsusi cavanlıq etdiyimizi deyə bilmərəm. Gəncliyimin
olmadığı fikrini
də bir az məcazi
mənada deyirəm. Əyləncəli, qayğısız
vaxtlarımız az olub. Düzdür,
kinoya da getmişik, müəyyən
əyləncələr də
var idi. Amma bunlar mütəmadi deyildi, qayğılarımız
çox olub. Çünki qarışıq dövrə düşüb.
24 yaşında birinci kursda oxuyurdum, Laçın işğal edildi, ailəmiz məcburi köçkün oldu.
Mənə kömək etmək
imkanları yox idi. Düzdür, təqaüd alırdıq,
amma o vaxt inflyasiya tez-tez baş verirdi. Bir gündə 100 faizlik inflyasiya gedirdi. Ona görə aldığımız
təqaüd heç
nə idi. Birinci kursdan həm oxudum, həm işlədim. Gözətçi işlədim. Bu, formal bir
iş idi, oturub dərslərimi oxuyurdum. Bəzən tikintidə işləyən
qohumlara da kömək edib pul qazanırdım”.
"Birinci dəfə kompüterlə əsgərlikdə
işləmişəm”
Hər bir yaş dövründən
danışanda müəyyən
mənada bəxtinin gətirdiyini deyir. Eləcə
də hərbi xidmətdə olanda: "Hərbi xidmət illərim mənim üçün gözəl
xatırlayacağım dövrdür.
Elə bir hərbi hissəyə düşmüşdüm
ki, sovet ordusunun xidmət nizamnaməsinin bir hərfi belə pozulmurdu, elit hissə idi. Orda zabit bir
əsgəri sözlə
təhqir etsəydi, bu komandanlığa bilinsəydi, ən azı töhmət alacaqdı, rütbəsi aşağı salınacaqdı
və s. Əsgərlər
də onun kimi. Orda əsgərlərin dava etməyinə zəmin yox idi. Bizim hərbi hissədə
zabit əsgərdən
çox idi. 130-135 nəfər əsgər, 160-a yaxın
zabit vardı. Xidmətin mahiyyəti belə idi. Birinci dəfə kompüterlə
əsgərlikdə işləmişəm.
İndiki interneti xatırladan
bir şəbəkə
vardı. Orda xidmət
məxfi olduğuna görə bizə hərbi hava qüvvələrinin geyim
formasını vermişdilər.
Fərqləndirici nişanlarımız da onlarınkı idi. Amma təyyarə heç
görməmişdim. Sovet dövründə hərbi
xidmətdə əsgərlər
arasında yarışma
var idi. 5-6 ay hərbi hissənin
ən yaxşı əsgəri olmuşam.
Mən tərxis olunanda şəklim və adım şərəf lövhəsində qaldı.
Hərbi
xidmətə tələbəlikdən
getmişdim, orada da imkan olan
kimi oxuyurdum, öyrənirdim. Gündəlik qəzetləri oxuyurdum, zabitlərlə tarixi müzakirələr edirdik,
şahmat oynayırdıq.
Amma döyüş hazırlığımız
da öz yerindəydi. İndi bizdə
saunalar var, Kamçatkada hərbi hissəmizdə ondan vardı. 10 kilometrlik
marş-yürüşdən sonra hərbi hissənin komandiri deyirdi ki, cavan
oğlanlarsınız, girin
80-90 dərəcəlik buxarın
içinə, ordan da buz kimi
suyun içinə hoppanmalısınız. Onu da edirdik, ləzzət alırdıq”.
"6 ay döyüşdə oldum”
Tələbəlik illəri müharibə dövrünə düşür. Hərbi
xidmətini başa vursa da, bir
qrup tələbə ilə birlikdə 1992-ci ilin fevral ayında
- Xocalı soyqırımından
əvvəl könüllü
kimi orduya qatılmaq üçün
müraciət edir:
"O dövrdə müharibə
idi, qulağımız
radioda qalmışdı
ki, harada döyüş gedir. BDU-nun bir qrup
tələbəsi ərizə
yazıb döyüşə
getmişdi, onlardan biri də mən
idim. Döyüşəndə üç qardaş
bir yerdəydik. Qardaşımın biri ağır
yaralanmışdı, xoş
bir təsadüf nəticəsində sağ
qalmışdı. Bizim
qərargah rəisimiz
Füzuli Rzaquliyev sentyabr ayında dedi ki, əyani
təhsil aldığın
üçün biz səni
ştata sala bilmirik. Ona görə ya
qiyabiyə keçməlisən,
ya da akademik
məzuniyyət götürməlisən.
Sonra məsləhət gördü
ki, sizin ailədən iki nəfər burda döyüşür, sən
get dərslərini oxu.
Sentyabrın 15-dən hərbi formamı, silahı təhvil verib dərsə gəldim.
Təxminən, 6 ay döyüşdə oldum”.
"Əmək kitabçam əsgərlikdən yazılır”
Universiteti bitirib diplomunun mürəkkəbi qurumamış artıq iş də tapır. Ümumiyyətlə, iş cəhətdən də elə bir problem yaşamadığını deyir: "Əmək kitabçam əsgərlikdən yazılır. Amma hüquqşünas kimi işləməyə elə diplomu alandan dərhal sonra başlamışam. 1996-cı ildə diplomu aldım, iş axtarırdım, ilk dəfə Müdafiə Nazirliyinin bir idarəsində hüquqşünas kimi işə düzəldim. Amma sonra paralel bir neçə yerdə işləməyə başladım. Elə vaxtlar olub ki, bir də baxırdım ki, dörd yerdə işləyirəm. 10 ilə yaxın pedaqoji fəaliyyətlə, 3 ildən bir az çox vəkilliklə məşğul olmuşam. 2000-ci ildən "Digesta” hüquq firmasında fəaliyyətimi davam etdirirəm”.
Bir az gec – 33 yaşında evlənib, 2 qızı, 1 oğlu var, böyük övladının 15, kiçiyinin isə 8 yaşı var. Deyir ki, tanımayanlar bəzən uşaqlarını nəvələri bilirlər: "Fikirləşdim ki, özümə bir az şərait qurum sonra evlənim. Doğrudan, şərait yox idi. Atamgil qardaşımın evində yaşayrıdılar. Mən ya evlənib onların yanına getməliydim, ya da kirayədə yaşamalıydım. Seçimim belə oldu ki, öz şəraitimi qurum, sonra evlənim. Həqiqətən də evim oldu sonra ailə qurdum. Bir dəfə balaca uşağı həkimə aparmışdım. Tibb bacısı məni göstərib deyir ki, babaya bax. Elə bilir ki, babasıyam. Baba olmaq hələ tezdir. Düzdür, bir az saçım tez ağarıb, ona görə elə bilirlər ki, qocalmışam”.
"Dürüst, səmimi olmaq lazımdır”
Gənclərə məsləhəti isə bir çox istiqamətdə oldu: "Öz taleyimdən razıyam, çünki heç vaxt həyat prinsiplərimi pozmağıma zəmin olmayıb. Gənclərə də həyat prinsiplərini qorumağı arzulayıram. Gəncliklərini faydalı keçirməyə çalışsınlar. Dürüst, səmimi olmaq lazımdır. Bəzi adamlar düşünürlər ki, indiki zəmanədə irəli getmək üçün fırıldaqçı olmaq lazımdır. Bunun axırı ya həbsxanadır, ya da ailən dağılacaq, dostlarla əlaqələrin kəsiləcək. Ona görə də gənclər seçim edərkən yaxşı fikirləşməli, fəal olmalı, daim inkişafa çalışmalıdırlar. Diplom almaq hələ hər şey demək deyil. Həmin ixtisas üzrə iş tapmaq üçün göstərməlisən ki, səndə başqalarında olmayan nələrsə var, kimsə lazımsan. Bunu göstərməsən, inkişaf getməyəcək, olsa da, yarımçıq olacaq. Bir də ailə dəyərlərini qorumaq lazımdır. Ailə bütün mənada insanın təməlinin qoyulduğu yerdir. Ailəsində problem olanda adam heç vaxt tam olmur. Hörmət və qayğını ailədən əskik etmək olmaz”.
Aygün Asimqızı
Kaspi.-2017.-24 noyabr.-S.12.