Mətbu sözün işığı

Ömrünün müdriklik çağlarını yaşayan, yaradıcılıq əzmi bitib-tükənməyən həmkar

 

Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Afət Sadıqoğlu yarım əsrə yaxındır ki, böyük həvəslə, sözün həqiqi mənasında yorulmaq bilmədən yazıb yaradır. Geniş mövzu dairəsi, yazılarının aktuallığı ilə seçilən həmkarımızın ilk gündən qələminin qayəsi xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək olub. Bu il noyabrın 12-də onun 70 yaşı tamam olur.

 

Afət Sadıqoğlu (Məmmədov) milli qəzetçilik ənənələrinə sədaqətlə xidmət edən, hər bir sözündə, davranışında mənəvi-etik dəyərləri  qoruyub saxlayan jurnalistlərdəndir. O, uzun illər ölkəmizin bir sıra aparıcı qəzet və informasiya agentliklərində mətbu sözün qədrini layiqincə uca tutaraq çalışıb. 2012-ci ildən "Xalq qəzeti”nin baş redaktorunun müavini vəzifəsinə təyin  olunub.

 

Qeyd etmək lazımdır ki, bir təcrübəli qəzetçi, redaktor kimi Afət müəllim "Xalq qəzeti”nin hər bir yeni nömrəsinin maraqlı, oxunaqlı olması, günün tələbləri səviyyəsində çıxması üçün əlindən gələni edir. Bir mərtəbədə, demək olar ki, qonşu otaqlarda işlədiyimiz üçün hər gün hal-əhval tutur, günün qaynar fakt və hadisələri barədə fikir mübadiləsi edirik. Bir neçə gün əvvəl növbəti dəfə Afət müəllimin otağına daxil olub əlində sabahkı nömrə üçün "yanan material”ın olmadığını, beləliklə, onu işdən ayırmayacağımı biləndə sevindim.

 

Hər dəfə olduğu kimi, bu dəfə də məni çox nəzakətlə qarşılayıb əyləşməyimi təklif etdi. Lakin öncə onun kabinetinin pəncərəsindən küçəyə boylandım, "AzərTac”la bir binada yerləşən redaksiyamızın düz qabağındakı azman çinar ağacının yarpaqlarının payızın bu vədəsində belə yaşıl qalmasına təəccüblənərək dedim:

 

- Bu il noyabr ayı xeyli mülayim keçir...

Bu an Afət müəllim xoş bir hadisəni xatırlayan insanlar kimi gülümsündü və gözlənilmədən məndən soruşdu:

- Bilirsənmi, Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayəsi hansı cümlələrlə başlayır?

Mən dürüst cavab tapa bilməyib bir qədər karıxmağa başlamışdım ki, həmsöhbətim dilləndi:

- "Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi...”  Sonra ürəkdən gülərək dedi:

- Mən ilk dəfə bu cümlələri oxuyanda Naxçıvandakı 2 nömrəli orta məktəbdə  dördüncü, yaxud beşinci sinfin şagirdi idim. Bu sözlər məndə dərhal böyük maraq doğurdu. Axı, mən noyabrın 12-də anadan olmuşam. Və o gündən Mirzə Cəlilin ecazkar qələminin cazibəsinə düşdüm. İllər necə də tez ötüb keçir. 3 gündən sonra 70 yaşım tamam olur.

 

Düzünü desəm, onun həyatının yeddinci onilliyinin zirvəsini haqlaması barədə məlumatım yox idi. Beləcə, qələminə və şəxsiyyətinə dərin hörmət bəslədiyim həmkarımın yubiley gününə xoş bir sürpriz olsun deyə bu yazını qələmə almağa qərar verdim.

 

Yenə həmin söhbətə qayıtmalı oluram. Böyük ədibin "Poçt qutusu” hekayəsində "Noyabrın 12-si günü idi” cümləsinin, təbii ki, Afət Sadıqoğlunun doğum günü ilə heç bir əlaqəsi ola bilməz. Ən azı ona görə ki, Afət müəllim 1904-cü ildə "Şərqi Rus” qəzetində dərc olunan məşhur hekayədən düz 43 il sonra anadan olub. Amma o,  bu təsadüfdən çox məmnun qalıb və bu barədə elə şövqü-təbii danışdı ki, mən  onun qarayanız simasının, mənalı, düşüncəli gözlərinin qeyri-adi bir nura qərq olduğunu hiss etdim. Düzünü desəm, ünsiyyətdə olduğum bir neçə il ərzində heç vaxt onun bu qədər ürəkdən sevindiyini müşahidə etməmişdim. 

 

İndi artıq minlərlə məqalənin, onlarla kitabın müəllifi olan Afət Sadıqoğlu 1960-cı illərin əvvəllərində orta məktəbdə oxuyarkən "Pioner” qəzetində ilk kiçik yazıçı dərc olunanda dünyalar qədər sevinib. Beləcə, hələ ilk gənclik illərindən sevib-seçdiyi jurnalist sənətinə yiyələnmək arzusu ilə 1969-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub.

 

Qeyd etmək lazımdır ki, o zaman da, bu günöz qeyri-adi, səmimi ab-havası ilə seçilən universitetin jurnalistika fakültəsini bitirdikdən sonra 1974-cü ildən başlayaraq,  düz 22 il Naxçıvanda nəşr olunan "Şərq qapısı”nda əvvəlcə müxbir, qısa bir müddətdən sonra isə iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1970-i illərdə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da böyük inkişaf və tərəqqi vüsət alırdı. Vilayətin həm paytaxtında, həm də rayon mərkəzlərində yeni emal və sənaye müəssisələri açılır, fabrikzavodlar işə düşürdü. O, tez-tez ayrı-ayrı əmək kollektivlərində olur, yaxından tanış olub sevdiyi, halal zəhməti ilə ucalan müasirlərindən böyük həvəslə yazırdı. Qələmi isə gündən-günə, aydan-aya püxtələşir, yazıları artıq Bakıda nəşr olunan aparıcı qəzet və jurnallarda da dərc olunurdu. 

 

1980-ci illərin sonlarında erməni separatçıları Kremlin gizli razılığı və dəstəyi ilə Qarabağda baş qaldırmışdılar. Onlar Naxçıvana da göz dikmişdilər. O çox çətin, ağır günlərdə Naxçıvanın mərd, yurdsevər, qeyrətli insanları qətiyyətlə Vətənin müdafiəsinə qalxdılar. Ulu öndər Heydər Əliyev-xalq birliyi xain düşmənin bəd niyyətini ürəyində qoyaraq, Naxçıvanı yenilməz bir qalaya çevirdi.

 

Xalqımız üçün həmin taleyüklü günlərdə Afət Sadıqoğlunun Şərq qapısı” qəzetində Ermənistanın, eləcə də himayədarlarının mənfur siyasətini ifşa edən təkzibolunmaz faktlara əsaslanan kəskin məqalələri oxucuların dərin marağına səbəb olurdu. O, tez-tez sərhəd kəndlərinə yollanır, Vətən torpaqlarını qoruyan igid əsgər və zabitlərlə yaxından tanış olur, onların şücaətlərini böyük həvəslə qələmə alırdı. Maraqlıdır ki, jurnalistin qəhrəmanlarının çoxu ilə şəxsi dostluq əlaqələri hələ də davam edir. Bunu çoxları bilir ki, Afət müəllim üçün  dostluq, qardaşlıq duyğusu ötəri hiss deyil. 

 

Yəqin ki, yadınızdadır. 1992-ci il mayın 28-də Türkiyə ilə sərhəddə Araz çayı üzərində inşa olunan "Ümid körpüsünün təntənəli açılış mərasimi olmuşdur.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin dəvətilə qardaş Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl də həmin tədbirdə iştirak etmişdir. Bu tarixi hadisə blokada şəraitində yaşayan Naxçıvanda böyükdən kiçiyə hamının qəlbində böyük ümid, sevinc  doğurmuşdu. Afət Sadiqoğlunun, tədbirin səhəri günü "Şərq qapısı” qəzetində  parlaq reportajı dərc olunmuşdu.

 

1996-cı ildə, onun yüksək peşəkarlığını, təşkilatçılıq qabiliyyətini nəzərə alıb, Naxçıvan şəhər icra hakimiyyətinin təsis etdiyi "Nuh yurdu” qəzetinin baş redaktoru təyin etdilər. Burada çalışdığı üç il ərzində qəzetin həm məzmunu, həm də zahiri görünüşünə görə seçilməsinə çalışdı. Redaktor Türkiyənin Naxçıvana yaxın bölgələrindəki bir sıra mətbəələrlə əlaqə saxlayıb "Nuh yurdunun rəngli çıxmasına nail oldu. Rəngli qəzetin nəşri o vaxtkı Naxçıvan üçün yenilik idi.

 

1999-cu ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya köçüb gələn Afət Sadıqoğlu həmin ildən 2004-cü ilədək "Respublika” qəzetində şöbə müdiri, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTac) müxbir, sonra yenidən "Respublika” qəzetinə qayıdaraq burada baş redaktorun müavini vəzifəsində çalışmışdır. Yuxarıda qeyd etdiyim kimi, hazırda "Xalq qəzeti”nin baş redaktorunun müavinidir.

 

O, dünyanın yaxın-uzaq ölkələrinə səyahət etməyi sevən, gördüklərini, müşahidə etdiklərini qələmə almaqdan zövq alan jurnalistlərdəndir. Çox sayda xarici ölkələrdə yaradıcılıq səfərlərində olub. Bir sıra ölkələrdə, o cümlədən Türkiyə, Şimali Kipr, İranHindistanda keçirilən nüfuzlu beynəlxalq konfranslarda məruzə və çıxışlar edib.

 

Afət Sadıqoğlu "Ulu məskən”, "Naxçıvan qədim diyardır”, "Dəniz kimi məğrur insan”, "Mənim çiçəkli dünyam”, "Azərbaycan-Norveç əlaqələri”, "Tur Heyerdal Azərbaycanda”, "Beynəlxalq Mühəndislik Akademiyasının Azərbaycan bölməsi”, "Azərbaycan-Hindistan əlaqələri”, (Azərbaycan və ingilis dillərində), "Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq əlaqələri” və digər sənədli publisistik və bədii kitabların müəllifidir. Bu günlərdə onun nəfis tərtibatda "Türk dünyasının Kıbrısı” adlı yeni kitabı işıq üzü görmüşdür. Burada yazıçı-publisistin Şimali Kiprə  səfəri ilə bağlı yol qeydləri, ölkələrimiz arasında mədəni əlaqələrin tarixi, bu günü barədə maraqlı fikir və düşüncələri yer alıb.

 

Qeyd etmək lazımdır ki, Afət Sadıqoğlunun yaradıcı əməyi dövlətimiz tərəfindən yetərincə qiymətləndirilib. O, 1981-ci ildə Azərbaycan SSR Ali soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, 1991-ci ildə Naxçıvan MR əməkdar mədəniyyət işçisi, 2010-cu ildə Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülmüşdür. Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyası (BEA) (Avstriya) Rəyasət Heyətinin BEA Azərbaycan bölməsinin həqiqi üzvüakademik seçilib

 

Acı təəssüf ki, bir neçə il əvvəl onun həyatında ürək sızladan ağır bir hadisə baş verdi. 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının binasında baş vermiş dəhşətli terror hadisəsində həlak olan  13 tələbə və pedaqoqun arasında  jurnalist Afət Sadıqoğlunun qızı, universitetin gənc müəllimi Şəfa Məmmədova da var idi. Ata-ananın sevimlisi olan Şəfa hadisədən cəmi iki həftə əvvəl gəlin köçmüşdü. Afət müəllimin, onun 42 illik ömür-gün yoldaşı, "İki sahil” qəzetinin şöbə müdiri Xuraman Məmmədovanın övlad itkisi ilə bağlı hansı acı hissləri yaşadıqlarını təsvir etməkdə acizəm. Hörmətli həmkarlarıma Allahdan ancaq səbir arzulamağa gücüm çatır. 

 

Afət Sadıqoğlu indi ömrünün müdriklik çağlarını yaşayır. Yaxşı ki, onun mövzuları da, yaradıcılıq əzmi də bitib-tükənmir. O, mətbu sözün işığına tapınaraq, taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirir. Arzum budur ki, uzun illər bundan sonra da hörmətli həmkarımın nə əli, nə də qələmi işdən soyusun.

 

Məsaim ABDULLAYEV

Kaspi  2017.- 23 noyabr.- S.15.