“O, çəkiliş meydanında qorxulu
görünürdü...”
Eldar Ryazanovun
qızı: “Atam çıxışlarında senzuranı,
bürokratik nizam-intizamı ciddi tənqid edirdi və buna
görə onun problemləri olurdu”
Görkəmli kino rejissoru Eldar Ryazanovun 90 yaşı tamam oldu. Rusiyada ilk dəfə olaraq yubiley ərəfəsində ona vətəni Samarada heykəl qoyulub. Eldar Ryazanovun adını daşıyan bağça-bağda, onun ailəsinin yaşadığı binanın yaxınlığında indi Eldar Aleksandroviçlə yanaşı oturmaq olar. Məşhur rejissorun qızı Olqa Ryazanova Samarada olarkən atası haqqında «MK»-ya danışıb.
Onlar yad insanlar
kimi görüşüblər
- Atanızın
heykəlini qoyarkən sizinlə məsləhətləşmişdilərmi?
- Mənə heykəlin eskizlərini göstərmişdilər, xoşuma gəlmişdi. Heykəltəraş Vaxa Mikaberidze ümidlərimi doğrultdu. Atamın heykəli bəzilərindəki kimi saxta yox, onun olduğu kimi, təbii və gözəl alınıb.
- Bir dəfə İrina Skobsevoyla Sergey Bondarçukun heykəli yanında görüşdüm. Yerli kişilər Sergey Fyodoroviçin xatirəsinə orada içki qonaqlığı təşkil etmişdilər. Bunu görən İrina Konstantinovnanın əvvəlcə kefi pozuldu, sonra onlara dedi ki, «bəlkə də bu, yaxşıdır. Amma heykəlin öz həyatı var».
- Burda da belə bir təhlükə var. Atam skamyada əyləşib. Yanında boş yer çoxdur. Ona görə də istənilən adam onun yanında oturub içki məclisi qura bilər.
- Belə bir ehtimal var ki,
atanızın muzeyini Samarada açacaqlar?
- Söz
veriblər ki, bu ilin dekabrında birinci mərtəbəni
açacaqlar. Ev üçmərtəbəlidir.
Birinci mərtəbədə atamın valideynləri
ilə yaşadığı otaq bərpa olunacaq. İkinci mərtəbə onun
yaradıcılığına həsr olunacaq. Üçüncüdə isə multimedia məkanı
olacaq ki, oranı gəzib dolaşmaq mümkün olacaq.
- Muzeyin açılmasında sizin də
iştirakınız var?
- Biz
onlarla əlaqə saxlayırıq. Muzeyin rəhbərliyinin
xahişi ilə mən FS arxivinə getmişdim. Öz babam Aleksandr Semyonoviç Ryazanov haqqında
maraqlı məlumatlar topladım. Belə
arxivlərə girməyə yalnız qohumların ixtiyarı
olduğu üçün onlar mənə müraciət
etmişdilər. Keçmiş anları
yada salmaq hərdən insana kədər gətirir,
ağrılı olur. Ona görə də
könülsüz də olsa, arxivə getməyə
razılaşdım. Arxivə daxil olandan və
məlumatları əldə edəndən sonra fikirləşdim
ki, bütün bunları nahaq yerə oxumamışam. Çox kədərlənirəm ki, babam haqqında
nələri öyrəndiyimdən atamın xəbəri
olmadı.
- Babanızı nədə
günahlandırırdılar?
- O,
1937-ci ildə böhtan üstündə həbs olunub və
18 ildən artıq həbsxanada yatıb. Bu əsassız
böhtan üzündən 58-ci maddə üzrə ona əksinqilabçı
adı verərək həbs ediblər. İttihamda nələr
yox idi! Onu Kommunist Partiyası əleyhinə
çıxışlarda, antisovet danışıqlarda, sovet
həqiqətinə böhtan atmaqda
günahlandırırdılar. Sosial təhlükəli
element kimi babam Borkutlaqa göndərilib. Oradan
qaçıb, ancaq onu tutublar və həbs müddətini
artırıblar. O hansı instansiyalara məktub
yazmayıb!.. 1953-cü ildə
bağışlanması üçün Beriyaya məktub
göndərib, ancaq rədd cavabı alıb.
- Babanz nə ilə məşğul
idi?
- 24
yaşı olanda Aleksandr Semyonoviç Ryazanov «Konstantinovskaya
manufaktura»da direktor köməkçisi olub. 1923-cü
ildə o, partiya konfransında iqtisadi mövzuda
çıxış edib. Çıxış edərkən
düşünmürdü ki, bu, əksinqilabi
trotskiçilikdir... Bundan sonra o, 14 il normal
həyat yaşadı, Çinə və İrana ezamiyyətlərə
getdi. 1937-ci ildə isə onun çoxdankı
çıxışını yada saldılar. Məlum oldu ki, o, "alman kəşfiyyatı
orqanlarının gələcək agenti” kimi "SSRİ ərazisində
diversiya şəbəkəsini” tətbiq edirmiş. Atam doğulmamışdan əvvəl valideynləri
Tehranın ticarət nümayəndəliyində işləyirdilər.
Adının nə üçün Eldar
olduğu buradan məlum olur. Moskvaya
qayıdandan sonra Aleksandr Semyonoviç içməyə
başlayır və elə ona görə də atam 3
yaşında ikən nənəm ondan ayrılır. Sonralar nənəm ikinci dəfə ərə gedib
və bir oğlan da dünyaya gətirib. Ögey
babam atama doğma balası kimi baxdığına görə,
mən onu yeganə babam hesab edirəm.
- Hansı sənədlərə
baxmağa sizə icazə verdilər?
- Üzləşdirmə
protokollarına, gecə saatlarındakı uzun sürən
dindirmələrə və babamın avtobioqrafiyasına. Bu sənədlər insanda güclü qəzəb
hissi yaradır. Bu sənədlərdən
mən babamın həyatını əvvəldən
axıra qədər öyrəndim. Sənədlərin
içərisində müxtəlif ünvanlara, hətta
Stalinə də ünvanlanmış, babamın öz
günahsızlığını sübut etməyə
çalışdığı məktublar da var idi.
Yalnız 1955-ci ildə cinayət tərkibi olmadığı
üçün iş bağlanıb.
-
Yaşıdımız olan nəslin nümayəndələri
nə üçünsə öz valideynlərinin
keçmişi ilə heç vaxt maraqlanmayıblar.
- 1930-cu
ildə atamın valideynləri ayrıldığına görə,
o öz atası ilə ünsiyyətdə olmayıb. 1937-ci ildə isə onun atasını həbs ediblər.
O vaxt atamın 39 yaşı olub. Müharibə
illərində atam düşərgədə olan babama məktub
yazıb. Cavabında isə şimal təbiətinin
təsviri olan məktub alıb. Atam bundan bərk
inciyib. Sənədləri oxuyandan sonra mənə
aydın oldu ki, nəyə görə o vaxt babam belə edib.
O istəməyib ki, oğlu belə «təhlükəli
element»lə məktublaşsın. 1960-cı illərdə
- atam məşhur rejissor olan vaxtlarda Aleksandr Semyonoviç onu
tapıb. Onlar yad insanlar kimi
görüşüblər. Atam babama bir qədər
pul verib, bir neçə ildən sonra isə onun dəfn mərasimində
iştirak edib.
- Sizə sənədlərin surətini
çıxarmağa icazə verdilərmi?
- Mən
babamın bioqrafiyasını öyrənmək
üçün daha vacib olan böyük həcmdə sənədlərin
surətini çıxarıb muzeyə təhvil verə
bildim.
Sovet
insanı
- Necə
düşünürsünüz, Eldar Aleksandroviç sovet
insanı idi?
- Əlbəttə,
bəs necə ola bilərdi? Mən də
sovet insanıyam, ola bilər ki,
yarımçıq...
- Bu ki,
doğum tarixi ilə yox, mentalitetlə məlum olur.
- Əvvəla, o da, mən də ateistik. Baxmayaraq ki,
atam dindarlara hörmət bəsləyirdi. Mənə gəldikdə isə, yumşaq desəm,
ehtiram etmirəm. Onun filmləri də sovet
həqiqətləri haqqında çəkilirdi. Ayrılıqda isə çətin ki, çəkə
bilərdi.
- O, şəraiti olduğu kimi qəbul
edirdi? Yoxsa buna qarşı
çıxırdı?
- Atamda vətəndaş
təəssübkeşliyi güclü idi. O,
yığıncaqlardakı çıxışlarında
senzuranı, bürokratik nizam-intizamı ciddi tənqid edir və
bu, müzakirələrə səbəb olurdu. Buna
görə də atamın hərdən problemləri olurdu.
- Biz
Ryazanovun Kinematoqrafiya İttifaqının qurultayındakı
çıxışını səbirsizliklə gözləyərdik.
Amma hansısa məqamda ümumi süstlük
yarandı və Eldar Aleksandroviç bəzi həmkarları
kimi yığıncaqlara gəlməkdən əl çəkdi.
- Atam
bütün qurultaylarda sözün düzünü deyərdi.
- Atanız ən çox nəyi qiymətləndirirdi?
- Bunu
heç vaxt təhlil etməmişəm. Baxmayaraq
ki, atam qızğın fəaliyyət göstərirdi,
düşünürəm ki, onun üçün vacib yerdə
ailəsi dururdu. Atamın ciddi məşğul
olmasına baxmayaraq, ailəsinə bu qədər güc sərf
etməsi, can yandırması, diqqət ayırması
qıraqdan bəzilərinə qəribə görünə
bilərdi. Mən özümü heç vaxt gücsüz
hiss etməmişəm, hər zaman arxamda böyük bir
dağın olduğunu hiss edərək yaşamışam.
O, etibarlı və məqsədinə hər zaman çatan
insan idi. Əgər nəsə vəd edibsə,
həmişə yerinə yetirərdi.
- Siz
möhtəşəm kinematoqrafik ailədə
böyümüsünüz. Ananız Zoya
Petrovna Fomina da rejissor idi, sənədli filmlər çəkirdi.
Təəccüblüdür ki, sizdə bu sahəyə
maraq oyanmayıb.
-
Birincisi, aktyorluq qabiliyyətim heç vaxt olmayıb. Tək bircə dəfə atamın çəkdiyi
«Quldur qocalar» filmində oynamışam və bu mənə bəs
edib. İkincisi isə, rejissora təslim
olmaq, ümumiyyətlə kimdənsə asılı olmaq
xarakterimə uyğun deyil.
-
Atanız sizi çəkiliş meydanına aparıb. Deyirlər,
o qəzəblənəndə çox dəhşətli
görünürmüş...
- Hə,
o çox qorxulu görünürdü. Əlbəttə,
atam məsləhətlərə qulaq asırdı, aktyorlara
improvizasiya üçün azadlıq verirdi, ancaq həmişə
onların dediyini mütləq kimi qəbul etmirdi. Onun dediyini başqa cür edəndə çox əsəbləşərdi.
- Eldar Ryazanov uzun illər Emil Braqinski ilə birlikdə
çalışıb. Onların pyesləri ölkə
teatrlarına səpələnmişdi. Demək
olarmı ki, onların yolu ayrılanda, atanızın
yaradıcılığının «romantik dövrü» də
sona çatdı?
- Belə
demək olar... Bu duetin təbii
ayrılığı oldu. Bu, gurultulu
qırılma deyildi. Atam Qriqori Qorinlə əməkdaşlıq
edirdi. Onlar birlikdə «Kasıb Qusardan
ötrü siz də dua edin» filmini çəkdilər. Təbiidir ki, onların həyatında nəsə dəyişdi.
İnsanlar
başa düşürlər ki, mənim atam kimdir
- «Andersen. Məhəbbətsiz həyat» - bu film
Eldar Ryazanovun tərcümeyi-halında ayrıca yer tutur.
Hamı öyrəşmişdi ki, o, komediya və
tragikomediyalar çəkir. Tamamilə
başqa bir şey çəkməyi arzulayırdımı?
- Onun
tammetrajlı film kimi ilk debütü «Bahar səsləri» olsa
da, atama ºöhrəti «Karnaval gecəsi» gətirdi. Film Lüdmila Qurçenko və Yuri Belovu "ulduz”
etdi, Ryazanov isə sovet komediya kinosunun baş qəhrəmanı
oldu. Atamın axırıncı filmlərini
komediya adlandırmaq çətindir. Amma atam
təkcə komediya janrında deyil, başqa janrlarda da çəkirdi.
Belə işlərə geniş nəzərlərlə
baxırdı.
- Atanızın reallaşdıra bilmədiyi
hansı fikirləri var idi?
- Eldar Ryazanov uşaqlıqdan xoşladığı
Rostanın pyesini ekranlaşdırmaq istəyirdi. Ona ideya gəlmişdi
ki, şair rolunu şair oynamalıdır. Ona
görə də Yevtuşenkonu dəvət etdi. Ancaq ona
ultimatum verdilər: istənilən başqa bir aktyor, lap
küçədən olsun, ancaq Yevtuşenko
olmamalıdır. 24 saat ərzində cavab verilməli
idi. Atam filmi çəkməkdən imtina etdi və 2 il işsiz oturdu. Yevtuşenkonun 40 yaşı
olanda, 1972-ci ildə o, şairə kino sınağı ilə
bağlı lent hədiyyə etmək istəyirdi. Ancaq filmotekasında bunu tapa bilmədi. Sanki belə
şey olmamış kimi lent yoxa çıxmışdı. Atam əsgər Vladimir Voynoviçin romanı əsasında
«İvan Çonkinin həyatı və qeyri-adi macəraları»
filmini çəkmək istəyirdi. Ancaq
çoxlu maliyyə ehtiyacı, bürokratik və
yaradıcı problemlərlə üzləşdi. Bu ideyasını da həyata keçirə bilmədi.
Bu, birgə quruluş olmalı idi. Xarici tərəf Çonkini Mixail Barişnikovun
oynamasını tələb edirdi. Ancaq
atam heç cür Barişnikovu istəmirdi, çünki onu
aktyor hesab etmirdi. Atamın artıq öz heyəti var
idi: Steklov, Qundareva, Smaktunovski, Filatov, Burkov.
- Eldar Aleksandroviç itinin də adını
Çonkin qoymuşdu.
- Hə,
bunu həyata keçməyən işinin xətrinə
etmişdi. İti də onun üçün məhz
həmin vaxtlar gətirmişdilər.
- Yəqin ki, zamanla bu materiala həvəs
də keçib getdi?
- Hə...
O, sonralar bu fikrinə heç qayıtmadı. Atam,
həmçinin «Ruslar Mariyanplastda», «Ustad və Marqarita»
haqqında düşünürdü. O bu fikirlə Mərkəzi
Komitənin ideoloji məsələlər üzrə katibi
Zimyaninin yanına getdi və əsəri çəkmək
istədiyini dedi. Əvvəlcə ona «məsləhətləşərik»
dedilər. Sonra isə «qərar var ki,
«Ustad»ı çəkməyəcəyik» deyə bildirdilər.
- Siz Ryazanovun
qızı kimi özünüzə qarşı xüsusi
münasibəti hiss edirdinizmi?
- İndiyə qədər bunu hiss edirəm. Əgər
hardasa öz soyadımı demək lazım gəlirsə,
insanlar başa düşürlər ki, mənim atam kimdir və
o dəqiqə müsbət enerjilərini mənə yönəldirlər.
"Maskovskiy komsomolets”dən tərcümə etdi
Təranə Məhərrəmova
Kaspi.-2017.-25-27 noyabr.-S.8.