Rəqsdə çərçivələrin
olmasını xoşlamıram
Nigar Sultanova: “DanceAbility”
insanların bir-birlərini olduğu kimi qəbul etmələri
üçün düşünülmüş metoddur”
Bu günlərdə "DanceAbility" rəqs metodunu
ilk dəfə Azərbaycana gətirən
Nigar Sultanova ilə görüşdük. Onunla
bu rəqs metodunun tarixi, xüsusiyyətləri və Azərbaycanda
yayılması barədə söhbətləşdik.
- İlk
olaraq istərdim ki, bu rəqsin tarixi barədə
məlumat verəsiniz.
- Metodun adı "DanceAbility”dir. İlk dəfə 1987-ci ildə
ABŞ-da Alito Alessi və Karen Nelson tərəfindən
qurulub. Hazırda dünyada bu
metodla məşğul
olan 500 pedaqoq var. Mənim üçün sevindiricidir ki, keçmiş MDB ölkələri
arasında və Şərqdə ilk müstəqil
filial Azərbaycanda açıldı.
Müstəqil filiallarımız Azərbaycanla yanaşı,
Avstriya, Almaniya, Finlandiya, Honq-Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir. Qeyd etmək
istərdim ki bütün filialların missiyası rəqs dərsləri və nümayişləri vasitəsilə
cəmiyyətdə olan
ayrı-seçkiliyi və
əlilliklə bağlı
yaranmış yanlış
fikirləri aradan qaldırmağa kömək
etməkdir. Məqsədimiz rəqs və hərəkət vasitəsilə
müxtəlif peşə
və həyat təcrübələrinə malik
insanları bir araya toplayaraq "Bərabərlik sənətinin”
təcrübəsini yaşatmaqdır.
- Necə oldu ki, bu
rəqs sizin diqqətinizi çəkdi
və məşğul
olmağa başladınız?
- Mən son 8 ildir ki, Türkiyədə yaşayıb fəaliyyət
göstərirdim. Orada da rəqslə məşğul
idim, amma daha çox Kuba rəqsləri ilə maraqlanırdım.
Kuba mədəniyyətini çox
sevirəm. Lakin bütün
folklor rəqslərində
olduğu kimi, onların rəqsində də müəyyən çərçivələr var. Mən isə rəqsdə çərçivələrin
olmasını xoşlamıram.
Sərbəstliyin tərəfdarıyam. Hər zaman hər kəsin sərbəst, rahat ola biləcəyi
bir yer arzusunda
idim. Yəni hamının rahatlıqla
istədiyi rəqs elementlərini edə bildiyi bir rəqs
növü. Həyatda
yanlış və doğru hərəkətlər
ola bilər.
Amma rəqsdə "yanlış”
və "doğru”
individual bir şeydir.
Bu, insana, ailəyə
görə, ölkələrə
görə dəyişə
bilər. Daim fikirləşirdim
ki, belə bir rəqs quracam
və adını da "Souldance” qoyacağam. Yəni "ruhun
rəqsi”. Yaradacağım rəqs növü barədə araşdırma
apardığım zaman
internetdə gələcək
müəllimimin müsahibəsinə
qulaq asdım. Və hiss etdim ki, bizim dünyaya
baxışlarımız üst-üstə
düşür. Sadəcə o, bu metodun adını
"DanceAbility” qoyub və burada hər kəs – əqli və fiziki fərqlilikləri olan insanlar, peşəkar rəqqaslar,
eləcə də başqa peşə sahibləri iştirak edə bilərlər.
Daha sonra həmin müəllimin təlimində
iştirak üçün
Avstriyaya getdim.
Bu metodun mərkəzi
Amerikadır, ancaq hər il
metod üzrə müəllimlik təlimləri,
həmçinin Avstriyada
beynəlxalq İmpulsTanz
festivalında da keçirilir. Təlimdə iştirak edərkən
artıq düşünməyə
başlamışdım ki,
bu metodu Azərbaycana da aparmaq və insanlarla paylaşmaq istəyirəm. Ancaq vətənə
qayıtmağım bir
ilə yaxın vaxt aldı. Gələndən sonra buradakı
reabilitasiya mərkəzləri
ilə maraqlandım.
Və daha sonra fəaliyyətə
başladım.
- Maraqlıdır,
bu fəaliyyətə
başlayanda Azərbaycanda
necə reaksiyalarla qarşılaşdınız?
– Bəli, ilk vaxtlarda yaxınlarım, qohumlarım
bunun çətin olacağını deyirdilər.
Çünki düşünürdülər
ki, heç bir sindromu və
ya əlilliyi olmayan bir insan
fiziki məhdudiyyəti
və ya hər hansı bir fərqliliyi olan biri ilə
rəqs etmək istəməz. Lakin bu metodun əsas özəlliyi onun qarışıq olmasındadır.
Çünki bu zaman həm inteqrasiya baş verir, həm də dostlaşırıq. Burada sadəcə
rəqs etmirik, eyni zamanda öz
bədənimizi, daxili
dünyamızı və
bir-birimizi tanıyırıq.
Biz rəqsə başlamazdan
öncə dairə formasında oturub bir-birimizlə tanış
oluruq, daha sonra bu tanışlıq
monoloqlara və dialoqlara çevrilir, dərsin sonunda isə yenə bərabər oturub təcrübəmizi və
nələr hiss etdiyimizi
bir-birimizlə paylaşırıq.
Rəqsdə daha çox
funksionallığa yox,
ifadəyə üstünlük
veririk. Adətən, rəqsdə funksionallıq
çox olur. "DanceAbility”də isə hər bir insanın daxili dünyası daha maraqlı və daha vacibdir.
- Musiqiləri özünüz seçirsiniz?
- Bəzən özüm seçirəm, bəzən də musiqiçilər dəvət edirəm. Adətən, ənənəvi rəqslərdə əvvəl musiqi səslənir, sonra rəqs başlanır. Biz isə keçən dərslərimizdə "yaradıcı laboratoriya” elədik. Rəqs edən başlayır improvizasiya etməyə, musiqiçi isə onu müşayiət edir. Həmçinin xoreoqrafiyanı da rəqs edən özü və ya qrup şəklində qururlar. Müəllim, sadəcə iştirakçıları onların etdikləri hərəkətləri daha dərindən hiss etmək və bir-biri ilə əlaqə qurmaq üçün müxtəlif vasitələrlə tanış edir. Müəllim heç zaman konkret hərəkəti göstərmir və təbii olaraq da bu hərəkətin təkrar olunmasını istəmir. Hər bir iştirakçı onun bədəninə xoş olan hərəkəti edir, bu günə kimi etmədiyi hərəkətləri edib təcrübə qazanır, bir sözlə, özünü və dərsdə olan bütün iştirakçıları kəşf etməyi sınayır. Yəni bu tamamilə, yaradıcı bir prosesdir. Sadəcə, metodda yeganə dörd prinsip var ki, ona əməl etmək mütləqdir: hiss etmək, əlaqə qurmaq, zaman və dizayn. İnsan hər hansı sözü deməmişdən və ya etməmişdən əvvəl onu hiss etməlidir. Əks halda, çox soyuq və hissiz bir şey alınacaq. Və hissi duymaq üçün konsentrasiya lazımdır. Dərslərimizdə rəqsə başlayandan öncə isinmə zamanımız var, bu müddət ərzində bədənimizin nəfəs almasına yönəlirik və eyni zamanda bədənimizin rəqsə hazır olması üçün isinmə hərəkətləri edirik. Bu metodda isinmə hərəkətləri də fərqlidir. Kimsə bir müddət divara baxa bilər və ya kimsə yerə uzana bilər. Mən heç vaxt onlara göstəriş verməyəcəm ki, sən gəl və rəqsə başla. Bu onun seçimidir. Bu rəqsin əsas xüsusiyyətlərindən biri də məhz insanların seçiminə hörmətlə yanaşmağı öyrənməkdir. Buna görə də müəllimdən çox şey asılıdır. Rəqsin iştirakçıları görəndə ki mən hər bir insanın seçiminə hörmətlə yanaşıram, onlar bunu özləri üçün nümunə götürürlər. "DanceAbility” insanların bir-birlərini olduğu kimi qəbul etmələri üçün düşünülmüş metoddur.
- Rəqs növü kimi yanaşsaq, hansısa müsabiqələrdə
iştirak nəzərdə tutulurmu?
- Bu yaxınlarda "Bakı Açıq Rəqs Kuboku” Rəşid Behbudov adına Mahnı Teatrında rəqs müsabiqəsi keçirirdi. Bizi ora açılış mərasimində çıxış etmək üçün dəvət etmişdilər. Lakin sırf müsabiqə baxımından mənim üçün rəqs idman deyil. Rəqsin hansısa çərçivədə olmasının ya da münsiflər heyətinin hansı rəqsin yaxşı olub-olmamasına qərar verməsinin tərəfdarı deyiləm. DanceAbility növünün də müsabiqəsi yoxdur. Sadəcə, müxtəlif ölkələrdə nümayişlər təşkil olunur. Belə nümayişlərin çoxunu küçə festivalları təşkil edir. Həmin nümayişlərdə iştirak etməkdə, əlbəttə ki, maraqlıyıq.
- Sağlamlıq məhdudiyyəti olan şəxslərlə məşq etmək sizə müəyyən çətinlik yaratmır ki?
- Qətiyyən. Əksinə, mən bundan zövq alıram. Çünki hər bir iştirakçı mənim üçün ayrıca planetdir. Mən onlarla məşğul olduqca, özümçün yeni dünyalar kəşf edirəm.
-
İştirakçılar "DanceAbility”
dərsləri haqqında nə düşünürlər?
- Bunu bilmək üçün YARAT Freestyle’ın bizim dərslərimiz haqqında çəkdiyi videonu izləmənizi tövsiyə edərdim.
- Hal-hazırda dərsləriniz davam edirmi?
- Bəli. Hər çərşənbə axşamı və cümə axşamı saat 19.00-21.00-da Nizami küçəsi 241-də yerləşən TanGo On məktəbində dərslərimiz keçirilir. Dərsə yazılmaq üçün həmin gün dərsin başlanmasından az öncə gəlib qeydiyyatdan keçmək kifayətdir. İstəyənlər əlavə məlumat üçün mənimlə də əlaqə qura bilərlər.
Söhbətləşdi:
Cahanxanım Seyidzadə
Kaspi.-2017.-25-27 noyabr.-S.17.