Milyonların ürəyinə uzanan yol və
yüz addım
Sabir
RÜSTƏMXANLI
...Öncədən onu deyim ki, yüksək səviyyəli yubiley mərasimləri gələnəyinin unudulduğunu düşünürdüm, daha doğrusu, pulun, şəxsi çıxarların, hakimiyyət ehtiraslarının hökm sürdüyü cəmiyyətlərdə öz böyük sənətkarlarını layiqincə anmaq az adamı maraqlandırır. Nə yaxşı ki, Kabarda–Balkar respublikasından dəvət aldım, balkar xalqının öz böyük şairi Qaysın Quliyevin anadan olmasının 100 illik yubileyini hansı səviyyədə qutladığını gördüm və bütün dəyərləri itirməyin mümkünsüzlüyünə sevindim.
***
Gecələr gedib yerləşdiyim yeni otellərdə yuxudan oyanarkən ilk işim pəncərəni açıb ətrafa baxmaq olur.
Nalçikin “Sindika” otelində 8-ci mərtəbədəki otağımın pərdəsini çəkib, ətrafa boylananda göz önündə açılan mənzərəyə heyrətləndim. Bir şəhər görüntüsü əvəzinə payız meşələrinə bürünmüş dağ yamacı ilə üz-üzəydim. Sarısı qırmızısına qarışan meşənin içindən kiçik adalar kimi seyrək kənd evlərinin damları görünür. Evlərin tüstüsü meşədə daraqlanıb keçən seyrək dumana qarışır.
...Təyyarə meydanında dünən axşam məni balkarların başqa bir görkəmli şairi, köhnə dostum Saleh Qurtuyev (balkarlar “Qurtulanu” deyirlər) qarşılamışdı. Yəqin diqqətlə baxmasaq nə o məni, nə mən onu tanıyardım. Zarafat deyil, görüşmədiyimiz otuz ilə yaxındır; amma o vaxta kimi az qala hər il müxtəlif ədəbiyyat tədbirlərində və ya yaradıcılıq evlərində görüşürdük. Saleh bəy Kabarda-Balkar respublikasının mətbuat komitəsinin sədri idi, arada Bakıya da gəlib-gedirdi. Amma sonra əlaqələr qırıldı.
Qaysın Quliyevin yubileyinə məni Moskvadan, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, köhnə dostum Diman Belekov dəvət etmişdi. Sonra Kabarda-Balkar Yazıçılar Birliyinin sədri Beppeylanı Mütəllib gedib-getməyəcəyimi dəqiqləşdirmək üçün zəng vuranda onu da bildirmişdi ki, Bakıdan yol yoldaşınız da olacaq, tək olmayacaqsız. Sonra bəlli olmuşdu ki, yubileyə “Azərbaycan dünyası” dərgisinin naşiri və baş redaktoru, “Dədə Qorqud” milli fondunun prezidenti Eldar İsmayılov da dəvət olunub. Ancaq Eldarla yalnız təyyarədən enəndən sonra Salehin yanında görüşdük və Nalçikə bir maşında gəldik. Söhbət zamanı öyrəndim ki, onun atası müharibədə Qaysın Quliyevlə eyni cəbhədə olub.
Eldarı kənardan tanıyırdım, yubiley günlərində yaxınlaşdıq, gördüyü işlər, jurnalist fəaliyyəti, diasporumuzla əlaqələri barədə söhbətləri arada səmimiyyət yaratdı.
Saleh Qurtuyev bir müddət Qafqaz Yazarlar Birliyinə başçılıq edib. İndi “Munqu-tay“ (Elbrusun balqarca adıdır) jurnalını buraxır. Gələn ilin may ayında 80 yaşı olacaq, lakin şux və gümrahdır. Yubileyi ərəfəsində beş cildlik əsərləri dövlət vəsaiti ilə nəşr edilir. Təəssüf ki, bizdə bu ənənə çoxdan unudulub. Bundan əlavə, dünya ədəbiyyatından təxminən əlli min misralıq tərcüməsi var və zarafatla deyir ki, tərcümə cildində Puşkindən sonra sən gəlirsən. Gülə-gülə: “Aydındır, - deyirəm, - Azərbaycan əlifba sırasında birincidir”.
Nalçikdə olduğumuz ilk gün tunelləri, sərt qayaları, payız meşələrinin rəngləri ilə ürəyi yerindən oynadan vadini gəzdik, “Balqar Goy-gölünə” getdik. Yağış yağdığından gölün qırağındakı restoranda seyrəklikdir. Bizi qarşılayan xanım gülə-gülə “yerlilərim xoş gəlib” deyir. Bu mehribanlığının səbəbini Saleh söyləyir: “Həyat yoldaşı azərbaycanlı olub”.
Axşam Salehin dəvəti ilə, Nalçıkdəki Azərbaycan dərnəyinin bir dəstə üzvü, başda yerli univrsitetin kafedra müdiri, prof. Əli Dadaşov olmaqla, otelə, bizim görüşümüzə gəldilər. Quzey Qafqazdakı yerlilərimizin durumu və Vətənlə əlaqələri barədə söhbət etdik.
Qaysın Quliyevlə bağlı tədbirlər ertəsi gün - noyabr ayının 1-də başlandı. Ara verməyən yağışa baxmayaraq, böyük şairin heykəlinin qoyulduğu meydan qonaqlarla və onu sevənlərlə doluydu. Respublikanın bütün rəsmiləri də meydanda idilər. Söhbətlər uzanır, heykəlin qarşısında şəkil çəkdirmək istəyənlərin sırası seyrəlmirdi.
Günortadan sonra respublika milli kitabxanasında Qaysın Quliyevin həyat və yaradıcılığına həsr edilmiş dəyirmi masada iştirak etdik. Burda mən çıxışımı Səməd Vurğunun sözü ilə başladım: “Kiçik xalqın böyük şairi olmaqdansa, böyük xalqın kiçik şairi olmaq yaxşıdır”. Qaysın Quliyev də kiçik xalqın şairidir, amma parlaq istedadı onu bütün türk ellərinin və dünyanın şairinə çevirib...”
Axşam Respublika Musiqili Teatrında Qaysın Quliyevin yubileyinə həsr olunmuş təntənəli gecə keçirildi. Gecədə Azərbaycana sayqı əlaməti olaraq mənə də söz verdilər.
Mən yubileyə Azərbaycan Yazarlar Birliyinin təbrik məktubunu təqdim etdim. Çıxışımda daha çox Qaysın Quliyevin və xalqının faciəsi və üzləşdikləri ədalətsizlik üzərində dayandım:
“...Əgər Stalin repressiyası və deportasıyasından, onun faşizmdən fərqli olmayan türk düşməynçiliyindən bircə balkar da xilas ola bilməsəydi, bu xalqdan yalnız bir Qaysın Quliyev sağ qalsaydı, dünya yalnız onun şəxsiyyətini tanısaydı, yenə balkar xalqının böyük istedadına şübhə yeri qalmazdı. Balkar dilində yalnız onun şeir və poemaları yaşasaydı, yenə də bu əsərlər balkarların gözəl ruh dünyasını dərk etməyə, ölməz balkar türkcəsini sevməyə bəs edərdi. Çünki Qaysın Quliyev balkar ruhunun ensiklopediyası, balkar dilinin canı və qanıdır. Onun taleyi balkar xalqının taleyidir.
Qaysın ağa, eyni zamanda, Quzey Qafqaz türklərinin, Krım tatarlarınin, Axıska türklərinin, Azərbaycanın repressiya qurbanı olmuş və vətənindən sürülmüş on minlərlə ziyalısının şairidir: bütün əzabkeş xalqların şairidir. O, Balkar xalqının dünyaya ən böyük hədiyyəsidir.
Mən Qaysın Quliyevi sonuncu dəfə Bakıda, ədəbiyyat günlərində, Azərbaycan şairlərinin, onu sevənlərin əhatəsində görmüşdüm. Qəzetə müsahibə verir, özünəməxsus enerji dolu bir səslə xalqının acı taleyindən, Qırğızıstandakı həyatından, orada azərbaycanlı sürgünlərlə qonşuluğundan göz yaşı ilə yoğrulmuş söhbətlər edirdi. Dahi Azərbaycan şairləri Nizamini və Füzulini bizə yenidən tanıtdırırdı. Onları necə sevdiyini deməsi azmış kimi, əsərlərindən parçaları əzbər söyləyirdi.
Azərbaycanda dostları çox idi. Xüsusən, Səməd Vurğun haqqında, onun milli ədəbiyyatların inkişafında rolu haqqında böyük hörmətlə danışır, ona “mənim əziz karındaşım” deyirdi.
Sonra 1980-ci ildə nəşriyyatın baş redaktoru kimi mənə Qaysın Quliyevin «Yer kitabı” adlı şeirlər toplusunu Azərbaycan türkcəsində nəşr etmək qismət oldu. Bu kitabı onun dostları və Azərbaycanın ən tanınmış şairləri çevirmişdilər.
Allah Böyük Qafqazın ən uca zirvələrindən də yüksəkdə dayanan Qaysın Quliyev sözünü və Balkar xalqını qorusun!”
Sonra böyük şair haqqında elə o günlərdə yazdığım şerimdən bir parça oxudum:
Sürdülər qürbətə türk ellərini
Ruhu uçub getdi Qafqazın bir gün
Bu dünya faşistlər əlində əsir,
Oğul cəbhədədir, anası sürgün
Bir qəzəb fışqırır hər yarasından
Niyə parçalanıb dağılmır bu yer?
Qalıb arasında iki cəlladın -
Arxada Stalin, önündə Hitler
Şair vətən deyir... Vətən dağılmış,
Nəğməsi yuvasız neyləyəcəkdir.
O daha ilhamı hardan alacaq
Sözünü kimlərə söyləyəcəkdir?
Beləcə bir ömür yaşadı Qaysın,
Dünya ədalətsiz - yandırır, yaxır.
Xalqını ölümə göndərən kəslər
Onun sinəsinə medallar taxır.
Yenə də
ucalır qartal harayı,
Savaşda
ölmədim, ancaq gordayam...
Dəysin
başınıza cənnət vədiniz,
Millətim
hardasa, mən də ordayam!
Yubileydə
Türkiyədən, Moskvadan, Tatarıstandan,
Çuvaşiyadan, Şimali Qafqaz respublikalarından,
Qazaxıstandan, Qırğızıstandan gəlmiş bir
sıra köhnə dostlarla yenidən görüşmək
qismət oldu.
Bir neçə gün Respublika Qaysının xatirəsini
paylaşdı, onun şeirlərini söylədi, onun
mahnılarını oxudu, onun yüksək insanı keyfiyyətləri
haqqında əfsanəyə çevrilmiş söhbətlər
etdi. Qəzetlərin
birinin başlığı Qaysına olan məhəbbəti
dəqiq ifadə edir: “Çegemdə doğulmuş peyğəmbər”.
Qaysın Quliyev mürəkkəb və faciəli bir həyat
yolu keçmişdir. Böyük Vətən müharibəsi
illərində ön cəbhədə silahı, arxa cəbhədə
sözü ilə vuruşurdu. Onun cəbhə
yoldaşları gənc Qaysının sərrast
sözünün, yüksək vətən sevgisiylə
yoğrulmuş şerinin cəbhədə əsgərləri
necə ruhlandırdığını və qələbəyə
apardığını dəfələrlə qeyd ediblər.
Qaysın Quliyev Qafqaz cəbhəsindən başlayaraq
bir çox ağır döyüşlərdən
keçmiş, yaralanmış, sağalıb yenidən cəbhəyə
qayıtmışdı. Qırğızıstana sürgün
edilmiş xalqının faciəsi onun yaralı köksünə
daha ağır bir yara vurmuşdu. Stalinin öz yurdunda və
ya Moskvada yaşamasına icazə verən xüsusi göstərişini
qəbul etməyərək, Qırğızıstana getmiş
və orada 12 il sürgün həyatı
yaşamış və xalqının öz doğma yurduna
qayıtması uğrunda mübarizə aparmışdı. Bütün bunlar onun mərd, qürurlu, vətən
və insan sevgisi ilə dolu poeziyasında da əksini
tapmışdır.
Qaysının
məğrur səsi erkən yaşlarından ona ədəbi
mühitdə şöhrət və sevgi
qazandırmışdır; Mustay Kərim, David Kuqultinov, Alim
Keşokov, Rəsul Həmzətov, Çingiz Aytmatov kimi milli ədəbiyyatların
görkəmli nümayəndələriylə
çiyin-çiyinə və dostcasına köhnə
SSRİ-nin ədəbi tablosunu yeni rənglərlə, yeni
dillər və yeni ənənələrlə zənginləşdirmişdilər.
Bu baxımdan onlar böyük Səməd
Vurğunun davamçılarıydılar.
Qaysın Quliyevin Azərbaycanla
bağlılığını balkar
yazıçıları yaxşı bilirlər. Saleh bəy
dramatık məqamlarda Səməd Vurğunla Qaysın
Quliyevin bir-birlərini necə müdafiə etdikləri barədə
mənim bilmədiyim maraqlı epizodlar danışirdı.
O, Azərbaycan
ədəbiyyatının tərcüməsi və nəşri
ilə həmişə maraqlanır və bizim
yazılarımızı çap edən redaksiyalara zəng
vurub minnətdarlığını bildirirmiş.
Qaysın Quliyev poeziyası onun balaca xalqının
böyük ruhunun ifadəsi idi. Dünyanın bir
çox qələm sahibləri onun
yaradıcılığı haqqında heyranlıqla söz
açıblar. Öz həmkarlarının ona olan
münasibətini Çingiz Aytmatov dəqiq ifadə edib:
“Qaysın Quliyev öz canı və qanıyla, ayrılmaz
şəkildə doğma torpaqla, doğma xalqla bağlı
olan böyük poeziyanın örnək şəxsiyyətidir.
O, böyük ədəbiyyatda bizim bayraqdarımız idi”.
Aşağıdakı
rəylər də bu fikrin təsdiqidir:
“Şair
Qaysın Quliyev doğru demişdir: “Müharibədə
atılan hər güllə birbaşa anaların ürəyinə
dəyir” (İndira Qandi).
“Qaysın Quliyev və onun poeziyası böyük həyat
yanğısı və alovlu temperamentdir. Orada Şərq
və Qərb saatlarının əqrəbləri qovuşur”
(Boris Posternak).
“Yüksəkliyə
doğru can atan insanlar qarlı dağları necə sevirlərsə,
biz də şeirin Qaysın Quliyev adlanan
ucalığını həmişə sevəcəyik”
(Nikolay Tixonov).
“Mən bu dünyanın ən gözəl
insanlarından biri olan Qaysın Quliyevin mərdliyi və dəyanətinə,
onun böyük, möhtəşəm istedadına çox dərin
hörmət və məhəbbətlə yanaşıram”
(Konstantin Simonov).
“Qaysın Quliyev - dağların qüdrətli oğlu,
zəmanəmizin insan duyğuları və müdrikliyi ilə
dolu olan böyük poeziyasının nəhəng
yaradıcısı, əziz dostum və qardaşımdır”
(Mirzə İbrahimov).
***
İki günlük yubiley tədbirinin ən maraqlı
hissəsi noyabrın 2-də şairin doğulduğu
Çegem rayonuna səyahətimiz oldu. Öncə
Nalçik ətrafında ömrünün son illərini
yaşadığı evini ziyarət etdik. Birmərtəbəli
sadə ev Qaysının xoşbəxt
günlərinin şahidi olub. Həyətdə
talvarın altında uzun masalar var. Burda oxucuları və kəndliləri
ilə görüşürmüş. Üç
iri ceviz ağacı yarpaqlarını tökəndən sonra
çılpaq görkəmiylə sahibi gedən evin qüssəsini
artırır. Vəsiyyəti üzrə
şair öz həyətində dəfn edilmişdir. Məzarın yuxarı tərəfində qranit heykəl
ucalır. Balaca iş otağının
divarlarını şairin ilhamlı anlarının şəkilləri
və aldığı mükafatlar bəzəyir. Yazı
masası otuz iki ildir sözün və ilhamın həsrətini
çəkir...
Sonra maşın karvanı Yuxarı Çegemə -
şairin doğulduğu yurda doğru yol aldı.
Çegem yolu, Çegem şəlaləsi təbiət
möcüzələridir. Çegem
çayı ilə yanaşı uzanan yol, altından
keçib getdiyimiz qayalar mənə Tərtər boyu uzanan Kəlbəcər
yolunu, Qaya baş-başa dəyən yeri xatırladır.
Tunelə bənzər bu yol sonra sıxıntıdan
qurtarır və payız günəşində bərq vuran
qarlı dağların arasında ayrı bir dünyaya
düşürük... Bu, mənə doğma
olan bir dünyadır. Meyvəsi
yığılmamış çaytikanı kollarınin
budaqları sap-sarı, yoğun kəhrəba
boyunbağılara çevrilib. Ağacların
baş ucunda yellənən sonuncu yarpaqlar gün
işığında qızıl sırğalara bənzəyir.
Qaysın
Quliyevin ata ocağı ucalığı ilə adamı heyrətə
salan və bu baxımdan yəqin ki, dünyada tayı-bərabəri
olmayan quşqonmaz qayaların arasında, köpüklənə-köpüklənə
axıb Çegemə qarışan balaca dağ
çayının üstündədir: kənddən yüzəlli-ikiyüz
metr yuxarıda.
Böyük eloğullarına sevgi əlaməti olaraq kənd
camaatı və bir dəstə təşəbbüskar bu evə
qalxan yolu genişləndirib və üst tərəfindən
iri daşlardan evə kimi uzanan divar hörüblər. Divardakı
taxçalara hər 2-3 metrdən bir yazılı mərmər
lövhələr yerləşdirilib. Bu
lövhələrdə şairin öz şeirləri və
onun haqqında dünya şöhrətli müəlliflərin
fikirləri həkk olunub. Lövhələri
saymadım. Yüzdən çox olar.
Bəlkə elə buna görə də bu yola
“Qaysın Quliyevə doğru yüz addım” adı verilib.
Dəyərli işdir, yazılar yola özəl bir anlam
gətirib. Söz yolu qutsallaşdırıb, ziyarətgaha
çevirib.
Yubileyə gələnlərin sırası kənd
arasından evə kimi uzanır. Yolun
başlanğıcında divarda iri hərflərlə
yazılmış yazıların altına gül dəstələri
qoyuruq. Dayanıb şəkil çəkdirmək istəyəndə
şairin oğlu Əhməd Quliyev mənə
yaxınlaşır, “bir yerdə şəkil çəkdirək”
deyir və “axşam sizin çıxışınız
çox xoşumuza gəldi” söyləyərək, ailəsinin
adından təşəkkürünü bildirir: ”Siz
atamın ruhunu dəqiq ifadə etdiniz. Kimsənin
toxunmadığı məsələlərə toxundunuz.
Daha doğrusu, başqalarının
duymadıqları və ya cəsarət edib demədiklırini
dediniz. Bizim ağrımızı hər adam
bilməz. Salon da sizi anladı və
gördünüz necə qarşıladı”. Gülə-gülə
“hələ bəzi şeyləri ixtisar elədim, vaxtı nəzərə
aldım, həm də problem yaratmaq istəmədim” dedim.
Söhbət
zamanı o, atasının Azərbaycana xüsusi münasibəti
olduğunu bildirdi: “Mirzə İbrahimovla yaxın dost idilər.
Bakıya gedəndə hökmən onun
qonağı olurduq. Rəşid Behbudov sənətinin
aşiqi idi. Bir yerdə SSRİ Alı Sovetinin
deputatı olmuşdular. Polad
Bülbüloğlunun ifasını da sevirdi. İki sözü də heç yadımdan
çıxmır. Bir deyirdi ki,
Bakıdakı qədər gözəl qızlar
dünyanın heç yerində yoxdur. Bir də deyirdi
ki, heç yerdə Azərbaycan ailələrində
olduğu kimi zəngin və dadlı süfrə aça bilməzlər”...
Saleh Qurtuyevlə söhbət edə-edə gecə
yağmış narın qar təbəqəsinin üstü
ilə böyük şairin evinə doğru dikəlirik. Tez-tez xəbərdarlıq
edir: “Ehtiyatlı ol, sürüşərsən,
aşağı uçurumdur”.
Qaysının mülkü uşaq vaxtı bizim dağ kəndlərində
gördüyüm üstü çimlə örtülü
bir neçə yarıqazma evdən ibarətdir. Yuxarı tərəfdə
eyvanı olan və nisbətən böyük – üç
otaqlı binada onun muzeyi yerləşir. Şəkillər,
ov tüfəngi, köhnə sandıq, mis qazanlar, məişət
əşyaları uzaq zamanların ruhunu qoruyur. Girişdəki otağın bir küncündə,
döşəmədə oyulmuş ocaqda odun yanır, soyuqdan
qaçan qonaqlar əllərini qızdırırlar. Ocağın qırağındakı balaca kresloda
otururam. Tanışlar yaxınlaşıb
kreslonun ətrafında şəkil çəkdirirlər.
Həyət çegemlilərlə və Qaysın
Quliyev şeirinin həvəskarları ilə doludur. Məktəblilər
həyəcanla şairin şeirlərini söyləyirlər.
Sonra aşağı həyətdə yenə
ocağı gur yanan bir yarıqazma otaqda uzun masanın ətrafında
sıxlaşıb oturur və Qaysın Quliyev yurdunun bərəkətindən
dadırıq.
Kabarda-Balkar respublikasının mədəniyyət
nazirinin, Çegem icra başçısının,
TÜRKSOY-un Baş katibi Düsen Kusainovun da
qatıldığı bu hay-küylü məclisdə deyirəm
ki, bu yol gözəl işdir. Onun tikintisi haqqında
filmə də baxmışam. Lakin
Qaysına doğru yüz addım atmaqla nə onun kəndliləri,
nə də rəsmilər çox öyünməsinlər.
Onların çəkdiyi yol Qaysın Quliyev yolu
ilə müqayisəyə gəlməz. Şair
bu ocaqdan milyonlarla insanın ürəyinə yol çəkib.
Onun çəkdiyi yolun uzunluğunu kimsə
hesablaya bilməz. Bu yol əbədidir.
Daim yaşayacaq və zaman keçdikcə uzanacaq,
genişlənəcək.
Sol tərəfimdə Rusiya Yazarlar Birliyinin birinci katibi,
şair Gennadi İvanov və Çeçenstan
Respublikasının Yazarlar Birliyinin katibi Kanta İbrahimov
oturublar. Çeçen dostumuzla sözümüz tutur,
danışır, zarafatlaşırıq. Sol tərəfimdə Kalmık Respublikasının
Yazarlar Birliyinin sədri Erdni Eldışev kəlmə kəsmədən
susur. Onu dilləndirmək üçün söz
atıram: “Dağlar danışır, çöllər
susur”. Gennadi misranı havada tutur: “Bu gözəl bir şeir
mövzusudur...” “Sənə
bağışlayıram, yaz!” - deyirəm.
Qaysın ocağında şənlik davam edir. Bu ocaq tək
sözüylə yox, həm də duzu, çörəyi ilə
bərəkətlidir. Amma biz geri
qayıtmalıyıq. Sal qayalarla
dünyadan ayrılmış balaca yurdun dünyaya yayılan səsi
yol boyu bizi izləyir.
Sabah
ayrılıb gedəcək qonaqlarla - TÜRKSOY-un Baş
katibi Düsen Kusainov, Moskvadan Dövlət Dumasının
deputatı, Dağlıq Altay şairi Diman Belekov, Gennadi
İvanov, Anatoli Parpara, çuvaş şairləri Raisa Sarbi
və Valeri Turqay, Başqırdıstandan Zəki Alibayov və
başqaları ilə söhbətimiz oteldə gecədən
xeyli keçənədək davam edir.
Sonrakı gün Nalçikdəki azərbaycanlılarla
daha bir görüşümüz oldu. Onların
danışığından Kabarda-Balkar respublikasının
parlament sədri, əslən Bakıdan olan Tatyana
Yeqorovanın bizimkilərə həmişə həssaslıqla
yanaşdığını öyrəndik. Buna görə
də “Azərbaycan dünyası“ dərgisinin “Mehriban ana”
mükafatını parlament sədrinə, “Dədə Qorqud”
mükafatını isə ədəbiyyatımızın təbliğçisi
Saleh Qurtuyevə vermək qərarına gəldik. Buna görə də Azərbaycan cəmiyyətinin
başçısı Əli Dadaşov, Saleh Qurtuyev və biz
parlament sədri ilə ayrıca görüşdük. Tatyana xanım bu görüşdən, ona verilən
mükafatdan məmnunluğunu bildirərək, Bakı ilə
bağlı xatirələrini bölüşdü, azərbaycanlıların
problemlərinə həmişə diqqətlə
yanaşdığını qeyd etdi. “Azərbaycan
dünyası” dərgisinin bir sayının Qaysın Quliyevin
yubileyinə və Kabarda-Balkar respublikasına həsr edilməsi
razılaşdırıldı.
Saleh bəy bizi Kabarda-Balkarda yaşayan xalqların diaspor
nümayəndələrinin iştirakı ilə keçirilən
bir bayram məclisinə dəvət etdi. Orada
çıxış edib Azərbaycanın milli azlıqlara,
müxtəlif dinlərə münasibətdə nümunəvi
bir dövlət olduğunu ayrıca vurğuladım, sonra azərbaycanlılarla,
Axısxa türkləri ilə söhbət etdik. Onlar Dünya Azərbaycanlıları Konqresinin
işində yaxından iştirak etmək istədiklərini
bildirdilər.
Yol qeydlərimi
Qaysın Quliyevin poeziyaya hansı yüksək ədəbi-
estetik və vətəndaşlıq meyarları ilə
yanaşdığını göstərən sözləri
ilə bitirmək istəyirəm:
“Poeziya bəsər mədəniyyətinin ən gözəl
hissəsidir və musiqi kimi, insanın ən böyük nəaliyyəti,
ən dəyərli xəzinəsidir. Şairlər dünyanın
bütün dillərində, həyat haqqında, torpaq
haqqında, qadınların gözəlliyi, kişilərin mərdliyi,
ana sevgisi, insan xeyirxahlığı, göyün əlçatmaz
ulduzları, torpağın bərəkəti, buğda
sünbülü, ağac və daş, ot və
çiçək, qar və yağış, üzüm
salxımı haqqında nəğmə oxuyublar. Mən
xöşbəxtəm ki, nə qədər az
olsa da, hər halda, bu böyük poeziyada mənim də
payım var, mən də onun yaradıcıları
arasındayam“.
Kaspi 2017.- 25-27 noyabr.- S.12-13.