Şuşa üçün darıxan bəstəkar
Son vaxtlar çox kövrək olub. Bir qədərdə
yaddaşında problemlər yaranıb. Amma
musiqiyə, musiqiçilərə, dostlarına qarşı həmişəki
etibarında, məhəbbətində və diqqətindədir.
Tez-tez zəngləşirik.
Sözünün əvvəli də, axırı da Şuşa ilə bağlıdır. "Bircə
onun düşmənlərdən azad edildiyi günü
görsəydim, çox narahatam, ömürdür də… Bitəndə
səndən icazə almır ki… Deyəsən,
mənim hələ yerinə yetməyən arzularım var”.
Bu sözlərinin ahəngindəki xiffət
bütün ruhumu sızıldatdı. Noyabrın
sonunda ad günüdür, istədim görkəmli mədəniyyət
cəfakeşimizə sözdən bir hədiyyə çələngi
bağlayım.
Azərbaycan qadınları arasında ilk dəfə bəstəkar
kimi fəaliyyət göstərərək milli musiqimizin
inkişafında xüsusi xidmətlərilə seçilən
Ağabacı Rzayevadan sonra bu sahədə çox
tanınmış sənətkar xanımlar olub. Maraqlıdır
ki, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə
Axundovanın bu şücaəti musiqi aləmində əsl
hadisəyə çevrildi. Dünyada opera
yazan ilk qadın bəstəkarın Azərbaycanda yetişməsi
həqiqətən də böyük fəxarətdir. Sonrakı illərdə Ədilə Hüseynzadə,
Hökumə Nəcəfova, Elmira Nəzirova, Elza İbrahimova
və başqaları müasir düşüncə tərzi
və milli köklərə bağlı musiqi əsərləri
yaratdılar. Bu gün Azərbaycan Bəstəkarlar
İttifaqının rəhbərinin qadın olması da
yaradıcı xanımların məsuliyyətindən, bu sahəyə
verdikləri yeni töhfələrdən, sənət əsərlərinin
miqyasından, keyfiyyətindən, bəşər mədəniyyətinin
tərkib hissəsinə çevrilməsindən xəbər
verir. Bu sırada xalq artisti, bəstəkar
Sevda İbrahimovanın da adını qürurla çəkə
bilərik. İstedadı, musiqiyə
bağlılığı öz yerində, daxili aləmi də
elə zəngindir ki, hər dəfə onunla söhbətdən
xüsusi zövq alıram.
Sevda İbrahimovanı nəinki Azərbaycanda, eləcə
də onun hüdudlarından kənarda da yaxşı
tanıyırlar. Əsərləri ABŞ, Fransa, Almaniya,
İsveçrə, Bolqarıstan və başqa ölkələrdə
uğurla ifa olunub. Amerikalı dirijor Rikkardo Averbax Azərbaycanın
xalq artisti, skripkaçı Zəhra Quliyeva ilə birlikdə
Sevda İbrahimovanın simli orkestr və skripka
üçün yazdığı "Həyat bir pəncərədir"
əsərini Azərbaycanda, Amerika və Bolqarıstanda
böyük uğurla və dəfələrlə ifa ediblər.
Orqan, soprano və bariton üçün
"Poema ithaf" Kölndə, fortepiano və simli orkestr
üçün "Konsertino" Parisdə, fortepiano
üçün yazılan "Əhvalruhiyyələr"
Amerikada, Fransada, İsveçdə səslənib.
Əlbəttə, insanın yaradıcı kimi mükəmməl
püxtələşməsində bir sıra şərtlərin
olması vacibdir. Böyüdüyün mühit, tərbiyə
aldığın valideynlər, əhatəsində olduğun
insanlar çox önəmlidir. Bu mənada
Sevda İbrahimovada musiqiyə maraq çox kiçik
yaşlarında yaranıb. Ulu babası Aşıq Valeh,
sevimli babası məşhur tarzən Qurban Pirimov, atası,
xalq yazıçısı Mirzə İbrahimov, anası Sara
xanım Azərbaycan mədəniyyətinə, musiqisinə
böyük töhfələr verərək adlarını
tarixə qızıl hərflərlə həkk etdirmiş
unudulmaz insanlardır. Bəstəkarın anası Sara Pirimova
Azərbaycan pianoçuları arasında ilk ali
təhsil alan qadınlarımızdan biridir. O, Azərbaycanın
ilk fortepianoçu qadın musiqiçisi sayılır. Atası Mirzə İbrahimov özü böyük
yazıçı olmaqla bərabər dövrünün
çox görkəmli mədəniyyət xadimləri ilə
yaxından dostluq edərdi. Xüsusilə
Üzeyir Hacıbəyli ilə daha sıx əlaqələri
var idi. Bu fakt da məlumdur ki, Üzeyir bəy
ömrünün son dəqiqələrində məhz Mirzə
İbrahimovla görüşməyi arzulamışdı.
Belə bir mühitdə böyüyən Sevda
İbrahimovanın musiqiyə meyli təbii idi. O, əvvəlcə
Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının fortepiano fakültəsini
(professor M.R.Prennerin sinfini), iki il sonra isə bəstəkarlıq
fakültəsini (professor Qara Qarayevin sinfini) bitirib.
O günləri
kövrəlmiş ovqatla xatırlayan Sevda xanım söyləyir:
"Qara müəllimin sinfində oxumağın özü
böyük xoşbəxtlik idi. Onunla ünsiyyətdə
olmaq, onun məsləhətlərini dinləməyin
özü başqa bir aləm idi. Qara
müəllim böyük sənətkar, alim, istedadlı bəstəkar
olmaqla bərabər, qeyri-adi pedaqoq idi. O, həm öz tələbələrinə,
həm də gördüyü işə böyük məsuliyyət
və tələbkarlıqla yanaşırdı. Hər birimizə elə bir keyfiyyət
aşılamağa çalışırdı ki, biz daim
yaradıcılıq axtarışları ilə məşğul
olmağa böyük həvəs göstərək. Hər tələbənin özünəməxsus
keyfiyyətlərini üzə çıxarmaq məsələsinə,
bəzən də bunun yaranmasına belə, diqqət yetirərdi.
Qara müəllimin hər dərsi bizim
üçün həm imtahan, həm də bayram idi. Əgər yazdığımız əsər Qara
Qarayev tərəfindən bəyənilirdisə,
uçmağa qanadımız olmazdı. Onun
pedaqogikasında qəribə bir incə münasibət, əsl
atalıq qayğısı duyulardı".
Bəlkə də elə buna görədir ki, Qara
Qarayevin sinfini bitirənlərin əksəriyyəti
böyük bəstəkarlar oldular. Onun sinfində oxumaq
üçün nəinki keçmiş SSRİ
respublikalarından, hətta dünyanın bir çox ölkələrindən
gələrdilər. Qara Qarayevin sinfinə
düşmək üçün mütləq istedadın
olmalı idi. Bu gün də nəsillərə nümunə
olacaq, yaradıcılığı ilə seçilən,
tanınmış bəstəkarlarımız var ki, onlar məhz
Qara Qarayevdən dərs alıblar: Arif Məlikov, Tofiq
Bakıxanov, Polad Bülbüloğlu, Firəngiz Əlizadə,
Elnarə Dadaşova və bu sırada ləyaqətlə
dayanan Sevda İbrahimova. Hələ tələbəlik illərində
Qara Qarayev Sevda xanımın bəstəkarlıq sahəsindəki
duyumunu yüksək qiymətləndirərək deyirdi:
"Sevdada bəstəkar üçün zəruri olan
başlıca keyfiyyətlər var: incə zövq, musiqinin təsiredici
gücünə inam. O, çox və səmərəli
işləyir. Mən onun istedadına möhkəm
inam bəsləyirəm". Musiqi nəzəriyyəçiləri
yazırlar ki, Qara Qarayev nə qədər böyük ürəkli,
humanist təbiətli, qayğıkeş olsa da, hər
musiqiçi haqqında belə səmimi rəy söyləməzdi.
Müəlliminin etimadını qazanan Sevda
İbrahimova öz səmərəli
yaradıcılığı ilə də bu inamı
doğrultdu. 1968-ci ildən Konservatoriyada
(indiki Musiqi Akademiyasında) müəllim kimi əmək fəaliyyətinə
başlayan Sevda İbrahimova indi həmin təhsil
ocağının nüfuzlu professorlarından biridir.
Görkəmli sənətkar kontataların, iki kvartet,
fortepiano və orkestr üçün dörd konsert, fortepiano
və orkestr üçün konsertino, fantaziya, orqan və
orkestr, skripka və orkestr üçün musiqi, fortepiano
üçün silsilə pyeslər, romanslar, elegiyalar,
balladalar, vokal əsərlərin və mahnıların müəllifidir.
O, həm də iri musiqi əsərləri yazmaq hünərini
də nümayiş etdirən istedad sahibidir. Tələt
Əyyubovun librettosuna əsasən bəstələdiyi "Həqiqət
üzüyü" adlı ilk operasını 1970-ci ildə
başa çatdırıb. Sevda
İbrahimovanın "Nənəmin nəğməli
nağılları" operasının premyerası Səmərqənddə
keçirildi. Uşaqlar üçün
yazdığı bu operanın da libretto mətni şair Hikmət
Ziyaya məxsusdur.
Vaxtilə
xalq artisti, bəstəkar Tofiq Quliyev öz həmkarı
haqqında yazırdı: "Sevda İbrahimova narahat müəllifdir.
O, yaradıcılığında daim yeni yollar arayır. Bədii fikrin həllinə həmişə fərdi
yanaşır və əksər hallarda müəllif fikrinin
inamlı təsdiqinə müvəffəq olur. Əgər istedadlı bəstəkarın
yaradıcılığına bütövlükdə nəzər
salsaq, ondakı başlıca keyfiyyəti səmimilikdə və
musiqiyə fanatikcəsinə vurğunluqda görərik".
Sevda xanım hər bir yeni əsəri ilə dəfələrlə
təsdiq etdi ki, o, necə ləyaqətli bir sənətkar nəslinin
nümayəndəsi və Qara Qarayev kimi müqtədir bəstəkarın
həqiqətən inandığı ən istedadlı tələbəsidir. Bu bəstəkarın
yaradıcılığından söhbət açarkən
onun həyatının ən unudulmaz və parlaq səhifələrindən
biri də babası Qurban Pirimovla bağlıdır. Böyük məhəbbət və ehtiramla görkəmli
tarzənə həsr etdiyi bir neçə əsəri musiqi
fondumuza daxil edilib. "Xatirə"
poeması, "Qurbansız qalan tarım", tar, kamera orkestri
və səs üçün nəzərdə tutulan
"Oda" son dərəcə mükəmməl əsərləridir.
Burada ilk diqqət çəkən məqam isə
hər üç əsərdə tardan istifadə edilməsidir.
Bəstəkarın bir əsəri də tar və
kamera orkestri üçün nəzərdə tutulan "Sənin
üçün darıxıram, Şuşam" adlanır.
Bu əsərə hər dəfə qulaq
asdıqca riqqətə gəlirsən. Müəllifin
bir insan kimi keçirdiyi bütün hisslər, duyğular
musiqinin dili ilə çox qabarıq ifadə edilir. Ümumiyyətlə, Sevda İbrahimovanın vətənpərvərlik
ruhunda bəstələdiyi əsərlər çox təsiredicidir.
Bu musiqilərin ahəngindəki dərin kədərlə
xiffət və mübarizlik hissləri qovuşaraq insanı
düşünməyə vadar edir. Mütəxəssislərin
dediyi kimi, Sevda xanımın təmkinli təbiəti ilə emosional
hissləri çox incəliklə birləşərək
onun musiqisində də öz parlaq əksini tapır. Bəlkə də elə buna görədir ki, bəstəkarın
əsərlərindəki lirizm başqa bəstələrdən
seçilir. Onun əsərlərinin
adlarını yazsaq, uzun bir siyahı yaranar. 20 Yanvar
şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi
"Vətən şəhidlərinə", "Qəmqinliklər",
"Vətən düşüncələri" adlı əsərləri
təsiredici gücünə və lirik məqamlarına
görə fərqlənir. Bu əsərlərdə
musiqinin yardımı ilə Vətən sevgisi dil
açıb danışır. Musiqi o qədər
bitkin və məzmunlu işlənib ki, adamın gözləri
qarşısında işğal olunmuş
torpaqlarımızın ağrı-acısı canlanır.
Yurd yerlərimizlə bağlı Sevda
xanımın musiqiləri öz dərinliyi ilə
seçilir.
Bu mənada babası tarzən Qurban Pirimova həsr etdiyi "Qurbansız qalan tarım" əsəri tar və simli orkestr üçün yazılmış elegiya-xatirə janrının ən uğurlu nümunələrindən biridir. Sevda İbrahimovanın əsərləri bu gün dünyanı dolaşır. Onun musiqisinə beynəlxalq aləmdə maraq var. Bir sıra müsabiqələrin, festivalların qalibi olan, müxtəlif plenum və qurultaylarda, mədəniyyət günlərində iştirak edən Sevda İbrahimova 2001-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin qadını" adına layiq görülmüşdür. Mükəmməl yaradıcılıq yolu, özünəməxsus məziyyətləri, musiqisinin aydınlığı, sadəliyi ilə seçilən Sevda İbrahimova 1966-cı ildən Bəstəkarlar İttifaqının üzvüdür. Vaxtilə dərs aldığı ali məktəbin sayılıb-seçilən pedaqoqlarındandır. Əməkdar incəsənət xadimi Sevda İbrahimova musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə xalq artisti fəxri adına layiq görülüb. Təbiət etibarilə işıqlı insan, səmimi və sədaqətli dost, həssas qəlbə malik Sevda İbrahimova sadəcə bəstəkar deyil, o həm də ən qabil ifaçıdır. Biz dəfələrlə onun fortepianoda xüsusi şövq və məharətli ifasının şahidi olmuşuq. Sevda xanım yaradıcılıqda böyük hadisə sayılan ifaçılıqla bəstəkarlığın vəhdətini məharətlə nümayiş etdirən sənətkardır. Özündən bu barədə soruşanda belə söyləyir: "Mən müəyyən səbəblərə görə fəaliyyətimin istiqamətini əsasən pedaqoji və yaradıcılıq sahəsinə yönəltmişəm. Amma elə əsərlərim var ki, onlar mənim mənəvi ehtiyacımdan, həsrətimdən, niskillərimdən doğulub. Bu səbəbdən də onları özüm ifa edəndə sanıram ki, içimdəki yanğı daha dolğun əks olunur". Xüsusilə də, vətənpərvərlik mövzusundakı, eləcə də Qurban Pirimova ünvanladığı əsərləri Sevda xanım fortepianoda çox qeyri-adi və ürəkdən ifa edir.
Yüzdən artıq mahnı və romansın müəllifi olan Sevda İbrahimova Aşıq Ələsgərə, Nigar Rəfibəyliyə, Hökumə Billuriyə, Mirvarid Dilbaziyə, Nəriman Həsənzadəyə, eləcə də atası Mirzə İbrahimovun yaradıcılığına müntəzəm müraciət edir. Onun mahnılarını respublikanın görkəmli müğənniləri - Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Xuraman Qasımova, Elmira Rəhimova, Flora Kərimova, Əli Haqverdiyev, Akif İslamzadə, Rauf Adıgözəlov və başqaları ifa ediblər. Bu gün tanınmış bəstəkarın mahnıları bir çox gənc müğənnilərin də repertuarını bəzəyir. Sevda İbrahimovanın elə zəngin yaradıcılıq yolu var ki, dəryaya bənzəyir. Hansı yöndən yanaşsan, bitib-tükənmir. Bəzən də bilmirsən ki, bu böyük sənətin hansı tərəfindən danışasan. Bir sıra teatr tamaşalarına, kinofilmlərə da musiqi bəstələyən Sevda xanım həm də fortepiano fakültəsinin tələbələri üçün dərs vəsaitləri yazıb. Bir sıra qurultay və konfranslarda dəyərli çıxışlar edib. Ən maraqlı, yaddaqalan günlərdən biri də Bəstəkarlar İttifaqının 2011 ci ildə 75 illiyi ilə əlaqədar keçirilən beynəlxalq musiqi festivalının təntənəli açılış konsertində Sevda İbrahimovanın fortepiano və simfonik orkestr üçün dördüncü konsertinin səslənməsi oldu. Əməkdar artist Murad Adıgözəlzadə və Dövlət Simfonik Orkestrinin (dirijor Əyyub Quliyev) böyük məharətlə səsləndirdikləri bu əsər dərin, təsirli, lirik ovqatı ilə qəlblərə iz saldı.
Sevda xanımı yaxından tanıyanlar bilirlər ki, o, çox vətənpərvər, həssas və mehriban bir xanımdır. Bütün varlığında Qurban Pirimovdan gələn musiqi istedadı, anası Sara xanımdan keçən özünəməxsusluq, gözəllik, Mirzə İbrahimovdan yadigar qalan qeyri-adi nəzakət və nəhayət, Qara Qarayev təsiri yaşamaqdadır. Bu günlərdə ad günü olan hörmətli bəstəkarımızı ürəkdən təbrik edir, ona həsrətini çəkdiyi Şuşada tezliklə öz əsərlərini sevinclə, coşqunluqla, qalib hisslərlə ifa etməsini arzulayırıq.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Kaspi 2017.- 25-27
noyabr.- S.7.