“18 yaşıma qədər iki dəfə
zarafatım olub, ya olmayıb”
“Planet Parni iz Baku” KVN
teatrının aktyoru və ssenaristi Ələkbər
Əliyev: “İnternetdən zarafat oğurlayanlar elə bilirlər
ki, internet ancaq onlarda var”
Ötən gün aktyor, ssenarist Ələkbər Əliyev qonağımız oldu. "Planet Parni iz Baku” KVN teatrının aktyoru və ssenari müəllifi olan müsahibimiz, həmçinin bir neçə filmin ssenari müəllifi və rejissorudur. Hazırda Rusiya kino və televiziya aləmində də yaradıcılıq işləri ilə məşğul olan Ə.Əliyevlə söhbətimizdə bir çox qaranlıq məsələlərə aydınlıq gətirdik.
- Ələkbər
müəllim, çoxdandır sizi görmürük.
Haralardasınız, hansı işlərlə məşğulsunuz?
Yoxluğunuzun səbəbi nə ilə əlaqədardır?
- Ola
bilsin ki, ekranlarda yoxam deyə, məni görə bilmirsiniz. Son zamanlar işlərimin çoxu Rusiya ilə əlaqədar
olduğu üçün efirlərə
çıxmırdım. Həm də
bilirsiniz ki, mən ssenaristəm, aktyordan fərqli olaraq ssenari
müəllifi bir qədər kölgədə qalır.
Əgər efirdə görünmürəmsə,
bu o demək deyil ki, boş dayanmışam. Əsla. Dayanmadan
çalışırıq. Hələ
qarşıda bir çox yeni layihələrimiz olacaq. Həm "Planet Parni iz Baku” komandasının, həm
də öz layihələrimi nəzərdə tuturam.
- Öz layihələriniz dedikdə,
nələri nəzərdə tutursunuz?
- "Youtube”da bir kanal açmaq istəyirik. Bu kanalda
qısa formatlı verilişlərin nümayiş
olunmasını planlaşdırıram. Buradakı
verilişlər çoxşaxəli olacaq. Yəni bir veriliş turizmə, digəri avtomobillərə
həsr olunacaq, hətta müsahiblər də burada yer alacaq.
- Bu kanal
məsələsi o qədər də gəlirli sahə deyil.
Əziyyəti çox, gəliri az.
- Əslində pulu hər yerdən qazanmaq olar. Sözügedən
layihəni pul qazanmağa görə etmirəm. Bu işi sevirəm və sevdiyim işlə məşğul
olmaq istəyirəm. Hazırda ssenari
yazıram və buna görə də xoşbəxtəm.
Oradan aldığım maaşla ailəmi
dolandırıram. Ancaq özümün də
bir kanalımın olmasını və belə bir eksperiment
etmək istəyirəm. Çünki Azərbaycanda
belə layihələr yoxdur. Mən
bunların hamısını yumor prizması ilə göstərməyə
çalışıram. Bir neçə
gənc istedadlı uşaqlarla ünsiyyətdəyəm.
Onlara da dəstək vermək istəyirəm
ki, öz layihələrini bizim kanalda nümayiş etdirsinlər.
- Komediyadan söhbət
düşmüşkən, son dönəmlər bir çox
komediya filmləri nümayiş olundu. Yeni
çəkilən komediya filmlərinə münasibətiniz
necədir?
-
Hazırda çəkilən komediya filmlərinin yalnız bir
hissəsinə baxmışam. Çəkilən
filmlərdən İlham Qasımovun filmlərini bəyəndim.
"Bozbash pictures”in komandası bir az fərqli
stildə çalışır, ancaq onların stili
tamaşaçıların xoşuna gəlir. Onlar bilirlər ki, kütləyə nə vermək
lazımdır. Bu üsulu tapıblar və
bu onlarda yaxşı alınır. Sabah
Şəmi, Şoşunun yerinə mən çıxsam, bu
obrazları təbii ki, tamaşaçı bəyənməz.
Yəni deməyim odur ki, onların
yaratdığı obrazları tamaşaçı sevir.
Bundan başqa, "Bayram axşamı” filmi bir qədər
qənaətbəxş idi. Təəssüflər
olsun ki, bizim filmlər mənim gözümdə iki hissəyə
bölünür – yaxşı ssenariləri olub da pis çəkilənlər,
yaxşı çəkilib də pis ssenarisi olanlar. Bizdə əsas problem budur. İki
həftə bundan qabaq "Pərdə-2” filminə baxdım.
Açığını deyim, bu filmdən
çox zövq aldım. Bu film nə qədər
keyfiyyətli olmasına baxmayaraq, tənqidlərə tuş gəldi.
Hətta dedilər ki, bu filmdə
söyüşlərdən çox istifadə olunub.
- Sizcə, nə üçün
türk filmlərində işlədilən söyüşlər
qəbul olunur, bizim yerli filmlərdəki vulqar ifadələr
isə tənqidə tuş gəlir?
- Axı,
o, xarici söyüşdür (gülürük). Bizimkilərə görə, xaricilərin
söyüşü belə yaxşıdır. Xaricdə nə varsa, hamısı
yaxşıdır. Bizim əksər
tamaşaçılar belə düşünürlər.
Əslinə baxsaq, Cem Yılmazın filmlərində
böyük söyüşlər var. Ən yaxın dostumla
belə oturarkən, o söyüşdən istifadə etsəm,
təbii ki, mənə tərs-tərs baxacaq. Ancaq Cem Yılmaz bunu yerində edir. "Pərdə-2” filmində də işlədilən
söyüşlər yerindədir. Həmin
söyüşlər filmdə olmasa, onun bir marağı
qalmaz. O demək deyil ki, film söyüşün sayəsində
sevilir, xeyr, aktyorlar çox möhtəşəm
oynayıblar.
- Az əvvəl
qeyd etdiniz ki, Rusiyada işləyirsiniz. İstərdik,
oradakı layihələrlə bağlı
danışasınız.
- Rusiyada
daha çox ssenarist kimi çalışıram. Bir sıra kanallar üçün ssenarilər
yazmışam. 3-4 il bundan qabaq
Rusiyada "Yasmin” serialından təklif aldım, kastinqdən
keçdim. Sonra isə məni kütləvi səhnələr
üzrə rejissor kimi dəvət etdilər. Kütləvi səhnə dedikdə, bizimki kimi arxa
planda 3 nəfər nəzərdə tutmuram. 200-250 nəfəri bir pavilyona salıb Moskvanın
içərisində İstanbulu "yaratmaq” kimi böyük
bir sistemlə çalışırdıq. Rusiyadan dəvətlər çox olur,
hamısını qəbul etmirəm.
- Səbəb?
- Bizdə
mentalitet söhbəti var. Müəyyən layihələr
var ki, mən orda özümü görmürəm.
- Məsələn?
- Məsələn,
mən heç vaxt intim səhnələrə çəkilməmişəm.
Kadrda öpüşmək mənlik deyil.
Bir dəfə olub, o da... Bilirsiniz ki, Rusiyada həddindən artıq çox
erməni yaşayıb çalışır. Əgər mənə təklif olunan obrazın
filminin rejissoru ermənidirsə, o filmdə iştirak etməkdən
imtina edirəm. Bu yaxınlarda çox məşhur
bir seriala dəvət aldım. Kastinqdən
keçdim. Yaradıcı heyətlə
söhbətdən sonra məlum oldu ki, mənim obrazım
taksi sürücüsüdür. Mən
orada erməni rolunu oynamalıyam. Ancaq bu
roldan imtina etdim. Yarım qram da olsun
peşman deyiləm. Bəzi şeylər
var ki, mənə qəbul deyil. Rusiyada film
və digər sahələrdə çalışan peşəkar
insanlarla çox yaxşı əlaqələrimiz var. Bu əlaqələrimiz
getdikcə daha da güclənir. Sizə
onu deyə bilərəm ki, ruslarla Bakıda möhtəşəm
bir film çəkmişik. Filmi "Planet
Parni iz Baku” komandası çəkib. Yaxın
zamanda görəcəksiniz.
- Rusiyada
bir sıra layihələrdə iştirak etmisiniz. İstərdik, onların film sənayesinə
yaxından bələd olan bir mütəxəssis kimi, bizi
onlarla müqayisə edəsiniz.
- Ən böyük fərq büdcədədir. Bunu qəbul
etmək lazımdır. Bizdə deyirlər
ki, Hollivudda bir film 100 milyon dollara çəkilib, mənə
də həmin pulu versələr, o filmdən çəkərəm.
Elə bir şey yoxdur. Orda hər
işdə işinin peşəkarları məşğul
olur. Bizdə film ərsəyə gəldikdən sonra
rejissor deyir ki, büdcə az idi deyə
film belə çıxıb. Rejissor filmi
çəkməmişdən əvvəl əlində olan
imkana və vəziyyətə baxır. Əgər
istədiyini verə bilməyəcəksə, onda filmdən
imtina etməlidir. Burda məktəbin
olmamağı gözə çarpır. Bizdə sistem
elədir ki, meydançada işıqçılıqla,
operatorluqla və s. bu işi başdan çıxmayan insanlar
məşğul olur. İki dəfə xəbər
verilişində kamera tutan insanlar özlərinə operator
deyirlər. Filmi çəkən rejissor
da ən ucuzunu axtarır. Ona görə əlinə iki
dəfə kamera alan insanı operator kimi
işə cəlb edir. Mən bu barədə
danışmağa başlasam, gərək səhərə qədər
danışam.
- Ələkbər bəy,
siz həm tanınmış aktyor, həm də ssenaristiniz. Bunların hansı sizin üçün
daha çətindir?
- Təbii
ki, ssenarist olmaq. Azərbaycanda ssenaristə o qədər
də qiymət verilmir. Ssenari yazmaq
üçün gərək insanın əhval-ruhiyyəsi
yaxşı olsun. Bir də hansı
auditoriyaya necə müraciət etməyi bilmək vacibdir.
İnsanları ağlatmaq çətin deyil,
güldürmək çətindir. İki
dəfə təsirli ssenari yazırsan və insanlar
ağlamağa başlayır. Hər
insanın problemi var və o, səhnəyə baxanda kövrəlir.
- Maraqlıdır, incəsənətə
aktyor, yoxsa ssenarist kimi gəlmisiniz?
- İncəsənətə KVN-dən gəlmişəm. O zamanlar mənim heç
danışıq qabiliyyətim yox idi. 18
yaşıma qədər iki dəfə kiminləsə
zarafatım ya olub, ya olmayıb. Aktyor kimi sənətə
qədəm qoydum və daha sonra yazmağa başladım.
- Və gördünüz ki, yazmaq
sizdə daha yaxşı alınır?
- Xeyr. 3 il ərzində komandada o adam qalmadı ki, mənə
"yazma” deməsin. Deyirdilər ki, "Alik
daha mənə ssenari gətirmə, vaxtımı alırsan”.
Ancaq ssenari yazmaq xoşuma gəlirdi, dayanmadan
yazırdım. 3 il sonra KVN
üçün mahnı yazdım, bu da hamının
xoşuna gəldi.
- Ssenaridən
söhbət düşmüşkən, hazırda Azərbaycanda
komediya yazan "ssenarist”lərin sayı günü-gündən
çoxalır. Ancaq onların bir məktəbi, öyrənə
biləcəkləri bir təhsil sistemləri yoxdur. Sizcə,
komediya yazmaq üçün təhsil önəmlidirmi?
- Hazırda yazılan komediyaların 80 faizi klounada üzərində qurulub. Onların hamısı insanları güldürmək üçün yüngül gülüşə hədəflənib. Gənc ssenaristlərə məsləhət görərdim ki, ən azından kitab oxusunlar. Ssenarini yazmaqla bağlı gözəl kitablar var. Təəssüflər olsun ki, bu sahə üzrə Azərbaycanda heç bir təhsili ala bilmirik. Mən Rusiyada, Ukraynada bu sahə üzrə keçirilən kurslarda təhsil almışam. Bu yaxınlarda Türkiyəyə gedəcəyəm. Bizim ssenaristlər özlərini çoxbilmiş kimi göstərirlər. Soruşanda ki kitab oxumusan, deyirlər ki, onsuz da hər şeyi bilirik. Deyir ki, səhnəyə çıxırsan, sürüşüb yıxılırsan, insanlar gülür. Kitab mənə bunumu öyrədəcək? Kitab oxusalar, görərlər ki, səhnədə yıxılmaqla tamaşaçı gülmür, onları sözlə güldürmək lazımdır.
- Bu səbəblərdəndir ki,
bizdə Stand up yoxdur?
- Stand up
elə bir janrdır ki, bunu klounluqdan çox kənara
çıxarda bilmirlər. Bir dəfə
klounluq edirsən, iki dəfə, üçüncüdə
artıq dayanırsan. Təəssüflər
olsun ki, bizim Stand up-çıların çoxları internetdən
götürdükləri zarafatlarla gəlirlər.
- Siz onu haradan bilirsiniz ki, internetdən
götürülüb. Bütün
zarafatları izləyirsiniz?
- KVN-ə
aid hər şeyə bələdəm və bütün
oyunlara baxıram. Ssenari yazan adam məğzi
tutur. İnternetdən zarafat oğurlayan
adamların ən böyük problemi bilirsiniz nədir? Onlar elə bilirlər ki, internet ancaq onlarda var.
Hamımız internetdən istifadə edirik. İdeyalar məhduddur. Təzə
şeylər fikirləşmək lazımdır. Dəfələrlə şahidi olmuşam ki, mənim
ssenarilərimdən istifadə edirlər. Etsinlər,
sözüm yoxdur. Sadəcə olaraq oturub
işləmək lazımdır, necə ki, vinerlər işləyirlər.
- Bəs viner-lərin fəaliyyətini
qənaətbəxş hesab edirsinizmi?
- Viner-lərin ən böyük problemi məktəblərin olmamağıdır. Mənim planlarımda var ki, gənc viner-lər üçün ustad dərsləri keçim. Gənclərin çəkdikləri vine-lara baxıram, bir çoxlarında böyük qüsurlar var. Tanıdıqlarımdan Emil Musayev mənə müraciət edir. Ancaq təəssüflər olsun ki, o da çəkəndən sonra mənə göstərir. Ssenari yazmaq istəyən bütün adamlarla görüşək, mən onlara əlifbasını öyrətmək istəyirəm. Demirəm ki dərsimdə oturan hər bir insan sabah böyük ssenarilər yazacaq. Dünyada belə bir şey yoxdur. Ancaq oxuduqlarımı və təcrübələrimi onlarla paylaşacağam. Biz bu sənətə illərimizi vermişik. Sabah səhnə fəaliyyətimizin 30 illik yubileyi olacaq. Biz ustad dərsləri etsək, sizə deyim ki, heç viner-lər gəlməyəcək. Düşünəcəklər ki, mən ondan yaxşı bilirəm. Mənim sosial şəbəkədə 300-400 min izləyicim var. Ancaq yazdıqlarıma 30 milyondan artıq adam baxıb.
Xəyalə Rəis
Kaspi 2017.- 28 noyabr.- S.12.