Alimlərin alimi
Böyük müəllim, görkəmli
alim, vətənpərvər insan Xudu Məmmədovun 90
yaşı tamam olur
"Elmlə sənətin qeyri-adi uğurlarını kəşf
edən, zəkası ilə "cansız təbiət”
terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə
də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm
ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyalı
var”. Bu sözləri böyük
qırğız yazıçısı Çingiz Aytmatov
görkəmli alim Xudu Məmmədov haqqında yazıb.
"Siz məndən təkcə 1 il 2 gün
yox, bütün parametrlərlə böyüksünüz, mənim
əziz Xudu müəllimim!”- deyə
böyük yazıçı qeyd edib.
Xalq
şairi Bəxtiyar Vahabzadə isə dostunu belə xarakterizə
edib: "Xudu içində yaşadığımız
sistemin məhvə labüd olduğunu, cəmiyyətin təbii
qanunları nəticəsində yaşamağa qabil
olmadığını dəlillərlə sübut edərdi.
O, cəmiyyətdəki hər şeyi təbiət
qanunları ilə ölçərdi. O deyərdi ki, əgər
cəmiyyətdə təbiətə yad bir qanun yaranarsa, bu
qanunun yaşamağa haqqı yoxdur. Bu mənada
kommunizm insanın təbii hisslərinə ziddir. Kommunizm kabinetdə yaranmış fantastik bir
ideologiyadır, insana qarşı çevrilən bir ideologiya
cəmiyyətdə duruş gətirə bilməz. O,
bunu təbiət qanunları əsasında elə sübut edərdi
ki, mən buna inanmaya bilməzdim”.
Yaşasaydı, Xudu Məmmədovun 90 yaşı
olacaqdı. Görkəmli kristalloqraf, təbii quruluş
formaları ilə milli naxışlar arasında, elmi və bədii
yaradıcılıq arasında əlaqələrin
böyük tədqiqatçısı kimi tanınıb.
Akademik Teymur Bünyadov xatirələrində yazır:
"Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində
ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin
alimlərinin fikirlərini təkzib etmiş, öz kəşflərini,
dünya əhəmiyyətli ixtiralarını
yaratmışdır. Xudunun ixtiraları təkcə
elmi, nəzəri deyil, həm də böyük təcrübi
əhəmiyyət kəsb edir. Elmimizdə,
həyatımızda Xudu məktəbi, Xudu dünyası
yaşayır”.
Xudu Məmmədov böyük alim olmaqla bərabər,
xalqımızın yaxın ictimai-siyasi tarixində öz yeri
olan, türkçülük ideyalarının yaşaması
və təbliği yolunda çalışan və sovet
rejiminin hökm sürdüyü dövrdə Azərbaycanın
müstəqilliyi uğrunda mübarizə aparan azsaylı
ziyalılarımızdan biri idi.
Görkəmli alimi yaxından tanıyanların xatirələri
Xudu Məmmədovun təkcə bir alim kimi deyil, həm də
Azərbaycan azadlıq hərəkatının öncüllərindən
olan bu insanın bütöv bir şəxsiyyət kimi
yüksək keyfiyyətlərindən danışır. Dinlədikcə, oxuduqca,
seyr etdikcə gözlərimizin önündən
çalışdığı sahənin mükəmməl
alimi, müstəqillik uğrunda mübariz, dostlarına, ailəsinə
sədaqətli, etibarlı sirdaş, nəhayət, gənclər
üçün həyatda mayak ola biləcək
bir insan canlanır.
Qoşa
qanad
«Xudu Məmmədov Azərbaycan gəncliyinin
qarşısında gedən və gəncliyin son dərəcə
güvəndiyi bir insan idi. X.Məmmədov elə
bir şəxsiyyət idi ki, günlərlə haqqında
danışsan, bitməz. Azərbaycanın
müstəqilliyi uğrunda mübarizənin önündə
gedən insanlardan biri idi, Xudu Məmmədov. O elə
azadlıq hərəkatının üzvləri ilə
keçirdiyi iclasda da ömrünü başa vurdu” - deyən
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli
Xudu Məmmədovu Azərbaycan ziyalı mühitinin ən
görkəmli simalarından biri adlandırır: "Xudu
müəllimin anası bizim kənddən - Novruzlu kəndindən,
atası isə Ağdamın Mərzili kəndindən idi. Mərzili
bizim kənddən 5-6 kilometr aralı idi, ancaq az
qala bir kənd sayılırdı. Ona görə
də mən Xudu müəllimin həm nəsil-kökünü
yaxşı tanıyıram, həm də ona bir ziyalı kimi
yaxından bələdəm. Xudu müəllim
orta təhsilini Novruzlu və Mərzili kəndlərində
alıb. Doğma kəndlərində 7
illik məktəbi bitirdikdən sonra rayon mərkəzindəki
orta məktəbdə təhsil alıb”. 1946-cı
ildə X.Məmmədov Azərbaycan Dövlət Universitetinin
geologiya-coğrafiya fakültəsinə daxil olur.
Ali təhsilini başa vurandan sonra Azərbaycan EA-nın
Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. 1969-cu ildə
doktorluq dissertasiyasını müdafiə edib, 1976-cı ildə
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü
seçilib. O, dəqiq elmlər üzrə nəinki
respublikamızda, keçmiş ittifaq məkanında ən
istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, sanballı elmi məqalələri
maraqla qarşılanır, müəllifinə şöhrət
gətirir, nüfuz qazandırır.
"Onun adı Bakı Dövlət Universitetinin ən məşhur
məzunları sırasındadır. Xudu müəllimin
dostlarının hamısı gözümün
qarşısında olub. Bəxtiyar Vahabzadə, professor Nürəddin Rzayev, tanınmış
şair Şahmar Ələkbərzadə, Zeynal Məmmədov...
Onlar hər həftə ya Bakıda, ya da
Ağdamda bir yerdə olurdular”. C.Məmmədli Xudu Məmmədovu
istedadlı publisist kim dəyərləndirir:
"Öz sahəsini yaxşı mənada maarifçilik xətti
ilə tanıtmaq istəyən adamlar publisistikaya çox
bağlı olurlar. Xudu Məmmədov da
böyük publisist idi. Onun elə publisistik əsərləri
var ki, yüz il bundan sonra da bizə
dünyanın gedişatını öyrədəcək. Müəllim, alim, insan olmağın sirlərini
aşılayacaq”. X.Məmmədovun uzun illər Azərbaycan
Televiziyasında elmlə bağlı verilişlər
apardığını eyən C.Məmmədli həmin
verilişlərin çox populyar olduğunu xatırlayır:
"Elm və həyat” verilişi çox populyar idi. O
veriliş Azərbaycan xalqı üçün böyük
maarifçilik işi gördü. Xudu müəllim
elmi və sənəti qoşa görürdü. O,
«Qoşa qanad», «Naxışlar» adlı kitablarında elm və
sənəti birləşdirib qoşa qanad kimi təqdim edirdi.
Xudu müəllimin alimliyi, elmi fəaliyyəti,
şəxsiyyəti və milli mənliyi bir-birini təbii
şəkildə tamamlayırdı”.
«Mənim
ilk oxucum öz millətim olmalıdır»
"Hər bir alim iki koordinat sistemində dəyərləndirilə
bilər. Bir – öz ixtisası üzrə dünya
çapında, bir də bütün mənəvi-intellektual
potensialı ilə öz xalqı, milləti üçün
gördüyü işlərlə. Bir
mütəxəssis kimi onun xidmətlərini dəyərləndirmək
mənlik deyil. Onun elmi
yaradıcılıq fəaliyyəti az-çox dərəcədə
işıqlandırılıb. Amma mən
onun haqqında bir müəllim və ziyalı kimi
danışmaq istəyirəm. Təkcə ona görə
yox ki, mənim müəllimim olub, bizə "kristalloqrafiya”
fənnini tədris edib, həm də ona görə ki, onun
qeyri-adi, çox yüksək bir müəllimlik istedadı
var idi” – söyləyən akademik Səlahəddin Xəlilovun
xatirələri də Xudu Məmmədovun məhz bu istiqamətdəki
fəaliyyəti barədədir: "Xudu Məmmədov bir
neçə illik tədqiqatların yekununa dair monoqrafiya yazmaq
üçün London nəşrlərindən sifariş alsa
da, ingilis dilini yaxşı bilməsinə baxmayaraq, bu
monoqrafiyanı öz dilimizdə yazmışdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə
malik olan bu əsər Azərbaycan elm tarixində
kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi. Monoqrafiya ingilis və ya rus dillərində çap
olunsa idi, dünya şöhrəti qazanmış gənc
türk aliminin dünya elminə böyük töhfəsi
olardı. Ancaq «mənim ilk oxucum öz millətim
olmalıdır» kəlamları bu insan haqqında çox
söz deyirdi. Xudu Məmmədov millətə, vətənə,
doğma təbiətə bağlı adam
idi. Təbiət vurğunluğu onun elmi
yaradıcılığının da əsas ilhamverici amili
idi. O, elmi tədqiqatla yanaşı, enerjisinin
böyük bir qismini Azərbaycanda elmi-kütləvi fikrin
yayılmasına, istedadlı gənclərin yaradıcı fəaliyyətə
cəlb olunmasına, ictimai şüurun strukturunda elmi
düşüncənin payının artmasına sərf
edirdi”.
S.Xəlilov qeyd edir ki, X.Məmmədovun Azərbaycan
televiziyasında uzun müddət aparıcısı olduğu
"Elm və həyat” verilişi neçə-neçə gəncin
elmə münasibətinin formalaşmasında böyük rol
oynamaqla yanaşı, Azərbaycanda elmi-publisistik dil
üslubunun formalaşmasına da böyük təsir göstərib:
"Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual
ehtiyaclarını ödəmək baxımından bu gün
də TV kanalları üçün bir örnək, ən
gözəl nümunədir. Tək universitet auditoriyası
üçün yox, bütün ölkə miqyasında:
televiziyada apardığı "Elm və həyat”
proqramı, məclislərdəki
çıxışları, gənclərə tövsiyələri
ilə. Mən də ondan kristalloqrafiyadan daha
çox, yaradıcı təfəkkür üsullarını,
adi görünən şeylərə fərqli baxış
imkanlarını öyrənmişəm. Əlbəttə,
o dövrdə biz Xudu müəllimin başqalarından fərqini
bir o qədər də dərk edə bilməzdik. Tədris
etdiyi fənni daha sistemli, daha əyani və yaddaqalan şəkildə
öyrədən müəllimlərimiz az
deyildi. Təkcə onu xatırlatmaq kifayətdir ki, bizə o
dövrdə Mehdi Əliyev, Kəriş Köçərli, Rəhmi
Həsənov, Mədət Sərdarlı kimi
tanınmış metodistlər dərs keçirdilər. Əksinə, X.Məmmədov bu baxımdan onlarla rəqabətə
girə bilməzdi. Xudu müəllimin
standartlardan, bəzən hətta mövzudan kənara
çıxması, tez-tez diqqəti adi şüur səviyyəsində
məsələlərə yönəltməsi və adiliyin
özündə heyrətamiz məqamları görüb
düşünmək, düşündürmək, suallar
qoymaq vərdişi aşılaması – bütün bunlar dəyərini
indi-indi anladığımız böyük bir yaradıcılıq
məktəbi idi”.
S.Xəlilov qeyd edir ki, Xudu Məmmədov tələbələrinə
hansısa hazır biliklərdən daha çox, istənilən
məsələyə elmi yanaşmanın – alimliyin
yollarını öyrədib: "Universitet müəllimləri
həm də elm adamlarıdır, elmi-tədqiqat vərdişlərinə
malikdirlər. Biz universiteti bitirdikdən sonra da Xudu müəllimlə
əlaqəni davam etdirir, ondan məsləhətlər
alırdıq. Onun həm Fiziki kimya institutunda, həm də Fizika
institutunda laboratoriyası var idi. Lakin biz içəri
buraxılmaq üçün hər dəfə xüsusi icazə
almalı olurduq. Bir dəfə bu ciddiyyətin və rəsmiyyətin
səbəbini soruşanda, o, məsələni özünəməxsus
yumorla belə izah etdi: "Siz elə bilirsiniz ki, burada
çox məxfi nəticələr alınır və elmi
sirləri qorumaq üçün belə ciddiyyət göstərilir?
Yox, əslində kənar adamlar burada tədqiqat
aparılmadığından xəbər tutmasınlar deyə,
içəri buraxılmırlar”.
S.Xəlilov
Xudu Məmmədovu elmşünasliq problemlərinin
böyük bilicisi kimi dəyərləndirir: "Bu problemləri
bizə izah etmək üçün o, fikirlərini çox
vaxt konkret misallar üzərində qururdu. Xudu Məmmədovun
"Qoşa qanad” əsəri isə daha çox dərəcədə
yerli mühiti və mentaliteti də nəzərə almaqla
yazıldığından, bizim üçün qat-qat dəyərlidir.
Düşünürük ki, milli mentaliteti bizə uyğun
olan adamların elm haqqında fikirləri yerli şəraitdə
elmə münasibətin formalaşması və elmin optimal təşkilatlanması
işində daha çox yardımçı ola
bilər”.
Xudu Məmmədovu yeni dövrün zirvəsi, Azərbaycan
xalq hərəkatının ilk şəhidi də
adlandırırdılar. Qəlbinin yaralı yeri isə
işğalda qalan Ağdam idi. "Allaha rəvadırmı,
bu cür torpaqlar düşmən əlində qalsın?”
- deyə ağlayırmış.
Torpaqlarımızın işğaldan azad olduğu gün
görkəmli alim və böyük vətəndaşın
narahat ruhunun dinclik tapdığı gün olacaq...
Təranə Məhərrəmova
Kaspi 2017.- 23 noyabr.- S.13.