Müasir
dramaturqlarımız teatra bələd deyilmi?
Ötən gün teatr və kino rejissoru Mehriban Ələkbərzadənin
mətbuata verdiyi maraqlı bir müsahibəsini oxudum. Müsahibədə
diqqətimi çəkən bir məqam oldu. YUĞ Teatrına yeni baş rejissor təyin
olunmuş Mehriban xanım teatrda tamaşaya qoyulan əsərlərlə
bağlı bir fikir səsləndirdi. Dedi ki,
keçmiş dövrün dramaturqlarının əsərləri
ona görə tez-tez səhnəyə qoyulur ki, o yazarlar teatra
bələd olub yazırdılar: "İlyas Əfəndiyev
teatrı gözəl bilirdi. Ondan sonra gələn
adamların heç biri teatrı onun qədər bilmədi.
Teatrı Cəfər Cabbarlı qədər
bilib, sonra pyes yazmaq lazımdır. Çünki
pyes mükəmməl olmalıdır. Pyes
yazmaq çətin şeydir. Teatr
üçün yazmaq isə təkcə pyes yazmaq deyil.
Dramaturq teatrı bilməlidir. Mənim oxuduğum bir sürü şeylər var
ki, onları sadəcə, səsləndirmək olar. Amma səhnə həyatı vermək, oynamaq
mümkün deyil. Çünki bu pyeslər
həyatın bir parçasına çevrilə bilmirlər.
Və bizdə özünü yalnız və
yalnız dram sənətinə həsr etmək istəyən
spesifik dramaturq imzası yox dərəcəsindədir. Amma bizə yeni dövrün gətirdiyi mənəvi-əxlaqi
yeniləşmələrin ifadəçisi kimi yeni dramaturq
imzası mütləq gərəkdir. Təəssüf
ki, yoxdur. Nə qədər bəyənməsiniz
də, deyim ki, köhnə nəslin teatrı bilmək
bacarığı var idi”.
Əslində, bu fikirlər marağıma səbəb
oldu. Məgər indi pyes yazan gənc
dramaturqlarımız yoxdurmu? Onların
yazdıqlarını səhnəyə qoymaq heçmi
mümkün deyil? Həqiqətən də,
dram əsərini yazmaq üçün teatra yaxından bələd
olmaq lazımdırmı? Bu suallara ekspertlərimdən
cavab almağa çalışdım.
Müəllifin
tamaşa salonuna ötürmək istədiyi mesajlar hədəfə dəyməlidir
Tanınmış dramaturq Əli Əmirli söhbətimizdə
bildirdi ki, Mehriban Ələkbərzadənin teatr, dramaturgiya və
rejissura haqqında fikirləri ilə tam razıdır. "Mehriban
xanım teatrımızın dünənki və
bugünkü mənzərəsini peşəkar bir ustalıqla
təhlilə çəkir, maraqlı nəticələrə
gəlir. Jurnalistin dramaturgiya ilə
bağlı sualını cavablandırarkən də Mehriban
xanım haqlıdır. Həqiqətən,
dramaturgiya yaradıcılıq növləri içərisində
ən çətin, ən konservativ ədəbi
növdür, onun möhkəm bir çərçivəsi var,
dramaturq ancaq bu çərçivə daxilində manevr edə
bilər. Dramaturgiya yazıçıdan
geniş mütaliə, yüksək mədəniyyət,
çevik ağıl, zəngin həyat təcrübəsi,
teatra dərindən bələdlik və səhnəyə
böyük məhəbbət tələb edir. Dramaturgiya hobbi deyil, onunla ara-sıra məşğul
olmaq uğur gətirə bilməz. Bu müsahibə ilə
bağlı konkret sizin sualınıza gəldikdə isə,
mən bir az təəccübləndim,
çünki pyes məhz tamaşaya qoyulmaq üçün
yazılır və bu müzakirəyə ehtiyacı olmayan
aksiomdur. Əgər hər hansı bir pyesi
tamaşaya qoymaq mümkün deyilsə, ya o pyes deyil, ya da
çox pis pyesdir. Şübhəsizdir ki, müasir
dövrün dramaturqu yaşından asılı olmayaraq
zamanı duymalı, onun nəbzini tutmalı, ritmini hiss etməli,
tamaşaçı auditoriyasını nəzərə
almalıdır. Əsərdə baş verənlər
müasir tamaşaçını biganə
qoymamalıdır, müəllifin tamaşa salonuna
ötürmək istədiyi mesajlar hədəfə dəyməlidir”.
Ə.Əmirli
deyir ki, dramaturqların yaş məsələsinə gəldikdə
isə, onun üçün müəllifin yaşı deyil,
teatra təqdim etdiyi əsərin keyfiyyəti
maraqlıdır: "Biz "cavan-cavan” deyib yaşlı
dramaturqları qınamaqda nə qədər haqlıyıq? Bəlkə onlar da yazmasınlar?! Məgər yaşlı dramaturq istedadı olan gənc
dramaturqa mane olur? Tutaq ki, teatrlar ədalətsizlik
edib gənclərin pyeslərini tamaşaya qoymurlar, bəlkə
də risk etmirlər. Bəs, onda o pyesləri
jurnallarda, ədəbiyyat saytlarında, kitablarda niyə
çap elətdirmirlər? Əlbəttə,
mən də afişalarda yeni adlar, səhnədə yeni
tamaşalar görmək istəyirəm. Bu,
məni sevindirərdi. Çox istərdim
ki, yeni yaranacaq dramaturgiya bizimkindən güclü olsun,
teatrımıza yeni keyfiyyət gətirsin. Bu, belə də olmalıdır. Yaşlı nəslin gənclərə mane
olması isə, həqiqətən, absurd fikirdir. Dramaturgiyamızda elə bir tünlük yoxdur ki,
mübarizə aparaq, bir-birimizə badalaq vuraq, hamıya yer
çatar, təki yaxşı pyeslər yazılsın”.
Dramaturq otuz illik teatr təcrübəsinə əsaslanıb
dedi ki, hər bir teatr, statusundan asılı olmayaraq,
yaxşı pyes sorağındadır. Heç
bir teatr yaxşı pyesi geri qaytarmır və bu məsələdə
müəllifin yaşı heç bir rol oynamır.
"Müasir
dramaturqlar yazmırlar, yazanda da maraqsız olur”
Sumqayıt Dövlət Dram Teatrının baş
rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun isə
məsələyə yanaşması bir qədər fərqlidir. Rejissor deyir ki, dram əsəri səhnə
üçün yazılmış bir şeydir: "Hər
bir romanı, povesti səhnələşdirmək
mümkün deyil. Dram əsəri səhnədə
nümayiş olunmaq üçündür. Bütün rejissorlar hansısa bir povesti
götürüb, onu səhnələşdirir. Hər romanın öz səhnə həllini
tapılmalıdır. Rejissora ixtiyar verilir
ki, əsərin verdiyi mesajlara toxunmadan, ideyanı qoruyaraq onu səhnələşdirsin.
Əvvəllər müəllif rejissora əsərin
ideyasından kənara çıxmağa icazə vermirdi. Ancaq indi rejissorlara sərbəstlik veriblər. Rejissor özü o ideyanı tutur və istədiyi
şəkildə ona yön verir. Hərdən
deyirlər ki, rejissor özü tamaşanın müəllifidir.
Rejissor əsərə başqa xətlər də
artıra bilər. Dramaturq bu cür
yazıbsa məcbur deyil ki, onu olduğu kimi səhnəyə
gətirəsən”.
F.Məhərrəmov
deyir ki, dramaturqlar teatr üçün ayrıca əsərlər
yazmalıdırlar: "Hətta teatr tarixindən məlumumuzdur
ki, hər hansı teatrın öz janrına, tərzinə
uyğun dramaturqlar olub. Misal üçün
İlyas Əfəndiyev lirik-psixoloji üslubda dram əsərləri
yazırdı. Hər zaman da deyirdi ki,
Akademik Milli Dram Teatrında bu tipli aktyorlar və rejissorlar var.
Bu səbəbdən həmin əsər səhnəyə
qoyula bilər. Dramaturqlar da var ki, ancaq
Musiqili Komediya üçün əsərlər yazırlar.
Teatr üçün yazılan ayrıca dram əsərləri
mütləq olmalıdır. Həmin
dramaturqlar teatra yaxşı bələd olduqlarına görə
yazırdılar”.
Rejissor gənc
dramaturqların qıtlığından əziyyət çəkdiklərini
dilə gətirməyi unutmadı: "İndi gənc
dramaturqlarımız var. Müasir dövrdə Firuz
Mustafanın, Əli Əmirlinin və digər
dramaturqlarımızın adını çəkə bilərəm.
Ancaq onlar azlıq təşkil edirlər.
Ona görə də biz məcbur qalıb romanlardan, povestlərdən
mövzu
götürürük. Mən Çingiz Aytmatovun
"Dəniz kənarı ilə qaçan Alabaş” əsərini
götürüb səhnələşdirdim. Çünki
görürəm ki, gənc dramaturqlar təzə bir şey
yazanda onu səhnəyə qoymaq mümkün olmur. Buna məcbur oldum. Çünki
müasir dramaturqlar yazmırlar, yazanda da maraqsız olur”.
"Bununla
nəyə nail olacaqsınız?”
Yazıçı-dramturq Mehman Musabəyli ilə
söhbətimiz sosial şəbəkə sayəsində
gerçəkləşdi. Dramaturq deyir ki,
"Teatrın öz dramaturqu olmalıdır” fikrini birmənalı
səsləndirmək və qavramaq düzgün deyil: "Bu
geniş bir prosesdən doğan fikirdir, kimisi sonda bu qənaətə
gəlir, kimisi isə hesab edir ki, müasir teatra ümumiyyətlə
dramaturq lazım deyil, cavabında dramaturqlar da deyir rejissora
ehtiyac yoxdur. Bu geniş bir diapazonu əhatə
edən məsələdir. Adətən, teatrın
özünün hansısa (yaradıcı personal sayı,
texniki çatışmazlıq və yaxud hansısa konkret
janrda işləmək: pantomima, kukla, kölgə və s) məhdudiyyəti
olduqda bu cür fikirlər ortaya çıxır”.
Gənc
dramaturqların yoxluğuna gəlincə isə yazar bu məsələyə
etirazını bildirir: "Hər şey bir-birilə
çox bağlıdır. Effektli gənc
dramaturqun olması üçün, gərək ilk növbədə
stereotiplərdən azad olsun və onlara meydan verilsin. Bu gün də yaxşı gənc
dramaturqlarımız var, amma gərək onlar əmin olsunlar
ki, yazdıqları vacibdir. Bunun
üçün onlara təkcə meydan deyil, həm də gərək
maddi maraq mənbəyi yaradasan. Onlar işləsin, əvəzində
siz də onları pisləyin, beləliklə nəyə nail
olmaq olar?”.
"Süjet
gətirmək hələ dramaturgiya demək deyil”
Lənkəran Dövlət Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov isə deyir ki, teatr sənəti yeganə və təkrarolunmaz incəsənət növüdür ki, bu incəsənət əsəri hər gün səhnədə tamaşaçıların iştirakı ilə canlı-canlı nümayiş olunur: "Bu prosesdə dramaturqun rolu olduqca vacibdir. Çünki dövrün mövzusunu səhnəyə o gətirir. Təəssüf ki, mövzu gətirən dramaturq problemi var. Süjet gətirmək hələ dramaturgiya demək deyil”.
Söhbətləşdi:
Xəyalə Rəis
Teatrşünas
Kaspi 2017.- 23 noyabr.- S.11.