“Mən türk
dünyasının səsiyəm...”
"Ən böyük mükafatım türk dünyasına xidmət etməkdir”. Bu, Tənzilə Rüstəmxanlının - bütün ömrünü türk dünyasının birliyi, beynəlxalq aləmdə tanınmasına nəinki həsr edən, hətta bu yolda yorulmadan mücadilə edən fədakar bir qadının sözləridir. İçində milli təəssübkeşliyin olduğunu lap uşaqlıqdan hiss edib. Ailəsi, nəsli, şəcərəsi ilə bağlı yaşadıqları, gördükləri onun milli ruhda həssaslığını daha da artırıb. Doğulub böyüdüyü Ermənistanın Amasiya bölgəsində onlara azərbaycanlı yox, türk deyiblər. Qarsla sərhədə yaxın yaşamaları, üstəlik, nənəsinin türk olması Türkiyəyə olan sevgisini günü-gündən gücləndirib. Babasının həbs edilib sürgün edilməsi, anasının atasının bəy olduğu üçün tutulub güllələnməsi nənəsinin danışdığı nağılların bəlkə də ən qorxulusu olub.
"Bizim kəndlərimiz vardı ki, oradan baxanda Qars görünürdü. Nənəm türkiyəli olduğuna görə sərhədlər bağlanandan sonra doğmaları orada qalmışdı. Nənəm həmişə gələrdi, mən onda uşaq olsam da, hər şey yadımdadır, əlimdən tutub aparardı Qarsın sınırına, üzünü tutub Türkiyəyə ağlayardı. Uşaq ağlımla nənəmdən soruşardım ki, niyə ağlayırsan? Deyərdi ki, mənim atam, anam, əslim-nəslim oradadır, onlardan ayrı düşdüyüm üçün ağlayıram. Eləcə də bu dünyadan əzizləri ilə görüşməmiş getdi. Əlbəttə, Türkiyə sevgisi, sonra da türk sevgisi mənə Şahnisə nənəmdən, onun anlatdıqlarından gəlib”. Eşitdikləri, gördükləri həyatına təsirsiz ötüşməyib, içində haqq səsini yaradıb. Onu uşaqlıqdan həqiqətləri deməyə və tələb etməyə çağırıb, ictimai fəallığa yönəldib. Oxuyub, işləyib, həyatda yer tapdıqca, vətəndaş mövqeyinə ictimai fəallığını qatıb. Azəri-Türk Qadınlar Birliyinin rəhbəri kimi müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi işində qadınlarımızın daha fəal iştirakına, Azərbaycan və Türkiyə, o cümlədən türk xalqları arasında mədəni əlaqələrin inkişafına çalışıb. Bu istiqamətdə praktik işlərə nail olub. Əsas fəaliyyətini iki qardaş xalqın ortaq mədəniyyətinin inkişafına, türkçülüyün təbliğinə həsr edib. Türk millətinin haqq və hüquqlarının tanınması üçün çalışaraq, həmçinin millətimizə qarşı ögey və ədalətsiz münasibət bəsləyənlərə etirazı iki qardaş ölkənin hüdudlarından çox-çox kənarlarda eşidilib.
Tənzilə xanım təkcə diaspor təşkilatının rəhbəri kimi deyil, həm də bir vətəndaş kimi, xüsusən ermənilərin Azərbaycan xalqına və türklərə qarşı genosid siyasətini dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Ermənilərin Xocalıda törətdiyi qətliamla bağlı müntəzəm keçirdiyi konfranslar, soydaşlarımızın haqsız yerə dədə-baba yurdlarından didərgin salınması ilə bağlı etiraz səsi uca kürsülərdən eşidilib. Tənzilə xanımın haqlı etirazları türk millətinin susmayan, daim çağlayan səsinə çevrilib.
Tənzilə xanım daim fəaliyyətdədir. Qarabağ həqiqətləri ilə bağlı etiraz səsi dünyanın nüfuzlu salonlarından, kürsülərindən eşidilir. O, Qarabağın həqiqətlərini dünyaya yayır. Torpaqlarımızın azad olunması, bir milyondan çox qaçqın və məcburi köçkünümüzün doğma yurd yerlərinə qayıtması üçün haqq səsini dünyanın haqpərvər insanlarının səsinə qoşur. Dünya kürsülərindən beynəlxalq güclərə səslənir, ədalət istəyir, beynəlxalq qurumların haqsız qərarlarına üsyan edir. "Qarabağla bağlı, Xocalı və digər faciələrimizlə bağlı konfranslar keçiririk. İl boyunca Türkiyədə konfranslar təşkil edirik. Daha çox universitetlərdə tədbirlər keçirməyə önəm verirəm. Çünki gənclərə Qarabağ münaqişəsini, Qarabağın tarixini anlatmaq, faciələrimiz haqqında məlumat vermək çox lazımdır. Bu, ali məktəblərdə çox diqqət çəkir” - deyir Tənzilə xanım.
Rəhbəri olduğu Azəri-Türk Qadınlar Birliyi müxtəlif illərdə nüfuzlu sorğu mərkəzlərinin açıqladıqları nəticələrə görə, "İlin ən yaxşı təşkilatı” adına layiq görülüb. Tənzilə Rüstəmxanlı fəaliyyətinə görə "İlin Qadını” da seçilib, "İlin vətənpərvəri”i də olub. "Azərbaycanın tanınmış ziyalısı” və "Azərbaycanın tanınmış xanımları” beynəlxalq layihəsinin qalibi, "XXI əsrin tanınmış ziyalısı” diplomları ilə təltif olunub. "Xocalı Soyqırımının təbliği ilə bağlı mübarizəyə” görə xüsusi mükafatla təltif olunub. Türkiyədə "İpək yolu” dərgisinin "İlin altun adamı” ödülünə də layiq görülüb. Azərbaycan-Türk Dünyası ictimai əlaqələrinin inkişafında göstərdiyi fədakar xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb.
Tənzilə xanım, həmçinin Azərbaycan-Türkiyə Evinin rəhbəridir. Təşkilat rəhbəri olaraq Bakıda «Şah İsmayıl Xətai və Sultan Səlim”, daha sonra «Atatürk və türk milləti» adlı beynəlxalq simpoziumlar keçirməyə nail olub. Hər il keçirdikləri Mahmud Kaşqarlı adına «Türklük onur ödülü» törəninin əhəmiyyətini sərgiləyə bilib. ATEV olaraq təkcə türk dünyası ilə fəaliyyətini məhdudlaşdırmır. Avropa ölkələrində də ciddi tədbirlər həyata keçirir: "Mən harada oluramsa, həmişə türk dünyasının səsiyəm”.
Tənzilə xanım türk millətçisi olmasından qürur duyur. "Mənim türk millətçiliyim başqa xalqları sevməyimdən keçir. Mənim türk millətçiliyim Azərbaycanın güclü olmasını istəməyimdən, milli mənafenin hər şeydən üstün olmasından keçir. Mənim türk millətçiliyim erməni tapdağında olan Qarabağın azadlığı uğrunda mübarizədən keçir. Mənim türk millətçiliyim erməni əsarətində olan, təcavüzə məruz qalan, namusu erməni dığaları tərəfindən ayaqlar altına atılmış və hələ də ahı yerdə qalan qız-gəlinlərin qisasının qiyamətə qalmaması üçün mübarizədən keçir” - deyir.
Tənzilə Rüstəmxanlı təkcə vətənini hədsiz sevən və onun müstəqilliyini dəstəkləyən vətəndaş, ictimai xadim deyil, həm də bir evin anasıdır, bir ocağın qayğıkeş qadınıdır. Sabir Rüstəmxanlı kimi vətəndaş bir şair-yazıçının həyat yoldaşıdır. İki övlad böyüdüb, nəvə sahibidir Tənzilə xanım. Təkcə boya-başa çatdırdığı övladları deyil, həmçinin dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə gənc ona "Tənzilə ana” deyə müraciət edir. Tənzilə xanım həmin gənclərə sözün həqiqi mənasında analıq edib, qayğılarına qalıb, üzlərinə evinin qapısını açıb. Onlar Tənzilə ananı unutmurlar. Bayramlarda, ad günlərində ilk aradıqları Tənzilə xanım olur.
28 noyabr Tənzilə xanımın doğum günüdür. Ona ünvanlanan çoxsaylı təbriklərdə Vətənimizin azadlığı, firavanlığı, torpaqlarımızın bölünməzliyi uğrunda mübarizəsində uğurlar əldə etməsi arzuları yer alır. Türk xalqlarının, soydaşlarımızın birliyi naminə haqq işində ona yorulmazlıq diləyirlər.
Biz də "Kaspi” ailəsi olaraq, Tənzilə xanıma, gənclərin sevərək "Tənzilə ana” dediyi fədakar qadına can sağlığı və uğurlar arzulayırıq!
Təranə Məhərrəmova
Kaspi 2017.- 29 noyabr.- S.6.