Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

 

Sara Quliyeva: “Bir az pafoslu səslənir, amma mənim daha bəşəri arzularım var”

 

Oxumaq ən sevimli vərdişidir, harada, hansı şərtlər daxilində olmasının fərqi yoxdur. Yetər ki, oxumaq, təhsil almaq olsun. İstənilən ixtisasla cəmiyyətə faydalı olmaq mümkündür, ona görə, əsas olan da məhz budur. Ən böyük məqsədi isə gələcəkdə kimsəsiz, imkansız insanlara kömək etmək olan müsahibimiz Bakı Dövlət Universitetinin hüquq fakültəsinin birinci kurs tələbəsi Sara Quliyevadır.

 

- Universitetə qəbul imtahanında 692 bal yığmışdınız. 700 hədəfindən sizi bir neçə bal ayırdı...

- Bəli, əslində o suala da doğru cavab yazmışdım, sadəcə, kodlaşdırmada işarələmə apararkən kağızda bir az kənara çıxmışdım, ona görə də, onu doğru kimi götürməmişdilər. Bu səbəbdən 700 olmadı.

 

- Bu, çox şeyi dəyişəcək bir bal deyil, onsuz da...

- Əlbəttə ki. Universitetə qəbul oldum, prezident təqaüdünə layiq görüldüm.

  

- Bu balı toplamaq üçün gərək orta məktəbdə yaxşı oxuyasan...

- 2006-cı ildə Heydər Əliyev adına liseydə birinci sinfə  daxil olmuşam. 2017-ci ildə elə həmin liseyi qızıl medalla başa vuraraq məzun oldum. Mənə görə, qızıl medal 11 illik əziyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Bunun üçün gərək fənlər arasında ögey-doğmalıq qoymayasan. Yəni, "üçüncü qrupa hazırlaşıramsa, kimya, fizika mənim nəyimə lazımdır” deməməlisən. Birinci sinifdən on birinci sinfə kimi çox çalışmalısan. Bütün fənlər üzrə qiymətlərim yüksək olduğuna görə, buna layiq görüldüm. Bundan başqa, təhsil aldığım məktəbdə fənlər arasında fərq qoymağa icazə verilmirdi. Yəni, mən üçüncü qrupa hazırlaşırdımsa, ixtisasıma aid olmayan fənləri də mütləq yaxşı oxumalıydım. Elə dostlarım var idi ki, 11-ci sinifdə ümumiyyətlə, məktəbə getmirdilər. Bizdə isə 11-ci sinifdə kimya və fizika fənlərini oxuyurduq. O baxımdan, şanslı olduğumu fikirləşirəm. Buna görə, təhsil aldığım liseyin bütün müəllim kollektivinə minnətdarlığımı bildirirəm. Məktəb vaxtı  respublika fənn olimpiadalarında iki dəfə Azərbaycan dili və ədəbiyyat fənni üzrə qalib olmuşam. Həmçinin «Heydər Əliyev şagirdlərin gözü ilə» adlı inşa müsabiqəsində, "Ədəbiyyat biliciləri” adlı layihədə və digər yarışmalarda uğurlarım olub. Bir neçə dəfə müxtəlif layihələrdə birinci yerə layiq görülmüşəm. Yazmağa həvəsim elə o vaxtdan yaranıb.  Düzdür, indi dərslər  görə çox vaxtım olmasa da, imkan tapdıqca esselər yazmağa çalışıram. Bundan başqa, dil öyrənməyə böyük marağım var. İndi fransız və koreya dillərini öyrənirəm. Bütün dünya dillərini öyrənmək kimi bir həvəsim var.

 

- Oxumağa bu qədər maraqlı birinin, "bu gün oxumasam da olar” dediyi gün olurmu?

- Düzü, nə vaxtsa hansısa bir günü sırf özümə ayırmaq istəyərəm. Amma oxumaq kimi hissi özümdən uzaqlaşdıra bilmirəm. Qarşıma qoyduğum məqsəd və məsuliyyətlərim buna imkan vermir. Mənə inanan insanların etimadını qırmaqdan həmişə qorxmuşam. Bəlkə də ən böyük stimulum da bu olub. Xüsusilə, valideynlərim mənə dəstək olurlar. Babam fizika-riyaziyyat elmləri doktoru, professor Maqsud Nəcəfov da ən böyük dəstəkçilərimdəndir.

  

- Artıq tələbəsiz, dərsləriniz necədir?

- Düzü, məktəbi bitirəndən sonra universitetə uyğunlaşmağım bir qədər vaxt apardı. Çünki ilk vaxtlar sistemi tam qavraya bilmirdim. Amma indi hər şey yaxşıdır. Qiymətlərim yüksəkdir və artıq dərs yükünə öyrəşmişəm. Əslində, bəzi məqamlarda təcrübəsizliyin verdiyi həyəcanlar olur. Amma yaxşı nəticələr əldə etdikcə, bir az həyəcanım azalır. Məktəb vaxtı bəlli bir material əsasında dərsləri oxuyurduq, amma universitetdə öyrəniləcək şeylər daha çoxdur. Bu materialların hamısını oxumaq isə praktik olaraq, mümkün deyil. Əhatə dairəsi çox genişdir, ona görə bir az adam narahat olur ki, nəyisə çatdırmaya bilərəm və s. Yeganə çətinliyimiz bundadır. Həmçinin, mən ingilis bölməsində təhsil aldığıma görə, materialların çoxu elektron versiyada olur. Adi kitab demək olar ki, yoxdur. Əvvəl müəyyən fənlərdə hüquq terminləri, akademik cümlələr çətin gəlirdi. Amma artıq buna da öyrəşmişəm. Burada hər şey gözlədiyimdən daha yaxşıdır. Çünki universitetə qəbul olunmazdan əvvəl məndə fərqli təəssürat yaratmışdılar. Universitetlər haqqında fikirlərim birmənalı deyildi. Amma müəllimlərimiz dərsi çox yaxşı tədris edir.

 

- Əvvəldən hüquqşünas olmaq istəyibsiniz?

- Əslində birinci ixtisas qrupuna da hazırlaşıb İT mütəxəssisi də ola bilərdim. Yəni, mənim üçün ixtisasın heç bir fərqi yox idi. Çünki oxumağı sevdiyim üçün oxumuşam. Heç fikirləşməmişəm ki, hansısa sənəti sevdiyim üçün oxuyuram. Mənə görə, əsas olan öz sahəm üzrə irəli gedə bilməkdir.

 

- Hüququ valideynlərin istiqamətləndirməsi ilə seçibsiniz onda?

- Qəbulda yüksək bal toplamışdım. Bizdə axı belə yanaşma var ki, 3-cü qrup üzrə yüksək bal toplayanlar hüququ seçirlər. Evdəkilər mənə hüququ məsləhət gördülər, razılaşdım. Məcburən seçməmişəm, maraqlı və cəmiyyətə faydalı olacaq bir sahə olduğunu düşünüb, razılaşdım. Atamın hüquqşünas olmağı da bu qərarıma bir az təsir etdi.

 

- İT sahəsinə də marağınız olub, hüquqda oxuyursunuz. Gələcək karyeranız haqda nə düşünürsünüz?

- Gələcəkdə təhsilimi xaricdə davam etdirmək istəyirəm. Bu, mənim ən böyük məqsədlərimdən biridir. Mümkün olsa, hətta bakalavr müddətində də xaricə getməyə cəhd edəcəyəm. Hətta indidən magistr təhsilimi Avropa ölkələrinin birində davam etdirmək haqqında düşünürəm. Məsələn, Hollandiya, İngiltərə seçdiyim ölkələr arasındadır. Amma hələlik dəqiq qərar verməmişəm. Bir az pafoslu səslənir, amma mənim daha bəşəri arzularım var. Gələcəkdə beynəlxalq arenalara çıxmaq ən böyük arzularımdandır. Bundan başqa, gələcəkdə insanlara kömək etmək, bəşəriyyətə faydalı olmaq üçün bir sıra xeyriyyə layihələri həyata keçirmək istəyirəm. Karyerada irəli getmək mənə müəyyən dərəcədə elə bunun üçün lazımdır. Layihələrin maddi təşkilatını tamamən özüm həyata keçirim deyə. İT sahəsini sevirəm. Əlbəttə ki, gələcəkdə hüquqşünas olacağam, amma niyə informasiya texnologiyalarını bilən hüquqşünas olmayım? Əlavə kurs keçib, öyrənə bilərəm. ADA Universitetinin proqramlaşdırma kurslarının iştirakçısı oldum. Onlar bizə bir semestrlik dərs keçdilər. Artıq müəyyən proqramlaşdırma dillərini bilirəm. Amma getdikcə hüququ da sevməyə başlayıram. Yenə də deyirəm ki, mənim arzularım bir qədər fərqli olduğuna görə, ixtisasla bağlı dərdim olmayıb. Öz arzularıma çatmaq üçün isə hansısa sahədə uğurlu olmalıyam. Fərqi yoxdur hüquq, İT, yaxud tibb olsun. Önəmlisi öz sahənin peşəkarı ola bilməkdir. İndi hüququ seçdiyimə görə peşman deyiləm. Əlbəttə, məqsədə çatmaq üçün təhsil çox önəmlidir. Amma gələcəkdə daha çox insanlara kömək edə biləcək layihələrdə iştirak etmək istəyirəm. Bu günə kimi valideynlərim həmişə mənə inanıblar. Mən də onların etimadını doğrultmağa çalışmışam. Onlar mən yol göstərdilər, dəstək oldular. İndi isə növbə mənimdir. Ailəmizdə məndən kiçik bir qardaşım var. İndi o, 11-ci sinifdə oxuyur. Çalışıram ki, əlimdən gəldiyi qədər dərslərində ona kömək edim. Çünki o, indi hazırlıq ərəfəsindədir.

 

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Şəkil çəkməyi, əl işləri hazırlamağı sevirəm.  Ən sevimli məşğuliyyətim isə "post-crossing”dir. Yəni, mən xaricdə yaşayan insanlarla elektron məktub vasitəsilə əlaqə saxlayıram. Sonra bir-birimizə ənənəvi məktublar göndəririk. Bir növ keçmiş məktub ənənələrini yaşadırıq. Bu, çox maraqlıdır. Biz bir-birimizə təkcə məktublar deyil, müəyyən suvenirlər, kiçik hədiyyələr də göndəririk. Elektron məktublaşmada bir-birimizə ünvanlarımızı veririk. Bu işə üç il əvvəl başlamışam. Təzə başlayanda, bunu etməkdə əsas məqsədim ingilis dilimi inkişaf etdirmək idi. Getdikcə Azərbaycanı tanıtmağa başladım. Bu mənim ən böyük məqsədlərimdən biridir. Əvvəl fikirləşirdim ki, xaricilər Azərbaycanı tanımırlar. Amma indi görürəm ki, onlar Azərbaycanı tanısalar da, ölkəmiz haqqında bəzən səhv düşüncələrə malik olurlar. Onlar Azərbaycanı geridə qalmış hansısa Şərq ölkəsi kimi tanıyırlar. Hətta Avstraliyada yaşayan bir qız mənə dilimizin ərəb dili olduğunu güman etdiyini dedi. Bu, mənə çox pis təsir etmişdi. İndiyə qədər Qarabağ münaqişəsi ilə bağlı səhv yanaşması olan 50-yə yaxın adamla müzakirə aparmışam, onlara hadisələri doğru şəkildə çatdırmağa çalışmışam. Həmçinin, çalışıram ki, onlara öz mətbəximizin təamlarını da nümayiş etdirim. Milli suvenirlər, Azərbaycan haqqında fiqurlar göndərirəm. Müxtəlif videolar hazırlayaraq sosial şəbəkələrdə paylaşıram. "İnstagram”da Bakının görməli yerlərini çəkib, tez-tez paylaşıram. Bu, onların çox xoşuna gəlir. Amma vaxtımın azlığına görə indi təkcə həftə sonları bu işə zaman ayıra bilirəm. Çünki həftə içi dərslərdən imkan tapa bilmirəm.

 

Şəbnəm Mehdizadə

 

Kaspi 2017.- 1 dekabr.- S.15.