“Bizi zaman məhv elədi”
Şahbuz Quliyev: “Bu sənətə
uyğun dövrdə gəlsəydik, bəlkə də
teatra, kinoya başqalarından daha çox xeyir verərdik”
İncəsənət hər nə qədər parlaq sənət
olsa da, daimi deyil. Çünki bu sənət fədai,
başqa sözlə desək, qurban tələb edir. Təəssüf ki, bu sənətdə hər sənətçinin
bəxti gətirmir. Şou aləmində
naxış deyilən xoşbəxtlik bəzilərindən
uzaq düşür. Zamanında bu sənəti
müqəddəs bilib, əbədi bağlananlar sonradan bir
çox səbəblərdən unudulurlar, buna məhkum
olurlar. Ancaq onlar unuda bilmirlər ki, bilmirlər.
Onlar üçün incəsənət hər
nə qədər əziz olsa da, bu sənəti yalnız kənardan
izləməklə ovunurlar. "Unudulmuşlar”
rubrikamızın qonaqları kimi, onların incəsənətdə,
teatrda şansı gətirmir. "Unudulmuş”lardan
biri də Bakı Uşaq Teatrında baş inzibatçı
vəzifəsində çalışan Şahbuz Quliyevdir.
O, 8 oktyabr 1962-ci ildə Gədəbəy rayonunda anadan olub. 1984-1988-ci illərdə Azərbaycan Dövlət
İncəsənət İnstitutunun "dram və kino
aktyorluğu” fakültəsində təhsil alıb. 1989-1992-ci illərdə "Azərbaycanfilm”
kinostudiyasında çəkiliş truppasında
inzibatçısı kimi fəaliyyət göstərib.
2004-cü ildən Bakı Uşaq Teatrında
çalışır. Bütün bu illər ərzində
həm də "Kuklalar”, "Əlavə təsir”, "Həyat
varsa”, "Taksi” , ”Möcüzə”, "Pərvanələrin
rəqsi” film və seriallarında epizodik obrazlar
canlandırıb.
Şahbuz müəllim uzun müddətdir ki, kino və
teatr aləmində öz ixtisası üzrə deyil,
inzibatçı vəzifəsində çalışır. O hər gün səhnənin
önündən keçir, hər gün efirdən
nümayiş olunan filmləri, serialları izləyir, ancaq
puç olmuş xəyalları ilə də barışa
bilmir. Çünki o bu sənətə məhz
aktyor olmaq üçün gəlmişdi. Aktyor kimi səhnədə ölməyi
arzulayırdı. Ancaq necə deyərlər, sən
saydığını say, gör fələk nə sayır.
Ş.Quliyev deyir ki, şəraitin əlverişsizliyindən
aktyor ola bilmək arzusu ürəyində
qalıb. O, arzusunun ürəyində qalmasını əlverişli
şəraitdə bu sənətə gələ bilməməsi
ilə əlaqələndirir. İncəsənət
Universitetini bitirəndən sonra Azərbaycan Dövlət
Ağdam Teatrına təyinat alan
müsahibimiz bir müddət bu teatrda çalışıb.
Ancaq maddi problemlər onu sıxdığına
görə, səhnəni tərk etmək məcburiyyətində
qalıb. Beləliklə, "Unudulmuş”
aktyorumuz danışır.
- Şahbuz müəllim, istərdik, bizə sizi
Ağdam teatrından ayrı salan səbəblərdən
danışasınız.
- Ağdam Teatrına təyinat aldıqdan sonra orada bir
neçə tamaşada rol aldım. Səhnənin tozunu
udmaq, orda çalışmaq və özünü aktyor kimi
realizə etmək sözlə ifadə olunmayacaq qədər
möhtəşəm bir hissdir. Amma
aktyorluq ixtisasımı davam etdirmək üçün
heç bir şərait yaranmadı. Günü
bu gün də istəyərəm ki, yenidən aktyor kimi səhnədə
fəaliyyət göstərim. Tələbə
vaxtı müəllimlərimiz bizə deyirdilər ki, əgər
bu sənətdə qala bilməyəcəksinizsə, istedadlı
aktyorların yerini məşğul etməyin. Ancaq mən çox istəyirdim aktyor və ya
rejissor assistenti kimi sənətimi davam etdirim.
Çünki bu sənətə sevib gəlmişdim. Bizimlə paralel oxuyan aktyorlar, rejissorlar da -
zamanımızda aktyorluğu bitirənlərin çoxu bu
işin ardınca gedə bilmədi.
- Niyə? Buna səbəb
nə idi?
-
Çünki bizim teatrda işləməyimiz
üçün heç bir şəraitimiz mövcud deyildi.
Teatrda maaş demək olar ki, yox səviyyəsində
idi. Mən də teatrdan başqa yerdə işləmirdim
ki, o sahədə çalışım və ailəmi
dolandırım. Vəziyyət çox
çətin idi. Bu sənəti tərk
etməkdən başqa çıxış yolum yoxuydu.
Bizim sənətə gəldiyimiz illərdə
Qarabağ hadisələri başladı. İnsanlar
öz yurd-yuvalarından didərgin düşmüşdü.
Ölkə təlaş içində idi.
Belə olan halda heç kim sənətlə
məşğul olmaq istəmirdi.
-
Bildiyimiz qədəri ilə, siz kinostudiyada da
çalışmısınız.
- Orada da
administrator vəzifəsində çalışırdım.
Kinostudiyada işləyəndə o qədər
qaynar həyat var idi ki, biz sevinə-sevinə işimizin
ardınca gedirdik. Qarabağ hadisələri
başlayandan sonra kino sahəsində tənəzzül
yarandı. Kinostudiyaya daxil olanda
görürdüm ki, hər tərəfə sükut
çöküb. Kinostudiyada "Qətldən
7 gün sonra”, "Bəxt üzüyü” filmlərində
administrator kimi fəaliyyət göstərmişəm.
O qədər iş var idi ki, iş dərdi çəkmirdik,
düşünmürdük ki, bundan sonra nə edəcəyik.
Bir film bitən kimi, növbəti film hazır
idi. Bilirdik ki, hansı filmdə
çalışacağıq.
- Axı
sizin əlinizdə hər bir imkan var idi ki,
çalışdığınız filmlərdə eyni
zamanda aktyor kimi də iştirak edəsiniz.
- Elə
imkanlarım olub. Sözügedən filmlərdən
əvvəl sənədli filmlərdə
çalışmışam. Düzdür,
indi də hərdən aktyor kimi dəvətlər alıram.
Misal üçün, ötən il Yusif Vəzir
Çəmənzəminlinin həyatından bəhs edən
sənədli filmə çəkildim. Orada
Çəmənzəminlinin özünü canlandırırdım.
"Qətldən 7 gün sonra” filminin çəkiliş
prosesləri Moskvada baş tutmuşdu. O zaman mən də
paytaxtdan onlara lazım olan materialları hazırlayıb,
göndərirdim. Əgər orada olsaydım yəqin
ki, məni hansısa bir rola çəkərdilər. Bu mənim qismətim imiş. "Bəxt
üzüyü” filmində də eyni vəziyyət oldu.
Belə ki, filmin çəkilişləri Mərdəkanda
bağ evində baş tuturdu. Çəkilişlərin
baş verdiyi ilk iki ayı mən kinostudiyada qaldım. Komandada heç aktyorluğa aidiyyəti olmayan texniki
işçilərdən istifadə edib, onları çəkmişdilər.
Mən ora gedəndə isə artıq filmin əsas
hissəsi çəkilmişdi.
- "Bəxt
üzüyü” filmində kamera arxası hansı hadisələr
yaşanırdı?
- Kamera
arxasında tamamilə başqa hadisələr cərəyan
edirdi. Misal üçün, orda bir səhnə
var idi ki, stolun üzərində qatıq olmalı idi. Həmin qatıq Tanrıverdi dayının
üzünə sıçramalıydı. O
qatığı tapmaq üçün çox əziyyət
çəkdim. Mərdəkanı
tanımırdım, o zamanlar marketlər də yox idi. Mağazalarda qatıq satılmırdı. Çox uzaq bir yerdən qatığı tapdım.
Mənə deyirdilər ki, yerin dibində də
olsa, onu tapıb gətirməlisən.
- Bəs, Bakı Uşaq Teatrı ilə
yollarınız necə kəsişdi?
-
Artıq 14 ildir ki, Bakı Uşaq Teatrında işləyirəm.
Buraya məni teatrın direktoru İntiqam Soltan
özü dəvət etdi. Bizim İntiqam
müəllimlə ortaq dostumuz var idi. Mən
onların bir tədbirini təşkil etmişdim. Elə oldu ki, mən bu teatrda
çalışmalı oldum.
-
Keçmişə baxanda, bu sənəti seçdiyiniz
üçün heç peşmançılıq hissi
keçirirsinizmi?
- Hərdən
ona görə peşmançılıq hissi keçirirəm
ki, kaş, mənim imkanım olaydı, maddi çətinliklərə
dözə biləydim, aktyorluq sənətini davam etdirəydim.
Digər tərəfdən də bu sənəti
seçdiyim və bu sənət üzrə təhsil
aldığım üçün heç də
peşmançılıq hissi keçirmirəm. Əksinə, sevinirəm ki, nə yaxşı ki, mənim
o cür müəllimlərim olub. Mən
həyatın hər üzünü orada görmüşəm.
Bəlkə də başqa sənətdə
olsaydım, peşman olardım.
- Müəllimlərinizi
xatırlayırsınızmı?
- Müəllimlərimi xatırlamamaq olar? Mərhum teatr rejissoru, aktyor, pedaqoq Nəsir Sadıqzadəni, mərhum xalq artisti Mikayıl Mirzəni necə xatırlamayım? Bizim səhnə danışığı müəllimimiz Mikayıl Mirzə, aktyor sənəti müəllimimiz Nəsir Nəsibzadə idi. İndiki məqama baxanda onların əhatə dairəsinin nə qədər geniş olduğu, nə qədər ağır çəkidə olduğunun fərqinə varıram. Onlar dahi insanlar idi. Biz onlardan çox şey öyrəndik. Ancaq öyrəndiklərimizi tətbiq edə bilmədik. Bizi zaman məhv elədi. Bizim vaxtımızda bu sənətdə qalmaq demək olar ki, mümkün deyildi. Həm maddi, həm də tarixi şərait baxımından. Aktyorluq sənəti bizim üçün əlçatmaz qaldı. Bəlkə də biz teatra, kinoya çoxlarından daha çox xeyir verə bilərdik. Hamımız zamanın girdabında qovrulduq. Hərəmizi bu dalğa bir tərəfə atdı. Pərəm-pərəm düşdük. O zamanlar indiki Sumqayıt Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İslam Həsənov da bizimlə paralel oxuyurdu. Bundan başqa, İrəvan Teatrının aktyoru Əjdər Zeynalov, Sumqayıt Teatrının aktrisası Mətanət Məhərrəmova ilə qrup yoldaşı olmuşuq. Bizim uşaqların içərisində istedadlıları çox idi. Bizi zaman xərclədi. Əgər tarixi şərait imkan versəydi, mən aktyorluğu atmazdım. Bunun mənə verdiyi fiziki əzablara qatlaşmağa hazır idim. Nəsir müəllim hər dəfə bizə deyirdi ki, "əgər aktyor mətbəx dərdi çəkəcəksə, onda aktyorluqdan danışmağa dəyməz”. O, bunu geniş anlamda deyirdi.
- İndi də
teatrda çalışırsınız. Sahib olduğunuz sənət
sizi qane etmirmi?
- Əlbəttə edir. İndi sahibi olduğum sənətin də bütün əziyyətinə qatlaşırıq. Əgər mənim gördüyüm işə maneələr, qadağalar, müdaxilələr olmasa, teatr inzibatçılığı sənətini daha çox inkişaf etdirib teatrı maddi cəhətdən yaşada bilərəm. 2008-ci ilə qədər biz rahat şəkildə çalışdıq. Ancaq 2008-dən sonra bizə sanki bir "olmaz” qadağası qoyuldu.
- Məktəblərdə
biletlərin satılmağına qoyulan qadağalardan
danışırsınız?
- "Məktəblərdə biletlərin satılmasına qadağa qoymaq” çox ucuz bir kəlmədir. Əslində məktəbləri idarə edən, şagirdlərin gələcək taleyi barədə düşünən insanlar bilməlidir bu tamaşa məhz uşaqlar üçündür. Bütün bunlar nə üçündür? Təbii ki, uşaqları kiçik yaşlarından tərbiyələndirib, normal yetişdirməkdən ötrüdür. Bu gün məktəblərdə narkomaniya, içki, siqaretə aludə olan şagirdlər var. Biz şagirdlərə bu kimi vərdişlərin sonrakı nəticəsini göstəririk. Bizim teatr bütün teatrlardan fərqli olaraq ən çox maarifləndirmə istiqamətinə yönəlib. Uşaq tamaşalarımızın hamısında maariflənməyə, vətənpərvərliyə köklənmiş ana xətt var. Ancaq nədənsə bunu məktəb direktorları anlamaq istəmir. Teatrı düşmən elan ediblər.
Xəyalə Rəis
Kaspi.-2017.-4 oktyabr.-S.12.