Turistlər üçün cəlbedici məkan
Ekspertlər, Şamaxı Safari Parkını
bioaləmin inkişafı
baxımından müsbət
qiymətləndirirlər
Oktyabrın 2-də Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı
ilə tanış olublar.
Müasir dövrdə ekoturizmin geniş yayılmış
növlərindən biri
də safari turizmidir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə
etmək məqsədilə
təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları
nəsli kəsilmək
təhlükəsi ilə
üz-üzə qoyduğu
üçün son dövrlərdə
təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər.
Fotosafariləri bədii dillə
"sakit ov” da adlandırırlar.
Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün
geniş imkanlar var. Ölkəmizin müxtəlif
guşələrində xüsusi
mühafizə olunan təbiət əraziləri
- milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm
rol oynaya bilər.
Prezident
İlham Əliyevin
2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycanda ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə
də bununla bağlı məsələlər
yer alıb. Strateji Yol Xəritəsində
qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi
ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun
əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin
təşkili ilə bağlı tədbirlər
planı hazırlayacaq.
Yaradılacaq marşrutlar üzrə
əlverişli fəaliyyət
cədvəli tərtib
ediləcək. Buraya milli
parklarda potensial turizm kampinq yerlərinin müəyyən
edilməsi və işlənib hazırlanması
üzrə də təkliflərin irəli sürülməsi daxildir.
Təhlil nəticəsində məqsədəuyğun hesab
edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl
operatorlara da həvalə oluna bilər. Qeyd edək ki, sənəddə Şamaxı
Safari Parkının yaradılacağı
da qeyd olunmuşdu.
Artıq Şamaxı
Safari Parkı hazırdır
Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə
adaptasiyası məqsədilə
2014-cü ildə yaradılan
"Azər Ekov” MMC qısa müddətdə
bu istiqamətdə zəruri olan işləri görməyə
başlayıb. "Azər
Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar
və maral fermerlərinin Beynəlxalq
Assosiasiyasına - IDUBA-ya
üzv olub. Bununla da "Azər Ekov” MMC bu assosiasiyanın
Cənubi Qafqazda təmsilçilik hüququnu
əldə edib və bu quruma
Ermənistanın üzv
olmasının qarşısını
alıb. IDUBA-nın
təşkil etdiyi görüşlər sayəsində
üzvlər müəyyən
vaxt ərzində yığıncaqlar təşkil
edib heyvan yetişdirilməsi, ovların
təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin
istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər.
Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu
üzv kimi iştirak edərkən
"Azər Ekov” MMC qarşısına beynəlxalq
təcrübəni mənimsəmək,
xarici mütəxəssislərin
Azərbaycan təbiətinə
marağını cəlb
etmək kimi hədəflər qoyub.
"Azərbaycanda ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki
tapşırıqlara uyğun
olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə
Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində
620 hektar ərazinin hüdudları içərisində
480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Latviya,
Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından
üç növdən
ibarət 420 baş nəcib maral, lan və muflon
adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi
mühafizə olunan əraziyə buraxılması
təmin edilib. Görülən seleksiya və
baytarlıq tədbirləri
nəticəsində bu
heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda
pakda 790 heyvan, o cümlədən 260 baş
nəcib maral, 250 baş muflon və maral cinsinə
daxil olan 280 baş lan var.
Ekoloji parkın
daxili infrastrukturunun yaradılması istiqamətində
də işlər görülüb. Belə ki, 36 kilometr
uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib.
Maral, lan
və muflonları kənar təsirlərdən
və yoluxucu xəstəliklərdən qorumaq
üçün beynəlxalq
standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr
uzunluğunda çəpər
çəkilib. Bundan başqa,
parkın ərazisində
inzibati bina və qonaq evi
də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində
geniş abadlıq işləri aparılıb.
Yaradılan Şamaxı Safari Parkının
həm turizm, həm də ekologiya sahəsinə necə təsir edəcəyini öyrənməyə
çalışdıq.
Azərbaycan Turizm Assosiasiyası
(AzTA) sədrinin müşaviri Müzəffər
Ağakərimovbu parkın
yaradılmasının turizm
sahəsinə əhəmiyyətli
təsir edəcəyini
bildirir: "Safari dünyanın
bir çox ölkələrində kifayət
qədər inkişaf
etmiş turizm sahələrindəndir. Belə bir
parkın yaradılması
bizim üçün
müsbət haldır.
Xüsusilə də, paytaxta
yaxın bir bölgədə yaradılması
onun əlçatan olmasına şərait yaradır. Turizm şirkətlərinin safari parka turlar təşkil etməsi həmin yeri daha çox insanın tanımasına
səbəb olacaq. Bilirsiniz, hazırda Azərbaycan turistlərin diqqət mərkəzindədir. Ölkədə keçirilən beynəlxalq
səviyyəli yarışlar
turistlərin marağını
cəlb edib. Və biz elə etməliyik ki, turistlər Azərbaycana gəldikləri
zaman təsəvvür
etdiklərindən də
gözəl mənzərə
ilə qarşılaşsınlar.
Uzun müddətdir ki, turistlər gəlib-gedir.
Onlar üçün artıq yeni məkanlar, maraq dairəsi yaratmaq lazımdır.
Və onu da qeyd
edim ki, turistlərin flora və
fauna aləminə də
marağı böyük
olur. Turizmi bir istiqamətdə
inkişaf etdirmək olmaz. Müxtəlif sahələrdə turistlərin diqqətini cəlb edəcək işlər görmək lazımdır”.
Rüzgar
Ekoloji İctimai birliyin sədri İslam Mustafayev deyir ki, əgər
heyvanlarda bir xəstəlik yoxdursa, bu iş müsbət
nəticələr verəcək:
"Biomüxtəlifliyin zənginliyi
baxımından bu kimi işlərin görülməsi təqdirə
layiqdir. Sadəcə olaraq, xüsusi
fikir vermək lazımdır ki, həmin heyvanlarla birlikdə müxtəlif ölkələrdən xəstəliklər
gətirilməsin. Ümid edirəm
ki, gətirilən heyvanlar yoxlanılıbdır.
Yəni həmin heyvanlar sağlamdırlarsa niyə
də gətirilməsin.
Bu iş xüsusilə
də, biomüxtəlifliyin
inkişafı üçün
müsbət addımdır.
Heyvanat və bitki aləmi
nə qədər zəngin və müxtəlif olarsa, ətraf mühiti qorumaq o qədər asan olar. Təbii ki, əgər əlverişli şərait
olarsa, bunu digər bölgələrdə
də etmək olar”.
AMEA-nın nəzdindəki Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov safari parkın açılışını təbiət üçün müsbət hal kimi qeyd edir: "Azərbaycanda maralların müxtəlif növləri olub. Amma onların əksəriyyətinin nəsli kəsilib. Qalan nəsillərin sayı isə azdı. Xaricdən bu heyvanların gətirilməsi onların sayının artmasına əhəmiyyətli təsir göstərəcək. Bu, maarifçilik və estetik cəhətdən də müsbət haldır”.
Günel Azadə
Kaspi 2017.- 4 oktyabr.- S.7.