Yaxşı adam
Əliheydər Hüseynov – 100
Əliheydər Seyfulla oğlu Hüseynov 1917-ci il
oktyabrın 25-də Bakıda
anadan olmuşdur. O,
1939-cu ildə Leninqrad
Dövlət Universitetinin
Şərq fakültəsinə
daxil olmuşdur. Böyük vətən müharibəsi illərində
Qızıl Ordu sıralarında şimali-şərq,
Leninqrad, Volxov, I Ukrayna cəbhələrində,
Almaniya və Polşada sıravi əsgər və zabit kimi döyüşmüşdür.
1943-cü ildə Sov.İKP sıralarına
daxil olmuşdur.
1949-cu ildə ali
təhsilini başa vuran Əliheydər Hüseynov Azərbaycan SSR
EA Ədəbiyyat İnstitutunda
kiçik elmi işçi və
1951-1952-ci illlərdə Azərb.
KP MK-nın bədii
ədəbiyyat və
incəsənət şöbəsində
təlimatçı vəzifəsində
çalışmışdır.
O, 1955-ci ildə Moskvada
Sov. İKP MK nəzdindəki
İctimai Elmlər Akademiyasının aspiranturasını
bitirərək «Azərbaycan
sovet poeziyasının
inkişaf yolu
(1920-1940)» mövzusunda
namizədlik dissertasiyası
müdafiə etmişdir.
1955-1957-ci illərdə Azərbaycan SSR Nazirlər
Soveti yanında Dövlət Sirrlərini Mühafizə edən İdarədə rəis,
1957-1958-ci illərdə isə
Azərbaycan KP MK-nın
Təbliğat və
təşviqat şöbəsinin
müdir müavini olmuşdur. 1958-ci ildən taleyini Azərbaycan SSR EA
Nizami adına
Ədəbiyyat İnstitutuna
bağlayan Əliheydər
Hüseynov ömrünün
sonuna kimi mətnşünaslıq şöbəsində
baş elmi işçi vəzifəsində
çalışmışdır.
Ə.Hüseynov klassiklərimizin əsərlərinin
tekstoloji-filoloji tədqiqi
və nəşri sahəsində xüsusi
xidməti olan görkəmli mətnşünas
alimlərdəndir. Elmi fəaliyyətində Azərbaycan
poeziyasının, xüsusilə
xalq şairi Səməd Vurğunun əsərlərinin tədqiqi
və nəşrinə
mühüm yer ayıran alim şairin «Əsərləri»nin altıcildlik nəşrinin tərtibçisi
olmuşdur. Onun
1977-ci ildə bircildlik
«Seçilmiş əsərləri»nin Leninqradda,
1978-1979-cu illərdə isə
üçcildlik külliyyatının
Moskvada nəşri sahəsində gərgin
səmərəli işi
diqqətə layiqdir.
Ömrünün son illərində S.Vurğunun yeddicildlik «Əsərləri» üzərində
işləmiş və
nəşrə təqdim
etmişdir.
Ə.Hüseynov romantik sənətkar Məhəmməd Hadinin, habelə Bədrəddin Seyidzadə və digər şairlərin irsinin toplanıb nəşr olunmasına da xeyli əmək
sərf etmişdir. O, məşhur
«Molla Nəsrəddin»
jurnalının təkrar
nəşrini çapa
hazırlayan alimlər
qrupuna daxil idi. Jurnalın 1911, 1923, 1925, 1927-1928-ci illərinin
mətnini (IU, U, UI, UII cildlər)
ərəb əlifbasından
transfoneliterasiya etmişdir.
Ömrünün son günlərində
Səməd Mənsurun
«Əsərləri»ni nəşrə
təqdim etmiş, «Azərbaycan sovet şeirinin ilk addımları
(1920-1940)» adlı müntəxabat üzərində
işləmişdir.
Əliheydər Hüseynov xidmətlərinə
görə «Qırmızı
Ulduz» və «I Dərəcəli Vətən
Müharibəsi» ordenləri,
«1941-1945-ci illər Böyük
Vətən Müharibəsində
Almaniya üzərində
qələbəyə görə»
və başqa medallarla təltif edilmişdir (məlumat Ə.Hüseynovun Ədəbiyyat
İnstitutunun elmi arxivindəki «Şəxsi
işi»ndən əldə
edilmişdir). 1989-cu ildə
dünyasını dəyişən
Əliheydər Hüseynov
bu gün də yaddaşlarda ləyaqətli vətəndaş,
yorulmaz alim, xeyirxah və yaxşı adam
kimi qalmaqdadır.
"İlahi, yaxşı adamları bir az çox yarat”
1968-ci il idi.
Ali təhsilimi bitirib Nizami adına
Ədəbiyyat İnstitutunun
Mətnşünaslıq şöbəsinə işə
təzə qəbul olunmuşdum. O vaxtlar institut MK-dan «Molla Nəsrəddin» jurnalının təkrar nəşr olunması tapşırığını
aldı. Nəşrə elmi rəhbərlik
etmək AMEA-nın müxbir üzvü, görkəmli alim Əziz Mirəhmədova etibar edildi. Filologiya elmləri namizədi Əliheydər Hüseynov,
Turan Həsənzadə
və mən də daxil olmaqla mətnşünas
qrupu yarandı.
Bu, mənim Əliheydər
müəllimlə ilk iş
birliyim oldu (sonralar biz Bədri Seyidzadənin şeirlərini
toplayıb «Bir ömrün yadigarı»
(1984) adlı daha bir kitab nəşr
etdirdik). Əliheydər müəllim şöbənin
ən yaşlı, mən isə ən gənc əməkdaşı idim.
7-8 il ərzində
biz jurnalın tam mətnini
ərəb əlifbasından
çevirib çapa
hazırladıq. İlk cildləri
Əziz müəllim
redaktə etdi. Amma çox təəssüf
ki, jurnalın nəşri uzun illər qərəzli və məqsədli şəkildə ləngidi.
Bu ləngimə bizi görülən işi
bu dəfə latın əlifbasına
çevirmək çətinliyi
ilə üzləşdirdi.
«Molla Nəsrəddin»
kimi bir möhtəşəm abidənin
təkrar nəşrinin
bizə etibar edildiyi üçün
ilk illərdə yaşadığımız
fəxarət və qürur hissini get-gedə ümidsizlik acısı əvəz etdi. Əliheydər müəllim hər
birimizdən daha çox narahat idi. Çünki nəşrin ləngiməyinin
o vaxtlar elmi ictimaiyyətdən gizli
saxlanılan əsl səbəbi MK-də sabiq şöbə müdiri olan Əliheydər müəllimə
məlum idi. Cəlil Məmmədquluzadənin
müxtəlif fasilələrlə
25 il nəşr
etdiyi jurnalın təkrar nəşri 45 ilə başa çatdı. Həmkarlarımın heç birinə
bu nəşri tam görmək sevinci qismət olmadı.
Əliheydər müəllimlə bağlı
xatirələrim çoxdur. Amma söz axarının belə yön alması səbəbsiz
deyil...
Bu gün Ədəbiyyat İnstitutunda Əliheydər
müəllimin adı
çəkilirsə, onu
tanıyan, hətta tanımayan hər kəsin dilindən ilk növbədə bunu eşitmək olar: «Yaxşı adam
idi rəhmətlik, deyirlər çox yaxşı adam idi». Əliheydər müəllim sözün
tam mənasında yaxşı
adam idi.
Mərd, halal, xeyirxah, adam
tanıyan, əltutan,
hər yerdə sözü keçən,
böyük əlaqələri
olan və bu imkanlarından ətrafındakılara umacaqsız,
təmənnasız yaxşılıq
edən idi. Xeyrə-şərə yarayan, sözünün
ağası idi.
Əslindən, nəcabətindən
gələn bütün
bu xüsusiyyətlər
onun «yaxşı adam» kimi
sanbalını, çəkisini
bütövləyən dəyərlər idi. Bir sözlə, Allah adamı
idi Əliheydər müəllim. Bəlkə
elə Allaha bu qədər yaxın olduğundan idi ki, dünyasını
dəyişəcəyi gün
də ona qabaqcadan agah olmuşdu...
Həftənin sonuncu iş günü idi. Otağın qapısını
açıb: «aşağı
binaya gedirəm, işi verib qayıdıram» – dedi. Getdi və tez də
qayıdıb gəldi.
Bu dəfə otağa
daxil olub ayaq üstə dayandı:
– Hə.., bunu da təhvil verdim... Bundan da arxayın oldum... Yarımçıq
işim qalmadı...
Qaldı bir «Molla Nəsrəddin». Onun
nəşrini görə
bilməyəcəyəm... Ömrüm çatmayacaq...
Heyf... Heyf o işdən – dedi.
Gözü yol çəkdi, elə bil bir
anlıq baxışları
ilə çox-çox
uzaqlara getdi və qayıtdı. Sözünə
təmkinlə davam etdi: Görəcəksiz...
Ona haram qatan tapılacaq.
Hə... Gedirəm...
O dünyaya gedirəm...
Kimin nə sözü var, desin...
Heç vaxt səhhətindən şikayətlənməyən, həmişə gümrah, şən, nikbin olan Əliheydər müəllimin elə həmişəki kimi də gülə-gülə dediyi bu sözlər gözlənilməz olduğundan hamımızı çaşdırdı. Bu, Əliheydər müəllimlə son görüşümüz oldu. Getdi. Həftənin birinci günü onun xəstəxanada – reanimasiya şöbəsində olduğunu bildik. İki gündən sonra Əliheydər müəllim dünyasını dəyişdi. Düz iki ayın tamamında Əliheydər müəllimin dediyi «işə haram qatan»ın kimliyinin üzə çıxması hamımızı heyrətləndirdi. Ona etiraz etmək isə işə ortaq və haqqa bələd olan bir adam kimi mənim təəssüb payıma düşdü. Əliheydər müəllim 1989-cu ildə dünyasını dəyişdi. Ondan sonra – etirazın yaratdığı bu mübahisələr uzun illər davam etdi. Nəhayət, akademik Bəkir Nəbiyevin İnstituta rəhbərlik etdiyi dövrdə həm «Molla Nəsrəddin» jurnalının tam nəşri başa çatdı, həm də Əliheydər müəllimin nigarançılığı ortadan qalxdı. İnanıram ki, bu da Əliheydər müəllimə agah oldu. Onun narahat ruhu rahatlıq tapdı. Nə yaxşı ki, onun ruhu qarşısında mən də xəcalətli qalmadım. Həcmcə bənzəri olmayan bu nəşrin ərsəyə gəlməsində Əliheydər müəllimin sərf etdiyi uzun ömür və ağır zəhmət payı vardı. Bu Əliheydər müəllimin halal haqqı, mənimsə Bəkir müəllimin köməkliyi ilə nail ola bildiyim haqq işim idi.
Əliheydər müəllim 72 il ömür sürdü. 72 il – «Əliheydər müəllim nə qədər yaşadı?» – sualının cavabıdır. «Bu ömrü necə yaşadı?» sualının cavabı isə onu tanıyanların xatirələrindədir. Məşhur bir deyim var: «Əsl ölüm – insan dünyasını dəyişdiyi zaman yox, onu xatırlayacaq sonuncu adam öləndə baş verir». Buna görə, heç olmazsa, ömrün müəyyən ay, il dayanacaqlarında bir anlıq geridə qalan ömrümüzə boylanıb onu necə yaşadığımızı dərk etmək, öz-özümüzə hesabat vermək, heç olmasa, Tanrının lütfü ilə qalan-qalmayan ömrümüzün olan-olmayan fürsətindən yararlanmağımız çox vacibdir.
Elmira QASIMOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru
Kaspi 2017.- 5 oktyabr.-
S.15.