Kino rejissorlarının
bir dərsi
Tələbələr müəllimləri,
tanınmış kinorejissor
Eldar Quliyevdən kinoya aid hər şeyi öyrəndiklərini
bildirdilər
Bu gün Azərbaycan
incəsənətində iri
addımlarla irəliləyən
sahələrdən biri
də kinodur. Elə bir
dövrdəyik ki, artıq kinoteatrlarda xarici filmlərlə yanaşı, yerli filmlərimiz də nümayiş olunur. Hətta biletlərin satış sayına görə onlarla rəqabətə də girir. Kinonun nə qədər həssas və maraqlı bir sənət olduğu hər kəsə bəllidir. Filmi ərsəyə gətirən əksər
kadrları isə Azərbaycan Mədəniyyət
və İncəsənət
Universiteti yetişdirir.
Hansı ki, bu universitetdən hər il
neçə-neçə ixtisaslı
aktyor, rejissor məzun olur. Biz də Azərbaycan
kino sahəsi üzrə yetişən gənclərin dərs zamanı fəaliyyətlərini
izləmək üçün
sözügedən universitetə
yollandıq.
Bu dəfə universitet
gözümüzə tamam
başqa bir görkəmdə göründü. Yeni təmirdən
çıxan mədəni
təhsil ocağı
göz oxşayırdı.
Müasir avadanlıqlarla təmin
olunmuş təhsil müəssisəsi sanki muzeyi xatırlatdı.
Zövqlə dekor edilmiş bəyaz divarlarda rəssamların əl işləri ümumi ahəngə xüsusi bir rəng qatır. Universitetə dərs saatında
daxil olduğumuz üçün koridorlarda
xüsusi bir sakitlik hökm sürürdü.
Eldar Quliyevin gənc rejissorları
Dəhlizdə xalq artisti, tanınmış
kinorejissor Eldar Quliyevlə rastlaşdıq. Asta bir templə sinif otağına tərəf yol alan universitetin
kino kafedrasının
professoru yavaş-yavaş
gözdən itdi. Sonra qurumun mətbuatla əlaqələr şöbəsinin
əməkdaşı bizi
mehribanlıqla qarşıladı.
İstənilən dərs prosesində
müşahidəçi qismində
otura biləcəyimizi
söylədi. Elə
az əvvəl
koridorda qarşılaşdığımız
Eldar müəllimin dərsinə qonaq olmaq istədiyimizi bildirdik.
Əslində, "Debüt” studiyasının
ilk bədii rəhbəri
olan Eldar müəllimin çox kaprizli xarakterə sahib olduğunu və onun kiminləsə yaxından ünsiyyət qura biləcəyini düşünmürdüm. Universitetin
SABAH qrupundan ibarət təşkil olunmuş
"Resjissor sənəti”
ixtisasının 4-cü kurs
tələbələrinin dərsində
gördüklərimdən sonra bu fikirdən
daşındım. Qrupun kurs
rəhbəri olan Eldar Quliyev onlara
"Rejissor sənətinin
əsasları” dərsini
tədris edirdi.
Kiçik qara pərdələrdən
ibarət olan səhnəli otağın
digər divarları da qara boya
ilə boyanmışdı. Müəllim-tələbə dialoqu, tədris
üçün ən
ideal bir sinif otağı idi. Təmirdən sonra daha gözəl və səliqəli görünən bu otaqlar insanlara yenidən çalışmaq
əzmi verir...
Bu kursun tələbələri
Həsənov Şəfa,
Şövkət Fikrətqızı,
Həsənov Hüseyn,
Həsənov Masər,
Hüseynov Samir, Aslanlı Nurlan da çəkəcəkləri
filmlərdə hansı
əsərlərdən yararlanacaqları
və ya gələn semestr təqdim edəcəkləri
diplom işi üçün necə bir ssenari düşündükləri
haqqında diskussiya edirdilər. Tələbələr öz müxtəlif
əl və üz hərəkətləri
ilə necə bir ssenari hazırlayacaqlarını
və bu ssenarini hansı şəkildə həyata
keçirəcəklərini izah edirdilər.
Hər bir tələbə seçdiyi əsərin ssenarisini danışandan sonra isə Eldar Quliyev onlara
eyni sualla müraciət edirdi: "Səni başa düşürəm, əsas
odur ki, sən niyə bu əsəri seçmisən? Bununla nə deməyə
çalışırsan? Çəkəcəyin bu kadrla hansı mesajı ötürmək istəyirsən.
İstəyin və məqsədin
nədir?”
Bu suala öncədən
hazırlıqlı olan
tələbələr seçdikləri
əsərlə bağlı
müzakirələr aparır
və özlərinə
məxsus izah verməyə çalışırdılar.
"Sabah”ın istedadlı tələbələri
Dərs prosesi bitdikdən sonra tələbələrlə
söhbət etmək
və onların tələbəlik həyatı
ilə bağlı müzakirələr etmək
imkanımız oldu. Bu qrupun tələbələrinin
nə üçün
yığma və
"Sabahın uşaqları”
kimi adlandırması
ilə maraqlandıq.
Aydın oldu ki, SABAH ali
təhsildə tədrisin
keyfiyyətinin yüksəldilməsi,
ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı,
bacarıqlı və
hazırlıqlı tələbə
yetişdirilməsi, əmək
bazarının artan tələblərinə müvafiq
olaraq kadr hazırlığının təmin
edilməsi məqsədilə
yaradılıb. ADMİU-nun
SABAH qruplarında iki ixtisas (aktyor sənəti və rejissor sənəti) və 3 ixtisaslaşma (kino rejissoru, televiziya rejissoru, musiqili teatr rejissoru) üzrə 41 tələbə təhsil
alır. Onlardan ilk qrup
isə hazırda qonağı olduğumuz
"Rejissor sənəti”
ixtisasıdır.
Şəfa deyir ki, bu
qrupa daxil olmaq onlara heç
də asan başa gəlməyib. Belə
ki, yalnız imtahanlardan yüksək nəticə göstərən
tələblər bu qrupda təhsil almaq imkanı qazana bilərdi: "Birinci kursda mən televiziya rejissorluğuna daxil olmuşdum. Belə bir elanı
gördükdə müraciət
etdim. Bizi testlə imtahandan
keçirdilər. Sonra rejissorlarla
təkbətək müsahibələr
etdik. Bu qrupda təhsil alan
tələbə yoldaşlarım
da başqa ixtisaslardan gəliblər”.
3 ildir ki, qrupa dərs deyən Eldar Quliyevi tələbələri
çox sevir. Deyirlər ki,
onlar müəllimlərindən
kinoya aid hər şeyi öyrəniblər.
Filmə
necə yaxınlaşmaqdan
tutmuş, onu necə ssenariləşdirmək
və lentə almağa qədər.
Tələbələr müəllimlərinin diplom işinə görə onları yormadığını və
rahat şəkildə
çalışa bildiklərini
deyirlər. Müəllimləri onları diplom işlərinə görə
çox dağa-daşa
salmır və asan yolla hər
şeyin həllini göstərir. Tələbələr
deyirlər ki, müəllimləri məsləhət
verəndə, həmişə
belə deyir: "Mən rejissor yetişdirmirəm, ilk olaraq
ziyalı yetişdirirəm.
Rejissor olmaq o deməkdir ki, beynində təxəyyülün nəyisə
yaradanda, arxasında durasan ki, buna
görə etdim”.
Tələbələr digər müəllimlərinin
də onlar üçün əllərindən
gələn köməkliyi
etdiklərini bildirirlər.
Şəfa Həsənova deyir
ki, incəsənət
universitetinin tələbələri
xüsusi sərbəstliyə
və azadlığa sahibdirlər: "Müəllimlərimiz
bizə azadlıq verir. Yaradıcı insan azad olmalıdır ki, nəsə yarada bilsin. Təsəvvürümə
də gətirə bilmərəm ki, mən başqa bir universitetin tələbəsi ola bilərəm. Çünki rahatlığa, sərbəstliyə
öyrəşmişəm. Buradakı mühit çox yaxşıdır. Müəllim tələbəyə, tələbə
də müəlliminə
hörmət edir”.
Onu da bildirək ki, qonağı olduğumuz qrupun iki nümayəndəsi
ötən gün ölkəmizdə keçirilən
"Gənclərin IV Film Festivalı”nda
mükafata layiq görülüb.
Festival çərçivəsində Azərbaycan, Avropa və Amerikanın bir çox filmlərinin təqdimatı, ustad dərsləri, canlı musiqi nümunələri, eləcə də gənc Azərbaycan filmoqraflarının 40-dan çox filmi nümayiş olunub. SABAH qrupunun IV kurs tələbəsi Masər Həsənovun "Everest”, "Sevgi naminə” filmləri nümayiş olunub. Hüseyn Həsənovun filmi isə 1-ci yerə layiq görülüb.
Xəyalə Rəis
Kaspi 2017.- 6 oktyabr.- S. 11.