Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici iqtisadi-ticarət əlaqələri

II yazı

 

Müsəlman Şərqində ilk demokratik dövlət quruluşunu yaratmış  Azərbaycan Xalq Cümhuriyyətinin ( 1918-1920) 100 illik yubileyi  respublikamızda  dövlət səviyyəsində  geniş qeyd  ediləcəkdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Azərbaycan Xalq  Cümhuriyyətinin 100  illik yubileyi haqqında 16 may 2017-ci il tarixdə imzaladığı  sərəncamda  milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə  həsr olunmuş  tədbirlər  planının  hazırlanaraq   həyata  keçirilməsi  yubileyin  respublikada dövlət səviyyəsində geniş  qeyd   edilməsi müvafiq dövlət qurumları qarşısında bir  tapşırıq olaraq  qoyulmuşdur.

 

Xalqımızın çoxəsrlik tarixinin hər bir səhifəsinə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti tarixinə böyük hörmət və ehtiramla yanaşaraq, həmin  dövrdə ölkəmizdə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin  yaradılması istiqamətində atılmış ilk müstəqil addımlar haqqında arxiv sənəd və materialları və digər tarixi mənbələr əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə  çatdırıram.

 

Əmtəə məhsulları daxil olduğu qrupundan asılı olmayaraq,  gömrük qaydalarına ciddi riayət olunmaqla, ixrac  edilirdi. Əmtəə mallarının  xaricə ixrac edilməsinə   icazənin verilmə şərtləri Komitə tərəfindən qabaqcadan müəyyən edilirdi. Əmtəə mallarının xaricə ixrac edilməsinə dair icazələr Komitə tərəfindən əmtəə mübadiləsi prinsipi əsasında verilirdi. Əmtəə mallarının xaricə ixracı ilə bağlı müraciət edənlərin Komitəyə təqdim etdiyi ərizədə ixrac olunan əmtəə mallarının siyahısı ilə yanaşı respublikaya idxal etməsini  öz öhdəsinə götürdüyü malların siyahısını da əlavə etməli idi. Əmtəə mübadiləsi üzrə müqaviləyə ərizəçilər tərəfindən zəmanətin  verilməsi vacib sayılırdı. Əmtəə Mübadiləsi Komitəsi tərəfindən verilmiş  icazələrdə onun qüvvədə olma müddəti, eləcə də həmin icazənin  başqa  şəxsə  ötürülməsinin  yolverilməz  olduğu  barədə  şərtlər  mütləq  qeyd olunurdu. Müqavilə şərtlərini pozmuş fizikihüquqi şəxslərə və verilmiş  icazələr qüvvədən düşmüş hesab edilironlara bir daha əmtəə mallarının  xaricə ixrac edilməsinə icazə almaq hüququ verilmirdi. Əmtəə malların xaricə ixrac edilməsinə dair icazə verilərkən, ixrac olunan əmtəə mallarının əvəzinə hal-hazırda  Respublikada daha çox ehtiyac duyulan malların idxalı öz öhdəsinə  götürmüş ərizəçilərə daha çox üstünlük  verilirdi. Belə  müraciətlərdən  bəzilərini, qeyd  edək. Məsələn, nuxalı xüsusi  sahibkar  Bəxtiyar və Yunus Hacıyevlərin Ərzaq Nazirinə ünvanladığı ərizədə qeyd  edilirdi: "Məlumdur  ki, müharibədən  əvvəl  Qafqazda  fabriklər  olmadığından  bizim  şəhərin  bütün  ipəyi  satılmaq  üçün  Moskvayayaxud  digər xarici yerlərə  göndərilirdi. Əldə edilən vəsait ilə zavod sahiblərinin    baramaaçan  zavodlarında  çalışan işçilərin ehtiyacları ödənilirdi. Lakin müharibə başlanan vaxtdan buğünədək xariclə əlaqələrimiz kəsilmiş və bizim şəhərdən bir girvənkə də olsun ipək kənara çıxarılmamışdır. Tezliklə baramanın satınalma dövrü yaxınlaşır. Lakin zavod sahibləri  əllərində olan ipəyi sata bilməsələr,  çətin ki, özlərinin  illik  barama  tədarüklərini  görə,  zavodlarını  işə  sala  bilsinlər. Hazırkı şəraitdə 20 min pud ipəyi Azərbaycanda satıb, pula çevirmək mümkün deyildir. Yuxarıda qeyd olunanları sizin diqqətinizə çatdıraraq xahiş edirik ki, bizim tədarük etdiyimiz ipəyin  üçdə  birini  təşkil  edən  350 pud  ipəyin xaricə ixrac edilməsinə  icazə  verəsiniz. Əgər ipəyin  ixracına bizə icazə  verilərsə, bu  mövsümdə barama  ehtiyatımızı əldə edə bilərik.”  Komitəyə  daxil  olmuş  həmin ərizəyə 10 aprel 1919-cu il tarixli iclasda baxılmış və qərara  alınmışdır  ki, Azərbaycanda  ipək  sənayesinin  maraqlarının  qorunması naminə  toplanmış ipəyin  ixrac edilməsinə icazə verilsin.

 

Əmtəə  Mübadiləsi Komitəsinə  müxtəlif kommersiya təşkilatlarından, ticarət və  səhmdar  cəmiyyətlərindən, şəxsi müəssisə sahiblərindən müraciətlər daxil olurdu. Müraciət  edənlərin  sırasında  yerli müəssisələrlə  yanaşı Rusiyaya məxsus şirkətlər  var  idi. Həmin şirkətlərdən bəzilərini birgə müəssisələr də adlandırmaq mümkündür ki, onlardan da bir neçəsini qeyd edirik: məsələn, idarə  heyəti  Petroqradda  olan  Həştərxandakı  "Vayner  pivə  zavodları  birliyi”, " Volqa- Bakı ticarət  səhmdar  cəmiyyəti”, " Cənubi  Rusiyanın  müəssisə  sahibləri  birliyi”, "Qafqaz  ticarət-sənaye  komisyon şirkəti”    başqaları.  Əlavə olaraq qeyd edirik ki, Rusiya  sahibkarlarına  məxsus xüsusi  mülkiyyətdə olan bir sıra ticarət-sənaye və səhmdar cəmiyyətləri öz vətənlərində təqib olunduğuna görə, fəaliyyətlərini Azərbaycanda davam etdirmək üçün  Azərbaycan  Hökumətinə müraciət   edərək onlara icazə  verilməsini  xahiş  edirdilər. Azərbaycanda fəaliyyətini  davam  etdirmək  üçün  Azərbaycan hökumətindən icazə əldə etmiş həmin   şirkət və müəssisələrin  sahibləri bütün vətəndaşlıq hüquqlarından istifadə etməklə yanaşı, Azərbaycan  Respublikasında  Milli  Hökumətin  himayəsi  altında  öz fəaliyyətlərini  davam  etdirmək  hüququ  əldə  edirdilər. Əmtəə   Mübadiləsi Komitəsi  1919-cu  ilin  iyun  ayınadək  fəaliyyətdə  olmuşdur.  Hökumətin  15  iyun  1919-cu  il  tarixli  qərarı  ilə Komitə  ləğv  edilərək,  onun  funksiyası  Ticarət, Sənaye    Ərzaq  Nazirliyinin  Şurasına  həvalə  edilmişdir.

 

1919-cu  ilin  əvvəllərində  Şimali  Qafqaz  hərbi  əməliyyatlar  meydanına  çevrildi.  Şimali Qafqazda gedən hərbi əməliyyatlar  nəticəsində general Denikinin qoşunları tərəfindən Vladiqafqaz  dəmir yolu  dağıdıldı     öz  fəaliyyətini  demək  olar  ki,  dayandırdı. Xəzər  dənizi  vasitəsilə  daşınan , ixrac  idxal edilən yüklərin həcmi minimum həddə endi. Azərbaycan Respublikasının xarici aləmlə iqtisadi əlaqələrinin  yaradılmasında Zaqafqaziya istiqaməti - Zaqafqaziya  dəmiryolu  xətti  ölkəmiz üçün həyati  əhəmiyyət  kəsb  etməyə  başladı. 1919-cu  il  aprelin  6- da  Azərbaycan   Respublikası  Ərzaq  Nazirliyinin  tədarük  şöbəsi  tərəfindən    Əmtəə  Mübadiləsi  Komitəsinə  göndərilmiş  4190 ¹-li  məktubda  qeyd  edilirdi: "Ölkənin  ümumi  siyasi    iqtisadi vəziyyəti tələb edir ki, Ərzaq  Nazirliyi  Azərbaycanın  hüdudlarından  kənarda  tədarük  fəaliyyətini  genişləndirsin. Hazırkı vaxtda ticarət  əməliyyatlarının  aparılma  məntəqəsi  Batum şəhəridir. Buraya yaxın və uzaq ölkələrdən əmtəə malları  gətirilir. Öz növbəsində, bizim əmtəə malları da bu məntəqədən dünya  bazarlarına daxil ola  bilər...Dənizlə  Batum  şəhərinə  daxil  olan əmtəə mallarına  böyük  tələbat  olduğundan,  dərhal  realizə  olunur. Odur ki, bizə tələb olunan əmtəə mallarını  vaxtında əldə etməkdən ötrü yubanmadan Batumda  güclü  tədarük  müəssisəmizi  yaratmalıyıq”.

 

Yaranmış mürəkkəb hərbi-siyasi və iqtisadi vəziyyət Azərbaycan hökuməti qarşısında yeni  vəzifələr  qoyurdu. Zamanın tələbinə cavab olaraq, Cümhuriyyət hökuməti  əmtəə  mübadiləsini  Zaqafqaziya  dəmiryolu  istiqamətində  təşkil  etməli  oldu. Maliyyə-İqtisadi  Komitənin təklifi ilə  hökumətin 27 sentyabr 1919-cu  il  tarixli  qərarı əsasında,  Azərbaycan  Respublikasının  Batum şəhərindəki Baş Konsulluğu nəzdində konsulun sədrliyi ilə ticarət  şöbəsi  yaradıldı.  Tərkibinə Rabitə Yolları Nazirliyi və Ticarət, Sənaye və Ərzaq Nazirliyinin  nümayəndələri  daxil olan Ticarət şöbəsi Azərbaycan dəmiryolu agentliyi vasitəsilə ticarət  əlaqələrinin  yaradılması, müqavilələrin bağlanması və Respublikanın çətin iqtisadi  vəziyyətdən çıxarılması  istiqamətində Azərbaycanın adamlarına və tacirlərinə  yaxından köməklik göstərirdi. Xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsinin  həyata keçirilməsində yerli sahibkar və tacirlər, ticarət-sənaye müəssisələri xüsusilə fəal iştirak edirdilər. Cümhuriyyət hökumətinin 1919-cu il mayın 4-də Qərbi   Avropa  dövlətləri  ilə  ticarət  əlaqələrinin  yaradılması haqqında  və 1919-cu il iyunun 23-də   Kubanla   əmtəə mübadiləsi haqqında qəbul  etdiyi qərarlarla əmtəə mübadiləsində  iştirak etmək üçün təşəbbüs, yerli şəxsi sənaye və ticarət cəmiyyətlərinə  verilirdi. Milli hökumət ölkə iqtisadiyyatının sağlamlaşdırılması  istiqamətində  mümkün  addımlar atmağa  çalışaraq, müvafiq tədbirlər həyata keçirmişdir. Cümhuriyyət hökumətinin  1918-ci il oktyabrın 1-də qəbul etdiyi qərarla neft sənayesinin və ticarət donanmasının "milliləşdirilməsi” haqqında Bakı  xalq komissarları sovetinin qəbul etdiyi  bütün qərar və dekretlər qeyri-qanuni  hesab edilərək, ləğv edilmiş, mədənlər, "milliləşdirilmiş” bütün mülkiyyət əvvəlki sahiblərinə qaytarılmış     müəssisələr üzərində dövlət nəzarəti təşkil edilmişdir. 1919-cu  il  fevralın  5-də  hökumət  tərəfindən  Azərbaycan  dəmir  yolunun  boşaldılması  haqqında  qərar  qəbul  edildi. Həmin  qərarda  qeyd  edilirdi  ki,  aksiz  vergisi ödənilmədiyi üçün Azərbaycan  dəmir  yollarında  saxlanılmış  neft  məhsullarının  sahibləri  bu  qərar dərc edildikdən sonra beş gün ərzində aksizi  ödəyərək  yolu  boşaltsınlar. Qərarın tələblərinə əməl olunmadığı halda, saxlanılmış  həmin neft məhsulları müəyyən edilmiş qaydada satılsın. Əldə  edilmiş  mədaxildən  təyin  olunmuş  aksizlər, həmçinin  məhsulun  satışına  çəkilmiş  xərclər,  dəmir  yolunu  tutduğuna görə   vurduqları  ziyan  ödənilərək,  xəzinənin  gəlir  hissəsinə  daxil  edilsin. Yerdə qalan məbləğ isə müəyyən edilmiş sənədlər təqdim edildikdən  sonra sahiblərinə qaytarılsın. Bu qərarın icrası Maliyyə Nazirliyi  ilə razılaşdırılmaqla, yol-nəqliyyat  nazirinə  həvalə  edilirdi.

 

1919-cu il avqustun 18-də Azərbaycan Parlamenti  tərəfindən gömrüklə bağlı sərhəd mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul edildi. Həmin  qanunda   qeyd edilirdi ki, Azərbaycan Respublikasının hüdudlarını gizli ticarət və  kontrabandadan  qorumaqdan ötrü, Azərbaycanın sərhədləri  boyu  992  nəfərdən  ibarət  heyət olmaqla, sərhəd  postları  yaradılsın.

 

Cümhuriyyət hökuməti tərəfindən ölkədəki maliyyə məsələlərinə    diqqət  yetirilirdi. Hökumətin 3 mart 1919-cu il tarixli qərarı ilə  Bakı  bonunun  Zaqafqaziya  bonuna  sərbəst   dəyişdirilməsinin elan edilməsi  maliyyə  nazirinə  tapşırıldı. Daha sonra  hökumətin  26  may   1919-cu  il  tarixli   qərarı  ilə  Azərbaycan  Dövlət  bankı  təsis  edildi.  Hökumətin  26   may  1919-cu  il  tarixli  digər  qərarı  ilə  maliyyə  nazirliyinə 250  manatlıq pul nişanının  buraxmasına  icazə  verildi.

 

Ölkənin iqtisadi inkişafı ilə bağlı məsələlər Azərbaycan Parlamentində də  müzakirə edilərək müvafiq  qanunlar  qəbul  edilirdi. 1919-cu  il  dekabrın  11-də  Azərbaycan Respublikası ərazisindən xarici  ölkələrə  xammalın  ixrac  edilməsinin  yeni  şərtləri  haqqında  Azərbaycan  Parlamenti   tərəfindən  qanun  qəbul  edildi. Həmin  qanunda  göstərilirdi  ki, Azərbaycan  Respublikasının  ərazisindən  xammalı, yəni  pambıq, ipək, barama, həmçinin  tam  emal  edilməmiş gön, dəri    başqa  xammalı  sərbəst  surətdə  ixrac  etmək  istəyən  şəxs    təşkilatlar   ixrac  etdikləri  bütün  xammalın  25  faizini   pulsuz  olaraq  xəzinəyə  təhvil  verməlidir. Bu şərti yerinə yetirmiş eksportçu təşkilatlar və şəxslər müəyyən  etdikləri  xammalı sərbəst  surətdə  xaricə  ixrac  edə  bilərlər.  

Neftneft  məhsullarının satışı ilə əlaqədar xarici şirkətlərlə, xüsusən ingilis, italyan, amerikan şirkətləri ilə iqtisadi sazişlər, ticarət kontraktlarının bağlanması  istiqamətində  müəyyən addımlar  atıldı.

 

Azərbaycan Demokratik Respublikası aqrar siyasət sahəsində  bütün torpaqların  əvəzsiz olaraq kəndlilərə verəcəyini elan  etdi. Lakin  məlum  səbəblər  ucbatından  ölkənin  iqtisadi inkişafı üzrə  müəyyən edilmiş  digər  tədbirləri  həyata  keçirmək  mümkün  olmadı. 

 

1920-ci ilin əvvəllərində beynəlxalq aləmdə bir sıra ciddi hadisələr baş  verdi. 1920-ci il yanvarın 12-də Paris Sülh Konfransında Azərbaycan və Gürcüstanın  müstəqilliyi  de-fakto  tanındı. 1920-ci il yanvarın  16-da Paris  Sülh  Konfransında  qəbul edilmiş digər qətnaməyə əsasən, Rusiyaya  1918-ci  ildən  tətbiq edilən iqtisadi blokada aradan qaldırıldı. Baş vermiş hadisələr Azərbaycan Respublikasının bir çox xarici dövlətlərlə, o cümlədən Azərbaycan-Rusiya hökumətləri arasında qarşılıqlı əhəmiyyət kəsb edən iqtisadi-ticarət  əlaqələrinin  yaradılması üçün  yaxşı  zəmin yarada  bilərdi. Lakin  sonrakı  hadisələr  tamamilə başqa  istiqamətdə  inkişaf  etdi...

 

Foto Azərbaycan Respublikası Kino-Foto Sənədlər Arxivindəndir.

                                        

Rafiq Səfərov

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Baş məsləhətçisi       

Kaspi  2017.- 6 oktyabr.- S. 6.