Ölməz Mixaylo
Keşməkeşli həyat
yaşamış Nodar Şaşıqoğlu “son nəğməsi”ni də soykökü ilə bağlı
olduğu Azərbaycanda oxumuşdu
Həm teatr səhnəsində, həm də kinoda
oynadığı rollar tamaşaçıların
yaxşı yadındadır. Azərbaycan
teatrında oynadığı rolların sayı barmaqla
sayılsa da, çəkildiyi filmlər adını kino
tariximizə yazıb. Elə təkcə əfsanəvi
partizan Mehdi Hüseynzadənin döyüş yolundan bəhs
edən "Uzaq sahillərdə” filmini, bu ekran əsərinin
baş qəhrəmanı Mixaylonu xatırlamaq kifayətdir.
Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun
iki gün sonra Heydər Əliyev Mərkəzində qeyd ediləcək
90 illik yubileyi də aktyorun yaradıcılığına, həyat
yoluna həsr olunacaq. Onu Azərbaycana bağlayan
tellər isə çox dərindir. Nodar
Şaşıqoğlunun soykökünün Azərbaycana
bağlılığının maraqlı tarixçəsini
aktyorun öz dilindən, "Kaspi”yə müsahibəsində
eşitmişdik.
"Əcdadım
türk olub”
Azərbaycanın və Rusiyanın xalq artisti Nodar
Şaşıqoğlu Batumidə dünyaya gəlib. Babası
Acarıstanda tanınmış zadəganlardan, atası isə
çar zabiti olub. Görkəmli aktyor
Ülvi Rəcəb onun əmisi idi. O, 1937-ci ildə
repressiyaya məruz qalanda, Nodarın 10 yaşı vardı. Ülvı Rəcəbin həyat yoldaşı Mərziyə
Davudova da Azərbaycan teatr tarixində özünəməxsus
iz qoyan aktrisalardan olub. "Aktyorluq bizim ailəyə xas
bir sənətdir”- deyə N.Şaşıqoğlu
uşaqlığını xatırlayırdı:
"Əslimiz acarıstanlı olsa da, Tiflisdə
yaşamışıq. Qanımda çox qarışıqlar
var - türk, Azərbaycan, rus. Anam isə gürcüdür. Mən
Türkiyə ilə sərhəd olan Acarıstanda
doğulmuşam. Acarıstandakılar elə
türklərdir. Onların dili də
türk dilidir. Amma o vaxt türkləri
düşmən sayırdılar. Atam
yarı türk, yarı azərbaycanlı idi. İndi anlayıblar ki, onlar eyni millətdir”.
N.Şaşıqoğlu Batumidə orta məktəbi, daha
sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib: "On
yeddi yaşım olanda atam məni Moskvaya təhsil arxasınca
göndərdi. "Get, hansı sənəti
istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti
mükəmməl bil”, - dedi. Mən də Şukin adına institutu bitirəndən sonra bir il
Vaxtanqov adına teatrda işlədim. Moskva
qısa zaman kəsiyində məni özünə cəlb
etdi. Daha sonra 5-6 il Taqanka Teatrında
çalışdım”.
N.Şaşıqoğlunun kinoda ilk rolu "Mosfilm”də
Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi
İsgəndərbəyov haqqında filmdə olur. O, filmdə türk
imperiyasının əsasını qoyan Mehmet bəy Fateh
obrazını oynayır. "Rejissor məndən
"türk sultanının rolunda oynaya bilərsən?” deyə
soruşanda, "mənim əcdadlarım türk olub” - deyə
cavab verdim. Sonra Sergey Paracanovun ilk rejissor işi olan
"Andrieş” filmində baş rola çəkildim. Film çəkilişlərindən sonra teatrdan məni
kənarlaşdırdılar. O vaxt teatr aktyoru filmə
çəkilməməli idi. Ancaq zaman
keçdi və mən yenidən Taqankaya dəvət olundum.
Daha sonra "Odessa” kinostudiyasında
çalışmağa başladım”.
Mixaylonun
uğuru
Nodar Şaşıqoğlu əslində teatr aktyoru idi. Ona teatrda
çalışmaq kinoda çəkilməkdən daha
çətin gəlirdi. "Teatr tamam
başqa aləmdir. O qədər məşhur kino aktyorları
var ki, onlar teatrda oynaya bilmirlər, ya səsləri
çatmır, ya da açıq səhnədə təbii
oynamağı bacarmırlar. Kinoda elə-belə
rol oynamaq pul qazanmağın ən asan yoludur. Ancaq aktyora ciddi rol düşübsə, onda
yaxşı filmin alınması üçün xeyli zəhmət
çəkməli olursan” - deyirdi.
Kinoda onu daha çox sevdirən və Bakıya
bağlayan əfsanəvi Mixaylo obrazı olub. "Bu film
olmasaydı, yəqin ki, mənim heç vaxt Azərbaycanla əlaqəm
olmayacaqdı” - deyə etiraf edirdi. "Yenidən teatra
qayıtmağım məni kinoya daha sıx bağladı.
Bir gün bizim məşqlərə rejissor Rəşid
Atamalıbəyov (O, "Uzaq sahillərdə” filminin ikinci
rejissoru olub) gəldi. Mehdi Hüseynzadə
roluna aktyor axtarırdılar. Təsadüfən
oynadığım tamaşaya baxdı. O vaxt adım
afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla
tanış olanda təsadüfən
özümü belə təqdim etdim: Nodar
Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad
rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə
sən lazımsan: "Sınaq çəkilişinə gəlin,
Tofiq Tağızadə sizinlə söhbət edər”.
Bu rola onlarca namizəd var idi. Məşhur aktyor Möhsün Sənani də
sınaq çəkilişində iştirak edirdi. Ancaq Tofiq Tağızadə Nodar
Şaşıqoğlu ilə tanışlıqdan və
sınaq çəkilişlərində iştirakdan sonra onu
Mixaylo roluna təsdiq edir. "Mən "Uzaq sahillərdə”
filmində çox böyük zəhmət çəkmişdim.
Bu film bir neçə nəsli tərbiyə
edib. Özümü tərifləmirəm,
cavan bir oğlanın ağır bir rolu peşəkarcasına
necə oynadığına həmişə təəccüblənirdim.
Bu film Azərbaycan kinosu tarixində tamamilə
başqa səhifədir və artıq kulta çevrilib” - deyə
qürurunu gizlətmirdi. "Mehdinin
obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xasiyyətli
insanlarıq. Amma mən Mehdi ola bilməzdim.
Düzdür, mən hardasa mövcud şəraitdə
özümü oynayırdım. Rejissorla Mehdinin
obrazını üç hissəyə
bölmüşdük: Mixaylo kəşfiyyatçı-partizan,
faşist və rəssam. Filmin premyerası
"Nizami” kinoteatrında keçirildi. "Vətən”də
göstəriləndə bilet almaq istəyənlərin
növbəsi "Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar məni əhatə
etdi. Tez məni maşında gizlətdilər.
Kütlə sakitləşmədi,
maşını qaldırıb apardılar. İnanırsınız? Sonralar da Daşkəndə
nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən
yer olmurdu”.
Nodar
Şaşıqoğlu "Uzaq sahillərdə” filmindən
sonra dalbadal "Əsl dost”, "Mateo Falkone”, "Onun
böyük ürəyi”, "Bizim küçə”,
"Leyli və Məcnun” filmlərinə çəkilir. "Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus
dilində də səsləndirildi və mən səsləndirmədə
öz səsimlə danışdım. Təbii
ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə
effekt daha yaxşı alınır. Yeri gəlmişkən,
deyim ki, məni bütün digər filmlərdə səsləndirən
gözəl aktyor Əli Zeynalovun işindən çox
razı qalmışam” - deyə xatırlayırdı.
"Leyli
və Məcnun” filminin
Sankt-Peterburqdakı səsləndirilməsi
zamanı Nodar Şaşıqoğlu möhtəşəm
Aleksandrinsk Teatrında işə dəvət alır. Bu teatrın səhnəsində ilk rolu Don Juan olur.
"Həyatda həmişə Don Juan
olmuşam. Amma həyatda mənim kimi Don
Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin
bir günü dönüb Məcnun olsunlar. Mən məcnunluğuma nələri qurban verdim?
Bütünlüklə həyatımı, kino
yaradıcılığımı məhəbbətimə
qurban verməli oldum” - deyə aktyor gözəl qadınlara
olan münasibətini etiraf edirdi. Bu onun yaralı yeri idi:
"Düzdür, özümə qəti qadağa
qoymuşdum - tərəf-müqabillərimlə heç bir əlaqəyə
girməməliyəm. Demirəm ki, müqəddəs
idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə
lazım idi? Düzdür, hər gün
bir təzə qızla görüşürdüm, amma
onların heç biri tərəf-müqabilim olmayıb.
Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər
tərəf gözəl qızla dolu idi”. Aktyor
rəsmi olaraq üç dəfə evli olduğunu da gizlətməmişdi.
Qu
quşunun son nəğməsi
"Daha Bakıya həmişəlik gəlmişəm. Sankt-Peterburqun "İmperator” Teatrındakı karyeramı bitirmişəm. 15 il o möhtəşəm teatrda çalışdım. İndi nəsillər dəyişib. Mənim səhnə yaşıdlarımın hamısı dünyadan köçüb. İndi ora tamam başqa teatrdır. Ölçülər dəyişib, yeni artistlər gəlib. İndi o artistlərdir ki, onların səsini heç üçüncü sırada da eşitmirlər. Onların səhnəyə münasibəti də başqadır. Adlarını da müasir aktyorlar qoyublar” - deyə gileylənmişdi. Daha kino planları yox idi. Kino artıq onu maraqlandırmırdı. Bilirdi ki, artıq bu yaşda heç bir rolu nə "Mixaylo”nu əvəz edəcək, nə də əvvəlki şöhrəti yaşadacaq: "Amma bekar oturmaq həvəsində də deyiləm. Onsuz da faktiki olaraq nə kino var, nə də kinoteatrlar işləyir. Olsa da gedib qəpik-quruş alacağam. Bir çəkiliş üçün 50 dollar verirlər. Halbuki mən bu sahənin peşəkarıyam. Tamaşada oynamaq lazımdır” – söyləyirdi.
O zaman Rus Dram Teatrında "Kral Lir” tamaşasında Kral Lirin məşqlərinə başlamaq arzusunda idi. "Azərbaycanda teatrda oynamaq ürəyimdə çoxdan yaşayan arzudur. Kral Liri oynamaq istəyirəm. Bu rolla Şekspir festivallarında iştirak etmək arzusundayam. Əslində, "Kral Lir” bir aktyorun teatrıdır. Mən belə düşünürəm ki, bu mənim qəhrəmanım, mənim obrazım, mənim rolumdur. Amma əsərə səhnə həyatı vermək vəsait tələb edir. Belə bir inamım var ki, mən doğma məmləkətdə - doğma səhnədə bu rolu yaradacağam...” Aktyor çoxdan ürəyində gəzdirdiyi arzusuna qovuşdu. Rus Dram Teatrının səhnəsi onun sonuncu yaradıcılıq ocağına çevrildi. "Kral Lir” Rus Dram Teatrında səhnəyə qoyuldu. Nodar Şaşıqoğlu da Kral Lir obrazı ilə səhnəyə çıxdı. Özünün dediyi kimi: bu, "Qu quşunun son nəğməsi” kimi onun vida tamaşası oldu.
Nodar Şaşıqoğlu heç nəyin həsrətini çəkmirdi. "Deyirlər ki, səhvlərdən öyrənirlər. Hamısı yalandır. Yenidən həyata gəlsəydim eyni səhvləri edərdim” – fikrində israrlı idi. Aktyora nostalji hisslər yad idi. Həyatı necə vardısa, elə də qəbul edirdi: "Mən doğulduğumdan bəri çox yerlərdə yaşadım. Müxtəlif şəhərlər, teatrlar, kinostudiyalar dəyişdim, ayrı-ayrı insanlarla qarşılaşdım. İstənilən adamı və yeri asanlıqla tərk etməyi, səadətə də, əzaba da tez öyrəşməyi öyrəndim. Heç nəyə görə nostalji hissləri keçirməyi sevmirəm. Ən pis anlarda yalnız fantaziyalarımın məni xilas edəcəyinə inanan bir insanam”.
Aktyor 2013-cü ildə Bakıda vəfat etdi. Soykökünün
bağlı olduğu torpaqda da dəfn olundu. Yaddaşlarda isə oynadığı rollar
qaldı.
Təranə Məhərrəmova
Kaspi 2017.- 5 oktyabr.- S.7.