TAPMACA SEHRİ

 

Şifahi xalq ədəbiyyatı ta qədimdən günümüzəcən mənsub olduğu xalqın ruhunun butası, sığınacaq yeri olmuşdur. Xalqın yaradıcılıq ruhu küll halında daha çox folklorda özünü təcəssüm etdirir və qoruyur. Bildiyimiz kimi Azərbaycan folklorunun bir çox janrları müəllif sarıdan anonim sayılır. Demək, bu yaradıcılıq növünün formalaşmasında bütövlükdə xalqın – yəni, bizim hər birimizin nənə və dədələrimizin təfəkkürü iştirak edib desək, yalan olmaz. Hansı sənət nümunəsi anonimdir o, xalqın şərikli malıdır, yəni, o hamıya məxsusdur, ona təklikdə heç kəs yiyələnə bilməz. Elə buna görə də folklor bizim hamımıza əziz və müqəddəsdir. Görəsən, yaşlı nənələrimizin bir qılçı altında, o birini uzadaraq yun didə-didə, cəhrə əyirə-əyirə söylədiyi bayatıların, laylaların, söyləmələrin, körpə səvələmələrinin nə qədəri bu gün bizə gəlib çatıb?! Dədələrimizin kotanın macından yapışaraq öküzləri şum yerində hohalaya-hohalaya dediyi holavarların, əlində koğalı əl ağacı (çomağı), başında qıllı papağı, əynində yapıncısı dağlar qoynunda tənha çobanın dediyi sayaçı sözlərdən bu gün nə qədərinə yazılı sahiblənmişik?! Uşaqların səhv və düz hərəkətlərinə baxan anda, ya başqa bir münasib məqamda ürəklərindən təpib dillərinə çıxan zərb-məsəllərin, atalar sözlərinin hamısı bu gün folklor kitablarında yazılı yer tuturmu?! El yığnaqlarında, xeyir məclislərində təbiətində şuxluq olan nənə və dədələrimizin hər bir adamın hərəkət və xarakterik cizgilərinə, tutduğu işə uyğun məqamında dediyi tağəllilərin, lətifələrin, bəzəmələrin hamısı yaddaşdan yaddaşa keçibmi (burda sual həm də vulqar məna ifadə edən dadlı-duzlu lətifələrimizə aiddir, heyf ki, onları toplamaq isdəyən abrına bürünüb qolunu yanına salmalı olur)?! Bura keçmişdə hamının toplaşdığı məclislərdə el aşıqlarının gendən gəşt eləyib söylədiyi dastanları, nənələrin söylədiyi nağılları da əlavə etsək, əlimizə çatmayan mətnlər üçün keçirdiyimiz təəssüf hissinin nə qədər çox olduğunun fərqində olarıq. Bütün bu sadalanan folklor janrlarının nümunələrinə baxanda ulularımızın ağlının nə qədər iti olduğuna, sözü yerli-yerində demək bacarığına mat qalırsan. Babalardan qalma, bizi öz sehrində mat qoyan xalq yaradıcılığı növlərindən biri də tapmacalarımızdır. Bizim tərəflərdə tapmaca deməyə "tapmaca satmaq” deyirdilər. Tapmaca məclisi bu sözlərlə başlayardı – gəlin, tapmaca sataq. Tapmacalar daha çox uzun qış gecələrində baba və nənələrimiz tərəfindən vaxtı uşaqlara maraqlı etmək üçün qoşulurdu (satılırdı). Tapmaca yaratmaqda məqsəd uşaqların zehnini, əqlini inkişaf etdirmək, onlarda sözü eyhamdan anlamaq qabiliyyəti aşılamaq üçün bir vasitə idi. Tapmacalar forma etibarıyla sərbəst olur – deyək ki, onlar bayatı kimi bir qəlibə oturmurlar.

 

O nədi ki, gecə-gündüz yol gedər,

Bircə qarış yol gedər.

(Saat),

 

bəzən də bir bənddə və daha çox sətirdə meydana çıxa bilir:

 

Zər zərə yapışar,

Zər divara yapışar.

Zərgər getdi gəlmədi,

Zər divardan qopmadı.

 (Açar, qıfıl).

Yəni, tapmacalarımız məzmun etibarıyla eyni olsa da, forma etibarıyla fərqli ölçü və biçimdə olurlar. Balaca vaxtı Laçında olanda tapmacaların ibtidai forması uşaqlar arasında geniş yayılmışdı. Bu tapmacaları uşaqlar dialoq şəklində deyirdilər. Tapmaca satan uşaq belə başlayardı:

- Mən görən nədən?

Onun tapmaca satdığı uşaqlardan biri sualla cavab verirdi:

- Əsli nədən?

Tapmaca satan gördüyü bir əşyanı, ya canlını nəzərdə tutub, məsələn, belə deyirdi:

- Bir dənə, bir dənə quşdan?

Tapmaca satandan başqa hamı gözüylə tapmacanın cavabını (quşu) gəzirdi. Düz cavabı tapan (burda görən) başlayırdı tapmaca satmağa. Yəni udan-uduzan qaydasına əməl edilir, ardıcıllıq özünü qoruyurdu. Mənə görə bu tapmacalar klassik tapmacalardan fərqli olaraq göz tapmacalarıydı. Burda cavabın tapılmasında insanın iti ağılından çox onun iti gözləri işə yarayırdı. Daha bir tapmaca oyunu isə "Həngülümpuç” adlanırdı. Onu uşaqlar belə oynayırdılar – bir nəfər əlində bir kiçik əşya (düymə, qəpik, çöp, daş) götürüb iki əlini də arxasına aparırdı. Əlindəki əşyanı əlinin birində gizlədəndən sonra iki əlinin yumruğunu da qarşısındakı oyunçuya tərəf uzadıb deyirdi tap görüm hansı əlimdədi? Qarşıdakı uşaq belə edirdi - əlini əvvəl bir yumruğa, daha sonra o biri yumruğa vurub deyirdi: həngülümpuç, bunu yum, bunu aç. Tapsa, udurdu, tapmasa, əvvəlcədən kəsilmiş şərti yerinə yetirməliydi. Bu daha çox uşaqların fəhminə hesablanmış oyun idi – daha doğrusu, bəxtə-bəxt.  Uşaqlar üçün düşünülmüş bu tapmacalar (göz tapmacaları, "Həngülümpuç”), oyunlar gələcəkdə onların ağıl tapmacalarının cavabını tapmaq üçün bir məşq idi. Bütövlükdə isə tapmacaların alt qatında həyatın insanı gah uğura, gah da uğursuzluğa düçar edəcəyi fəlsəfəsini körpəlikdən uşaqlara başa salmaq, onları buna hazırlamaq dayanır. İnsandan ağıl, iti zəka, güclü müşahidə qabiliyyəti tələb edən tapmacalarımız onu yaradanların ağlının nə qədər iti olduğunun bariz nümunəsidir. Bu tapmacalar cavabı olan, əşyanın, canlının, bitkinin, təbiət hadisəsinin və mücərrəd məfhumun şəklini üstüörtülü şəkildə sözlə o qədər dəqiq çəkir ki, adam heyrət etməyə bilmir.

 

Fikrimizə söykək üçün misallara baxaq -

cavabı əşya olan tapmaca:

Uzun qız oba gəzər.

(Oxlov),

 

 

 cavabı canlı olan tapmaca:

 

 

Tutdu, tutdu tubulğa,

Tutda bitər tubulğa.

İçindən bir zoğ çıxdı

Nə tutdu, nə tubulğa.

(Qatır),

 

 

cavabı bitki olan tapmaca:

 

Bir gilə mərmər başı,

Yandırır dağı-daşı.

(İstiot),

 

ya

 

Qızıl qaya yellənir,

Məmələri sallanır.

(Zoğal),

 

təbiət hadisəsini təsvir edən tapmaca:

 

Həmər ha həmər

Şah belində kəmər,

Ayaqları yerdə,

Göydə qulun əmər.

(Göy qurşağı, şimşək, yağış, torpaq),

mücərrəd məfhumun əlamətini verən tapmaca:

 

Qənddən şirin,

Baldan şirin.

Tərəzidə çəkilməz,

Bazarda satılmaz.

 (Yuxu).

 

Göründüyü kimi tapmacalarda cavabların əlamətləri mətndə üstüörtülü şəkildə dəqiqliklə verilmişdir.

Aşağıdakı tapmacaya fikir verək:

 

Bir hana qurdum,

Ağ uzatdım,

Qırmızı toxudum,

Qara kəsdim.

(Böyürtkən)

 

Təbiət hadisəsinin əvvəldən axıra xalçaçılıq sənətinə bu cür ustalıqla bənzədilməsini, yaraşdırılmasını düşünən insan şairdi. Bu obrazlı düşüncənin məhsuludur. Tapmaca satan tapmacanın cavabını tapmalı olanlara cığallıq (dəbbəlik) üçün heç bir yer qoymur. Ya düz cavabı tapırsan, ya da düz cavab səslənəndən sonra uduzmağınla barışırsan.

Tapmacalar cavablarına görə də fərqlənirlər. Dediyimiz kimi tapmacalar haqqında bəhs edilən canlı və ya cansızın əlaməti üzərində qurulur. Bəzən bu əlamət konkret olur və tapmaca bir cavablı tapmaca olur. Məsələn, şeir şəklində deyilən bu tapmacanın cavabı konkretdi:

 

Ay ağalar, gəlin gedək

Karvanınızı sürün gedək,

Səksən səkkiz qapıya

Bir qıfılı vurun gedək.

(Qəbiristan)

 

yəni, belə demək mümkünsə, bu nümunə bir cavablı tapmacadı. Haqqında bəhs edilən canlı və ya cansızın bir və ya bir neçə əlamətinin üstündə qurulan, hər hansı təbiət hadisəsinin əlamətlərini ardıcıllıqla verən tapmacalar çox cavablı tapmacalar olurlar:

 

Dilim-dilim nar,

Diziməcən qar.

Uçdu bir kəklik,

Qondu bir dilbar.

(Xırman: Sünbül, heşan, püfə, buğda)

 

ustalıqla qurulmuş bu tapmacada yaxın keçmişin xırman hadisəsi əvvəldən axıra sadalanır və onun dörd cavabı var. Tapmaca həm də məhsul yetişdirən insan əməyini tərənnüm edir.

Elə tapmacalarımız var ki, onlarda şeir şirinliyi, ritm, hətta qafiyə də var:

 

Tap tapmaca

Tapdı maca,

Əmralı-saqqallı qoca.

Əkdim nöyüt,

Bitdi söyüd.

Yarpağı tut,

Başı armud.

(Pambıq – qozası, məhsulu).

 

Gəlin çox sətirli və qafiyəli tapmacalara belə bir orijinal yanaşma edək – onların cavabını ad yerinə qoyub şeir kimi oxuyaq:

           

Güzgü

 

Tap-tapı,

Dəmir qapı,

Xan bağı,

Şah ölkəsi.

 

Dəyirman

 

O tayda bir qurd durub,

Dişini dişinə vurub.

Cümlə-cahanı yeyib,

Yenə yerində durub.

 

Nar

 

Hacılar haca gedər,

Cəh vurar gecə gedər.

Bir yumurta içində

Yüz iyirmi cücə gedər.

 

Mücərrəd və indi modern adıyla yazılan şeirlərin ən gözəl nümunələridir bu tapmacalar.

Tapmacalarda xalqımızın ruhu, onun xarakterik cizgiləri də öz əksini tapır. Mənə elə gəlir ki, aşağıdakı tapmacanı babalarımız deyiblər və "xanım” sözü mətndə elə-belə yer almayıb.

Bir balaca fint daşı,

İçində xanım aşı.

 (Fındıq)

Nəzakət qaydalarına görə babalarımız ən gözəl, dadlı şeyləri zərif cinsin nümayəndələrinə - nənələrimizə yaraşdırıblar, onlar üçün əldə ediblər. Bu tapmaca ulu babalarımızın qadına münasibətinə bariz nümunədir.

Vaxtilə valideynlərimiz tapmaca ilə uşaqlara buyruq buyururdular. Əvvəldən kəsilmiş şərtə görə uşaqlara tapmaca satılırdı, cavabı tapa bilməyən durub su gətirməyə getməliydi, ağacdan meyvə dərməliydi, atı nalbəndə aparmalıydı, bağın, bostanın yolağasını tutmalıydı və s...

Göründüyü kimi folklorumuzun tapmaca janrında çox mətləblər gizlənib, biz onun fəhmimiz görə bilən qədərinin burda şərhini verdik. Hər bir folklor mətni özündə bir sirr qoruyur. Ona görə də olduğumuz məkanda bu nümunələrin xalqdan toplanıb xalqa qaytarılması xeyirxah iş sayılmalıdır. Gələcəkdə xələflərimizə biz sələfləri haqqında bu mətnlər daha çox məlumat ötürəcək. Şifahi xalq ədəbiyyatının bir missiyası da elə budur.

 

Zəruri qeyd: yazıda "Laçın folkloru” kitabındakı ədəbi mətnlərdən istifadə olunmuşdur.

İlham QƏHRƏMAN

 

Kaspi.-2017.-7-9 oktyabr.-S.20.