İdeya hər an yarana bilər
Brayan Mos: “İnsanda oyanan
güclü, bəzən həmişəyaşar duyğular əksərən
şeirdən qidalanır”
Brayan Mos 1950-ci ildə İngiltərədə anadan
olub. Yaradıcılığının ilk illərində
daha çox uşaqlar üçün şeirlər yazan
şair sonralar mövzularını
ağırlaşdırıb, özünü yeni formalarda da
sınayıb. 200-dən çox nəşrin
müəllifi olan şair dünya uşaq ədəbiyyatının
nüfuzlu nümayəndəsi kimi tanınır. "MacMillan” nəşriyyatı üçün
hazırladığı şeir topluları və antologiyalar
bir milyon nüsxədən çox satılıb. Kraliçanın 80 illik yubileyində CBBC
telekanalı üçün hazırlanan verilişlərin mətni
və xüsusi bir şeir məhz ona həvalə olunub.
67 yaşlı Brayan həm də ədəbi
redaktor kimi nüfuz qazanıb. Birləşmiş
Krallıqlar və Avropanın yüzlərlə məktəb,
lisey və universitetində poeziya haqqında mühazirələr
oxuyub, 2500 dəfə kürsüyə çıxıb.
Müəllimlər onun bədii təlimlərindən
və pedaqoji mənbə sayılan kitablarından
yararlanırlar. 1988-ci ildən sonra 13 il
ancaq professional yazarlıq təlimləri keçib. 2007-ci ildən isə Şahzadə Çarlzın
şəxsi dəvəti ilə "Prince’s Summer School”-da
pedaqoji fəaliyyətə başlayır. "Macmillan”,
"Hachette”, "Puffin”, "OUP”, "Collins”, "Longman”,
"Heinemann” kimi nəşriyyatların sevilən müəllifidir.
14
yaşında Bob Dilanın musiqiləri ilə tanış
olur və elə o andan musiqiçi olmağa qərar verir.
Şairin "Guardian”-da yer almış müsahibəsindən:
"Dəli kimi vurulmuşdum onun musiqilərinə, tərzinə,
imicinə. Ondan sonra da roka yaxın qrupları
tanımağa başladım. İllər
sonra Bob həm musiqinin, həm ədəbiyyatın nəhəngi
oldu. Mən isə hələ də
başladığım yerdə – uşaqların
arasındayam”.
Brayanın
fikrincə, dünya uşaq ədəbiyyatının ən
güclü təhkiyəçisi Mişel Morpurqodur
(İngilis dramaturq – 1943-cü ildə anadan olub – red.):
"Nitqindən insanı hekayəyə bağlayan çox
güclü eniş-yoxuşlar var. Robert Uestalın (ingilis
yazar-publisist – 1993-cü ildə vəfat edib – red.) yaradıcılığını isə bir
başqa cür sevirəm. Sanki duyğular
çəkilir, bir müddət sonra daha böyük
dalğalarla qabarıb, dinləyicini ağuşuna alır”.
Şairin "poetryarchive” saytında
yayımlanmış müsahibəsini təqdim edirik.
– Nə zaman yazmağa
başladınız?
–
Yazmağa başlayanda on altı yaşım vardı. Mahnı sözləri yazmaq istəyirdim. Çünki o zamanlar gitara çalırdım və
düşünürdüm ki, özüm yazıb-bəstələyə
bilərəm. Amma işlər elə gətirdi
ki, zamanla musiqi aləti çalmaqda heç də mahir
olmadığımı anladım. Sonra
baxdım ki, elə ətrafımda hamı mənim nə
vaxtsa bir rok-star olacağıma ehtimal belə etmirmiş.
Odur ki, elə özüm əl çəkdim
bu həvəsdən. Gitarımı bir
küncə qoydum, əbədiyyən tərk etdim. Amma yazdığım mahnı sözlərini
özümlə götürdüm. Sonrakı
dönəmlərdə bu mahnı sözləri şeirə
çevrildi, elə tutduğum yola buradan başladım.
– Niyə şeir yazmağı
seçdiniz?
– Şeir yazmalıydım, mən şeir oxumağı,
əzbərləməyi sevirdim. Şeir oxumağı sevən adam niyə roman yazsın ki?! Şeirdə
sözlərin bir-birinə zəncirlənmək üsulunu, zəncirlədiyimiz
sözlərin bir misrasından onlarla roman səhifəsinin
ifadə edə bilmədiyi mənanın alınmasını,
şeirdəki ritmikliyi, rəngliliyi sevirdim. Şeirin demək istədiyin hər şeyi qısa
yolla çatdıran strukturunu və formasını sevirəm.
İnsanda oyanan güclü, bəzən həmişəyaşar
duyğular əksərən şeirdən qidalanır. İddia etmirəm ki, mən belə şeirlər
yazıram. Amma bütün şairləri
şeirə cəlb edən ilk səbəb budur.
– Bir şeir yazmaq nə qədər
zamanınızı alır?
– Şeir yazmaq elə bir şeydir ki, 5 dəqiqədən
bir ilə kimi vaxt apara bilər. Mənim ən
çox vaxt sərf etdiyim şeirimin yazılma müddəti
9 ay olub. Kanadanın Vankuver şəhərində
idim, bir neçə günlük getmişdim. Yoldan
keçən bir maşın küçə itini vurdu, itin
can verməsi bir xeyli çəkdi. Bir kafeyə
girib kofem gələnə kimi 3-4 sətir yazdım. 2-3 sətir də otelə gələndə
yazdım. Qayıdana kimi hadisə
yadımdan çıxmadı, qaraladım, yazdım. Təyyarədə də yazdım. Doqquz il gündəlik işlərdən vaxt tapan
kimi hər dəfə bu şeiri çıxardıb,
üstündə işlədim. Bitmirdi,
tamamlanmırdı. Sondakı ideya heç
cür gəlib, yerinə oturmurdu. O şeir mənə
öyrətdi ki, bəzən ideyanın tam
oturuşmasını, demək istədiyin şeyin tamamilə
aydınlaşmasını gözləmək lazımdır. Bəzən isə duyğular o qədər qəti,
dərin, coşqun olur ki, oturub duyğuları yazsam, şeir
yazmaqdan daha uzun çəkər. Belə
şeirlər dəqiqələr içində
yazılır.
– Şeirlərinizi necə yazırsınız?
– Əksər hallarda, çox tez-tez diktofondan istifadə
edirəm. Məsələn, sükan arxasındayamsa, ya da
ictimai nəqliyyatda, ya da yazmaq imkanı olmayan bir yerdəyəmsə,
tez diktofonu çıxarıb ağlıma gələn sətirləri,
düzəlişləri, hansısa ideyanı, hadisəni ona
danışıram ki, unutmayım. Faydasını
görmüşəmmi – bəli, illərdir ki, bu mənim
üçün ən yararlı üsuldur. Bəzən
də ideyalar ümumiyyətlə yaradıcılıq,
şeir, iş haqqında düşünmədiyim zamanlarda gəlir
ağlıma – ağacları sulayanda, qab yuyanda, yatmazdan əvvəl
duş alanda və s. Dərhal evin demək olar ki, hər
otağına yapışdırdığım "reminder”
kağızlara qeyd edirəm. Səhər durub
yazdıqlarımı yığıb, işə gəlirəm.
Məlumatları diktofondan kağızlardan
bir-bir qeyd dəftərimə köçürürəm.
Beynimi çox məşğul edənləri dərhal
işləyirəm. Qalanlarını bir
müddət sonra kompüterə köçürürəm,
bu arada bəziləri əhəmiyyətini, dəyərini
itirir, bəziləri isə eyni qalır. Qalanlar
üzərində isə işləməyə və ya
hardasa yararlanmağa başlayıram. Yazdığım
hər şeyi mütləq çap edir, kağız
üstündə necə durduğuna baxır, bir də
oxuyuram. Bu mənim üçün vacib mərhələdir.
Adətən, bu mərhələdə
çoxlu dəyişiklik, əvəzləmə olur. Şeirim məni qane edənə kimi silib-yazmaqü
təkrarlanır.
– Adətən, harada
yazırsınız?
– Adətən,
hər gün ofisdə işlərim olduğu
üçün şeirlərimin çoxu elə burda
yazılır. Əksər hallarda komputerdən
istifadə edirəm, amma harada olsa, yaza bilərəm. Hara getsəm, yanımda diktofonum və ya qeyd dəftərim
mütləq olur. Qatarda da yaza bilərəm,
səyahətə çıxdığım təyyarədə
də. Oturduğum kafe də, restoran da mənə
mane olmur, yazıram. Avtobus, otel otağı, çimərlik…
Məncə, şair üçün yerin bir fərqi
yoxdur.
– İdeyalarınız haradan,
nədən qaynaqlanır?
– Bu suala
heç vaxt konkret bir cavab vermək olmur. İşin
qəribəsi yazarlara, xüsusilə də, şairlərə
ən çox verilən sualdır. İdeya hər yerdə,
hər an yarana bilər. Sadəcə
ədəbiyyat adamı duyğu, ideya detektivi olmalıdır.
Yeni bir şeirə başlamaq üçün
ehtiyacı olan nöqtənin ovunda, izində irəliləməlidir,
axtarmalıdır. Məsələn, bir
hadisəni danışmaq istəyirəm. Bir
dəfə görüşdən çıxıb
küçə ilə üzüaşağı
düşürdüm. Qarşıdan bir
qadın gəlirdi, yanında isə hardasa dörd
yaşlı oğlu var idi. Nədənsə
danışırdılar, mənə çatanda uşaq
anasından soruşdu: "Ana dəniz quldurları da
dırnaqlarına rəng vurur?”. "Nəəəə?”
az qaldım uşağın qolundan tutub, soruşam ki, bu onun
ağlına hardan gəlib. Cavabı
eşitmək üçün addımlarımı ləngitdim,
amma görünür, anasının da cavab üçün
düşünməyə ehtiyacı vardı. Yenə də
təəssüflənmədim, elə bu cümlə
özü bir şeirin girişi ola bilərdi.
Bu hadisədən sonra, dəniz
quldurlarının həyatına, uşaqların xəyal
dünyasına işıq tutan bir şeir yazıldı.
Başqa bir maraqlı hadisə isə məktəbin
müəllim otağında baş vermişdi. Ümumiyyətlə, belə yerlər maraqlı
ideyalar toplamaq üçün uğurlu hesab olunur,
çünki müəllimlər çox maraqlı şeylər
danışırlar, danışılanlara olduqca qəribə
reaksiyalar verilir. Bir dəfə altı
müəllimə gecə paltarlarını, pijamaları
müzakirə edir, bir-birlərinə sevdikləri
paltarları, modelləri göstərirdilər. Mən isə yazar marağı ilə
gözümü dəftərə zilləyib,
qulağımı müzakirəyə kökləmişdim.
Onlar danışıb qurtaranda, mən də şeirimi
tamamladım – "Müəllimlərin sirli həyatı”
("The secret lives of teachers”).
– Musiqi poetik irsinizdə necə yer
tutur?
– Əlbəttə ki, bir zamanlar musiqiçi olmaq istəyən
biri kimi mənim üçün ciddi mahiyyət
daşıyır. Ritm, ahəng mənimçün
poeziyanın ən vacib hissəsidir. Ritmi,
ahəngi xüsusilə vurğulayıram. Bəlkə də, ifa edə bilmədiyim alətin
ritmi qalıb xatirəmdə. Həm də
mənə elə gəlir ki, bu halda şeir daha tez yadda
qalır.
– Başqa nələrlə məşğul
olmağı sevirsiniz?
– Hamını dəhşətli dərəcədə təəccübləndirəcək şeylərlə məşğul deyiləm. Nə bilim, aktiv vulkanlar mənə həmişə maraqlı gəlib, Birləşmiş Krallıqlar və Avropanın nisbətən yaxın yerlərdəki aktiv vulkanların kəşfinə çıxıram. Xüsusilə, tez-tez Şotlandiyaya səfər edirəm, mənim ən böyük ilham mənbəyidir bu ölkə. Kitab kolleksiyam var, hara getsəm, mütləq ilk növbədə ikinci əl kitablar satan mağazalara baş çəkirəm. Yağışlı havalarda velosiped sürməyi, suya, palçığa bulaşmağı sevirəm.
İngilis dilindən tərcümə
edən: Elcan SALMANQIZI
Kaspi.-2017.-7-9 oktyabr.-S.11.