Azərbaycan dilçiliyinə misilsiz xidmət
Mirzə Kazımbəyin
"Türk-tatar dilninin ümumi qrammatikası" əsərinin
tədqiq və şərhlərlə dilimizə çevrilməsi
elm naminə əsl fədakarlıqdır
Bu yaxınlarda xalqımızn sevimli oğlu, dünya şöhrətli mütəfəkkir, görkəmli şərqşünas alim, böyük dilçi-filoloq Mirzə Kazımbəyin məşhur "Türk-tatar dilinin ümumi qrammatikası” kitabı, nəhayət, Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur. Bu, Vətən elminə edilən ən qiymətli töhfələrdən biridir. Əsərin təqribən iki əsrdən sonra müasir dünya dilçiliyinin ən yeni nailiyyətləri müstəvisində canlandırılması, eyni zamanda alimdən əvvəl və onun yaşadığı dövrdə müxtəlif dillərdə yazılmış mötəbər mənbələrlə müqayisə edilərək ilk dəfə olaraq tədqiqat mahiyyətli müfəssəl şərhlərlə təqdim edilməsi, sözün həqiqi mənasında, hər çətinliyə sinə gərmiş, ağırlıqlara qatlaşaraq namuslu əmək sərf etmiş professor İdris Abbasova məxsusdur. Zəngin linqvistik-filoloji faktları ehtiva edən irihəcmli əsər dəyərli tədqiqatlar üçün əvəzsiz mənbədir.
Əlli ildən artıq çalışdığım Dilçilik İnstitutunun veteran əməkdaşı kimi heç kimin bu ağır missiyanı öz üzərinə götürmədiyinin şahidiyəm. Ara-sıra bəzi cəhdlər olsa da, bu nəhəng abidəni M.Kazımbəyin ana dilinə çevirməyə heç bir alim cəsarət etməmiş, nəticədə ilk elmi qrammatikamızın əks olunduğu vacib abidə sanki yaddan çıxmağa başlamışdı.
Akademik Tofiq Hacıyevin İnstituta direktor təyin olunması vəziyyəti müsbətə doğru xeyli dəyişdi. Damarlarında milli təəssübkeşlik qanı axan T.Hacıyev dil sərvətimizə sahib çıxmaq istiqamətində bir proqram hazırladı. Proqrama M.Kazımbəyin məşhur "Qrammatika” kitabının tərcüməsi də daxil idi. Mən deyərdim ki, akademik Tofiq Hacıyev nisbətən gənc və istedadlı şərqşünas, M.Kazımbəyin malik olduğu bir çox elmi keyfiyyətlərə malik olan, şərq və qərb dillərinin xasiyyətini bilən, bu mənada nadir mütəxəssislərdən sayılan İdris Abbasovu sırf bu işdən ötrü İnstituta dəvət etdi və tarixi əhəmiyyətli missiyanı ona tapşırdı.
Mirzə Kazımbəyin "Qrammatika”sının müstəsna elmi-pedaqoji önəmini qeyd edən sovet türkoloq-linqvisti A.N.Kononov yazırdı: "M.A.Kazımbəy nəinki təkcə türk dilinin qrammatikasının "tatar” dilləri” ilə müqayisədə ətraflı izahını vermiş, habelə əcnəbi türkoloqların (Jober, Davids) müşahidələrini dəqiqləşdirmiş və təshih etmişdir. Bu əsər uzun müddət universitetlərdə türk dilinin müqayisəli aspektdə tədrisi üçün vəsait olmuşdur”. M.Kazımbəyin dərsliyinin yüksək məziyyətlərindən bəhs edən İ.Berezin 1844-cü ildə Şərqə səyahəti haqqında illik hesabatda göstərirdi ki, "Azərbaycan ləhcələrinin formaları türk dilinin qrammatikasında müfəssəl şəkildə şərh olunub”.
Professor İdris Abbasovun "Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi” monoqrafiyası ilə tanışlıqdan sonra aydın olur ki, Mirzə Kazımbəyin məşhur əsərinin dərinliklərinə varmaq üçün rus dilindən savayı, fransız, ərəb, ingilis, fars, hətta yunan, latın, italyan və digər dillərə də bələd olmaq zəruridir. Biz də o qənaətdəyik ki, saydığımız dillərin qrammatikasından xəbərsiz olan şəxs M.Kazımbəyin "Qrammatika” əsərinin məğzini anlaya bilməz və nəticə etibarilə, mükəmməl bir tərcümə əsəri ərsəyə gəlməz.
M.Kazımbəy müxtəlif türk dillərində fərqli qrammatik kateqoriyalara təmas edərkən müasir dilçilik baxımından şərhə ehtiyacı olan bəzi istilahlardan istifadə etmişdir. İ.Abbasov imkan daxilində onların qrammatik-semantik xüsusiyyətlərini aydınlaşdırmış, misal üçün, "təkrarlı növ” terminini morfologiyanın feil növlərindən bəhs edən aspektologiya müstəvisində izah etmişdir. Prof. İ.Abbasov, əslində, M.Kazımbəyin işlətdiyi ayrı-ayrı terminlərin şərhi prosesində bir sıra ümumdilçilik problemlərinə təmas etmişdir ki, bu da bizə yeni tədqiqat perspektivlərinin çoxşaxəli yollarını göstərir. Tədqiqatçı-alim qeyd edir ki, türkologiyada feilin iterativ formasının öyrənilməsi feilin "tərz” kateqoriyası və semantik tərzin müəyyən edilməsi ilə sıx bağlıdır. XIX əsrin başlanğıcından XX əsrin 40-cı illərinə qədər türk dillərində feil formaları şiddətləndirmə, yaxud zəiflətmə (azaltma) çalarları ilə hərəkətin çoxdəfəliliyini bildirən aspektual mənaları da ehtiva etməklə "tez-tez olma növü”, yaxud "feilin bölünə bilən dərəcəsi” kimi səciyyələndirilmişdir. Prof. İ.Abbasov aspektual mənaları müxtəlif dillərdə müqayisəli şəkildə izah etmiş, tərcümə, tədqiq və şərhin gedişində bir an olsun belə, F.Meninski, J.Holderman, A.Jober, A.Davids, K.Komidas, A.Lötelye, L.Dübö, A.Fayzmayer və digərlərinin əsərlərindən ayrılmadan onların da əsərlərini müqayisəli tədqiqata cəlb edərək faydalı nəticələrə nail olmuşdur. M.Kazımbəyin istifadə etdiyi qrammatik terminlərin dəqiqləşdirilməsində bu yanaşmanın böyük əhəmiyyəti olmuşdur.
Fransız şərqşünası Amedye Joberin türk dilindən gətirdiyi misallarla deponent feillərin mahiyyətini açmağa çalışması, M.Kazımbəyin bunu feilin qayıdış növü kimi nəzərdən keçirməsi və digər məsələlər İ.Abbasovun diqqətindən yayınmır. O yazır: "Qayıdış növün deponent növlə nə kimi əlaqəsinin olduğu maraq doğurur. Deponent feil növü qayıdış növün özüdürmü? Türk -Azərbaycan dilində feilə "deponent feil” kimi yanaşılması düzgündürmü? və s. kimi suallara cavab axtardıqda, bizdən asılı olmayan səbəblərdən araşdırmamız bir qədər də dərinləşdi. Oxucu bu barədə Roma qrammatiki Elius Donatusun, A.Joberin, müasir dilçilərdən Martin Nyuman, Tamara Qrin, Danyel Valis, Artemiz Aleksiada və digərlərinin müasir dilçilik baxımından dəyərli fikirləri ilə tanış olacaq”.
Əsasən, M.Kazımbəydən əvvəl və onun dövründəki əsərlərə istinad edən tədqiqatçı-alim arabir müasir müəlliflərin də əsərlərinə baş vurur. Məsələn, o, K.Edvarda istinadən yazır ki, aqqlütinativ dillərin əksəriyyəti öz qrammatik formalarının qaydalılığı ilə fərqlənir. Aqqlütinativ (iltisaqi) dillər qrupuna daxil olan yapon dilində üç, türk dilində isə yalnız bir köməkçi feil vardır. Halbuki flektiv dil olan sanskrit dilində 900 irrequlyar feil mövcuddur.
Tədqiqat prosesində prof. İ.Abbasov M.Kazımbəyin təkcə öz dövrü üçün deyil, həm də müasir dilçilik nöqteyi-nəzərindən xüsusi aktuallıq kəsb edən "Qrammatika” əsərində yaranmaqda olan yeni dilçilik cərəyanlarının lokomativi ola biləcək bir sıra dəyərli elmi-nəzəri müddəaları aşkara çıxarır. Qeyd edir ki, alliterasiya, ritm, qafiyə, epifora, dissonans, anafora, müxtəlif növ səs təkrarları, assonans, proteza, epenteza, paraqoqa və s. kimi stilistik üsullar və fonoloji deviasiya fiqurları M.Kazımbəyin "Qrammatika”sının hərəkət trayektoriyasını cızır.
Prof. İ.Abbasov M.Kazımbəyin təmas
etdiyi Cerund bəhsini daha müfəssəl tədqiqata cəlb etmiş, ümumiyyətlə, Türk-Azərbaycan
dilində cerundun mahiyyətini, ifadə
vasitələrini, spesifik
terminologiyasını, cerund və supinin, feili
bağlamanın və ya feili
sifətin oxşar və fərqli cəhətlərini
izah etməyə nail olmuşdur. Bu məqsədlə
o, bir çox
dillərin, xüsusilə klassik və qədim
dillərin materiallarını müqayisəli şəkildə
araşdırmışdır. Məsələn,
cerundu fransız dilində gérondif
(jerondif) adlandıran J.Holderman
qeyd edir ki, türk dilində di ilə əlaqədar cerund
ya məsdər, ya gələcək
zaman feili sifət, ya yiyəlik, ya da yönlük halda olan məsdərlə
ifadə olunur. Do ilə bağlı cerund, feili sifət və substantiv feilin cerundu vasitəsilə ifadə olunur. Dum ilə əlaqədar cerund məsdərin yönlük
halı, yaxud infinitivdən sonra gələn bəzi postpozisiyalar vasitəsilə
ifadə olunur və s. J.Holdermanın türk dilinin qrammatikasından bəhs edərkən işlətdiyi
di, do və dum sözləri, yaxud şəkilçiləri,
çox güman ki, müəllifin latın dilinin qrammatik istilahlarının
təsirindən çıxa
bilməməsidir. İstər
qədim yunan, istərsə də latın və
digər dillərdə
cerunda yanaşma tərzi fərqli olmuşdur. Bu heç
də bizim bu gün anladığımız,
feilin təsriflənməyən
formaları adı altında təsnif etdiyimiz və ayrı-ayrılıqda spesifik
xüsusiyyətlərə malik məsdər, feili sifət və feili bağlama
şəklində anlaşılmayıb.
Bu mənada prof.
İ.Abbasov bir daha vurğulayır ki, Türk-Azərbaycan dilində feilin təsriflənməyən formalarının
diaxronik aspektdə dünya dilləri ilə müqayisədə
geniş tədqiq olunmasına ehtiyac vardır.
Nitq hissələrinin şərhində
İ.Abbasov Yuli Sezar Skaliger (1540) Rinaldi Korso (1549), F.Sançes (1562), Renye Demare (1706), Pyer Resto (1730), Dö la Rame (1587), N.Boze (1767), V.Levizak (1797) və digər məşhurların
maraqlı elmi-məntiqi
müddəalarından bəhrələnmişdir.
O, ərəb dili qrammatikasını tədqiqat
dövriyyəsinə daxil
edərək, köməkçi
nitq hissəsi olan nidanı, demək olar ki, bütün parametrləri üzrə araşdırmışdır.
Professor İdris Abbasovun
orijinal tərcümə
ilə yanaşı, əsərə əlavə
etdiyi ensiklopedik tədqiq və şərhləri mühüm
linqvistik-filoloji əhəmiyyətə
malikdir. Bu tədqiq
və şərhlər
dahi M.Kazımbəyin
müasir dünya dilçiliyindəki layiqli
mövqeyini müəyyənləşdirir.
Təqdirəlayiq cəhətlərdən biri
də odur ki, kitabın fonetika, morfologiya və sintaksis hissələrinə və
bir çox fəsillərinə İ.Abbasovun
yazdığı şərhlər
müasir Azərbaycan
dilinin qrammatikasının
tarixi aspektdə araşdırılması, habelə
dilçiliyimizin bir sıra aktual problemlərinin öyrənilməsi
üçün sanballı
elmi-nəzəri baza yaradır.
Sonda qeyd etmək istəyirəm ki, bütün dilçi-filoloqların zəruri ehtiyac duyduğu bu qiymətli əsər, təəssüf ki, müəllifin çətinliklə əldə etdiyi vəsait hesabına çox məhdud sayda çap oluna bilmişdir. Tam əminliklə demək olar ki, elm naminə əsl fədakarlıq nümayiş etdirərək Mirzə Kazımbəyin ana dilimizin ilk elmi qrammatikasının əks olunduğu "Türk-tatar dilninin ümumi qrammatikası" əsərini tədqiq və şərhlərlə dilimizə çevirən professor İdris Abbasovun bu fəaliyyəti ən böyük mükafata layiqdir. Əminəm ki, həmkarımızın namuslu əməyi əlaqədar qurumlar və səlahiyyətli şəxslər tərəfindən yüksək qiymətləndriləcək! Uğurlar diləyirəm!
Roza Eyvazova,
filologiya üzrə elmlər doktoru, professor
kaspi.-2017.-12 oktyabr.-S.15.