Sakini olduğumuz cəhənnəm

 

 Həyat –səhvdir, ölüm isə onun düzəlişidir.

 Həyatın yalanı, ölümün həqiqəti - paradoksal tezis. İnsan ancaqancaq ağrı hiss edəndə yaşadığını və yaşamaq istəyəndə olduğunu dərk edir. İnsan yaşadığı həyatın cəhənnəm olduğunuözününbu cəhənnəmin sakini olduğunu dərk edirsə, ölmüşdür deməkdir.

 Yazıçının müraciət etdiyi mövzu tarixi aspektdə maraqlıdır - mövzu bütövlükdə Azərbaycanın müəyyən zaman gerçəkliyini əhatə edir. 37-ci illərin yaşamını, yaşatdığı hisslər və gerçək olan qətllərlə, psixoloji sarsıntılarla və daha da  konkretləşdirsək, müəyyən Zaman gerçəkliyində ...Sakini olduğumuz cəhənnəm... kimi ifadə edə bilərik.

37-ci ilin cəhənnəmini yaradan səbəb hər an "gələcək ölümhissi idi. Ölüm isə o qədər qorxuncdur ki, insan yaşamı boyu bu haqda nə danışmaq, nə də düşünmək istəmir. Yazıçı isə qətiyyətlə dövrün və zamanın örtüyünü çəkərək, cəhənnəm sakinlərinin maskasını çıxardıb əyani göstərir və ifşa edir.  Elçin oxucusuna 37-ci illərin insanının necə yaşadığını, hər an səssiz-səmirsiz ölümə necə hazırlaşdığını və bu illərin kabusunu olduğu kimi təqdim edir.

 ... "Cəhənnəm sakinləri” milli ədəbiyyatımızda Azərbaycanın görkəmli dramaturqu, Xalq yazıçısı Elçinin müəllifi olduğu tarixi gerçəklərin dərin məna qatı ilə, fəlsəfi-tarixi, sosial-psixoloji, tarixi reallığı əyani şəkildə əks etdirməsi ilə gündəmə gələn pyesdir.

 ... "Cəhənnəm sakinləri” insan gözləntisinin və ölümünün doğurduğu əhval-ruhiyyəni, realmistik ovqatın qarşılıqlı varolmasını fiksə edir.

 

 ... "Cəhənnəm sakinləri” Azərbaycan tarixinin çox da keçmişdə yaşanmamış acı gerçəyinin  bariz nümunəsidir ki, bu ZAMANı unutmaq olmaz.

 Akademik Milli Dram Teatrı yazıçı Elçinin "Cəhənnəm sakinləri” əsərinin əsasında qoyulan eyniadlı tamaşanın premyerasını təqdim etdi. "Cəhənnəm sakinləri” tamaşasının bədii rəhbəri, quruluşçu rejissoru və səhnə tərtibatının müəllifi xalq artisti Azər Paşa Nemətovdur. Rejissoru  Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılovanın olduğu tamaşanın, musiqi tərtibatı Kamil İsmayılova məxsusdur. Tamaşada bəstəkar Azər Dadaşovun musiqisindən istifadə olunub.

 Qısa teatr təcrübəmdən bunu bilirəm ki, qara qutudan ibarət səhnə və aktyorlar üçün yaradılmış açıq məkan, konstruktiv dəqiqliklə yığılan səhnə forması, professional işıq həlli və səhnədə işıqların oyunu Azər Paşa Nemətovun imzasıdır. Hətta öncədən tamaşanın müəllifinin adını bilməsəm da, sadaladıqlarım bunu bilməyə yetərlidir.

 "Cəhənnəm sakinləri” tamaşasının əsas prioriteti keçmiş zaman formasının vahid hadisəsinin (37-ci il) konturlarını cızaraq fraqmentar şəkildə də olsa hadisəni görükdürə bilməkdir. Azər Paşa Nemətovun təqdim etdiyi səhnə həlli bədii obrazların və hadisələrin yeni ideya üzərində qurulmuş kompozisiyasını, vahid sistemini təşkil edirdi.

Tamaşanın səhnə quruluşu açıq olan qara məkan və səhnənin mərkəzində yerləşdirilən  stolstullardan, onları çevrə formasında əhatələyən çoxsaylı qapılardan ibarətdir. Tamaşa müddətində hadisələrin məkanı məhz bu sadə düzənlənmiş yerdir. Tamaşanın əsası onun ideyasıdırsa, mövcudluğu isə hadisələrdir. Tamaşanın konflikti hadisənin özüdür: daha geniş və həllolunmaz olan 37-ci ilin özü. Bu konflikti isə həll etmək mümkünsüzdür.

Yeni il gecəsi... Mehriban ailə... Qonaq-qonşular... və zəng. Haşiyəyə çıxaraq söyləyim ki, zəng deyilən nəsnənin mahiyyəti hər bir zaman təhlükəli, qorxuluya sevindirici olub. Dünya ədəbiyyatında bir çox dramaturqların incəliklə, həssaslıqla işlətdiyi bu mövzu insanları çox asanlıqla gərginlikdə saxlamağı bacarıb. Telefonun zəngi, qapının çalınan zəngi...  "Zəng edən kimdir?”, "Görəsən, gələn kimdir?” oyununun ətrafında saatlarla oynamaq olar. Bir zəng insan həyatının sonu da ola bilər. 37-ci illlərdə gözlənilmədən döyülən qapılar kimi... insanı gərginləşdirir, onu müəyyən zaman çərçivəsində gözləntidə saxlayır. Tamaşanın gedişatı zamanı zəng ritmə çevrilir, tamaşanın musiqisinə qoşulur.

Tamaşanın ümumi strukturunda sabit metafora, paradoksal kompozisiya, eləcə də qəhrəmansız oyun qurulub. Tamaşada xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq), əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər. 

 

 

 Səhnədə Qadın (xalq artisti Məleykə Əsədova) və Kişi (əməkdar artist Elşən Rüstəmov) ər-arvad tandemi hiss-emosiyaların oyununa əsaslanır. Onlar evin sahibi, ailənin başçısı kimi hadisələrin mərkəzindədirlər. Qadın (M.Əsədova) özünəməxsus kübarlıq fonunda evinin xanımı olan, ərini, ailəsini qoruyan bir qadındar. Əlbətdəki, bu müdafiə uzun sürmür, zatən bu qapılar hər biri döyülməlidir və döyüləcək. Kişi (E.Rüstəmov) Qadından daha dözümlüdür, daha iradəlidir. Ancaq onun qorxusu aktyorun gözlərindən, hər saniyə narahat gəzən baxışlarından və qalstuk, kostyumun içində gizlənən bədənin təlaşlı hərəkətlərindən oxunur. Kişi və Qadın 37-ci ilin son gününü qonşularla birgə qeyd edirlər. Və zaman-zaman qapı zəngi çalınır, səhnəni gərginlik bürüyür və hər səfərində qətiyyətli, qəddar cəllad görkəmli insanlar əmr yerinə yetirib, bir nəfəri alıb, cəhənnəmin sakininə çevirirlər.

 Əgər bayram varsa, onun çağırılmamış Qonağı da olmalıdır. Qonaq (xalq artisti Nurəddin Mehdixanlı) ənənəvi müsafirlərdən deyil. Hadisələrin mərkəzi, konfliktin qaynaq nöqtəsi, yalançı ailənin üzüdür. Nurəddin Mehdixanlı qıp-qırmızı gerçək həqiqətləri üzə çırpır, "ah, deməmiş” təəccüb və təəssüf doğuran, utanc gətirən əsl İnsanın kim olduğunu bəyan edir. Nurəddin Mehdixanlının ifasına gəlincə, aktyorun öz şüurunda formalaşdırdığı daxili oyunu zənginləşdikcə onun hərəkət və jestlərinə nüfuz edən cəhətlər də artır. Jest, "tonteatr xadimi üçün sintaksisdiraktyorun təqdimatında  bu cəhətlər hərtərəfli işlənib.

Məlum olur ki, 37-ci ilin qəhrəmanları elə bu insanlardır: uzun zaman bir yerdə yaşayan Kişi və Qadındır. Kişi Qadından gizli-Qadın Kişidən xəbərsiz NKVD ilə əməkdaşlıq edir, bayaqdan tost deyib, yeyib-içdikləri dostlarını satıblarmış. Onlar (Kişi və Qadın) xəyanətə meylli, satqınlığa öyrəncəli – məhz 37-ci ilin ənənəvi sakini olduqları cəhənnəmin qəhrəmanlarıdırlar.

Tamaşanın personajlarının oyunu rejissor tərəfindən elə qurulmuşdur ki, burada qəhrəmanların mənəvi portreti, onların kimliyi və şəxsiyyəti haqqında təkcə informativ fon yaradılmır. İştirakçıların psixoloji durumu, ruhi vəziyyətləri dəqiq xarakteristika ilə təqdim olunur. Tamaşada da pyesdə olduğu kimi Kişi və Qadın ümumiləşir, onlar individual fərd kimi qavranılmır. Bu bir tərəfdən Kişi və Qadının şəxsiyyətsizliyinin ədəbi-bədii yanaşması, digər tərəfdən onların timsalında 37- ci il hadisələrinin səbəbkarlarının hər birimizin içində, yanında və ya ətrafımızda olmasına konkret göstərişdir.

Sonucda bu insanlar nədən qorxurlar? Onların qorxuları satqınlıqlarının, xəyanətlərinin üstünü ört-basdır edə bilirmi? Zaman o zaman olmasaydı, Məkan o məkan olmasaydı bu İnsanlar da fərqli olacaqdırlarmı? Bəlkə həqiqətən insanları məcbur edən yaşamaq istəyidir. Axı kim ölmək istər? Mən şəxsən bu insanlara haqq qazandırmıram, ancaq ittiham da edə bilmirəm.

Yaşamaq hər kəsin haqqıdır. Məncə 37-ci ili yaşayanlar deyil, onu yaradanlar günahkardırlar. Baxmayaraq ki, 37-ci il hər birimizin adına sakini olduğumuz CƏHƏNNƏMin lakonik tarixidir.

 

Aygün Süleymanova

 

Kaspi  2017.- 12 oktyabr.- S.10.