“Gəncliyin nə olduğunu hiss etməmişəm”
Misir
Mərdanov həyatda qazandığı uğurlarda valideynlərinin
və vəfalı həyat yoldaşının böyük
pay sahibləri olduğunu deyir
Gənclik illərini asan keçirməyib. Kinoya, teatra, gəzməyə getməyə nə imkanı olub, nə də həvəsi. Oxuyub, əsas vaxtını təhsilə sərf edib. Amma bunun üçün peşman deyil. Çünki o zəhmətini bəhrəsini sonralar görüb və bu gün də hiss edir. Müsahibimiz AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovdur.
"Ciddi yoxsulluq
problemimiz yoxuydu”
Uşaqlığı II Dünya müharibəsindən
sonrakı çətin illərə düşüb. Lakin
deyir ki, valideynlərinin müəyyən qədər
imkanı olduğu üçün yoxsulluq şəraitində
böyüməyib: "1946-cı il oktyabrın 3-də Qərbi
Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin
kəndində anadan olmuşam. O zaman atam kənd sovetinin sədri, anam isə kənd
sovetinin katibi idi. Ailənin ilk uşağı
olmuşam. Uşaqlığım ikinci
dünya müharibəsindən sonrakı illərin
uşaqlarının vəziyyəti kimi keçib. Amma bizim ailəmizdə bəzi ailələrin
yaşadığı ciddi yoxsulluq problemi yoxuydu. Valideynlərimin minimal da olsa, uşaqlarının
böyüməsi, təhsil alması üçün şərait
yaratmağa imkanı olub”.
"Bizim kənddə məktəb
binası yoxuydu”
Orta məktəbə
bir il gec gedib. Amma onların kəndində
təhsil almaq üçün məktəb belə
olmayıb: "1953-cü ildə 7 yaşım ərəfəsində
biz Salah kəndinə köçməli olmuşuq. Səbəb isə o olub ki, o dövrün texniki
imkanları daxilində Göyərçin kəndinə
yaxşı yol çəkmək mümkün olmayıb.
O zaman artıq atam kolxozun sədri vəzifəsində işləyirdi.
Onun təklifi ilə Göyərçin kəndi bir neçə
il ərzində Salah kəndinə
köçürülüb. Məktəb illərim
Salah kəndində başlayıb. Köçmə məsələsi
vaxt apardığı üçün orta məktəbə
bir il gec getmişəm. O vaxt bizim kənddə
məktəb binası yoxuydu. Bilqeyis adlı qadının
evində bir neçə parta qoyulmuşdu. Orada 1-3-cü siniflər bir yerdə məşğul
olurdu, 2-4-cü siniflər isə bir yerdə. Səhv etmirəmsə, ibtidai sinfi elə həmin
xanımın evində bitirmişik. Bir-iki
müəllimimiz varıydı. Yazmağı-oxumağı
mənə Mustafayeva Gülxanım müəllimə öyrədib.
İlk müəllimlərim Qarayev Dursun və
Alıyev Alı olub. 4-7-ci sinifləri isə
Seyid kişinin evinin zirzəmisində ayrılan iki otaqda
oxuduq. Həmin illərdə bizə dərs
deyən Mirzə, Novruz, Konsul, İbrahim, Kərim adlı
müəllimlərimi yaxşı xatırlayıram. Biz 7-ci sinfi bitirəndə artıq kənddə 7
illik təhsil üçün məktəb tikilmişdi.
7-ni bitirəndən sonra yuxarı sinfilərdə
oxumaq üçün bizim kənddən 4 kilometr məsafədə
yerləşən Polad kəndinə getmək məcburiyyətində
qalmışdıq. Hava isti olanda piyada
gedib-gəlirdik, amma qışda şagird yoldaşlarımla
bir yerdə o kənddə kirayədə qalıb dərsə
gedirdik. 10-cu sinfi 1964-cü ilin martına
qədər Polad kənd məktəbində oxumuşam. Məktəbə
bir il gec getmişdim, üstəlik 10-cu
sinifdə oxuyanda hökumət məktəblərdə orta təhsilin
10 yox, 11 illik olacağı ilə bağlı qərar verdi. 11 illiyi qurtarmalı olsaydım,
yaşıdlarımdan iki ildən də çox geri
düşürdüm. O zaman məlum oldu ki, Bakıda
eksternat yolu ilə orta məktəbi bir il
tez bitirmək olar. Və mən Polad kəndindəki
sinif yoldaşlarımdan ayrılıb Bakıya gəldim.
On görə orta məktəb "vinetka”m
yoxdur”.
"Nəinki müəllimlərimi,
onların övladlarını da unutmuram”
Müsahibə prosesində Misir Mərdanov ona dərs
keçən müəllimlərini böyük həvəslə
bir-bir xatırladı. Deyir ki, heç birini illər keçsə də
unutmayıb: "Polad kəndində məktəbdəki
müəllimlərimin adını qeyd etmək istəyirəm.
Riyaziyyat müəllimim Mürsəl Budaqov idi.
Riyaziyyatı sevməyimdə, bu elmə gəlməyimdə
onun böyük rolu olub. Məktəbimizin direktorları
Kərim Qarayev və
Mehdi Hüseynov olub. Mənə dərs demiş müəllimlərim
Həsən Əhmədov, Alı müəllim, Firudin Nəbiyev,
Zeynalabdı Qocayev, Şəki Mərdanov, Sayad Hüseynov,
İsmayıl İsmayılovu yaxşı xatırlayıram. Nəinki müəllimlərimi, onların
övladlarını, nəvələrini də unutmuram.
Bu gün də onları harada görsəm,
doğmam kimi görüşürəm”.
"Bütün fənlərdən
qiymətim əla olub”
Attestatını alandan sonra kəndə qayıdır. Ali təhsil
seçimi ilə bağlı əsas qərarı atası
verməliydi. Valideynləri onu həkim kimi
görmək istəsələr də, övladlarının
seçiminə hörmətlə yanaşırlar. Beləliklə, o, Bakı Dövlət Universitetinin
mexanika və riyaziyyat fakültəsinə qəbul olur,
fakültənin riyaziyyat bölməsində təhsil
almağa başlayır, bu müddətdə sinif nümayəndəsi
olur. M.Mərdanov tələbə vaxtı ona dərs deyən
müəllimlərini də böyük ehtiramla yad etdi:
"Əşrəf Hüseynov, Maksud Cavadov, Qoşqar Əhmədov,
Yəhya Məmmədov, Məmməd Mustafayev, Soltan Zeynalov,
Şəmməd İbrahimov, Rüstəm Sultanov, Maarif
Əkbərov, Adil Sultanov, Yusif Yusifov, İsak Məmmədov,
Yəhya Əliyev, Kazım Həsənov,
Karlen Xudaverdiyev, Maya Hacıyeva, Tofik Bektaşi, Arif
İsmayılov, Zahid Seyidov, Məmməd Yaqubov kimi
yaxşı müəllimlərim olub. Onların
hər birini yaxşı xatırlayıram. Universitetdə mənə dərs demiş müəllimlərdən
yalnız Zahid Seyidov və Məmməd Yaqubov indi fəaliyyətlərini
davam etdirirlər. Təhsilimi bitirəndən
sonra uzun müddət mənə dərs demiş müəllimlərlə
birgə universitetdə çalışdım, onlarla
yaxın təmasda oldum. Eyni zamanda,
bütün ömrüm boyu riyaziyyatla yanaşı, təhsil
tarixi ilə də məşğul olmuşam. Ona görə bu adamlarla həm də uzun illər əlaqədə
olmuşam”.
Həm məktəb,
həm də universitet dövründə yaxşı oxuyub:
"Orta məktəb vaxtı bütün fənlərdən
qiymətim əla olub. Universitetdə isə cəmi
bircə dəfə 4 almışam. Universiteti
fərqlənmə diplomu ilə bitirmişəm”.
"Paxlava və kartof
qızartması ilə iki ili başa vurdum”
Tələbəliyinin
ilk iki ilini universitetin yataqxanasında qalır, bu müddətdə
yemək, geyim, ev işlərini otaq
yoldaşları ilə bölüşürlər. Bəs tələbəlik vaxtı əsas hansı
yeməkləri bişirə bilirmiş? Bu sualımıza
digər tələbə oğlanlar kimi ondan da "kartof
qızartması” cavabı aldıq: "Kartof
qızartmasından başqa heç nə bişirə
bilmirdik. Uşaq vaxtı şirniyyatı
çox sevirdim. Dərsdən
çıxanda universitetin yanındakı mağazadan paxlava
alıb yeyirdim. Paxlava və kartof qızartması ilə
iki ili başa vurdum. Bu,
sonralar mədə-bağırsaqda öz təsirini göstərdi.
İkinci kursu bitirəndə məndən
kiçik bacım universitetə qəbul olub Bakıya gəldi.
Sonra atam bizim üçün Yasamalda ev
kirayələdi. Bundan sonra yemək, geyim məsələm
həll olundu. Amma bacıma kömək
edirdim. 1970-ci ildə aspiranturaya qəbul olanda atam bizə
Bakıda ev şəraiti düzəltdi. Sonra digər bacım, qardaşım gəldi, elə
bir yerdə o evdə qaldıq”.
"Məcbur olub repetitorluqla məşğul
oldum”
İlk
iş yeri Gəncə Dövlət Pedaqoji İnstitutunda
baş laborant olur, lakin orda 3 ay çalışdıqdan sonra
aspirantura təhsili üçün Bakıya gəlir. 1972-ci ildə universitetdə müəllim təyin
olunur. Beləliklə, artıq davamlı olaraq iş həyatı
başlayır. Deyir ki, heç vaxt işsiz qalmayıb:
"71-ci ildə ailə həyatı qurmuşdum. 72-ci ildə aspiranturanı bitirəndə öz
fakültəmizin həndəsə kafedrasına müəllim
götürdülər. Ailə
qurmuşdum, uşaqlar dünyaya gəldi, qayğılarım
artdı. 1973-cü ildə namizədlik
dissertasiyası müdafiə etdim. Müəllimlikdə
maaş o qədər yüksək deyildi. Məcbur olub repetitorluqla məşğul oldum.
Sonra dosent oldum, 78-ci ildə mexanika və
riyaziyyat fakültəsinə dekan müavini təyin etdilər.
Artıq o zamanın tələblərinə uyğun
yaxşı əməkhaqqı alırdım və ailəmi
dolandırırdım, ev də aldım. 1989-cu ilin iyun ayına qədər dekan müavini
işləmişəm. İyunda Kiyevdə
doktorluq dissertasiyası müdafiə edib, universitetə
qayıtdım. 1989-cu ilin yazında Təhsili Nazirliyində
ali təhsil şöbəsinin müdiri vəzifəsi
təklif etdilər və orda işlədim. 92-ci
ildə nazir müavini, 93-cü ilin sonunda Bakı Dövlət
Universitetinə tədris işləri üzrə prorektor təyin
olundum. 96-cı ilin payızına qədər
orda işlədim, sonra rektor əvəzi işlədim. 1997-ci ilin fevral ayının 16-da ulu öndər Heydər
Əliyev məni qəbul etdi və universitetə rektor vəzifəsinə
təyin etdi. 98-ci ilin mart ayının 25-ə
qədər həmin vəzifədə
çalışdım. Çox gərgin
və uğurlu illər idi. Sonra isə
Prezident Heydər Əliyevin sərəncamı ilə təhsil
naziri vəzifəsinə təyin olundum. 15 ildən bir az çox həmin vəzifədə
çalışdım. Sonra isə indiki vəzifəmə
- Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və
Mexanika İnstitutuna direktor vəzifəsinə təyin
olundum”.
"Azərbaycan cəmiyyətində
uğurlu insanam”
Ailə həyatını
atasının tövsiyəsi ilə qurduğunu deyir:
"Buna peşman deyiləm. 50 ilə yaxındır
ailəliyəm. Bir oğlum, iki
qızım var. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində
uğurlu insanam. Bu müvəffəqiyyətlərin
qazanılmasında valideynlərimdən sonra vəfalı həyat
yoldaşımın da böyük rolu olub. İki-üç gün bundan əvvəl bir məclisdə
oturmuşduq. Dostlar dedilər ki, sənin uğurunun 50
faizi həyat yoldaşınla bağlıdır, dedim yox, 80
faizi... Çünki onun xoş münasibətini,
ailəyə, valideynlərimə, qardaşlarıma və
bacılarıma, övladlarıma, nəvələrimə
qayğısı olmasa idi, bəlkə də bu qədər
uğur qazana bilməzdim”.
Gənclik
dövrünə nəzər salanda o illəri istədiyi kimi
keçirmədiyini deyir: "Gəncliyin nə olduğunu
hiss etməmişəm və bilməmişəm. Gənclik
deyəndə tələbəlik illərini götürsək,
o 5 il ərzində kinoya, teatra, gəzməyə
getməyə nə imkanım, nə də marağım olub.
Dərsdən çıxıb evə gedirdim, dəmir
çarpayıda oturub, kitabı dizimin üstünə qoyub,
gün ərzində dərslərimi oxuyur, imtahanlara
hazırlaşırdım. Gənclik illərim
çox gərgin keçib, amma çəkdiyim əziyyətin
faydasını bu gün də hiss edirəm. Siz deyən və mən fikirləşən kimi gəncliyi
keçirə bilməmişəm”.
"Oxumaq lazımdır, özü
də çox”
Hər
gün səhər və axşam piyada gəzir, bu müddətdə
ötənləri də göz önündən keçirməyə
vaxtı olur: "30 ilə yaxındır ki, mənim həyatımda
gün səhər tezdən başlayır. Son
dövrlər səhər saat beşdə dururam, altıya qədər
yazı-pozu işləriylə məşğul oluram. Bağda yaşayıram, saat altıda
çıxıb həyətdə saat yarım yeriyirəm,
müəyyən gimnastika hərəkətləri edirəm.
Sonra hazırlaşıb işə gəlirəm.
Axşam evə qayıdandan sonra da bir saat gəzirəm.
Gün ərzində 10-12 kilometr piyada yeriyirəm.
Bu müddətdə tək oluram,
gördüyüm, görəcəyim işlər,
keçmişdə olanlar hamısı gözmün
önümdən keçir”.
Gənclərə
məsləhəti isə çoxdur, əsas isə zəhmətkeş
olmağı tövsiyə edir: "Övladlarıma və nəvələrimə
etdiyim məsləhəti hamıya demək istəyirəm. Zəhmət çəkməyən gələcəkdə
heç bir müvəffəqiyyət qazana bilməz. Oxumaq lazımdır, özü də çox.
Yalnız ixtisas fənlərini deyil, eyni zamanda
digər məsələləri də diqqət mərkəzində
saxlamaq lazımdır ki, dünyada gedən proseslərdən
xəbərləri olsun. Öz
ixtisasına dərindən yiyələnmək çox
vacibdir. Valideynin köməyinə
arxayın olmaq olmaz. Bunları da yalnız
zəhmətlə əldə etmək mümkündür.
Əvvəllər yazmağı-oxumağı bacarana
"savadlı adam” deyirdilər, bu gün
isə oxumaqdan, yazmaqdan əlavə, dünyada gedən prosesləri
izləməyi bacaran, İKT sahəsində bilikləri olan,
ilkin tibbi yardımı bilən, müasir texnikanın yeniliklərini
işində tətbiq edənlərə... Bir
şeyi bilirsən, bacarırsan da, həyatda tətbiq edə
bilmirsənsə, bilməyinin mənası yoxdur. Buna görə, səriştəli olmaq
lazımdır”.
Aygün Asimqızı
Kaspi.-2017.-13 oktyabr.-S.12.