"Tanınmağa yox,
peşəkar olmağa
çalışıram"
Şahin Kazımov: “Aktyor
olmaq üçün
kompleksləri sıfırlamaq lazımdır”
Asan sənət yoxdur, deyirlər. Ancaq mənə elə gəlir ki, sənətlərin ən çətini aktyorluq sənətidir. Hələ teatr aktyorusansa, işin ikiqat çətindir. Çünki bu işin nə düsturu, nə də teoremi var. Tamaşaçı qarşısına çıxdınsa, potensialını ortaya qoyub, sənət nümayiş etdirməlisən. Teatr isə canlı sənət növü olduğu üçün burada təkrara yol verilmir. Tamaşaçı ilə göz-gözə gəldinsə, onu oynadığın rolun həqiqiliyinə inandırmağı bacarmalısan. Bu günkü "Debüt” rubrikamızın qonağı Şahin Kazımov da belə insanlardandır. O, sənətin ən çətinini seçib. 4 ildən artıqdır ki, Bakı Uşaq Teatrında çalışan müsahibimiz öz təəssüratlarını bizimlə bölüşdü.
Şahin 1991-ci ildə Gürcüstanda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin aktyorluq fakültəsini bitirib.
2013-cü ildən Bakı Uşaq teatrında çalışır.
Teatrda Tuncer Cucenoğlunun "Bir yoxsul olsaydım”
tamaşasında oğlan,
Arzu Soltanın "Günahsız günahkarlar”ında
Mafiya və "Həyatla oyunu”nda tələbə, Abdulla Şaiqin
"Əşxas”ında Mərhəmət,
Arzu Soltanın "Qeyri-adi məhkəmə”sində
şahid, türk xalq nağılı "Ağıllı tülkü”də
vəzir obrazlarını
canlandırıb. Bundan başqa,
"Həyat Varsa”
("Taksi” bölümü),
"Qız Yükü”,
seriallarında və
"Fədakar” filmində
çıxış edib.
- Nə zamandan hiss etdiniz ki, siz məhz
bu sənət üçün doğulmusunuz?
- Açığını deyim
ki, bir çox
aktyorlar kimi, uşaqlıqdan bu sənəti sevdiyimi deyə bilməyəcəm.
Mənim hekayəm bir az fərqlidir. Uşaq yaşlarımda heç
ağlımın ucundan
belə keçməzdi
ki, gələcəkdə
aktyor olaram. Bu istək məndə
8-9-cu sinifdən sonra yarandı. Belə ki, biz məktəbimizdə
Novruz şənliklərini
qeyd edirdik. Həmin tədbirlərdə proqramlar
hazırlayırdıq. Mən tez-tez müəllimlərimizi
parodiya edirdim. Müəllimlərimiz bu parodiyaları
çox bəyənirdilər.
Hətta
elə hallar olurdu ki, müəllimlərimizin
özləri onları
parodiya etməyimizi xahiş edirdilər.
Orta məktəbdə bəzi
fənləri zəif
oxuduğuma görə,
müəllimlərim dedilər
ki, yaxşı ssenari yazıb, tamaşalar təşkil etmək məndə alınır. Buna görə təklif etdilər ki, yaradıcılıq sahəsinə
üz tutsam, bu sahədə uğur tapa bilərəm. Mən də
onların dediyi kimi etdim. Sənədlərimi hazırlayıb Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinə verdim.
Nəticədə "Estrada aktyorluğu” fakültəsinə daxil oldum. Xalq artistimiz Valeh
Kərimovun qrupunda idim. Səhnədə ilk addımlarımı müəllimimin sayəsində
atdım.
- Bəs ailənizdə incəsənətlə
məşğul olan kimsə var idimi?
- Qətiyyən. Bacım həkimdir, tibb
sahəsi üzrə təhsil alıb. Valideynlərim isə tamam
başqa ixtisas üzrə çalışırlar.
Nəslimizdə incəsənətlə məşğul olan biri yoxdur.
- Aktyor olmaq istəyini eşidəndə, valideynləriniz
necə reaksiya verdilər?
- Onlar heç bir etiraz etmədilər.
Əksinə, valideynlərim seçimimə
dəstək oldular, hər zaman da yanımdadırlar.
Düzdür, bu sənətə
gələn bir çox gənclərin ailələrində qarşıdurmalar
olur. Onlar ailədə təzyiqlərə
məruz qalırlar.
Mən isə elə bir problem yaşamamışam.
- Bakı Uşaq
Teatrına necə gəldiniz?
- Diplom tamaşamda teatrımızın direktoru
İntiqam Soltan da gəlmişdi. Narkomaniya ilə bağlı bir layihədə iştirak etmişdim.
O bu tamaşaya baxıb, məni teatra dəvət etmişdi. Mən də bu təklifi dəyərləndirdim.
İndiyə qədər çalışıram
ki, İntiqam müəllimin etimadını
doğruldum.
- Qeyd etdiniz ki, bu
sənət sizin uşaqlıq arzunuz olmayıb. Bəs indi necə, işinizi sevirsinizmi?
- Əlbəttə. İşimi
sevməsəydim, bu sənətdə qalmazdım. Aktyorluq sənəti
doğrudan da çətin sənətdir.
Bəzən bizi başa
düşmürlər. Elə bilirlər ki, işimiz çox asandır. Deyirlər ki, səhnəyə
çıxıb, bir-iki
kəlmə deyirsiniz,
bununla işiniz bitmiş hesab olunur. Ancaq onlar bilmirlər
ki, biz bu tamaşanı ərsəyə
gətirmək üçün
hansı çətinliklərdən
keçirik. Hər kəs
bilir ki, teatr aktyorluğu pullu sənət deyil. Gərək bu sənəti
sevəsən ki, orada qala biləsən.
- Gələcəyə
doğru hədəfləriniz
nələrdir?
- Sənətə yeni gələn gənclərdən
bu barədə soruşanda deyirlər ki, beynəlxalq arenada tanınmağı,
Hollivud səviyyəsində
bir aktyor olmağı hədəfləyirəm.
Ancaq mənim elə böyük bir hədəfim yoxdur. Hər şeyi zaman həll edəcək.
Sabah nələrin olacağını indidən
demək mümkünsüzdür.
Bu işdə şansın
da böyük rolu var. Mən sizə söz verə bilmərəm ki, sabah
bu gündən daha yaxşı olacaq. Bəlkə də hədəfsizlik
mənim mənfi xüsusiyyətimdir. Ancaq mənim
heç bir hədəfim yoxdur. Həyatda böyük məqsədlər
hədəfləyən biri
deyiləm.
- Hədəflərinizin olmadığını
deyirsiniz, amma insanda təşəbbüskarlıq
da olmalıdır axı.
- O, mütləqdir. Mən demirəm ki,
oturum gözləyim və gələcəkdə
tanınan və peşəkar bir aktyor olum. Tanınmaq iki cür olur.
Biri əziyyət çəkə-çəkə
istədiyin zirvəyə
qədər gəlib çatmaq. Bu, insandan uzun bir
müddət tələb
edir. Biri də var ki, hansısa yüngül bir xasiyyətinlə və ya danışığını
bilməyərəkdən mətbuatda
tanınmaq. Mən birinci
üsulu seçirəm.
Bilirəm ki, bu məndən zaman tələb edəcək.
Mənim
istəyim tanınmaqdan
çox peşəkar
olmaqdır. Bunun üçün
də hər şeyi zamana buraxıram. Hədəflərimin olmadığını ona
görə deyirəm
ki, reallıq üzərində düşünə
bilirəm. Əlbəttə ki, mənim də arzularım var. Gəlin qəbul edək ki, həyatda
qismət deyə bir şey var. Təsadüflərə də
inanan insanam. Azmı olub, küçədən
kimisə gətirib peşəkar səhnədə
və ya filmdə aktyor kimi təqdim etmələri? Nədən olmasın?
- Son bir neçə ildə seriallarımızın sayı
durmadan artır. Bu seriallarda çəkilmək
üçün müraciət
etmisinizmi?
- Seriallarımızın sayının günü-gündən artması çox yaxşı haldır. Kənarda qalan aktyorlarımız da işlə təmin edilir və eyni zamanda simaları tanınır. Seriallarda çəkilmək üçün kastinqlər keçirirlər. Ancaq elə gənc aktyorlar var ki, onlar bu kastinqlərdən keçə bilməyib, kənarda qalıblar. Nə qədər bu seçim turları olsa da, rejissorlarımız yeni sima seçməyə bir qədər ürək etmirlər. Hər zaman tanıdıqları aktyorlarla işləyirlər. Düşünürlər ki, birdən yeni gələn aktyor onun etimadımı doğrultmaz. Ona görə də kastinqlərə getmirəm. Həm də ürəyimcə ola biləcək kastinq yoxdur. Mənim getdiyim kastinqlərdə yeni gələn aktyorlara yuxarıdan aşağı baxırlar.
- 4 ildir ki, Bakı Uşaq Teatrında
çalışırsınız. Bu 4
ildə həyatınızda nələr dəyişib?
- Yaradıcılıq baxımından həyatımda çox şey dəyişib. Mən burada aktyorluğun nə olduğunu, hansı proseslərdən keçdiyini gördüm. Universitetə daxil olanda bilmirdim ki, aktyor olmaq üçün kompleksi sıfırlamaq lazımdır. Savad da burada böyük rol oynayır. Sən bilmirsən ki, sabah sənə hansı obrazı verəcəklər. Həmin obrazı yaratmaq üçün gərək hər tərəfli məlumatı olasan. Bütün bunları mənə həvalə olunan obrazların üzərində işləyə-işləyə öyrənmişəm. Hesab edirəm ki, teatra hazırlıqlı gəlmək lazımdır.
- Səhnə sizin üçün nədir?
- Səhnə böyük bir məsuliyyətdir. Elə insanlar var ki, səhnəyə çıxan andan böyük həyəcan keçirirlər. Bu həyəcan onların oyununa da təsirsiz ötüşmür. Buna görə də bəzən səhnəyə müqəddəs deyirlər. Səhnəyə çıxmaq və oradan tamaşaçıya söz demək hər adamın işi deyil.
Xəyalə Rəis
Kaspi.-2017.-13 oktyabr.-S.11.