“Əkinçi”dən başlayan
yolumuz
Əli bəy Hüseynzadə Qərbin
türklərə yanlış yanaşmasını ifşa
etmirdimi?
Dünya jurnalistikası tarixinə nəzər saldıqda, görürük ki, müasir dövrün demokratiya sahəsində aparıcı ölkələri dərin mətbuat ənənələrinə sahibdir. Çünki cəmiyyətin formalaşmasında, əhalinin bütün təbəqələrində milli ideyanın yaradılmasında mətbuat əvəzsiz yer tutur.
Azərbaycanda milli mətbuatın yaranması XIX əsrin 70-ci illərinə təsadüf edir. Bu dövr maarifçilik hərəkatının geniş vüsət aldığı dövr idi. Həmin vaxt "Azərbaycan ya dağınıq tayfalar halında qalmalı, ya da bütöv, eyni ideyaya xidmət edən bir xalqa çevrilməli idi” fikri özünü doğruldurdu. Maarifçi ziyalılar və mətbuat da güclü, İsmayıl bəy Qaspiralı demişkən, dildə, fikirdə, işdə bir olan xalqın formalaşmasına çalışırdılar.
İlk milli mətbu orqanımız olan "Əkinçi” Şərq aləminin digər mətbuat nümunələrindən fərqlənirdi. Türkiyə jurnalistikasının "Əkinçi”si olmuş "Takvim-i vekayi” qəzeti yalnız rəsmi xəbərləri yazırdı. Lakin Həsən bəy Zərdabinin qəzeti isə üstüörtülü də olsa, maarifləndirmə, camaatı qəflət yuxusundan oyatma işi görürdü.
Ömrü iki il çəkmiş "Əkinçi” Azərbaycan mətbuatında bir məktəb yaratdı. Ondan sonra "Ziya” ("Ziyayi – Qafqaziyyə”), "Kəşkül” kimi mətbu orqanları maarifləndirmə işini davam etdirdi. Zaman keçdikcə Azərbaycan jurnalistikası daha da inkişaf edir, rəngarənglik yaranırdı. İsmayıl bəyin "Tərcüman”ı bütün türklərin mətbuatdakı tərcüməçisi oldu, Əli bəyin "Həyat”ı jurnalistikaya həyat gətirdi, Əhməd bəyin "İrşad”ı mətbuatımızın irşadı, yəni yolgöstərəni oldu, Üzeyir bəyin "Həqiqət”i həqiqətləri söylədi, Haşım bəyin "Səda”sı bütün türk dünyasına səda saldı.
1906-cı ildə iki müxtəlif qütbdən, eyni mərkəzə çatmaq üçün iki jurnal yola çıxdı: "Molla Nəsrəddin” və "Füyuzat”. Onların birinin realizm, digərinin isə romantizm bayrağı ilə yetişmək istədiyi mərkəz "Əkinçi”dən başlanan maarifçilik mərkəzi idi. Bu yolda bir çox maneələrə rast gəlsələr də, uğurla irəliləyib mətbuat tariximizə adlarını qızıl hərflərlə yaza bildilər. "Molla Nəsrəddin”lə "Füyuzat” milli birlik, savadlı cəmiyyət ideyasını layiqincə təmsil edərək, müasir mətbuata da öz təsirlərini göstərir. 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA) "Füyuzat” jurnalının, daha sonra isə ilk qadın mətbu orqanımız olmuş "İşıq” qəzetinin nəşrini jurnal formatında bərpa etdi. Bu da müasir jurnalistikanın klassik irsə sahib çıxması faktıdır.
Azərbaycanda mətbuat yarandıqdan sonra sosial, siyasi və iqtisadi sahələrdə inkişaf özünü göstərməyə başladı. XX əsrin əvvəllərində ilk siyasi partiyaların yaradılması, mətbuatda ana dili məsələsinin qoyulması bu kimi yeniliklərdən idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü cəmiyyətin tam olaraq mətbuatda təmsil olunması, multikulturalist jurnalistikanın yaranması dövrüdür. "İstiqlal”, "Azərbaycan” (hazırda da rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərir), "Bəsirət” və s. kimi mətbu orqanları həmin dövrü təmsil edirlər. Ölkənin ilk mədəniyyət məsələlərindən bəhs edən qəzeti – "Övraqi-nəfisə”nin nəşri də məhz AXC mətbuatının özəlliklərindəndir. Cümhuriyyət dövründə erməni dilində "Artsax” və "Aparay” adlı qəzetlərin nəşr olunması isə hökumətin söz azadlığına, milli müxtəlifliyə necə önəm verdiyinin göstəricisidir.
Şimali Azərbaycanda ilk dəfə müstəqillik bərpa olunduqdan iki il sonra – 1920-ci ildə torpaqlarımızın işğalı və "böyük” Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibinə daxil olmağımızın təsirləri medianın fəaliyyətindən də yan keçməyib. Lakin bu dövrdə də mətbu nümunələri müəyyən çərçivədə millilik, maarifçilik və s. kimi ideyaları yaymağa çalışıblar. Azərbaycan Sovet jurnalistikasını səciyyələndirsək, bir sıra KİV orqanlarının adını çəkə bilərik: "Kommunist” (indiki "Xalq qəzeti”), "Şərq qadını” (sonrakı "Azərbaycan qadını”), "Xalq maarifi” (sonrakı "Azərbaycan məktəbi”), "Kəndçi qəzetəsi” (sonralar bir neçə dəfə adı dəyişdirilib, indiki varisi "Kənd həyatı” qəzeti sayılır), "Maarif və mədəniyyət” (sonralar bir neçə dəfə adı dəyişdirilib, 1953-cü ildən isə "Azərbaycan” jurnalı adı ilə nəşr olunur) və s.
Azərbaycan jurnalistika tarixinin xüsusi bir qolunu isə Güney Azərbaycan mətbuatı təşkil edir. Ad olaraq Şimalla Cənuba bölünmüş, lakin ürək olaraq hələ də bir döyünən Vətənin güneyində də mətbuat təşəkkül və inkişaf edib. Burada mətbəə qurğuları 1825-ci ildə Təbrizdə işə başlamış olsa da, mətbuatın əsası 1858-ci ildə nəşr olunmuş "Azərbaycan” qəzeti ilə qoyulub. Güney jurnalistikasının inkişafında Hüseyn xan Ədalət, Məhəmmədəli Tərbiyət, Əliqulu Səfərov, Mirzə Ağa Təbrizi və digərlərinin böyük rolu olub. Cənubi Azərbaycanın siyasi həyatında baş vermiş dəyişikliklər daim mətbuatın diqqətində saxlanılıb. Şeyx Məhəmməd Xiyabani, Tağı xan Rüfət, Seyid Cəfər Pişəvəri, Doktor Cavad Heyət kimi şəxsiyyətlərin publisistikası isə xüsusi bir tendensiya təşkil etməkdədir. Güney Azərbaycan mətbuatı tarixinin KİV orqanları sırasında "Kamal”, "Gəncineyi – Fünun”, "Təcəddüd”, "Vətən yolunda”, "Azərbaycan” (Cənubi Azərbaycanda bu adda qəzet həm 1858-də, həm də 1940-cı illərdən sonra nəşr olunub), "Varlıq” və s. nəşrlərin adını çəkə bilərik.
Müasir dövrdə internet jurnalistikanın yaranması medianın ən başlıca inkişaf istiqamətlərindən biridir. Amma çox təəssüf ki, bu, bəzən klassik irsdən uzaqlaşmaya gətirib çıxarır. Bu gün arxivlərdə hələ də öz tədqiqatçılarını gözləyən nə qədər qəzetlərimiz var. Onlara "saralmış kağızlar” kimi yanaşılması klassik irsin müasir düşüncəyə göstərməkdə olduğu təsir gücünü başa düşməməkdir.
Hal-hazırda türk dünyasının, Qərb aləmində düzgün təqdim olunmadığını hələ illər əvvəl publisistlərimiz demirdilərmi? "Füyuzat”çı Əhməd Kamal öz yazılarında Avropada tanınmaq ideyasını irəli sürmürdümü? Əli bəy Hüseynzadə "Qərbin iki dastanında türk” nitqində Qərbin türklərə yanlış yanaşmasını ifşa etmirdimi? Odur ki, bu gün "saralmış kağızlar” kimi görünənlər mətbuatımızın, maarifçiliyimizin, mədəniyyətimizin inkişafı yolunda əziyyət çəkmiş xilaskarlarımızın alın tərləri ilə saralıb. Əsas olan bunu duymaq və işə qaldığımız yerdən davam etməkdir. Çünki bu iş hələ illər öncə başlanıb...
Nurlan AĞA,
BDU-un beynəlxalq
jurnalistika kafedrasının
magistrantı
Kaspi.-2017.-11 oktyabr.-S.15.